29 Oktyabr 2019 03:16
456
İQTİSADİYYAT
A- A+

İslahatların nəticələri 9 ayın statistikasında


Qeyri-neft-qaz sektorunda 15,6, əhalinin gəlirlərində 6,7 faiz artım var


Prezident yanında keçirilən iqtisadi müşavirənin ardınca Dövlət Statistika Komitəsi (DSK) cari ilin yanvar-sentyabr ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən makroiqtisadi göstəriciləri açıqlayıb. Bildirilir ki, bu dövrdə ölkə üzrə 58,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu isə ötən ilin eyni dövründəkindən 2,5 faiz çoxdur. Hesabat dövründə əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,5, neft-qaz sektorunda 1,1 faiz artmışdır.

ÜDM-in 42,5 faizi sənaye, 10 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi tikinti, 6,2 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 15,7 faizi digər sahələrdə istehsal edilmişdir.

Məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil etmiş, əhalinin hər nəfərinə 5910,1 manat əlavə dəyər düşmüşdür.

Doqquz ay ərzində ölkədə 34,7 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən 1,7 faiz çoxdur. Ümumilikdə bu dövrdə sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artmışdır. Sənaye məhsullarının 69,9 faizi mədənçıxarma, 25,2 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 2,8 faiz azalmış, əmtəəlik qaz hasilatında 29,3 faiz artım qeydə alınmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99, hazır metal məmulatlarının istehsalı 78,1, tütün məmulatlarının istehsalı 78,5, kompüter, elektron və optik məhsulların istehsalı 77,2, içki istehsalı 40,4, toxuculuq sənayesi məhsulları istehsalı 39,2, mebel istehsalı 29,5, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 28,2, rezin və plastik kütlə məmulatları istehsalı 26,1, kağız və karton istehsalı 25, kimya sənayesi məhsulları istehsalı 20,6, qida məhsulları istehsalı 15,1, əczaçılıq məhsulları istehsalı 12,6, poliqrafiya məhsulları istehsalı 11,8, geyim istehsalı 10,6, tikinti materialları istehsalı 4,2, maşın və avadanlıqların istehsalı 1,8 faiz artmışdır. Artım, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 2,5 və 7,4 faiz. Eyni zamanda bu sektor üzrə bir sıra sahələrdə, o cümlədən neft məhsullarının, elektrik avadanlıqlarının, digər nəqliyyat vasitələrinin, metallurgiya sənayesi məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, avtomobil, qoşqu və yarımqoşquların istehsalında azalma müşahidə olunmuşdur.

Hesabata əsasən, ötən 9 ay ərzində əsas kapitala 10 milyard 146,2 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş ümumi vəsaitin 65,4 faizi məhsul istehsalı və 25 faizi xidmət obyektlərinin, 9,6 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 71,5 faizi daxili sərmayələr olan bu vəsaitlərin 66,7 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir.

Bütün bu vəsaitlər hesabına ötən dövr ərzində ölkə üzrə bir sıra müxtəlif təyinatlı müəssisə və obyektlər, o cümlədən Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Pirallahı Sənaye Parkında şpris istehsalı zavodu, həmin rayonda icra hakimiyyətinin inzibati binası, rayon Gənclər Mərkəzi, ilk DOST mərkəzinin inzibati binası, 140 yerlik məktəbəqədər tədris müəssisəsi, 200 çarpayılıq xəstəxana, Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, Sumqayıtda "SOCAR karbamid” və Polietilen zavodları, Beyləqanda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazlılar-Birinci Aşıqlı-Əlinəzərli, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qobustan rayonunda "Azərxalça” ASC-nin filialı, Qobustan-Poladlı avtomobil yolu, Əmlak Xidmətləri Məkanı, eləcə də Naxçıvan MR-də 1530 şagirdlik 3 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana, Şəkidə 624, İsmayıllıda 400, Lerik, Cəlilabad və Quba rayonlarının hər birində 180 şagirdlik 3 ümumtəhsil məktəb binası və s. istifadəyə verilmişdir.

Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə qeyri-neft-qaz sektorunun inkişafına 6 milyard 346,8 milyon manat vəsait xərclənmiş və həmin vəsaitin 1 milyard 213,2 milyon manatından (ümumi sərmayənin 12 faizindən) qeyri-neft-qaz sənayesi sektorunda istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə əsas kapitala 2 milyard 890,3 milyon manat xarici kapital da yönəldilmişdir.

Dövlət Statistika Komitəsi yanvar-avqust ayları üzrə ölkədə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlamışdır. Bildirilir ki, Azərbaycanda bu dövr orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 589,3 manata çatmışdır. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ ilin 9 ayında 42,2 milyard manat olmuşdur ki, bu da nominal ifadədə ötən ilin eyni dövründəkindən 6,7 faiz çoxdur.

DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət dövriyyəsi haqqındadır. Hesabata əsasən, cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3 faiz üstələyərək 27,5 milyard manatdan çox olmuşdur. Eyni zamanda bu dövrdə əhaliyə 6,5 milyard manatlıqdan çox ödənişli xidmətlər göstərilmişdir.

Qiymətlərə gəldikdə, DSK-nın açıqladığı rəqəmlərə əsasən, ilin əvvəlindən ötən 9 ay ərzində istehlak məhsullarının və ödənişli xidmətlərin qiymətləri 2018-ci ilin eyni dövrünə nisbətən ümumilikdə 2,6, o cümlədən ərzaq, içki və tütün məmulatları üzrə 3,5, qeyri-ərzaq malları üzrə 1,3, ödənişli xidmətlər üzrə 2,4 faiz bahalaşmışdır.

Azərbaycanın bu dövrdə xarici ticarət əlaqələrində də müsbət nəticələr qeydə alınmışdır. Hesabata əsasən, ilin əvvəlindən ötən 8 ay ərzində gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla cari ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsinin dəyəri 22 milyard 340,7 milyon dollara çatmışdır. Ticarət dövriyyəsinin 58 faizini ixrac, 42 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 3 milyard 576,9 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.

Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasıdır. Hesabata görə, ilin əvvəlindən ötən 8 ay ərzində Azərbaycandan 1 milyard 277,4 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Bu isə ötən ilin analoji dövrünə nisbətən faktiki qiymətlərlə 16,8, real ifadədə 12,2 faiz çoxdur.

Bir neçə fakt da nəqliyyat, informasiya və rabitə barədə: hesabatda bildirilir ki, yanvar-sentyabr aylarında ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 1 milyard 580,3 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 72,6 faizindən əhali istifadə etmişdir. 2018-ci ilin eyni dövrünə nisbətən bu xidmətlərin həcmi dəyər ifadəsində 16,4 faiz artmış, əldə edilmiş gəlirlərin 83,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir. Belə ki, 9 ay ərzində ölkə üzrə 172,5 milyon ton yük 1 milyard 484,4 milyon sərnişin daşınmışdır. Yük dövriyyəsi üzrə artım 1,6, sərnişin daşınması üzrə 2,1 faiz olmuşdur.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video