26 Oktyabr 2019 03:14
763
İQTİSADİYYAT
A- A+

Banklar yenə “va-bank” gedir


Prezident İlham ƏLİYEV: "Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”


Bankları iqtisadiyyatın lokomotivi də adlandırırlar və bu bənzətmə qətiyyən təsadüfi deyil. Çünki banklar həmişə mənsub olduqları ölkənin inkişafında çox mühüm funksiya yerinə yetiriblər, hətta o dərəcədə ki, onlar iqtisadi sistemin vacib və ayrılmaz hissəsi hesab ediliblər. İndi də belədir. Bu gün də banklar təkcə qoyulan depozitləri (əmanətləri) və aldıqları vəsaitləri ehtiyacı olanlara kredit kimi paylamaqla məşğul deyillər. Onlar, həmçinin pul yaratmaqla iqtisadiyyatı, daha doğrusu, iqtisadi fəaliyyətləri hərəkətə gətirirlər. Bu baxımdan banklar öz xeyrini güdən kommersiya təşkilatından daha çox, ölkənin sosial-iqtisadi inkişafını təmin etməkdə dövlətin yanında olan, əlindən tutan maliyyə qurumudur.

Bütün bunlar normalda belədir və ya belə olmalıdır. Əks halda inkişaf etmiş ölkələrin təcrübəsi və həmin təcrübənin nəticəsi olan mövcud durumları araşdırılarkən onların sosial-iqtisadi cəhətdən qazandıqları uğurlarda bank sisteminin əvəzsiz rolu dönə-dönə vurğulanaraq etiraf edilməzdi.

Azərbaycanın dövlət müstəqilliyi kimi, müstəqil bank sektorunun da yaşı heç 30 deyil. Ötən illər ərzində bu sektorda heç nə edilməyib iddiasından uzağıq. Bütün hallarda keçən dövrdə dövlətçilik sahəsində görülən işlərlə müqayisəyə gələ bilən işlər görülməsə də, ölkənin müstəqil bank sistemi formalaşıb və o, məlum məqamları çıxmaqla pul-kredit sahəsində həyata keçirilən tədbirlər sayəsində dayanıqlı iqtisadi inkişafın təminatında müəyyən rol oynayıb.

Amma bunlar azdır, həm də təkcə az yox, eyni zamanda ali rəhbərliyi qane edəcək səviyyədə deyil. Biz son illər ölkənin sosial-iqtisadi sahədəki vəziyyətinə aid keçirilən elə bir müşavirə, yaxud iclas xatırlamırıq ki, Prezident İlham Əliyev kommersiya banklarının ünvanına irad bildirməsin, tövsiyələr səsləndirməsin. Əsasən də real sektoru kreditləşdirməyə meyilli olmadıqları, üstünlüyü istehlak kreditlərinə verdikləri üçün.

"...bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illər yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”. Bu fikirlər dövlət başçısı tərəfindən oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə səslənmişdir. Göründüyü kimi, Prezident özü də qeyd edir ki, sözügedən problem ən yüksək səviyyədə dəfələrlə qaldırılsa da, banklar özləri üçün sərfəli, ölkə iqtisadiyyatı üçün səmərəsiz, dövlət büdcəsi üçün isə təhlükəli fəaliyyətlərindən - vəsaitlərini real sektor əvəzinə istehlak kreditlərinə yönəltmək mərəzlərindən əl çəkmirlər.

Sırf girəvəçi mövqeyindən yanaşanda niyə əl çəkməlidirlər ki?! 10-12 faizə qoyulan depozitləri, ondan da aşağı faizlə Mərkəzi Bankdan və xarici mənbələrdən aldıqları vəsaitləri əhaliyə 25-30 faizə verıb "babat” qazanmaqdan könüllü əl çəkmək heç kimə asan gəlməsin. Bu yolu tutmuş bankların nə veclərinə ki, Azərbaycan kimi obyektiv səbəblər üzündən gəlirlərinin çox hissəsini mədən sənayesindən (neft-qazdan) qazanan ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək həyat qədər vacib məsələdir və bu işdə də onlar bütün imkanları ilə dövlətə kömək, hökumətə dəstək olmalıdırlar.

Amma haradadır bizim dövlət və hökumətimizdə o bəxt. Sanki çörəyinin duzu yoxdur - hansı sahəyə bel bağlayıb şərait yaradır ki, dirçəlib ölkənin müəyyən bir probleminin həllində onun əlindən tutsun, yanında olsun - edilən yardımlardan, verilən dəstəkdən özləri üçün istifadə etməyə başlayırlar.

