02 Noyabr 2019 16:34
423
SİYASƏT
A- A+

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib


Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olub, ailə təsərrüfatlarının biznes planları tərtib olunub, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilib. 2019-cu ilin muxtar respublikada "Ailə təsərrüfatları” ili elan olunması isə bu sahəyə marağı daha da artırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülən işlərin davamı olaraq noyabrın 2-də "Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində növbəti "Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib.

Festivalın açılışından sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov çıxış edərək muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün görülən işlərdən danışıb, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Məlumat verilib ki, festivalda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 408 ailə təsərrüfatı tərəfindən 556 növdə qablaşdırılmış məhsul çıxarılıb. Naxçıvan qovurması, xaması, qaymağı, müxtəlif növ mürəbbə və şirniyyatları, pendiri, qatığı, alanası, miyanpuru, sucuğu, cəvizi, badamı, qovudu, müxtəlif çeşidli meyvə şirələri, sirkələri, şərabları və araqları, ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar festival iştirakçılarına təqdim edilirdi.

Muxtar respublikanın ərazisi yabanı tərəvəz və dərman bitkiləri ilə zəngindir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunub. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları vardır. Festivalda bu sahə ilə məşğul olan ailə təsərrüfatlarının dərman bitkilərindən hazırladıqları məhsullar da yer alırdı.

Ali Məclisin Sədri festivalda Gənclər Fondunun hazırladığı "Ailəmdən alıcıya” stendinə baxıb. Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev məlumat verib ki, gənclər öz ideyaları əsasında ailə təsərrüfatlarında hazırlanmış məhsulların qablaşdırılmasına və təqdimatına köməklik göstərir, məhsulların satışı həyata keçirilir. Fondun "Mənim ikinci peşəm” layihəsi çərçivəsində isə gənclərin hazırladıqları əl işlərindən ibarət sərgi-satış təşkil olunub və alıcı istəyinə uyğun olaraq məhsullar hədiyyəlik paketlənib. Gənclərin hazırladıqları "Kənddən al” mobil tətbiqetməsinin məqsədi isə muxtar respublikada fəaliyyət göstərən aktiv ailə təsərrüfatçılarının fəaliyyətinə dəstək vermək, məhsulların daha rahat üsulla alıcıya çatdırılması və satıcı-alıcı münasibətlərinin operativləşdirilməsidir. Tətbiqetmə 3 əsas bölmədən ibarətdir. Birinci bölmədə muxtar respublikada fəaliyyət göstərən 73 aktiv ailə təsərrüfatçısının məhsulları, ikinci bölmədə "Özünüməşğulluq” proqramı çərçivəsində ailələrin hazırladıqları məhsullar, üçüncü bölmədə isə istedadlı gənc və qadınların əl işlərindən ibarət məhsullar yerləşdirilib.

Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları Naxçıvanda meyvəqurutma sahəsində ailə təsərrüfatlarının formalaşmasına əlverişli şərait yaradır. Yerli meyvələrin qurudulması, onlardan müxtəlif mürəbbə və şirələrin hazırlanması ənənəsi bu gün də yaşadılır. Festivalda ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları, eləcə də meyvə şirələri də keyfiyyəti ilə alıcıları cəlb edirdi.

Naxçıvanda heyvandarlıq və maldarlığın inkişafı ət və süd məhsulları istehsalının geniş yayılmasına səbəb olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ailə təsərrüfatlarında istehsal olunan bu məhsulların həcmini və keyfiyyətini artırıb. Festivalda ailə təsərrüfatlarında istehsal edilən müxtəlif ət və ət məhsulları, qaymaq, xama, qatıq, şor, qurut və digər ənənəvi süd məhsulları keyfiyyəti ilə seçilirdi.

Dövlət proqramlarının qəbul olunması muxtar respublikada meyvəçiliyin və üzümçülüyün inkişafına geniş imkanlar açıb. Bu sahə üzrə ixtisaslaşan ailə təsərrüfatları artıq meyvə ilə yanaşı, tut, alma, armud, göycə, alça, şaftalı araqları, müxtəlif növ şərablar, sirkələr və doşablar da istehsal edir. Festivalda bu məhsullara böyük tələbat var idi.

