25 Oktyabr 2019 01:46
626
İQTİSADİYYAT
A- A+

İqtisadiyyatın 85 faizi özəl sektorun payına düşür


Son 16 ildə ölkənin hərtərəfli inkişafına nail olmaq üçün dərin islahatlar həyata keçirilir. Bu islahatlar iqtisadi və sosial sferanı əhatə etməklə uğurlu nəticələr verir. Buna görədir ki, həmin dövrdən bugünə kimi ölkə iqtisadiyyatı 3,3 dəfə artıb, islahatların əsas hədəflərindən biri olan qeyri-neft sektoru isə 2,8 dəfə çoxalıb.

Cari ilin 9 ayında qeyri-neft sektorunda 3,5, kənd təsərrüfatında 7 faizdən çox artım qeydə alınıb. Qeyri-neft sənayesində isə bu rəqəm 15 faizdən çoxdur. Ən mühüm faktorlardan biri də iqtisadiyyatın 85 faizinin özəl sektorda formalaşmasıdır.

Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən müşavirədə ölkədə aparılan islahatları yüksək dəyərləndirərək demişdir: "Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir... "Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb”.

Məlumdur ki, hər bir islahatın həyata keçirilməsi üçün onun maliyyə dəstəyi olmalıdır. Ölkədə aparılan islahatlarla paralel, iqtisadiyyata kapital qoyuluşu da ardıcıl olaraq həyata keçirilir. Belə ki, cari ilin 9 ayında əsas kapitala 10,1 milyard manat sərmayə yatırılıb. Qoyulan bu sərmayələrin nəticələri real iqtisadiyyatda da özünü göstərir.

Hesabat dövründə ÜDM 2,5, qeyri-neft ÜDM-i isə 3,5 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 60,7 faizə qədər yüksəlib. Bu dövrdə məhsul istehsalının sənayedə 1,7, qeyri-neft sənayesində 15,6 faizlik artımına nail olunub. Bu rəqəmlər iqtisadiyyatın ayrı-ayrı sahələrində daha yüksəkdir. Məsələn, həmin dövrdə toxuculuq sənayesində 39,2, kimya sənayesində 20,6, tütün məmulatları istehsalında 78,5, qida məhsulları istehsalında 15,1, içki istehsalında 40,4, ağac emalı və istehsalında 99 faiz artım olub.

Məhsul istehsalının, xüsusilə qeyri-neft sektorunda məhsul istehsalının artımı xarici ticarət dövriyyəsinin də artmasına imkan yaradıb. Belə ki, 9 ayda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizin xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard dollar təşkil edib. Xarici ticarət dövriyyəsi 4,5 milyard dollarlıq müsbət saldo ilə başa çatıb. Aparılan islahatlar sayəsində qeyri-neft ixracı 15,5 faiz də artmaqla 1,4 milyard dollara çatıb ki, bu da sənaye məhsullarının ixracında 13,1, kənd təsərrüfatı və emalı məhsullarının ixracında 18,6 faiz artım deməkdir.

Ölkəmiz həmin dövrdə dünyanın 186 dövləti ilə ticarət əlaqələri qurub. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 5,7 faiz çoxdur. Aparılan iqtisadi islahatlar sayəsində sahibkarlığın inkişafı da təmin olunub. Bunun nəticəsidir ki, xarici iqtisadi fəaliyyətlə məşğul olanların sayında 81,4 faiz artım qeydə alınıb, ixrac məhsulu çeşidlərinin sayı da artaraq 2780-ə çatıb.

Həyata keçirilən sənayeləşmə siyasəti uğurla nəticələnir. Xüsusilə sənaye parklarının və sənaye məhəllələrinin yaradılması bu sahədə mühüm rol oynayır. Hazırda mövcud 5 sənaye parkında 144 rezident qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət göstərir. Bugünə kimi sənaye parklarına sərmayədarlar tərəfindən 5,7 milyard manat investisiya yatırılıb, 9 minə yaxın iş yeri açılıb. Qarşıdakı dövrdə sənaye parklarına rezidentlər tərəfindən daha 673 milyon manat sərmayə yatırılması və əlavə olaraq 1,5 mindən çox yeni iş yerinin açılması proqnozlaşdırılır.

Sənaye parklarının mövcud fəaliyyəti ölkədə məhsul istehsalında özünü göstərir. Belə ki, sənaye parklarında istehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Cari ilin 9 ayında sənaye parklarında 564 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 233 milyon manatlıq hissəsi xarici bazara çıxarılıb.

Sənayeləşmənin inkişafının digər forması isə sənaye məhəllələridir. Belə müəssisələr ölkənin regionlarında yaradılır. Məqsəd ölkənin hərtərəfli inkişafına nail olmaqla yanaşı, bölgə əhalisinin də məşğulluğunu təmin etməkdir. Hazırda 4 sənaye məhəlləsi yaradılıb ki, burada 38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət göstərir. Sənaye məhəllələrinə sahibkarlar tərəfindən indiyədək 53,8 milyon manat investisiya yatırılıb. Bunun da sayəsində bölgələrdə 650-dən çox yeni iş yeri açılıb. Bu proses davam edəcək. Sənaye məhəllələrinə daha 90 milyon manatdan çox sərmayə qoyulacaq ki, bu da məhsul istehsalını artırmaqla yanaşı, əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video