06 Noyabr 2019 00:39
796
DÜNYA
A- A+

ABŞ rəsmən Paris iqlim sazişindən çıxır


Dünya ictimaiyyəti Vaşinqtonun qərarını hiddətlə qarşılayır


ABŞ Paris iqlim sazişindən rəsmən çıxması prosesinin başlandığını elan etmişdir. Bu barədə dövlət katibi Mayk Pompeo məlumat vermişdir. Proses bir il davam edəcək. Sazişin şərtlərinə uyğun olaraq, ABŞ müqavilədən çıxması barədə BMT-yə rəsmi məlumat göndərmişdir.

ABŞ Prezidenti Donald Tramp hələ seçkiqabağı kampaniyanın gedişində iqlim sazişini sərt tənqid etmiş və söz vermişdi ki, dövlət başçısı seçilsə, ABŞ müqavilədən çıxacaq. Onun fikrincə, sənəd hazırkı redaksiyasında ABŞ sənayesini olduqca məhdudlaşdırır. Ağ evin başçısı qərarını onunla əsaslandırmışdı ki, saziş iqlim dəyişikliyi ilə mübarizəyə yox, başqa ölkələrin ABŞ üzərində iqtisadi üstünlük əldə etməsinə yönəlmişdir. Tramp bəyan etmişdi ki, saziş biznesin və vergiödəyicilərinin üzərinə qeyri-şəffaf iqtisadi öhdəliklər qoyur, milli sənayeni sarsıdır. Onun hesablamalarına görə, ABŞ Paris sazişində qalmaqla 3 trilyon dollar və 6,5 milyon iş yeri itirəcək. ABŞ lideri əlavə etmişdi ki, Vaşinqton gələcəkdə yenidən müqaviləyə qoşula bilər, amma daha sərfəli şərtlərlə.

Tramp Prezident kürsüsünə əyləşdikdən sonra seçkiqabağı vədlərini, o cümlədən Paris iqlim sazişindən çıxmağı reallaşdırmağa başladı. O, 2017-ci il iyunun 1-də bəyan etdi ki, ABŞ müqavilədən çıxacaq. Nəhayət, srağagün verilmiş vəd yerinə yetirildi. ABŞ administrasiyası hesab edir ki, ölkə atmosferə bütün növ tullantıların həcmini məhdudlaşdırmışdır. Belə ki, 1970-ci ildən 2018-ci ilədək zərərli tullantılar 74 faiz, istixana qazı tullantıları isə 2005-ci ildən 2017-ci ilədək 13 faiz azalmışdır.

Dövlət katibi ABŞ-ın Paris sazişindən çıxması prosesinin başladığını bildirərkən qeyd etmişdir ki, onun ölkəsi beynəlxalq müzakirələr çərçivəsində real nəticələrə, innovasiyalara və açıq bazarların lider roluna əsaslanan real və praqmatik model təqdim etmək niyyətindədir: "Biz iqlim dəyişikliyinin təsirinin sabitliyini təmin etmək üçün qlobal tərəfdaşlarımızla işi davam etdirəcək, təbii fəlakətlərə reaksiya verməyə hazır olacağıq. Əvvəllər olduğu kimi, iqtisadiyyatımızı inkişaf etdirməklə bərabər, tullantıları azaldacaq, dostlarımıza və tərəfdaşlarımıza köməyimizi təklif edəcəyik”.

Paris iqlim sazişi 2015-ci il dekabrın 12-də qəbul olunmuş və 2016-cı il noyabrın 4-də qüvvəyə minmişdir. Hazırda 197 ölkə sazişin iştirakçısıdır. Onların 185-i sənədi ratifikasiya etmişdir. ABŞ sazişi imzalayarkən atmosferə atılan istixana qazının həcmini 2025-ci ildə 2005-ci illə müqayisədə 26-28 faiz azaltmağı öhdəsinə götürmüşdü. Saziş iqlim dəyişikliyi təhlükəsinə qlobal reaksiyanı gücləndirməyə yönəlmişdir. İştirakçı ölkələr planetdə orta temperaturun 2100-cü ildə 2 dərəcədən çox artmasına imkan verməmək barədə sazişə gəlmişdir. Sənəd ilk növbədə istilik qazı tullantılarını azaltmağı nəzərdə tutur.

