31 Oktyabr 2019 00:32
904
Mədəniyyət
A- A+

Dövlət İdarəçilik Akademiyasında “Ulu Öndər” sənədli filmi nümayiş olunub


Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan "Ulu Öndər” sənədli filmi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən akademiyanın professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə 1969-1982-ci illərin Azərbaycanın intibah dövrü kimi tarixə çevrildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli Lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur.

Əlli il əvvəl - 1969-cu il iyulun 14-də Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Ümummilli Lider Heydər Əliyev millətin və dövlətin taleyinə qüdrətli xilaskar rəhbər kimi daxil olaraq Azərbaycanda öz quruculuq tədbirləri ilə şərəfli bir tarix yazdı. Ulu Öndər Heydər Əliyev 1976-cı ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büronun üzvü seçilib, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Lakin 1987-ci ilin oktyabrında Sov.İKP MK-nın Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi yanlış xəttə, onun anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.

Sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar Heydər Əliyev ertəsi gün ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək orada bəyanat verib, SSRİ hakimiyyətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğın əməliyyatını pisləyib. Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. Ulu Öndər, ilk növbədə, Naxçıvanı Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Blokada şəraitində yaşayan muxtar respublikanın ağır iqtisadi-sosial problemlərini həll etmək üçün qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaratdı.

Bu illərdə həm də Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisi onun adından "sovet” və "sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsdiq edilməsi, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis olunması haqqında qərarlar qəbul etdi.

1993-cü ilin ikinci yarısında xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər də respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və tarixi nailiyyətlərlə zəngin olan bu uğurlu siyasətin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

Sonda gənclər film haqqında təəssüratlarını bölüşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video