05 Noyabr 2019 13:19
810
Mədəniyyət
A- A+

Yeni tarix və mədəniyyət qoruqlarının yaradılması tarixi-mədəni irsimizə diqqət və qayğının nəticəsidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” 2019-cu il 22 oktyabr tarixli Sərəncamına əsasən "Çıraqqala-Şabran”, "Qədim Şəmkir şəhəri”, o cümlədən "Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. Sərəncamda Azərbaycanın qədim və orta əsrlər tarixinin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq, yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəli olduğu qeyd edilir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşıyır. Orta əsr Ağsu şəhəri məhz bu kontekstdə qoruq elan edilib.

Ağsu Azərbaycanın son orta əsrlərdə əhalisinin sayına və ərazisinə görə ən böyük şəhərlərindən olub. Nadir şahın 1735-ci ildə paytaxt kimi inşa etdirdiyi şəhər 40 hektar sahəni əhatə edib. Dəfələrlə hücumlara məruz qalıb, Şirvan xanlığının paytaxtı olub.

AZƏRTAC xəbər verir ki, 2010-cu ilin mart ayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası professor Qafar Cəbiyev və tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə şəhər ərazisində qazıntılara başlayıb. 2012-ci ilin dekabr ayına qədər 3 il ərzində aparılan arxeoloji tədqiqatlar zamanı 1,5 hektar sahə öyrənilib, şəhərin qala divarı, sənətkarlıq məhəllələri, yaşayış evləri, Cümə məscidi, hamam, buzxana, su anbarları, su və kanalizasiya xətləri və digər iri tikililər aşkar olunub. Beş qazıntı sahəsindən 8000-dən çox qızıl, gümüş, mis, saxsı, şüşə, daş, sümük və digər eksponatlar inventarlaşdırılaraq götürülüb, bir qismi muzeylərə təhvil verilib, bir qismi isə Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda saxlanılıb.

2011-2013-cü illərdə 4 qazıntı sahəsində 7000 kvadratmetr sahənin üzəri örtülüb, içərisində sərgilər qurulub. İndiyə qədər on minlərlə turist Orta əsr Ağsu şəhərini ziyarət edib. 2012-ci ildə IV Beynəlxalq Avrasiya Arxeologiyası konfransı və 2014-cü ildə Mədəni İrsin Konservasiyasında Gənclər–YOCOCU IV Beynəlxalq Konfransı burada keçirilib. Orta əsr Ağsu şəhəri dünya arxeologiya və konservasiya elminin maraq dairəsinə daxil olub. Qoruq 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə imzalanan mühafizə müqaviləsi əsasında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən qorunur.

Təsadüfi deyil ki, tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədilə Prezidentin imzaladığı Sərəncam xüsusilə elmi ictimaiyyət, tarixçilər tərəfindən böyük razılıqla, minnətdarlıqla qarşılanıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Ağsu Arxeoloji Ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibədə deyib: "Prezident İlham Əliyevin yeni qoruqların yaradılması ilə bağlı Sərəncamı ömrünü bütünlüklə tarixi-mədəni irsimizin tədqiqi və təbliği işinə həsr etmiş bir alim kimi məni qəlbən sevindirdi. Bu, Azərbaycan dövlətinin, Prezidentin tarixi-mədəni irsimizə olan hərtərəfli diqqət və qayğısının bariz nümunəsidir. Bu Sərəncamın mənim üçün sevindirici məqamlarından biri də ondan ibarətdir ki, yeni yaradılan tarix və mədəniyyət qoruqları içərisində tədqiqatçısı olduğum Orta əsr Ağsu şəhəri də var. Akademiyanın Ağsu arxeoloji ekspedisiyasının rəhbəri olaraq, Orta əsr Ağsu şəhər yerində uzun illərdir ki, tədqiqat aparıram. Hansı ki, həmin tədqiqatlar nəticəsində muzeylərimizi və elmi fondlarımızı zənginləşdirən çoxsaylı, həm də olduqca dəyərli tapıntılar əldə olunub. Elə tapıntılar ki, onlar Azərbaycan tarixinin bir sıra çox mühüm məsələlərinin yenidən, həm də daha dərindən və hərtərəfli işlənməsinə şərait yaradır. Əlbəttə, belə bir abidənin qoruq elan olunmasına ancaq sevinmək olar. Bu qayğıya, bu diqqətə görə Ağsu arxeoloji ekspedisiyasının bütün heyəti adından Prezidentimizə dərin ehtiramımı və minnətdarlığımı bildirirəm”.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli də Sərəncamın Azərbaycan tarixinə, mədəniyyətinə böyük diqqətin və qayğının təcəssümü olduğunu söyləyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması Azərbaycan elminə və mədəniyyətinə bir töhfədir. Arxeoloji qazıntıda çalışan arxeoloqdan fəhləyə qədər hamımız bu Sərəncamın imzalanmasına çox sevinir, Prezidentimizə minnətdarlığımızı bildiririk. Sərəncamdan sonra kompleksə gələn rayon ziyalıları, gəncləri, bir sözlə hər kəs sevinc və minnətdarlıqlarını ifadə edirlər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video