01 Noyabr 2019 22:32
863
Mədəniyyət
A- A+

"Nəsimi ili" çərçivəsində Çində Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb


Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin Çindəki səfirliyi və Pekin Xarici Dillər Universiteti tərəfindən keçirilən sərgi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş "Nəsimi ili"ndə dahi şairin 650 illik yubiley tədbirləri çərçivəsində təşkil edilib. Doğma Azərbaycan dilində yazıb-yaratmış Nəsiminin yaradıcılığı həm Azərbaycan dilinin inkişafının, həm də Azərbaycan ədəbiyyatının fətholunmaz zirvəsidir. Bununla bağlı respublikamızda və onun hüdudlarından kənarda Nəsiminin yubileyi böyük coşqu ilə qeyd edilir. Pekin Xarici Dillər Universitetində təşkil olunan sərgi də yubiley tədbirlərinin davamıdır.

Sərgidə Azərbaycan dili və onun tarixinə, müasir dövrdə Azərbaycanın dil siyasətinə dair nəşrlər, Qobustan qaya rəsmləri, qədim Azərbaycanda müxtəlif dövrlərdə istifadə olunan əlifbalar, habelə Azərbaycan folkloru, "Kitabi-Dədə Qorqud" dastanı, Azərbaycan şair və yazıçılarının Azərbaycan, Çin və ingilis dillərində əsərləri, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə, Azərbaycan-Çin əlaqələrinə, Azərbaycan ədəbi tədqiqatlarına, Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisinə dair eksponatlar, kitablar nümayiş olunur. Bundan başqa, Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə aid nəşrlər, Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri təqdim olunub.

Sərgidə, həmçinin Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri nümayiş olunur. Qeyd edək ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində tədbirlər həyata keçirən Heydər Əliyev Fondu, eyni zamanda, dünyanın bir çox ölkələrində Nəsimi irsinin təbliği üzrə layihələr reallaşdırır.

Sərginin açılış mərasimində çıxış edən PXDU-nun prorektoru Yan Quoxua Çin-Azərbaycan dostluq əlaqələrinin böyük tarixi olduğunu, müasir dövrdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 27 il ərzində münasibətlərin qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında sürətlə inkişaf etdiyini deyib. Bildirib ki, "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşdırılması çərçivəsində hər iki ölkə öz üstünlüklərindən istifadə edərək əməkdaşlığı daha da möhkəmləndirib.

Təmsil etdiyi universitetdə 2015-ci ildə Azərbaycan dili ixtisasının yaradılması ilə bağlı qərar qəbul edildiyini yada salan Yan Quoxua əlavə edib ki, 2017-ci ildən başlayaraq universitetdə Azərbaycan dilinin 3-cü dil kimi tədrisinə, keçən ildən isə Azərbaycan dili ixtisası üzrə kadrların hazırlanmasına başlanılıb. Ötən müddətdə PXDU ilə Azərbaycanın dövlət qurumları, Heydər Əliyev Fondu, Milli Elmlər Akademiyası, ali təhsil ocaqları ilə səmərəli işgüzar əlaqələr yaradılıb. Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, digər elm və dövlət adamları universitetdə mühazirələr oxuyublar.

Prorektor Yan Quoxua PXDU-da ilk dəfə keçirilən Azərbaycan dili və ədəbiyyatı sərgisi vasitəsilə tələbələrin Azərbaycan ədəbiyyatını və mədəniyyətini daha dərindən öyrənəcəklərinə ümid etdiyini deyib.

