30 Oktyabr 2019 00:53
484
İQTİSADİYYAT
A- A+

Yığım da, emal da fasiləsiz davam edir


Sentyabrın birinci ongünlüyündə havaların küləkli, yağmurlu keçməsi pambıq əkən fermerlərin, torpaq mülkiyyətçilərinin qanını bir az qaraltdı. Çoxları düşündü ki, hələ sentyabrın əvvəlləridir, sonrası gör necə olacaq, deyəsən, əzab-əziyyətlə yetişdirdikləri məhsulu son qozasınadək yığa bilməyəcəklər.

Ancaq şükürlər olsun, ikinci ongünlükdən etibarən havalar düzəldi. Qız-gəlinlər tarlalara çıxıb erkən əkilmiş sahələrin nübar məhsulunu toplamağa başladılar. Maşınla yığılması nəzərdə tutulan yerlərdə kolların yarpağını tökmək üçün dərmanlama aparıldı. Sentyabrın 25-dən pambıqyığan maşınlar sahələrə çıxdı və yığım sürət götürdü. Az vaxt ərzində "ağ qızıl” tayaları sıralandı. Eyni zamanda məhsulun emalına başlanıldı.

Xam pambığı emal edən müəssisələrdən biri "MKT Neftçala” filialıdır. Filial cari ilin əvvəlində 710 fermer və torpaq mülkiyyətçisi ilə müqavilə bağlamışdır. Əkin və becərmə dövründə mülkiyyətçilər toxum, texnika, mineral gübrələr, ziyanvericilərə qarşı mübarizə aparmaq üçün müxtəlif preparatlar, habelə pulla təmin olunmuşlar. Filialın mütəxəssisləri daim əkinçilərin yanında olmuş, onlara lazımi məsləhətlərini vermiş, kömək göstərmişlər.

Oktyabr ayının 25-dək müəssisə üzrə 3 min 272 hektardan 10 min 287 ton məhsul toplanılıb. Bunun 8 min 876 tonu - 86,3 faizi maşınlarla yığılıb. Xam pambığın 97,1 faizi birinci növdür. Məhsuldarlıq sahəsində əldə olunan göstəricilər ürəkaçandır. Belə ki, ilin əvvəlində hər hektardan 27 ton məhsul götürmək planlaşdırıldığı halda, artıq bu rəqəm 42,6 sentnerə çatmışdır. Yığım hələ davam edir. Mütəxəssislərin dediyinə görə, sahələrdə hələ məhsul çoxdur. İndi hər gün tarlalardan 110-120 ton pambıq yığılır.

Yüksək nəticənin əldə olunmasında ayrı-ayrı fermerlərin, torpaq mülkiyyətçilərinin əməyi diqqətəlayiqdir. Rafael Hüseynov Neftçala rayonunun Yuxarı Qaralı kəndində yaşayır. Uzun müddət suvarma sistemləri sahəsində çalışıb. 1993-cü ildə 30 hektar yararsız torpaq sahəsini icarəyə götürüb, üzərində meliorativ tədbirlər həyata keçirib. Sahə tədricən saflaşıb. Sonra təsərrüfatını genişləndirərək 100 hektara çatdırıb. İlk illər həmin sahələrə arpa əkib ki, torpaq münbitləşsin. Sonra digər bitkilər yetişdirib. Cari ildə isə "MKT Neftçala” filialı ilə müqavilə bağlayaraq 41 hektarda pambıq əkib. Çalışıb ki, bütün aqrotexniki tədbirləri vaxtında və yüksək keyfiyyətlə həyata keçirsin. Çəkilən zəhmətin əvəzində torpaq bol məhsul yetirib. İndiyədək tarlalardan 145 ton pambıq götürüb ki, bu da hər hektardan 35 sentner məhsul deməkdir. Üstəlik, bu rəqəm də hələ son deyil, çünki yığım davam edir.

Təcrübəli fermer R. Hüseynov başa çatmaqda olan təsərrüfat ilində 30 hektarda arpa və buğda da yetişdirib. Bunlardan əlavə, o, heyvandarlığı da yaddan çıxarmayıb. 600 baş davar, 100 baş qaramal saxlayır. Onlar üçün 24 hektarda yonca əkib-becərir.

İmadəddin Dadaşov Yuxarı Qaramanlı kənd sakinidir. Bir neçə ildir, pambıqçılıqla məşğuldur. O, bu sahədə böyük təcrübə qazanmışdır. İ. Dadaşov da "MKT Neftçala” filialı ilə müqavilə bağlayaraq yaxşı pambıq yetişdirib. Hələlik 61 ton pambıq tədarük edib. Məhsuldarlıq 42 sentnerdir. Hədəf isə ən azı 50 sentnerdir. Boyat kənd sakinləri Əlihüseyn Hacıyev, Arif Qəfərov və başqaları da bol məhsul yetişdirmişlər.

Üç növbədə işləyən "MKT Neftçala” filialında indiyədək 1115 tondan çox mahlıc, 1400 ton çiyid istehsal edilib. Hər ton xam pambıqdan 426 kiloqram mahlıc alınır ki, bu da yüksək göstərici sayılır. Emal edilən mahlıcın hamısı birinci növdür. Türkiyə, İran, Bakı İplik Müəssisəsinin və Mingəçevir Tekstil Kombinatının nümayəndələri gəlib məhsula baxmış və almaq üçün müqavilə bağlamışlar. Alınan çiyid MKT şirkətinin Şirvan şəhərindəki Yağ-piy zavoduna göndərilir. Emal olunan pambıqdan mahlıcla bərabər 29 ton lint, 15 ton ulyuk, 15 ton tiftik alınır. Bu məhsulların əsas alıcıları qardaş Türkiyənin iş adamlarıdır.

80 nəfərin çalışdığı zavod dayanmadan məhsul qəbul edir. Tədarük olunan xam pambıq fasiləsiz emal olunur. Bunlar isə kənd adamlarının pul gəlirlərinin artması, güzəranlarının yaxşılaşması ilə bərabər, ölkə iqtisadiyyatının inkişafı deməkdir.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video