İndi budur, dövlət bankların köhnə "zibil”lərini təmizləyib qurtarmamış yenisi ilə üzləşmək təhlükəsi həddinə çatıb. Əks halda Prezident son iqtisadi müşavirədə problemi bu ciddiliklə qoymazdı. Dövlət başçısı "əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik” həyəcanını boş yerdən bəyan etməyib. Bu gün heç kim inkar edə bilməz (və ya etməz) ki, istər manatın 2015-2016-cı illərdəki devalvasiyalarında, istərsə də onun nəticəsi kimi ölkə əhalisinin çox böyük təbəqəsinin borc girovuna çevrilməsində ən böyük günah və məsuliyyət sahibi banklar olmuşdur. Məhz bankların və bankirlərin yalnız korporativ maraqlarına xidmət edən insafsız (daha doğrusu, soyğunçu) kredit siyasəti sonda dövləti milyard manatlarla ziyana saldı. Bu yerdə tək Beynəlxalq Bankda baş verənləri xatırlatmaq kifayətdir. Prezident məhz bunu əsas götürüb indidən həyəcan təbili çalır, müvafiq qurumların yığışıb birgə tədbir görmələrini, əsas diqqəti nəyə yönəltməli olduqlarını tapşırır: "Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişaf Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir - məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı”.

Dövlət başçısının əsas diqqəti bir-biri ilə sıx bağlı olan qeyri-neft sektorunun inkişafı və məşğulluğun artırılmasına yönəltməsi də təsadüfi deyil. Çünki nə qədər gec deyil bankların üzünü yüksək faizli istehlak krediti ənənəsindən real sektoru maliyyələşdirmək siyasətinə çevirmək lazımdır. Əks halda nə ola biləcəyinin altını təxminən 4 ildir ki, həm əhali çəkir, həm də real sektorun timsalında dövlət. Çünki bu anormal fəaliyyət zamanı qazanan tək bankların özləridir, baxmayaraq ki, onlar bunu heç də həvəslə etiraf etmirlər. Amma etməməklə deyil ki... Əgər sıradan bir bankın texniki işçisinin leqal əməkhaqqı elmi-tədqiqat institutunda, yaxud universitetdə professor vəzifəsi tutan elmlər doktorunkundan çoxdursa, bunu etiraf etməyə ehtiyacmı var?! Hələ idarə heyətlərinin, müşahidə şuralarının sədrlərinin ən azından beşrəqəmli maaşlarını yazmırıq. Bunlar müəllimin, həkimin, mühəndisin, tələbənin və digər aztəminatlı təbəqələrin özlərinin və balalarının ağzından, əynindən, təhsilindən kəsib ödədikləri yüksək faizlər hesabına mümkün olmurmu?!

Özgənin pulunu saymaq məqbul qəbul edilməsə də, bankların qazanclarını ötəri də olsa hesablamağa hər kəsin haqqı çatır. Çünki həmin qazancda əhalinin həm faiz kimi ödədiyi, həm də depozit kimi qoyduğu vəsaitin xüsusi çəkisi yetərincə yüksəkdir və o üzdən istəməzdik ki, bank işçilərinin əməkhaqları barədə qeydlərimiz xatırlatdığımız pis vərdiş kimi yox, reallığın ifadəsi olaraq qəbul edilsin. O reallığın ki, ədalətdən xəbər verdiyini iddia etməyin özü ədalətsizlik olardı.

Buna ədalətsizlikdən savayı nə ad vermək olar ki, bir tərəfdə ölkədə əsasən qeyri-neft sektorunda çalışan iş adamları dövlət başçısının çağırışlarına səs verərək fəaliyyətlərini genişləndirmək üçün vəsait, bir tərəfdə də həmin vəsaitə malik banklar onu istehlak krediti adı, özü də yüksək faizlə verməkdən ötrü müştəri axtarışındadırlar. Sahibkarlar deyirlər ki, filialları bütün rayonlara səpələnmiş heç bir bankdan bu gün normal faizlə kredit almaq mümkün deyil! Həm yüksək faiz, həm də real olmayan girov tələbi iş adamlarının, fermerlərin qarşısına elə sədd çəkib ki, onu heç mənəm deyən sahibkar dəf etmək imkanında deyil. Əvəzində isə əvvəlki dərslərdən nəticə çıxarmayıb növbəti dəfə istehlak krediti portfellərinin ağızlarını açıblar. Onların bu "səxavət”indən məcbur olub yararlanmaq istəyənlərsə faiz tələsinə düşürlər. Banklar yüksək faizdən əlavə, kreditin qaytarılması sxemini elə qururlar ki, müştəri uzun müddət onun altından çıxa bilmir, nə ödəyirsə, çox hissəsi faizə hesablanır. Odur ki, gözlənilməz bir hadisə baş verdikdə o, bank qarşısında öhdəliyinə demək olar tam əməl etməmiş vəziyyətdə qalır. Liberal bazar iqtisadiyyatında isə belə gözlənilməz hadisələrdən heç kim tam sığortalanmayıb. Elə yəqin həm də bu üzdən dövlətin gördüyü bütün tədbirlərə baxmayaraq, bankların əsasən problemli istehlak kreditlərinin məbləği yenidən milyard manatı üstələyib. Bu o vaxt baş verib ki, təkcə bu ilin 9 ayı üzrə əsas kapitala yönəldilən 10,1 milyard manatlıqdan çox vəsaitin tərkibində bank kreditlərinin xüsusi çəkisi cəmi 7,3 faiz olub.

