26 Oktyabr 2019 03:19
390
SİYASƏT
A- A+

Hörmətin, inamın və etimadın təzahürü


Dünəndən Bakıda öz işinə başlayan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü və bu təşkilata sədrliyin Azərbaycana təhvil verilməsi ölkəmizin müstəqilliyi dövründə ən mühüm siyasi uğurlarından biri kimi tarixə düşdü. Tədbirdəki nitqində Prezident İlham Əliyev bunu ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü kimi qiymətləndirdi.


60-a yaxın ölkənin dövlət və hökumət başçısı Bakıdadır


Bu, dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda keçirilən ən böyük və mötəbər siyasi tədbirdir. Bunu Zirvə görüşündə iştirak etmək üçün 60-a yaxın ölkənin dövlət və hökumət başçılarının, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin Bakıya gəlməsi də təsdiqləyir. Ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri bu beynəlxalq tədbirdə iştirak edir.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq çoxtərəfli əməkdaşlığın əsas hərəkətverici qüvvələrindən biridir. Hərəkat beynəlxalq siyasi məsləhətləşmələr və praktik əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir. Ona görə də yarandığı vaxtdan bəri hərəkat beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayır. Soyuq müharibənin sonu hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu azaltmayıb, əksinə, artan çağırışlar fonunda əhəmiyyətini artırıb. Bu gün qarşıda duran əsas vəzifəsi yarandığı dövrdə olduğu kimi, hələ də aktuallığını saxlayan hərəkatın təməl prinsiplərini təbliğ etmək və dəstəkləməklə mövcud geosiyasi mənzərədəki yeni reallıqlara adekvat olması məqsədilə hərəkatın rolunu aktivləşdirməkdən ibarətdir.

Azərbaycan Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır. Ölkəmiz cəmi 8 il əvvəl - 2011-ci ilin may ayında hərəkatın tamhüquqlu üzvü olub. Lakin bu qısa dövrdə təşkilat çərçivəsində olduqca səmərəli və faydalı fəaliyyət həyata keçirib. XVIII Zirvə Görüşündə Prezident İlham Əliyevin nitqinin əvvəlində qeyd etdiyi kimi, Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Bəli, respublikamız ilk gündən Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə hörmətlə yanaşıb. Rəsmi Bakı bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Ona görə hərəkata üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2016-cı ilin sentyabrında hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunub.


Hərəkata sədrlik Azərbaycana keçdi


Beləliklə, XVIII Zirvə Görüşünün ən mühüm anı Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi oldu. Sədrliyi Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Madurodan təhvil alan Prezident İlham Əliyev bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın siyasətinə verdiyi dəstək kimi qiymətləndirdi və bu qərara görə bir daha təşəkkürünü bildirdi.

İlham Əliyev Azərbaycanın sədrliyi müddətində hərəkatın konkret fəaliyyət prioritetlərini də diqqətə çatdırdı. Bunlar beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərin artırılması, hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi, ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə diqqət yetirilməsi kimi məsələlərdir.

XVIII Zirvə Görüşünün ilk günündə İlham Əliyev dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi yol, sosial-iqtisadi və demokratik inkişaf istiqamətində əldə etdiyi uğurlar, ölkəmizdəki multikulturalizm və tolerantlıq mühiti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycanın yeganə problemi ərazisinin bir qisminin Ermənistan tərəfindən işğal edilməsidir. Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə hərəkata üzv dövlətlərə təşəkkürünü bildirən İlham Əliyev dedi: "Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Beləliklə, yüksək beynəlxalq nüfuzu Azərbaycana qurumun tam etimadını qazanaraq ona sədrlik etmək imkanı yaradıb. Artıq Azərbaycan üçün yeni tarixi missiya başlayır. Ölkəmizin bu hərəkatın sədrliyini üzərinə götürməsi və onun qarşıdan gələn uğurlarına töhfə vermək əzmində olması olduqca qürurvericidir. Əminliklə söyləmək olar ki, ölkəmiz sədrliyi müddətində hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu daha da gücləndirəcək, onun fəaliyyətinə yeni töhfələr verəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video