29 Oktyabr 2019 03:21
952
İQTİSADİYYAT
A- A+

Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi gündəmdə qalır


Aparılan iqtisadi islahatların əsas məqsədi ölkənin hərtərəfli inkişafına nail olmaqdır. Bu yolla əhalinin sosial problemlərini daha rahat həll etmək mümkündür. Məhz iqtisadi cəhətdən güclü, böyük maliyyə imkanlarına malik dövlətlər əhalinin sosial rifahının yaxşılaşmasını təmin edə bilir. İlin əvvəlindən Azərbaycanda həyata keçirilən iki mühüm sosial paketin icrası da iqtisadi inkişaf sayəsində mümkün olub.

Cari ilin 9 ayının sosial-iqtisadi göstəriciləri yüksəkdir. Belə ki, həmin dövrdə qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayesində isə bu rəqəm 15 faizdən yüksəkdir. Həmin sahənin qısa bir zamanda yüksək templə inkişaf etməsi dünya miqyasında rekord göstərici hesab olunur.

Aqrar sektorda aparılan islahatlar, fermerlərə göstərilən mütəmadi dövlət dəstəyi sayəsində məhsul istehsalında yüksək artım müşahidə edilir. Hazırda kənd təsərrüfatında iqtisadi artım tempi 7 faizdən çoxdur.

Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən müşavirədə ölkənin iqtisadi inkişafı ilə yanaşı, sosial sahədə əldə edilən nailiyyətləri yüksək qiymətləndirərək demişdir: "Minimum pensiyanın alıcılıq qabiliyyəti səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir”.

Dövlətin həyata keçirdiyi sosial siyasət sayəsində mühüm nailiyyətlər əldə olunub. Qəbul edilən iki əsas sosial paketin icrası buna misaldır. Belə ki, həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Cari ildə 10 mindən çox ölkə vətəndaşı bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır, hər bir ailə orta hesabla 200 manatdan çox belə imkandan faydalanır.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün başlıca şərt məşğulluğun təmin edilməsidir. Dövlət bu sahəyə xüsusi önəm verərək yüksək məbləğdə maliyyə vəsaiti ayırıb. İşsizlikdən Sığorta Fondunun gəlirləri çərçivəsində növbəti ildə 128,2 milyon manatlıq büdcə formalaşdırılıb. Burada artım nəzərdə tutulduğundan 30 faizdən çoxdur. Həmin məbləğin 111 milyon 900 min manatı işsizlikdən sığorta haqlarının yığımına yönəldiləcək. Eyni zamanda cari ildən gözlənilən 16 milyon manatlıq qalıq vəsait növbəti ildə xüsusilə özünüməşğulluq proqramının maliyyələşdirilməsinə yönəldiləcək.

Dövlət başçısının tapşırığına əsasən, İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən özünüməşğulluq layihəsi çərçivəsində 63 milyon manat vəsait bu sahəyə xərclənəcək. Gələn il ərzində sırf İşsizlikdən Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq layihələrində iştirakının maliyyələşdirilməsi planlaşdırılır.

Dövlət vəsaiti ilə icra olunan müxtəlif layihələr sayəsində cari ildə 100 min nəfərin işə düzəlməsi planlaşdırılmışdır. Gələn il bu rəqəmin 130 minə çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, haqqı ödənilən ictimai işlər proqramının davam etdirilməsi də gündəlikdədir.

Əhalinin məşğulluğunun təmin olunması üçün beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edilir. Dünya Bankı ilə məşğulluqla bağlı layihələrin maliyyələşdirilməsi barədə danışıqlar aparılır. Gələn il bu bank vasitəsilə 1000-2000 ailənin məşğulluğunun təmin edilməsi nəzərdə tutulur. Hədəf isə qarşıdakı illərdə 5 min ailənin məşğulluğunun təmin edilməsidir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video