05 Noyabr 2019 00:31
468
SİYASƏT
A- A+

Ulu Öndərin siyasətinə sədaqət Naxçıvanı başdan-başa dəyişib


Günbəgün gözəlləşən, tarixin canlı salnaməsinə çevrilən ulu diyarımızı müstəqillik illərindən əvvəlki dövrü ilə müqayisə edəndə sanki bir möcüzə ilə qarşılaşırsan. Ulu Öndər siyasətinə sədaqət, xalqa, millətə məhəbbət Naxçıvanı başdan-başa dəyişib, hüsnünə insan əllərinin qüdrətindən naxışlar vurulub. İnsan zəkası və dövlət qayğısı ilə inkişaf edən Naxçıvan Muxtar Respublikasının Babək rayonu da digər rayonlarımız kimi inkişaf edir, böyüyür, abadlaşır.

1978-ci il oktyabrın 23-də təşkil olunmuş rayona xalq qəhrəmanı Babəkin adının verilməsi Ulu Öndərin qətiyyətinin daim azərbaycançılıq mövqeyində dayanması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi idi. Sevindirici haldır ki, Ümummilli Liderin qayğısı ilə yaradılan Babək rayonunda aparılan abadlıq, yenidənqurma, tikinti-quruculuq işləri buranın simasını tamamilə dəyişmişdir. Bunu rayona yolu düşən hər kəs təsdiq edə bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə demişdir: "Bu gün ölkəmizin bütün guşələrində Heydər Əliyevin nişanələri, yadigarları vardır. Onlardan biri də xalqımızın böyük oğlunun himayəsi ilə təşkil olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonudur”.

2018-ci ilin oktyabrında Babək rayonunun yaradılmasının 40 illiyi tamam oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 16 fevral 2018-ci il tarixdə rayonun 40 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. Sərəncam rayonun gəncləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdı.

Böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi vaxtilə demişdir: "Hər bir yerin qəzeti gərək o yerin ayinəsi olsun”. Rayonda fəaliyyət göstərən "Şərqin səhəri” qəzeti də öz funksiyasını lazımi şəkildə yerinə yetirir.

Muxtar RZAZADƏ,

"Şərqin səhəri” qəzetinin baş redaktoru:

- Ötən əsrin 70-ci illərində, yəni Sovet imperiyasının mövcud olduğu bir dövrdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə yeni bir rayonun təşkil edilməsi dahi şəxsiyyətin mətanətini, iradəsini ortaya qoyurdu. Ömrünün gənclik illərini Ərəb xilafətinə qarşı döyüşə həsr etmiş, onun 6 böyük ordusunu məhv etmiş bir sərkərdənin adını əbədiləşdirmək məhz Ulu Öndər Heydər Əliyevə nəsib olmuşdur. Ötən 40 il ərzində Babək rayonu böyük bir inkişaf yolu keçib. Muxtar respublikanın iri yaşayış məntəqələrindən olan rayon bu gün hərtərəfli inkişafı ilə diqqəti cəlb edir. Bu inkişaf prosesi müstəqillik illəri ilə bağlıdır. Bu gün baxsaq görərik ki, Babək rayonu başdan-başa abadlaşır.

"Şərqin səhəri” qəzeti olaraq üzərimizə düşən ən mühüm vəzifələrdən biri budur ki, rayonun inkişaf salnaməsini yaradaraq gələcək nəsillərə ötürək. Bu, bizim qarşımızda duran ən böyük vəzifələrdən biridir. Bu gün muxtar respublikada mətbuat orqanları dövlətimizin qayğısı ilə əhatə olunub. Çünki cəmiyyətdə mətbuatın rolu hər zaman üstün tutulub. Jurnalistlər bugünün salnaməçiləridirlər. Yəni bugünkü yazılan inkişaf tarixini olduğu kimi gələcək nəsillərə ötürmək lazımdır. Bu mənada rayonun mətbuat orqanlarının üzərinə də mühüm vəzifələr düşür. Bugünkü inkişaf, tərəqqi, yenilik, müasirlik öz əksini olduğu kimi qəzet səhifələrində tapmalıdır. Rayonda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Görülən tədbirlərin davamı olaraq rayonun düşmənlə üzbəüz yerləşən sərhəd məntəqələri olan Yuxarı Buzqov və Aşağı Buzqov kəndlərində kompleks quruculuq işləri aparılır. Bu, bölgə sakinlərinə göstərilən qayğının davamıdır. Bundan əlavə, Babək qəsəbəsindəki məscidin və "İmamzadə” türbəsində bərpa işlərinin aparılması da diqqətdə saxlanılıb. Bu işlər həm də 2018-ci ildə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olmasına bir töhfədir. Naxçıvana üz tutan turistlər buradakı türk-islam mədəniyyəti abidələrinin gözəlliyinə şahid olublar. Onlar Naxçıvandakı İslam Mədəniyyəti abidələrinin necə hifz olunduğunu, onlara necə sahib çıxıldığını görüblər. Təbii ki, bunların əsasında müstəqillik illərinin uğurları dayanır.

