30 Oktyabr 2019 00:53
930
İQTİSADİYYAT
A- A+

Geoloq


Neft Daşlarında geoloqa həmişə ehtiyac var. Tanınmış kəşfiyyatçı geoloq, professor Ağaqurban Əliyev başçılıq etdiyi ekspedisiya ilə Xəzərin qoynundakı həmin xəzinəni tapdığı vaxtdan bəri burada neçə-neçə bacarıqlı geoloqlar nəsli yetişib, bir-birini əvəz edib.

Neft Daşlarının salnaməsində Fuad Səmədov, Xoşbəxt Yusifzadə, Ənvər Məmmədov, Aslan Sultanov və onlarca digər geoloqun dəstxəti var. Bu gün əmək və hünər meydanı onların yetirmələrinin, ardıcıllarınındır.

"Neft Daşları” NQÇİ-nin 3 nömrəli neft və qazçıxarma sahəsinin geoloqu Adil Abdullayev deyir:

- "Neft Daşları”ndan sonra 1953-cü ildə geoloqlarımız "Palçıq Pilpiləsi”ni kəşf ediblər. 1963-cü ildən idarəmiz bu yatağın da istismarına başlayıb. Geoloqlar hər iki yatağın rasional işlənməsini, intensivləşmə və suvurma üsullarının tətbiqini həyata keçiriblər. Yeni perspektiv sahələrdə kəşfiyyat işləri aparıblar. Neft Daşlarının mezozoy qatının və perspektivli "Günəşli” yatağının layihə işlərini yerinə yetiriblər.

Geoloqun "Palçıq Pilpiləsi”ndən söz açması təsadüfi deyil. Bu yatağın istismarı ilə onun çalışdığı sahə məşğuldur.

"Palçıq Pilpiləsi” Çilov adasından Neft Daşlarına qədər uzunu 10, eni 2,5 kilometr olan ərazini əhatə edir. Yataq boyunca "səpələnmiş” özüllər mavi Xəzərin qoynunda bəzən sayrışan ulduzlara bənzəyirlər. 11 nöqtədə yerləşsələr də, ümumi sayları əslində 14-dür. Çünki üç yerdə qoşa özül quraşdırılıb.

Adil Abdullayev bu özüllərin hər birini öz doğma evi kimi tanıyır. Sahələrini, bir-birindən nə qədər aralıda yerləşdiklərini, nə vaxt quraşdırıldıqlarını, geoloji quruluşlarını əzbər bilir. Hər özüldən hasilat göstəricilərini yüksəltmək üçün aparılan geoloji tədbirlərdən danışanda isə əsl həkimi xatırladır. Köhnə yataqlarda geoloq işləməyin xüsusiyyəti budur. Sanki hər quyunu müalicə etməlisən.

- "Palçıq Pilpiləsi”ndə 15 horizont istismar olunur. Yataqdan gündə orta hesabla 250-260 ton neft hasil edilir. Biz geoloqlar yaxşı bilirik ki, "Palçıq Pilpiləsi”nin ehtiyatları hələ çoxdur. Odur ki, bu ehtiyatları üzə çıxarmaq üçün əlimizdən gələni əsirgəmirik. NQÇİ-nin geoloji şöbəsindən aldığımız layihələri incəliyinə qədər öyrənirik. Çox vaxt idarənin baş geoloqu Əhəd Abdıyevlə, işlənmə şöbəsinin rəisi, geoloq Azər Mehdiyevlə layihələri müzakirə edir, fikir mübadiləsi aparır, ümumi qərara gəlirik.

Demə, nə vaxtsa kəşf olunan, illərdir neft və qaz verən yatağın da geoloqa böyük ehtiyacı varmış. Qazmanın keyfiyyəti ilə maraqlanmaq, qazılmış quyu ilə lay arasında əlaqə yaratmaq, neftin axınını təmin etmək onun vəzifəsinə aid olan işlərin yalnız bir hissəsidir. Layların neftvermə gücü daim diqqət mərkəzində olmalı, ardıcıl şəkildə ölçülməlidir. Onların bərkidilməsi üçün də mütəmadi tədbirlər görülməlidir. Hər hansı bir yatağın növbəti laylarına istinad edilməsi də geoloqun məsuliyyətli və dəqiq qərarından sonra baş verir.

Adil Abdullayevin əməyi, sənət sevgisi, səriştəsi, qazandığı hörmətin timsalında Xəzərin qoynunda çalışan böyük neftçi-geoloqlar dəstəsinin ordusunun hər bir üzvünün keçdiyi yolu görmək mümkündür.

Neft Daşlarına 1990-cı ildə Azərbaycan Neft və Sənaye Universitetini bitirdikdən sonra gəlib. Həmin il onunla birlikdə buraya universitetin məzunu olan dostları Zöhrab Nəsibov, Fərrux Məmmədov, Elşad Eyyubov da təyinat almışdılar. İdarənin müxtəlif sahələrində hamısı işlə təmin olundu. Adilə geoloji şöbədə öz ixtisası üzrə iş təklif etsələr də, o, operator işləmək istədiyini bildirdi. Məqsədi özünü sınamaq, ali məktəbdə öyrəndiklərini istehsalatda əyani görmək, tətbiq etmək idi. Beləliklə, iki ildən çox bir müddətdə bərkdən-boşdan çıxandan, Xəzərlə həmişəlik ülfət bağlayandan sonra onu indiki vəzifəsinə təyin etdilər...

Söhbətimiz bitər-bitməz geoloqu yenidən estakadalarda görürük. Bu gün dəniz sakit olduğundan məhəccərə söykənib uzaqlara baxır. Bəlkə hansısa özüldə yarımçıq qalmış işini xatırlayıb oraya yollanmağı (vertolyot, yaxud gəmi ilə) düşünür. Bəlkə xəyalı Bakıya, evinə, ailəsinin yanına qanadlanıb, əziz balaları Arzu, Nəsir və Ləman üçün qəribsəyib. Bəlkə boş vaxtının əksəriyyətini keçirdiyi Hacıqabuldakı bağ-bağçası yadına düşüb?

Kim bilir, bəlkə də bayaqdan keçdiyi yollardan danışdığına görə ömürnaməsinin anadan olduğu Şamaxıda - Udluda, Qubalıda yazılan ilk səhifələrini vərəqləyir... Anası Anamxanım professor Əzizə Cəfərzadə ilə bir sinifdə oxumuşdular, qohumluq əlaqələri də vardı, yaxın münasibət saxlayırdılar. Adil kiçik olanda Əzizə xanım onun başına o qədər sığal çəkmişdi ki! Yazıçı-alim bəlkə də bu balaca oğlanın ağıllı gözlərinə baxdıqca güman etmişdi ki, o, ya ədəbiyyatçı, ya tarixçi olacaq. Adil isə dayıları Mirxalıqın və Ağaseyidin yolu ilə getdi, neftçi oldu. Şeir, hekayə yazmadı, geoloq kimi Neft Daşlarının salnaməsinə öz dəstxətini həkk etdi.

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video