05 Noyabr 2019 00:43
649
İQTİSADİYYAT
A- A+

Qapımıza qədər gələn bəla


Geni dəyişdirilmiş məhsullar həyatımız üçün ciddi təhlükədir


Dünyada toxumçuluq sahəsində monopoliyanın əldə edilməsi uğrunda transmilli şirkətlər arasında ciddi rəqabət gedir. Məqsəd aqrar sektorda məhsul istehsalına nəzarəti artırmaqla daha çox gəlir əldə etməkdir. Həmin şirkətlər bu yolla mövcud toxumçuluğu tədricən sıradan çıxarmağa və fermerləri istehsal etdikləri toxumları almağa məcbur etməyə səy göstərirlər.

Bunun üçün birdəfəlik toxum istehsalına üstünlük verilir. Yəni köhnə toxumlar sıradan çıxarılır və fermerlər transmilli şirkətlərin yetişdirdikləri birdəfəlik toxumlardan istifadə etməli olurlar.

Mövcud toxum potensialını qorumaq üçün bu tendensiyaya qarşı dünyanın bir çox ölkəsində müvafiq tədbirlər görülür. Eyni zamanda toxumçuluqda yeni milli sortlar yetişdirməklə xarici təhlükələrin qarşısını almağa səy göstərilir. Xüsusilə insan üçün təhlükəli olan GDO-lu toxumların (GDO sözünün açıqlaması geni dəyişdirilmiş məhsullar deməkdir) ölkəyə daxil olmasına sədd çəkmək üçün müvafiq qanunlar qəbul edilir.

Ölkəmizdə belə təhlükələrdən qorunmaq üçün qanunvericilik bazası təkmilləşdirilir. "Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən, dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq (mənşə) sertifikatı və fitosanitar sertifikatı olan toxumlar ölkəyə idxal edilə bilər. Həmçinin dövlət reyestrində qeydiyyata alınmamış sortların toxumlarının yalnız seleksiya, tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədilə idxal edilməsinə icazə verilir. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.1. bəndinə əsasən Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.

Qanun genetik modifikasiya olunmuş materialların gətirilməsinin qarşısını almaq üçün təkcə inzibati və pul cərimələri ilə kifayətlənmir. Bu işə ərzaq və milli təhlükəsizlik baxımından yanaşaraq qanuna əməl etməyən hüquqi və fiziki şəxslər barədə Cinayət Məcəlləsinin 166-cı (ixtiraçılıq və patent hüquqlarını pozma) və 200-cü maddələrinin (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) tələblərinə əsasən müvafiq tədbirlər görülür.

GDO-lu toxumlardan məhsul yetişdirməyin mənfi fəsadları barədə dünyanın elmi dairələri tərəfindən çoxdandır ki, həyəcan təbili çalınır. Bu da səbəbsiz deyil. Bugünədək aparılan araşdırmalar göstərir ki, belə məhsullar insanların dəhşətli və sağalmaz xəstəliklərə tutulmasına səbəb olur. Belə məhsulların insan orqanizmində əsasən toksik, allergik, xərçəng və digər xəstəlikləri əmələ gətirmək kimi xroniki təsirləri ola bilər.

Geni dəyişdirilmiş məhsullar hazırda dünyada geniş yayılıb. İlk dəfə 1972-ci ildə Pol Berq tərəfindən geni dəyişdirilmiş qida hazırlanıb. Bir il sonra, yəni 1973-cü ildə o, geni dəyişdirilmiş bakteriya ala bilib. Məqsəd isə bu yolla daha yüksək məhsuldarlığa, isti və soyuğa davamlı məhsul əldə etməkdir. İlk baxışdan bu, çox xoşniyyətli görünür. Lakin bunun fəsadları danılmazdır. Belə ki, hər hansı bir canlıya, meyvəyə, tərəvəzə, başqa canlıya məxsus yad bir genin köçürülməsi son nəticədə həmin köçürülmüş genin yeni orqanizmdə fərqli xüsusiyyətlər yaratmasıdır. İstiliyi sevən bitkinin soyuq mühitdə yetişdirilməsi üçün ona soyuq mühitdə yaşayan digər canlıya məxsus yad gen köçürülür. Yeni köçürülmüş genin başqa orqanizmdə fərqli xüsusiyyətlər yaratması insan sağlamlığı üçün təhlükə törədə bilir. Təsəvvür edin ki, istiliyi sevən çiyələyə soyuq sularda yaşayan balıq geni köçürülür. Xərçəng və digər heyvanların genlərinin bitkilərə köçürülməsi dünyanın vicdanlı elm adamlarında vahimə yaradır. Bir çox alimin fikri belədir ki, bunun dəhşətli fəsadları XXI əsrin 30-50-ci illəri arasında baş verəcək. Dünyanın əksər alimləri fikirləşirlər ki, həmin dövrdə yarıinsan-yarıxərçəng, yarıinsan-yarıbalıq olan canlılar yaranmayacağına heç kim zəmanət verə bilməz. Onda insan öz əli ilə özünə etdiyi qəsdin dəhşətli olduğunu başa düşəcək, lakin bunun qarşısını almaqda aciz qalacaq.