Arzu QASIMOV,

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru:

- Azərbaycanın beş min illik tarixə malik olan qədim şəhəri Naxçıvan "Gənclər Paytaxtı” seçilib. Bu təsadüfi deyildi. Gözlənilən idi. Ona görə ki, muxtar respublikada dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənclər üçün hər cür şərait yaradılır. Biz bundan elə istifadə etməliyik ki, vətənimiz, millətimiz, dövlətimiz üçün daha uğurlu nəticələr əldə edək. Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildən fəaliyyət göstərir. Muzey rayonda ən çox üz tutulan mərkəzlərdən birinə çevrilmişdir. Muzeydə rayonun tarixi, mədəniyyəti qorunub yaşadılır və gələcək nəsillərə təbliğ olunur. Muzey əməkdaşları əhalinin artan mənəvi tələbatını dolğun şəkildə ödəmək üçün hər cür imkanlardan istifadə edir. Muzeyin əsas siması isə bələdçidir. Bələdçi muzey haqqında məlumatları gələn qonaqlara ətraflı çatdırmalıdır. Ona görə də biz bələdçilərin geniş dünyagörüşünə malik olmasını, onların Azərbaycan və dünyanın qabaqcıl muzeylərində gedən iş prinsiplərini öyrənməsini tələb edirik. Muzeyə ekskursiyaya gələnlər çoxdur.

Bu gün muxtar respublikada gəncliyə göstərilən dövlət qayğısı Babək rayonunda da uğurlu həllini tapıb.

Aytəkin BABAYEVA,

müəllimə:

- Tarixən hər bir xalq öz gələcəyini gənclərlə bağlamışdır. Hər bir ölkənin həyatında gənclərin rolu böyükdür. Gənclər ölkənin iqtisadi, mədəni sahəsində əllərindən gələni edirlər və Naxçıvan MR-də də bu belədir: onlar bir sıra sahələrdə fəallıq göstərirlər.

Azərbaycan Respublikasında gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Liderimiz həmişə gənclərə önəm vermiş, ümid bəsləmişdir. Dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi məhz gənclərin əlindədir. Əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti bu gün də Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Onun yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan gəncləri fəallıq nümayiş etdirirlər.

Tusi HƏSƏNLİ,

müəllim:

- Ümummilli Lider Heydər Əliyev hələ o zaman hiss edirdi ki, bu rayonun yaradılması çox vacibdir və bilirdi ki, özülü çürük olan imperiya nə vaxtsa dağılacaq və müstəqil Azərbaycan dövləti yaranacaq. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderin ənənələrinə sadiq qalaraq nəinki qədim Naxçıvanın, ümumilikdə Azərbaycanın dünyada layiqli yer tutmasına çalışdı və buna nail oldu.

Mən bir təhsil işçisi olaraq qeyd edə bilərəm ki, bu gün biz gənclərə məktəblərdə gözəl şərait yaradılıb. Bu şərait inkişaf etmiş bir çox dövlətlərdə belə yoxdur. Naxçıvan MR-in ərazisində gənclərin potensial imkanlarının üzə çıxarılması üçün hər cür şərait yaradılmışdır. Bu da bizim gələcəyimizin etibarlı əllərdə olduğunu göstərir. Biz gənclərin üzərinə düşən vəzifə milli dəyərlərimizə bağlılığı nümayiş etdirməkdən ibarətdir. Milli dəyərlərə bağlılıq bizim öncə soykökümüzdən irəli gəlir. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”.

