25 Oktyabr 2019 20:11
466
İQTİSADİYYAT
A- A+

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri İranın yol və şəhərsalma naziri ilə görüşüb


"Azərbaycan Dəmir Yolları” QSC-də İranın yol və şəhərsalma naziri Məhəmməd İslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

QSC-nin Mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə Bakı Dəmir Yolu Vağzalı ilə tanış olublar.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov məlumat verib ki, Bakı Dəmir Yolu Vağzalının binası 1884-cü ildə Mavritaniya üslubunda inşa olunub, 1926-cı ildə isə rekonstruksiya edilib. 1977-ci ildə dəmir yolunun Bakı sərnişin stansiyasında yeni vağzal binası tikilib. Sərnişinlərə xidmət üçün nəzərdə tutulan və mehmanxanası olan 16 mərtəbəli vağzal binası Cənubi Qafqazda eyni tipdən olan obyektlərin ən böyüyü idi.

Həmçinin nəzərə çatdırılıb ki, sonralar dəmir yolu vağzalının yüksək standartlara və müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yarandı. Bu məqsədlə 2015-ci ilin martında burada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulub, binanın daxilində əsaslı təmir işləri görülüb. Həmçinin bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Yük daşınması, sərnişin və əlillər üçün liftlər quraşdırılıb. Əsaslı təmir zamanı burada inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradılıb, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları, eləcə də 2 saylı "ASAN kommunal” vətəndaşların istifadəsinə verilib. Bu mərkəz qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən bütün sərnişinlərə xidmət göstərir.

Qonaqlar Bakı-Sumqayıt-Bakı marşutu ilə hərəkət edən, İsveçrənin "Stadler Rail Group” şirkəti istehsalı olan "KİSS” markalı ikimərtəbəli qatarlarla tanış olublar. "Azərbaycan Dəmir yolları” QSC-nin sədri Cavid Qurbanov qatarların texniki üstünlükləri ilə bağlı göstəriciləri diqqətə çatdırıb.

Qonaqlar Bakı Dəmir Yolu Vağzalında görülən işləri yüksək qiymətləndiriblər.

Bakı Dəmir Yolu Vağzalı ilə tanışlıqdan sonra "Azərbaycan Dəmir yolları” QSC-nin inzibati binasında təşkil olunan görüşdə qonaqlara Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verilib.

ASC sədri Cavid Qurbanov "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətindən danışaraq bildirib ki, bu dəhliz yalnız İran, Azərbaycan və Rusiyanın deyil, həmin marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artıran digər region ölkələrinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

Sonra ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Rəşt-Astara dəmir yolunun icra vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolu çəkilib və Astara çayı üzərindəki dəmir yolu körpüsü tikilib. Eyni zamanda, Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir.

2018-ci ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda, taxıl terminalının təməli qoyulub.

Bu il martın 6-da isə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar hər iki ölkənin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək.

İranın yol və şəhərsalma naziri Məhəmməd İslami nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirib. Bu sahədə "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video