24 Oktyabr 2019 19:53
487
SİYASƏT
A- A+

İordaniya mətbuatında Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə həsr olunmuş məqalə dərc edilib


İordaniyanın "Petra” Dövlət İnformasiya Agentliyində, eləcə də aparıcı "Əd-Dustur” qəzetində, www.orobanews.com , www.nayrouz.com kimi xəbər portallarında Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayevin "Azərbaycan oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edəcək” sərlövhəli məqaləsi dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalədə diplomat Qoşulmama Hərəkatı haqqında müfəssəl məlumat verib. Bildirib ki, BMT-dən sonra ikinci ən nüfuzlu beynəlxalq təşkilat hesab edilən Qoşulmama Hərəkatı yarandığı gündən beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində aparıcı rol oynayır. Bu təşkilat, həmçinin beynəlxalq platforma kimi olduqca əhəmiyyətlidir.

Azərbaycanın 2011-ci ildə təşkilata üzv olduğunu, həmin andan Hərəkatın bütün prinsip və hədəflərinə, ələlxüsus da dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, siyasi müstəqilliyinə dəstək və daxili işlərinə qarışmama kimi prinsiplərinə sadiqliyini bəyan etdiyini xatırladan müəllif bu quruma üzvlüyün ölkəmizin milli maraqlarının təmin olunması üçün yaxşı imkanlar açdığını bildirib. Vurğulayıb ki, təşkilata üzv olduğu 2011-ci ildən bəri ölkəmiz istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə iştirakçı ölkələrlə əlaqələri daha da inkişaf etdirməklə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ədalətli mövqeyinə beynəlxalq dəstəyi genişləndirməyə müvəffəq olub, bu dəstək Qoşulmama Hərəkatının indiyədək qəbul etdiyi qərarlarda öz əksini tapıb.

Azərbaycanın 2019-2022-ci illərdə təşkilata sədrlik edəcəyini bildirən diplomat yazıb ki, bu, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun təcəssümüdür.

Müəllif Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini də xatırladıb.

İordaniya Haşimilər Krallığının Qoşulmama Hərəkatının təsisçi ölkələrindən biri olduğunu qeyd edən diplomat bildirib: "İordaniya Fələstin məsələsi başda olmaqla, milli və ərəb məsələlərinə xüsusi əhəmiyyət verir. Bu ölkə Hərəkatın bütün Zirvə görüşlərində iştirak edir və təşkilatın, o cümlədən beynəlxalq aləmin xeyrinə olan qərarları dəstəkləyir. Krallığın Bakı Zirvə Görüşündə iştirakı həm milli müstəvidə, həm də ərəb ölkələri müstəvisində maraq kəsb edir. Çünki İordaniya müdrik xarici siyasəti ilə fərqlənir, bütün dövlətlərlə, xüsusilə regionun fəal ölkələri ilə yaxşı əlaqələrə malikdir. İordaniya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini ardıcıl şəkildə dəstəkləyir”.

Sonda vurğulanıb ki, Azərbaycanın müxtəlif qitələrdən olan, ayrı-ayrı mədəniyyətlərə, dillərə, dini etiqadlara, ənənələrə və siyasi sistemlərə malik ölkələrdən ibarət Qoşulmama Hərəkatına sədrliyi fərqli nəticə və səmərələr verəcək. Çünki Azərbaycan müdrik rəhbərliyinin uğurlu siyasi kursu hesabına ayrı-ayrı mədəniyyət və dinlər arasında dialoqun təşviqinə nail olub. Şübhəsiz ki, 120 ölkəni, eləcə də 17 müşahidəçi ölkəni və 10 beynəlxalq təşkilatı özündə ehtiva edən təşkilata sədrlik böyük siyasi iradə, məsuliyyət və diplomatik təcrübə tələb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu məsuliyyəti öz üzərinə götürməyə və onun öhdəsindən layiqincə gəlməyə qadirdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video