25 Oktyabr 2019 01:43
970
CƏMİYYƏT
A- A+

Namizədlərin seçki fondları şəffaf olmalıdır


Seçki fondları, xüsusi seçki hesabları, seçki fonduna könüllü ianələr, seçki fondlarının vəsaitlərinə dair hesabat və həmin vəsaitlərin istifadəsində aşkarlıq


Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilib. Seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi prosesi başlayıb. Bu mərhələdə namizədlər tərəfindən həyata keçirilməsi zəruri olan hərəkətlərdən biri də seçki fondlarının yaradılması və xüsusi seçki hesabının açılmasıdır. Seçki qanunvericiliyinə əsasən seçki prosesində namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və ya namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondu yaradılır.

Bu məqsədlə də xüsusi seçki hesabı açılır. Xüsusi seçki hesabı namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim edildikdən sonra 5 gün müddətində, namizədin qeydiyyatı üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış açılmalıdır.

Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən çoxunda irəli sürülən namizədlərin siyahısını MSK-ya təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

Xüsusi seçki hesabı yalnız "Azərbaycan Beynəlxalq Bankı” ASC-də və ya onun filiallarında açılmalıdır. Bu filialların mövcud olmadığı seçki dairələrinin ərazisində hesablar "Kapital Bank” ASC-nin filiallarında açılmalıdır.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada rəsmiləşdirilmiş sənədlər təqdim edildikdə müvafiq bank namizədə, siyasi partiyaya, siyasi partiyalar blokuna dərhal, lakin 5 gündən artıq olmayan müddətdə xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesablarına manatla köçürülür.

Xüsusi seçki hesabının vəsaitlərinə sərəncam vermək hüququ namizədin özü, onun təyin etdiyi səlahiyyətli nümayəndə və yaxud siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilir.

Namizədlər, siyasi partiya, siyasi partiyalar bloku yalnız bir xüsusi seçki hesabı aça bilərlər.

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- bələdiyyə üzvlüyünə namizədin xüsusi vəsaiti (əhalisi 99.999-dan çox olan ərazidə 10 000 (on min), 49.999-dan çox olan ərazidə 7 500 (yeddi min beş yüz), 19.999-dan çox olan ərazidə 5 000 (beş min), 9.999-dan çox olan ərazidə 2 500 (iki min beş yüz), 4.999-dan çox olan ərazidə 1 250 (min iki yüz əlli), 4.999-dan az olan ərazidə isə 750 (yeddi yüz əlli) manatdan çox olmamaq şərtilə);

- namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti (əhalisi 99.999-dan çox olan ərazidə 7 500 (yeddi min beş yüz), 49.999-dan çox olan ərazidə 5 000 (beş min), 19.999-dan çox olan ərazidə 3 750 (üç min yeddi yüz əlli), 9.999-dan çox olan ərazidə 2 500 (iki min beş yüz), 4.999-dan çox olan ərazidə 1 250 (min iki yüz əlli), 4.999-dan az olan ərazidə isə 500 (beş yüz) manatdan çox olmamaq şərtilə);

- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşın köçürdüyü vəsait 500 (beş yüz) manatdan, hüquqi şəxsin köçürdüyü vəsait isə 10 000 (on min) manatdan çox ola bilməz).

Bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi 50 000 (əlli min) manatdan çox ola bilməz.

Bələdiyyələr onların ərazilərində irəli sürülən namizədlərin seçki fondlarına bərabər məbləğdə vəsait ayıra bilərlər.

Bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.

Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları isə yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

- siyasi partiyaların, siyasi partiyalar bloklarının xüsusi vəsaiti (250 000 (iki yüz əlli min) manatdan çox olmamaq şərtilə). Siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların ayırdığı vəsaitlər hesabına formalaşır;

- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (vətəndaşın köçürdüyü vəsait 750 (yeddi yüz əlli) manatdan, hüquqi şəxsin köçürdüyü vəsait isə 25 000 (iyirmi beş min) manatdan çox ola bilməz).

Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondu məbləğinin yuxarı həddi qanunvericiliklə 500 000 (beş yüz min) manat miqdarında nəzərdə tutulduğundan hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi həmin məbləğin siyasi partiya, siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulması yolu ilə müəyyən edilir. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiya bloklarının maliyyə hesabatlarında göstərilməlidir.

Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyələr üzrə qeydiyyatdan keçən namizədləri bələdiyyələrin yarısını və ya yarısından azını əhatə edərsə, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır. Həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.

Seçki qanunvericiliyinin tələblərindən aydın olur ki, seçki fondları namizədin öz xüsusi vəsaiti, siyasi partiyaların vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri hesabına formalaşır.

Fiziki şəxslər dedikdə, yalnız 18 yaşdan yuxarı Azərbaycan Respublikasının vətəndaşları, hüquqi şəxslər dedikdə isə dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dövlət, bələdiyyə təşkilatları və idarələri, hərbi hissələr, xeyriyyə təşkilatları, dini birliklər, idarələr və təşkilatlar, eləcə də seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı, yaxud xarici kapitalın payı 30 faizdən artıq olan hüquqi şəxslər istisna olmaqla, yalnız Azərbaycan Respublikasının hüquqi şəxsləri nəzərdə tutulur.

Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.

Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.

Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.

Namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fonduna ianələr qanunvericilikdə göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank müvafiq seçki komissiyasına məlumat verməlidir.

Əgər namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondlarına könüllü ianələri buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə, ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə ianəni bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarılır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.