GDO-lu məhsullar orqanizmimizə bəzilərinin fikirləşdiyi kimi yalnız meyvə və tərəvəz qəbulundan keçmir. İnsan üçün geriyə dönüşü olmayan fəsadlar törədə biləcək dəyişikliyə səbəb olan digər məhsullar da var. Belə ki, GDO-lu yemlərlə qidalanan heyvanların ətindən, südündən, quşların ətindən, yumurtasından istifadə də eyni acı nəticələrə səbəb olur. Beləliklə, bitkiçilikdən başlanan bu bəla şaxələnərək digər sahələri də əhatə edir.

Dünyada ən çox istifadə olunan bitki soyadır. Demək olar ki, dünya üzrə bütün məhsullarda bu və ya digər dərəcədə onun yağından istifadə olunur. Rusiya televiziya kanallarının birində GDO ilə bağlı hazırlanan veriliş diqqətimizi cəlb etdi. Belə ki, teleaparıcı bu sahənin mütəxəssisləri ilə Moskvada yerləşən elit supermarketlərindən birinə daxil oldu və onlar buradan üç növ məhsul - kolbasa, blinçik və uşaq qidası olan süd götürdülər. Laboratoriyada aparılan analizlər nəticəsində isə məlum oldu ki, bu qidaların hamısı tərkibinə görə GDO-ludur. Hamısının hazırlanmasında soya yağından istifadə edilib.

Artıq mütəxəssislər deyirlər ki, dünyada GDO-suz soya toxumu cüzi miqdarda qalıb. Belə davam edərsə, həmin bitkinin sağlam toxumu yaxın bir neçə ildə tamamilə yox olacaq.

Belə hal təkcə soya toxumunda mövcud deyil. Ölkəmizdə ən çox istifadə olunan pomidor toxumlarının da dünyada originalları yox olmaq üzrədir. İndi özünüz düşünün. Bu dəhşətli bəla qapımızın astanasındadır. Artıq içəri daxil olmadığını da əminliklə deyə bilmərik. Çünki kənddə yaşayan və pomidor əkini ilə məşğul olanlar söyləyirlər ki, yetişdirdikləri məhsuldan toxum götürə bilmirlər. Bu, artıq narahatedici faktdır. Çünki belə xüsusiyyətlər əsasən GDO-lu toxumlara aiddir.

Dünyada toxum yetişdirən transmilli şirkətlər daha böyük qazanc əldə etmək üçün minillərin sınağından çıxan, insan üçün faydalı olan bitki toxumlarını tədricən sıradan çıxarır. Artıq insanlar, xüsusilə elm adamları belə halın hansı nəticələr doğuracağını anlayırlar. Bunun nəticəsidir ki, həmin növ məhsulların yetişdirilməsinə Avropa ölkələrində etirazların sayı artır. Bu səbəbdən bəzi Avropa ölkələrində belə məhsullara qismən qadağa qoyulub. Həmin ölkələrdə GDO-lu qidaların, toxumların və yemlərin üzərində xüsusi etiketlər olur ki, insanlar seçim etməkdə azad olsunlar. Belə hal sağlamlığına biganə olmayan insanlara öz həyatlarını lazımsız risklərdən qorumağa imkan verir.

Sonda onu bir daha qeyd edək ki, bu barədə fikir ayrılığına görə dünya alimləri iki yerə bölünür: GDO-nun tərəfdarları və əleyhdarları. Ancaq o da məlumdur ki, bu işdən milyonlarla gəlir əldə edən şirkətlər müəyyən pul müqabilində dünyanın tanınmış alimlərinə GDO-nun ziyansız olması barədə elmi məqalələr yazdırır. Belə gizli əməkdaşlığın üstü açılandan sonra həmin alimlər elm aləmində artıq qəbul olunmur. Ancaq bugünədək aparılan araşdırmaların ilkin nəticələrinin insan üçün acınacaqlı olduğunu bu sahə üzrə alimlərin çoxu təsdiq edir. Bir sözlə, bəşəriyyəti daha böyük fəsadlar gözlədiyini deyən elm adamlarının sayı gündən-günə çoxalır.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video