Bu gün muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar, eləcə də Naxçıvan mətbəxinin nümunələri ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Xüsusilə ailə təsərrüfatlarında fəsillərə uyğun mətbəx nümunələrimizin hazırlanaraq qablaşdırılması və satışa çıxarılması böyük maraq doğurur. Festival iştirakçılarına kiçik həcmli taralarda qablaşdırılmış "Naxçıvan qovurması” təqdim edilib.

Naxçıvan şəhər sakini Zakirə İsmayılova minnətdarlıq edərək deyib: "Festivallar Naxçıvan şəhər sakinlərinin böyük razılığı ilə qarşılanır. Muxtar respublikamızda istehsal olunan təbii məhsulları rahat şəkildə ala bilirik. Şəhərimiz böyüyür, inkişaf edir, hər gün daha da abadlaşır. Mənzillərimizdə daimi elektrik, qaz, su və istilik vardır. Görülən işlər, yaradılan şərait insanlar üçündür. Dövlətimizlə fəxr edirik”.

Festivalda iştirak edən Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Günay Muradlı deyib: "Naxçıvan kimi strateji yerdə belə əmin-amanlığa, firavanlığa və inkişafa nail olmaq böyük zəhmət tələb edir. Adət-ənənələrə sadiqlik, dəyərlərimizin yaşadılması, festivalların keçirilməsi və ailə təsərrüfatlarına qayğı nümunə gücündədir. Mən media nümayəndəsi olaraq bütün bunlardan qürur duyuram. Müasir və daim inkişaf edən Naxçıvanın tanıdılması və təbliğində səylərimi əsirgəməyəcəyəm”.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının sahibləri ilə söhbət edib, məhsullardan alıb.

Ailə təsərrüfatı sahiblərindən Şəfəq Əliyeva, "Əmək” ordenli Faiq Babayev, həmçinin Müqabil Zamanov, Bəhruz İsmayılov, Çiçək Bayramova, Xəlil Fərəcov, Leyla Qasımova, Qəzənfər Qurbanov və Tofiq Abutalıbov göstərilən qayğı nəticəsində ailə təsərrüfatlarının xeyli genişləndiyini bildirib, yaradılan şəraitə görə minnətdarlıq ediblər.

Şahbuz rayonunun Ayrınc kəndindən olan ailə təsərrüfatı sahibi, "Tərəqqi” medallı Sürəyyə Quliyeva deyib: "Geniş təsərrüfatım var. Taxılçılıqla məşğulam. Bununla yanaşı, bostan-tərəvəz məhsulları da əkirəm. Meyvə və üzüm bağlarımız var. Göstərilən qayğının nəticəsidir ki, təsərrüfatımız bütün kənd təsərrüfatı texnikaları ilə təmin olunub. Ötən il Ali Məclis Sədrinin qayğısı ilə kombayn almışıq. Öz təsərrüfatımla yanaşı, digər təsərrüfatlarda da biçin aparırıq. Ailəmizin qazancı və dolanışığı təmin olunub. Bütün bunlara görə minnətdarlıq edirik. Söz veririk ki, daha çox çalışacaq, ölkəmizin inkişafına töhfə verəcəyik”.

Festivalda xalq sənətkarlarının, istedadlı qadınların və məhkumların da əl işlərinin sərgi-satışı təşkil olunub.

Dekorativ tətbiqi sənətlə məşğul olan Xuraman Səfərova və ağac üzərində oyma ustası Afət Əhmədova onlara yaradılan şəraitə görə minnətdarlıq edib, xatirə şəkilləri çəkdiriblər.

Festivalda "Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatlarında yetişdirilən məhsullar da nümayiş olunub, əkinçiliklə məşğul olan ailə təsərrüfatı sahibləri ilə söhbətlər aparılıb.

Naxçıvanda festivalların təşkili həm də turistlərin böyük marağına səbəb olur. Xaricdən və ölkəmizin digər bölgələrindən gələn turistlər festivala böyük maraq göstəriblər.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirib, göstərilən qayğı nəticəsində ilbəil istehsal olunan məhsulların çeşidinin artdığını qeyd edib, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi barədə tapşırıqlar verib.

Festival noyabrın 3-də də davam edəcək, iştirakçılar arasında "Aktiv ailə təsərrüfatı” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib, iaşə xidməti təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video