ABŞ Paris sazişindən çıxmaqla yanaşı, Yaşıl İqlim Fondunu maliyyələşdirməyi dayandırdığını elan etmişdir. Beləliklə, fondun büdcəsi təxminən üçdəbir qədər azalacaq.

Tramp bildirir ki, danışıqlar masasının arxasına qayıdıb sazişin amerikalılara sərfəli vəziyyətə salmaq üçün sənədə yenidən baxmağa hazırdır. Lakin problem də elə budur. Sazişə yenidən baxmaq üçün bütün iştirakçı dövlətlərin razılığı lazımdır. On il davam etmiş çətin danışıqlar prosesindən sonra əldə edilmiş sazişi dəyişdirmək üçün 200-ə yaxın dövləti sıfır nöqtəyə qaytarmaq real deyil.

Digər tərəfdən, saziş iştirakçı dövlətin üzərinə hansısa sərt öhdəlik qoymur. Hər bir ölkə atmosferə zərərli tullantıları azaltmaq və neytrallaşdırmaq məqsədini sərbəst şəkildə müəyyənləşdirir, heç kim ABŞ-a bu məqsədi sazişdən çıxmadan müəyyən etməyə mane olmur. Nəhayət, müqavilə iştirakçıların özlərinin müəyyənləşdirdiyi məqsədləri reallaşdırmadığına görə heç bir cəza nəzərdə tutmur. Ona görə də Trampın amerikalı tənqidçiləri hesab edirlər ki, dövlət başçısının qərarı iqlimdən çox ABŞ-a ziyan vurur, çünki ölkə "təmiz” texnologiyalarda dünyadan geri qalır, bərpa olunan energetikaya yetərli investisiya cəlb edə bilməyəcək, dünya lideri kimi nüfuzunu itirəcək və dünya bazarına çıxışını məhdudlaşdıracaq.

Vaşinqtonun Paris iqlim sazişindən çıxması beynəlxalq ictimaiyyətdə hiddət doğurur. Çünki Birləşmiş Ştatlar ətraf mühiti çirkləndirməkdə Çindən sonra dünyada ikinci yeri tutur. Alimlərin fikrincə, ABŞ-ın sazişin şərtlərini yerinə yetirməkdən imtina etməsi qlobal iqlim dəyişikliyinin fəsadlarını sürətləndirə bilər.

Təbii ki, iqlim dəyişikliyinin qarşısını almaq üçün dünya ölkələrinin ilk dəfə olaraq səylərini birləşdirdiyi şəraitdə ABŞ kimi superdövlətin Paris sazişindən çıxması ətraf mühitin gələcəyinə təsirsiz ötüşməyəcək. Məsələn, Yaşıl İqlim Fondunun büdcəsinin əhəmiyyətli dərəcədə azalması inkişaf etməkdə olan ölkələrdə iqlim proqramlarının reallaşdırılmasına çətinlik yaradacaq: bu cür layihələr ya ixtisar olunacaq, ya da dondurulacaq. Vəziyyət yalnız o halda dəyişə bilər ki, başqa ölkələr üzərlərinə yüksək maliyyə öhdəlikləri götürsün. Lakin hələlik hansısa dövlət müvafiq bəyanatla çıxış etməmişdir.

Üstəlik, başqa dövlətlərin ABŞ-dan nümunə götürərək Paris sazişindən çıxacağını istisna etmək mümkün deyil. Artıq presedent var: G20-nin Hamburq sammitində (2017) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdir ki, onun ölkəsi Paris sazişinin ratifikasiyası prosesini müvəqqəti olaraq dayandıra bilər.

Buna baxmayaraq, ABŞ-ın Paris sazişindən çıxması müqavilənin statusuna təsir göstərməyəcək, çünki Paris sazişinə qoşulmuş dövlətlərin əksəriyyəti sənədin şərtlərinə sadiq qalacağını bəyan etmişdir. Eyni zamanda ABŞ-ın sazişdən çıxması prosesinin bir il davam edəcəyini nəzərə alaraq Vaşinqtonun qarşıdakı müddətdə öz qərarına yenidən baxacağını ehtimal etmək olar. Amma bu yalnız ehtimaldır və sırf nəzəri cəhətdən mümkündür.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video