Seçki qanunvericiliyinə uyğun olaraq anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku tərəfindən dövlət büdcəsinə köçürülür. Göstərilən müddət ərzində anonim ianə dövlət büdcəsinə köçürülmədikdə bank müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə dövlət büdcəsinə köçürür.

Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiya bloklarının xüsusi seçki hesabları üzrə bütün əməliyyatlar səsvermə günündən sonra 3 iş günü müddətində dayandırılır.

Maliyyə əməliyyatlarının aparılması müddəti Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qanunvericiliklə müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:

- qeydiyyatdan imtina edilənədək namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiya bloklarının gördükləri işlərin dəyərinin ödənilməsi üçün;

- namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri çağırılması;

- öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi partiyaya, siyasi partiyaların bloklarına, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;

- digər hallarda - qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna səsvermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.

Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır. Bu vəsaitlərdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

- namizədlərin irəli sürülməsinin müdafiəsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi;

- seçkiqabağı təşviqatla bağlı işlərin, həmçinin informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi;

- seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər.

Seçki Məcəlləsinin tələbinə görə namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları səsvermə gününədək seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitindən istifadə edirlər. İmzaların yığılması üçün və seçkiqabağı təşviqat fəaliyyəti üçün seçki fondlarına daxil olan vəsaitdən başqa digər pul vəsaitindən istifadə etmək qadağandır.

Qanunvericiliyin tələbinə görə, namizədlər, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiya blokları müvafiq seçki komissiyasına seçki fondlarına daxil olan və xərclənən vəsaitlər barəsində maliyyə hesabatı təqdim etməlidirlər. Maliyyə hesabatı MSK tərəfindən müəyyən edilmiş formada və müəyyən növbəliliklə təqdim olunmalıdır. Belə ki, birinci ilkin maliyyə hesabatı dairə seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir. Bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

İkinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir və bu hesabata orada göstərilən tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir.

Yekun maliyyə hesabatı isə seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir. Yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də əlavə edilir.

Əgər namizəd, qeydə alınmış namizəd öz statusunu itirərsə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd, qeydə alınmış namizəd olmuş vətəndaşların və ya siyasi partiya, siyasi partiyaların blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur.

Seçki qanunvericiliyində seçki fondları vəsaitlərinin istifadəsində kifayət qədər şəffaf və işlək aşkarlıq mexanizmləri nəzərdə tutulub.

İlk növbədə namizədlərin, qeydə alınmış namizədlərin, namizəd irəli sürmüş və namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiya bloklarının seçki prosesindəki fəaliyyətinin maliyyələşdirilməsi üçün xüsusi seçki hesabının açılması və seçki fondunun formalaşdırılmasının özü elə seçkilərdə vəsaitlərin xərclənməsinin şəffaflığının təminatıdır.

İkincisi, qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların və siyasi partiya bloklarının maliyyə hesabatlarının surətləri müvafiq seçki komissiyası tərəfindən onların alındığı gündən sonra 5 gün müddətində dərc edilir.

Üçüncüsü, seçki fondu haqqında aşağıdakı məlumatlar müvafiq kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

- bələdiyyə üzvlüyünə namizədin seçki fondu vəsaitinin məbləği min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 2 min 500 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

- ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

- bələdiyyə üzvlüyünə namizədin seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Dördüncüsü, müvəkkil bank həftədə bir dəfədən az olmamaq şərtilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günü ərzində bir dəfədən az olmamaq şərtilə müvafiq seçki komissiyasına bələdiyyə üzvlüyünə namizədlərin, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiya bloklarının xüsusi seçki hesablarına daxil olan və xərclənən vəsaitlər barədə komissiyanın müəyyənləşdirdiyi formada məlumatlar verir.

Beşincisi, müvafiq olaraq dairə seçki komissiyası və ya MSK səsvermə gününədək iki həftədə bir dəfədən az olmayaraq müntəzəm surətdə seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə məlumatları dərc edilmək üçün kütləvi informasiya vasitələrinə təqdim edir.

Altıncısı, Seçki Məcəlləsinin 77.2-ci və 77.3-cü maddələrində göstərilən dövri nəşrlər müvafiq seçki komissiyaları tərəfindən onlara verilmiş seçki fondları vəsaitlərinin daxil olması və xərclənməsi haqqında məlumatları dərc etməyə borcludur.

Yeddincisi, müvafiq seçki komissiyası qeydə alınmış namizədləri, siyasi partiyaları, siyasi partiya bloklarını onların rəsmi sorğusu əsasında öz seçki fondlarına vəsaitlərin daxil olması və xərclənməsi barədə müvafiq bankın məlumatları ilə tanış edir.

Nəhayət, seçki fondlarının vəsaitlərindən istifadə olunmasında aşkarlığın təmin edilməsinin vasitələrindən biri də MSK-da və dairə seçki komissiyalarında nəzarət-təftiş xidmətlərinin yaradılmasıdır. Nəzarət-təftiş xidmətləri seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxilolma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə yaradılır. Onlar seçki fondlarına vəsaitin daxil olmasına, bu vəsaitin uçotuna və təyinatı üzrə xərclənməsinə nəzarət etmək hüququna malikdirlər.

MSK tərəfindən gerçəkləşdirilən genişmiqyaslı layihələr, ardıcıl və effektiv şəkildə atılan addımlar, eləcə də demək olar ki, bütün seçki subyektlərini əhatə edən çoxsaylı maarifləndirmə tədbirləri əminliklə deməyə əsas verir ki, cari il dekabrın 23-də bələdiyyə seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin tarixində növbəti əlamətdar hadisəyə çevriləcək.

Fuad CAVADOV,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video