Mütəxəssislər də bankların kredit faizlərinin yüksək olmasını normal hesab etmirlər. Onların qənaətinə görə, yüksək kredit faizləri, qeyd etdiyimiz kimi, xüsusən kiçik və orta sahibkarlığın inkişafı istiqamətində hökumətin müəyyən etdiyi strategiyaya mənfi təsir göstərir. Ölkənin bank sektorunda belə vəziyyətin yaranma səbəbinə gəldikdə isə, ekspertlər bunu daha asan yolla qazanmaq istəyindən savayı, həm də real sektorda risklərin böyük olması ilə izah edirlər. Odur ki, banklar bir hüquqi şəxsə, məsələn, 100 min manat biznes krediti verməkdənsə, 100 fiziki şəxsə 1000 manat istehlak krediti verməyi daha çox gəlirli və daha az riskli sayır. Götürdükdə, həqiqətdə də belədir. Belədir, amma normal deyil. Çünki bu halda bank bankçılıq yox, sələmçilik fəaliyyəti göstərmiş olur.

Yeri gəlmişkən onu qeyd edək ki, ölkədə sahibkarlar təbəqəsi yeni formalaşdığından (hər halda 20-25 il bazar iqtisadiyyatının aparıcı təbəqəsinin formalaşması üçün elə də uzun zaman deyil) ölkədə bankların meyil göstərə biləcəyi uğurlu və deməli, həm də azriskli biznes layihələrinin sayı azdır. Odur ki, bu reallığı bankların real sektora üz çevirmək istəməmələrinin digər səbəbi kimi qəbul etmək olar. Amma bu da hələ hamısı deyil. Ekspertlər bildirirlər ki, devalvasiyadan sonra bankların maliyyə mənbələrinə çıxış imkanları müəyyən dərəcədə zəifləyib. Onlar bunun müxtəlif səbəbləri sırasında götürülən vəsaitlərin yüksək faizlər üzündən yerləşdirilə bilinməməsini önə çəkirlər.

Göründüyü kimi, burada qapalı bir halqa yaranıb - banklar yüksək faiz səbəbindən kredit portfellərindəki vəsaitlərini real sektora yerləşdirə bilmir və nəticədə maliyyə mənbələrinə çıxışları zəifləyir, yəni, istədikləri qədər vəsaitə əlləri çatmır ki, hərəkət edib gəlir götürsünlər. Bəs, belə halda necə qazanmalı? Təbii ki, olan vəsaiti yüksək faizlə əhaliyə istehlak krediti verməklə... Bu da qapalı dairədən qurtulmağın yolu. Və yeri gəlmişkən, bu işdə banklar (sanki) sövdələşərək əməlli-başlı dominantlıq göstərib kredit bazarına demək olar eyni faiz dərəcələri diktə edirlər. Aralarında heç bir rəqabət olmamış kimi...

Rəqabət demişkən. Mütəxəssislər yüksək faizlərdən qurtulmağın müxtəlif yollarını təklif edirlər. Onlardan biri alternativ maliyyə institutlarının inkişaf etdirilməsi, ümumiyyətlə, maliyyə bazarının liberallaşdırılmasıdır. Ağlabatan və təbii ki, maliyyə bazarında rəqabətin güclənməsinə xidmət edən təkliflərdir. Üstəlik, bu və digər səmərəli, sınaqdan çıxmış təklifləri reallaşdırmaq, ümumiyyətlə, ölkənin bank sektorunda dövlət başçısının tənqid etdiyi, irad bildirdiyi vəziyyətə son qoymaq üçün ən yüksək səviyyədə siyasi iradə ortaya qoyulub. Qalır ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi naminə bu iradədən çıxış edərək tədbirlər görmək.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video