Səfir Əkrəm Zeynallı tədbirin Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi, humanitar əlaqələrin də yüksək səviyyədə inkişafından xəbər verdiyini deyib. "Sevindirici haldır ki, Azərbaycan və Çin arasında dövlət qurumları çərçivəsində həyata keçirilən səfər və tədbirlərə ölkələrimizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və tədris müəssisələri də qoşulublar. Bu xüsusda, Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə 2018-ci ilin dekabrında Pekində Azərbaycan-Çin dostluq konsertini, Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki mənzil-qərargahında Azərbaycan Mədəniyyəti Gününü, eləcə də çinli gənclərin Azərbaycana və azərbaycanlı gənclərin Çinə səfərlərini təşkil edib, həmçinin Çində təşkil edilən bir sıra festivallarda Azərbaycanın iştirakına dəstək verib", - deyə diplomat vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondu Çinin Yunnan əyalətində yoxsulluğun aradan qaldırılması proqramının həyata keçirilməsinə öz töhfəsini vermək qərarına gəlib və ilk addım olaraq əyalətin Malipo rayonunun məktəblərindən birində idman meydançasının yenidən qurulmasını öz üzərinə götürüb.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan ilə əlaqələrinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirən səfir Ə.Zeynallı qeyd edib ki, bugünkü tədbirin də əsas mahiyyəti Azərbaycanın ədəbi irsi haqqında çinli dostlarımıza geniş məlumat vermək, onları dünya ədəbi irs tarixinə adları böyük hərflərlə yazılmış Azərbaycan mütəfəkkirləri və onların əsərləri ilə tanış etmək, bununla isə xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin daha da inkişafına töhfə verməkdir. Tarixə nəzər saldıqda görə bilərik ki, Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi ümummilli lider Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə xüsusilə güclənmiş və Azərbaycan mütəfəkkirlərinin əsərləri geniş araşdırılmağa başlanmışdır. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın şair filosofu İmadəddin Nəsiminin 600 illik yubileyi 1973-cü ildə UNESCO tərəfindən qeyd edilib, həmin il "Nəsimi" filmi çəkilib. O dövrdən etibarən şairin yaradıcılığı ilə bağlı araşdırmalar genişlənib, müxtəlif dillərə tərcümə edilmiş kitabları işıq üzü görüb, Nəsimi haqqında bədii əsərlər, təsviri sənət, ekran və səhnə əsərləri yaradılıb, 1979-cu ildə Bakıda şairin möhtəşəm abidəsi ucaldılıb. Bildirilib ki, 2017-ci ildə şairin vəfatının 600 illiyi Parisdə UNESCO-nun iqamətgahında yüksək səviyyədə qeyd edilib, 2018-ci ildən etibarən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda "Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı" keçirilməyə başlanıb.

Mərasimdə çıxış edən tanınmış çinli türkoloq, professor Xu Cenxua Azərbaycanı böyük tarixə və zəngin mədəniyyətə sahib olan qədim sivilizasiya ölkəsi kimi dəyərləndirib. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Yeddi gözəl" əsərində Çin gözəli haqqında da bir hekayə var.

Dil və ədəbiyyatın hər bir xalqın mədəniyyətinin, milli kimliyinin çox önəmli və əvəzolunmaz hissəsi olduğunu deyən professor Azərbaycan dilinin zənginliyindən söz açıb, xalqımızın bu gözəl dildə maraqlı folklor və ədəbiyyat yaratdığını deyib. "Çində də tanınan və tədqiq edilən "Kitabi-Dədə Qorqud" dastanı bunun ən böyük örnəyidir. Azərbaycanın çox məşhur dramaturqunun "Arşın mal alan" əsəri keçən əsrin 30-cu illərində uyğur dilində Çinin Sincan əyalətində tamaşaya qoyulub. Sonralar həmin əsər Pekin, Uxan və digər şəhərlərdə də dəfələrlə səhnəyə qoyulub və çox sevilib. PXDU-da açılan sərgi nəinki Azərbaycan dili və ədəbiyyatı ilə tanış olmaq üçün yaxşı fürsətdir, hətta xalqlarımız arasındakı sıx əməkdaşlığa böyük bir töhfədir. Bu, həm də Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluğun "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində daha da gücləndirilməsi prosesinə dəstəkdir", - deyə professor Xu Cenxua bildirib.

Pekin İctimai Elmlər Akademiyasının alimi Can Nin Azərbaycanda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların inkişaf etdiyini deyib, ölkəmizdəki multikultural dəyərlərdən söz açıb.

Tədbirdə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr Azərbaycan, Çin və ingilis dillərində Nəsimi, onun yaradıcılığı haqqında çıxış ediblər.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, noyabrın 15-dək davam edəcək sərginin PXDU-da keçirilməsi təsadüfi deyil. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada keçən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər təşkil olunub, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla həyata keçirən layihələr icra olunub. PXDU Azərbaycan dilinin və mədəniyyətinin tədrisi və tədqiqinə xüsusi diqqət ayırır. Hazırda universitetdə Azərbaycan Mərkəzinin yaradılması istiqamətində işlər aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video