Azərbaycanın daim çiçəklənməsi, bayrağımızın zirvələrdə dalğalanması, ordumuzun zəfər çalması üçün əlimizdən gələni etməli, bütün fürsətlərdən yararlanmalı və dəyərləndirməliyik. Biz şagirdlərimizi elə yetişdirməliyik ki, millətə, vətənə daim xeyirli və sədaqətli övladlar olsunlar.

Natiq MƏHƏMMƏDLİ,

həkim-oftalmoloq:

-Naxçıvan şəhərinin "Gənclər Paytaxtı” seçilməsi heç də təsadüfi deyildi. Həqiqətən də gənclərə göstərilən qayğı təqdirəlayiqdir. Babək rayonunda işləyirəm. Pasiyentlərə öz köməyimi göstərməyə çalışıram. Əsas müraciətlər göz zəifliyi ilə bağlıdır. Bunun da əsas səbəbi kompüter, texnologiyanın inkişafından kor-koranə istifadə ilə bağlıdır. Qoruyucu eynəklərdən istifadə etmədikdə gözlərin zəifləməsi halları müşahidə olunur. Bu kimi xəstəliklərin qarşısının alınması üçün Naxçıvanda mühüm tədbirlər görülür. Qonşu ölkələrdə təcrübə mübadiləsində olmağımız işimizə xeyir verir. Bundan mən də yararlanmışam. 2017-ci ildə Türkiyənin Ərzincan şəhərində təcrübədə oldum. Bəhrəsi çoxdur. Çalışıram öyrəndiklərimi xəstələrimə tətbiq edim, onların sağlamlıqlarına qovuşmasına yardımçı olum.

Elnur ABBASOV,

YAP Babək rayon gənclər təşkilatının sədri:

- Bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının davamlı xarakter daşıması, dövlətçiliyin və müstəqilliyin qorunması Yeni Azərbaycan Partiyasının platformasının təməl prinsipidir. Ötən dövr ərzində Ümummilli Liderimizin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla hər bir partiya üzvü rayonda aparılan dövlətçilik və quruculuq işlərində yaxından iştirak edir. Babək rayonu böyüyüb inkişaf etdikcə YAP Babək rayonu təşkilatı da öz sıralarını genişləndirir. Hazırda təşkilatın 7 min nəfərə yaxın üzvü var ki, onlardan da 3 minə yaxını gənclərdən ibarətdir. Təsadüfi deyil ki, rayonun idarə, müəssisə və təşkilatlarında çalışanların əksəriyyətini gənclər təşkil edir. Rayon gəncləri istər MR, istərsə də ölkədə baş verən yeniliklərin şahidi olur, inkişafdan geri qalmırlar. Onlar dövlətin gənclərə göstərdiyi qayğıya əməli işləri ilə cavab verməyə çalışırlar.

Aytəkin SÜLEYMANOVA,

Gənclər və İdman İdarəsinin əməkdaşı:

- İdman və bədən tərbiyəsi gənc nəslin fiziki inkişafında və sağlam böyüməsində mühüm rol oynayır. Bu mühüm amil nəzərə alınaraq rayonda idmanın kütləviliyinə xüsusi diqqət yetirilir. Rayon gəncləri hər cür müasir şəraitə malik, gözoxşayan Olimpiya İdman komplekslərində idmanla məşğul olur, MR və ölkə səviyyəli turnirlərdə fəal iştirak edir, yüksək nailiyyətlər qazanırlar. Ölkəmizdə gənclərlə işin düzgün təşkili onların uğurlar qazanmasına səbəb olur.

Bəli, həmsöhbət olduğum gənclərin fikirlərinə mən də şərik çıxaraq qeyd edim ki, bu gün bütün sahələrdə uğurlar əldə edən babəkli gənclər muxtar respublikanın da inkişafında fəallıq göstərirlər. Bu ondan irəli gəlir ki, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı onlarda ruh yüksəkliyi yaradır, inamla addımlamağa, sabaha nikbin baxmağa vadar edir.

Adilə SƏFƏROVA,

Əməkdar mədəniyyət işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video