28 Oktyabr 2019 23:01
425
SİYASƏT
A- A+

Azərbaycan Fransaya etiraz notası verib


Oktyabrın 28-də Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və onunla Xarici İşlər nazirinin müavini Xələf Xələfov görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fransa səfirinə bu ölkənin Overn-Ron-Alplar Regional Şurasının sədri Loran Vokyenin ötən həftə Yerevana etdiyi səfər zamanı Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılan qondarma qurumun "xarici işlər naziri” Masis Mayılyan ilə görüşərək onunla "birgə bəyannamə” imzalaması ilə bağlı etiraz notası təqdim edilib.

Bəyanatda əksini tapmiş çağırışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə zərbə vurur və onun formatının dəyişdirilməsinə dair işğalçı Ermənistanın mövqeyinə dəstək ifadə edir.

Fransa Respublikasının inzibati məhkəmələrinin bu ölkənin bir sıra bələdiyyə və regional qurumlarının Azərbaycanın işğal olunmuş ərazilərindəki "hakimiyyət qurumları” ilə imzalanan qeyri-qanuni "saziş”lərin ləğv olunmasına dair qərarlar qəbul etməsi fonunda bu cür "birgə bəyannamə”nin imzalanması həm də Fransadakı erməni lobbisinin təxribatçı səyləri nəticəsində baş verir.

Xatırladaq ki, Fransanın yerli hakimiyyət orqanlarının qondarma rejim ilə imzaladığı bu cür qeyri-qanuni "sənədlər” Azərbaycan və Fransanın milli qanunvericiliyi, xüsusilə də Fransa Konstitusiyasının 73-cü maddəsi, Ərazi Vahidləri Ümumi Məcəlləsinin maddələri və 24 may 2018-ci il tarixində Daxili İşlər və Avropa və Xarici İşlər nazirləri tərəfindən imzalanmış sirkulyar sənədin müddəalarına ziddir.

Avropa İttifaqının aparıcı ölkələrindən və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransada yerli və regional hakimiyyət orqanları tərəfindən bu cür qanunsuz "sənədlər”in imzalanmasının davam etdirilməsi bu dövlətin qərəzsiz vasitəçilik roluna kölgə saldığı və Aİ-nin digər üzv ölkələrinə mənfi nümunə olduğu Fransa diplomatına qəti şəkildə bildirilib.

Fransa səfirinin diqqəti bu arzuolunmayan tendensiyalara yönəldilərək, ondan ölkəsinin Xarici İşlər Nazirliyinin məsələyə müdaxilə etməsi və Azərbaycan tərəfinə izahat verilməsi istənilib.

Səfir Z.Qross, öz növbəsində, yerli və bələdiyyə orqanlarının bu kimi çıxışlarının heç bir hüquqi qüvvəyə malik olmadığını və Fransa hökumətinin mövqeyini əks etdirmədiyini bildirib. Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Fransa dövlətinin mövqeyinin prinsipial və dəyişməz olduğunu vurğulayıb. Fransa səfiri L.Vokyenin Yerevana səfər proqramının Fransa hökuməti tərəfindən dəstəklənmədiyini, onun qondarma qurumun nümayəndəsi ilə görüşünün səfərin rəsmi hissəsi bitdikdən sonra baş verdiyini və bu zaman Fransanın Yerevandakı səfirinin təmsil olunmadığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video