06 Noyabr 2019 00:56
554
İQTİSADİYYAT
A- A+

Azərbaycan innovasiyalara açıq ölkədir


İnnovasiya sözünün nə demək olduğunu sadə misalla izah edək: Koroğlu tüfəngi görən kimi qılıncını yerə qoyur ki, daha kişilik zəmanəsi bitdi. Mahiyyət etibarilə tüfəng innovasiya, yəni yeni silah növü idi. Koroğlu bəyənsə də, bəyənməsə də, tüfəng sonradan qoşalüləyə, beşaçılana, avtomata, pulemyota çevrildi, ardınca raketlər, atom və ondan daha müasir silahlar yarandı.

Bu gün innovasiyaları nəzərdən keçirmək üçün elə 2019-cu ilin yeni texnologiyalarını və mühəndislərin hansı sahələrə önəm verdiyini nəzərdən keçirmək üçün bir misal çəkək: indi əti laboratoriyada yetişdirirlər. Məqsəd insanları yalnız ətlə təmin etmək deyil, ətin keyfiyyətini yaxşılaşdırmaq və ekologiyanı qorumaqdır. Bu halda torpaq mal-qaranın ayağı altında tapdanıb erroziyaya uğramayacaq, təbiətin gözəlliyinə xələl gəlməyəcək, havaya atılan metan qazı nəzərəçarpacaq dərəcədə azalacaq. Yəni bu gün innovasiyaların başlıca məqsədi insan həyatının keyfiyyətini yaxşılaşdırmaq, onun ömrünü uzadan amilləri önə çəkməkdir.

Azərbaycanda milli innovasiya sisteminin potensialını uğurla yüksəldə bilmək üçün illərdir ki, ciddi addımlar atılır. Bu gün Azərbaycan nəhəng Rusiya ilə eyni innovativ potensiala malikdir.

Hətta ölkəmizin iqtisadiyyatı innovasiya fəaliyyətləri baxımından artıq 2000-ci illərdə Rusiyanı ötüb keçmişdi. Dünya iqtisadiyyatını qlobal rəqabətlilik baxımından dəyərləndirən beynəlxalq Dünya İqtisadi Forumu öz hesabatlarında Azərbaycanın qlobal rəqabətlilik potensialını real şəkildə qiymətləndirmiş və onun rəqabətlilik indeksini müəyyən etmişdir. Müasir dövrdə Azərbaycan iqtisadiyyatının istənilən sahəsində innovativ ideyaların geniş tətbiqi və potensialı kifayət qədər yüksəkdir. İstər sənaye, istər kənd təsərrüfatı, istərsə də xidmət sahələrində innovativ ideyaların tətbiq olunduğu müşahidə edilir. Bunun əsas səbəbi isə Azərbaycan dövləti tərəfindən elmin inkişafına göstərilən qayğı və innovativ ideyaların tətbiqi üçün yaradılan münbit şəraitdir.

Bundan başqa, dövlət innovasiya fəaliyyətinin reallaşması üçün lazım gələn mexanizmləri müəyyənləşdirir, innovasiya potensialından səmərəli şəkildə istifadəni təmin etməyə yönələn tədbirlər hazırlayıb həyata keçirir. Hazırda Azərbaycan Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiya üzrə Dövlət Agentliyinin tabeliyində "İnnovasiyalar Mərkəzi” fəaliyyət göstərir. Eyni zamanda innovativ ideyaların biznesə tətbiqini dəstəkləmək məqsədilə "Startap Azərbaycan” layihəsi təsis edilmiş, Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən İnnovativ Biznes İnkubatoru yaradılmışdır.

Bütün bunlar elmin inkişafı, innovativ ideyaların yaradılması və tətbiqi istiqamətində hazırlanmış və uğurla həyata keçirilən çoxsaylı qanunvericilik aktları sayəsində mümkün olmuşdur. Azərbaycanda kosmik sənayenin yaradılması ilə bağlı hökumət tərəfindən hazırlanan və uğurla həyata keçirilən qanunvericilik aktı kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqındadır. Sənəd Azərbaycan Prezidentinin 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Bundan başqa, "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ölkədə kosmik sahənin inkişafına Azərbaycan dövlətinin verdiyi dəyərin göstəricisidir. Bunun məntiqi nəticəsi olaraq bu gün Azərbaycan artıq kosmik ölkədir. Peyklərimizin varlığı yalnız elmi-innovativ və ya iqtisadi əhəmiyyət daşımır, eyni zamanda Azərbaycanın hərbi potensialına və dünya ölkələri sırasındakı imicinə birbaşa təsir edir. Bir sözlə, innovativ ideyaların tətbiqi ölkənin bütün sahələrinin inkişafına güclü təkan verir. Bu isə bir daha onu göstərir ki, Azərbaycan innovasiyalara açıq ölkədir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video