23 Oktyabr 2019 00:45
1315
PARLAMENT
A- A+

Parlament Bakının mərkəzində icazəsiz mitinqin keçirilməsini kəskin pislədi


Ziyafət ƏSGƏROV: "Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq”


Oktyabrın 22-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə deputatlar oktyabrın 19-da Bakının mərkəzində icazəsiz mitinqə cəhd edilməsinə münasibət bildirdilər.


Azərbaycanı istəməyən qüvvələr qarşıdurma yaratmağa cəhd göstərdilər


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dedi ki, Azərbaycanı istəməyən, erməni lobbisi tərəfindən maliyyələşən destruktiv bir qrup ictimai sabitliyi pozmaq, xalq-iqtidar birliyinə xələl gətirmək, ölkəmizin inkişafına, həyata keçirilən islahatların üstünə kölgə salmaq üçün müəyyən olunmuş yerdə deyil, Bakının tamamilə başqa yerində polislə toqquşma, qarşıdurma yaratmağa cəhd göstərdi. Onun sözlərinə görə, dağıdıcı müxalifət oktyabrın 19-da atılan addımlarla "Sərbəst toplaşmaq haqqında” qanunun 10-a qədər maddəsini və Azərbaycan Konstitusiyasının maddələrini pozub. Bu adamlar barədə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılmalı, hər kəs buna öz münasibətini bildirməlidir.

Siyavuş Novruzov qeyd etdi ki, hər birimiz bu dövlətin hansı çətinliklər hesabına yarandığını bilirik. İndi ötən əsrin 90-cı illəri deyil. Hansısa oyunlardan çıxaraq hakimiyyətə gəlmək dövrü keçib. Ölkə rəhbəri İlham Əliyev qətiyyətli siyasət həyata keçirərək Azərbaycan xalqının milli və dövlət maraqlarını əsas götürməklə ölkəmizi beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlər qarşısında, beynəlxalq tribunalarda çox yüksək şəkildə təmsil edir. Təbii ki, bu, Azərbaycanı sevməyənləri narahat edir.

Deputat onu da təəssüflə bildirdi ki, bu qüvvələr dindarlardan da alət kimi istifadə edirlər: "Bunu açıq şəkildə ağalarının qarşısında etiraf edirlər. Mən üzümü dindarlara tutub müraciət edirəm, bəs sizin bunlarla birgə işiniz nədən ibarətdir? Azərbaycanda dini dəyərlərə həmişə ehtiram olub. Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin təşəbbüsü ilə məscidlər tikilərək, təmir olunaraq xalqın istifadəsinə verilir. Bəs bunlar nə edir? Açıq-aydın görünür ki, bunlar hər şeyin üzərinə kölgə salırlar. Hesab edirəm ki, hər kəs bu qeyri-qanuni hərəkətlərə ciddi münasibət bildirməli, mövqeyini ortaya qoymalıdır. Yaradıcı təşkilatlar, ayrı-ayrı tanınan insanlar da bu məsələdə mövqeyini bildirməlidir”.


Bu, mitinq yox, təxribat törətmək niyyətidir


Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dedi ki, destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu: "Qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlardan, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra və 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə görüşündən əvvəl təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə sərbəst toplaşmaq azadlığının təmin olunması üçün müvafiq yerlərin ayrılmasına baxmayaraq, müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Hesab edirəm ki, bu mitinq yox, təxribat törətmək niyyəti ilə edilibdir. Bu, onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərmək istəyindən irəli gəlir”.

Eldar İbrahimovun sözlərinə görə, daxili işlər orqanları həmişə olduğu kimi bu dəfə də xalqımızın asayişini qorumaq üçün güc tətbiqinə yol vermədən və xüsusi vasitələrdən istifadə etmədən bütün tədbirləri qanunauyğun formada vaxtında və layiqincə həyata keçirdilər: "Mən bir vətəndaş kimi qanun keşikçilərinə öz təşəkkürümü bildirirəm. Adını müxalifət qoyub xalqına və dövlətinə qənim kəsilən Əli Kərimli və onun kimilər bilməlidirlər ki, Azərbaycan xalqı onları yaxşı tanıyır. Onlar başa düşməlidirlər ki, ölkəmizdə çox möhkəm və sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu birlik hər hansı bir qanunazidd hərəkətlərə cəhdin qarşısını cəsarətlə alacaq, sabitliyi daim qoruyacaqdır. Qoy onların ağaları da bunu yaxşı anlasınlar ki, bu cür ləyaqətsiz hərəkətlər heç bir fayda verməyəcək”.

"Destruktiv elementlər bir daha qara niyyətlərinin olduğunu ortaya qoydular. Onlar Azərbaycanın beynəlxalq əlaqələrinə zərbə vurmaq, ölkəmizin imicini beynəlxalq formada dəyişdirmək istəyirlər. Lakin onlar bu istəklərini heç zaman yerinə yetirə bilməyəcəklər”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi. Qeyd etdi ki, Azərbaycan dünyada qəbul olunan siyasət həyata keçirir: "Ölkəmizin həyata keçirdiyi siyasət regiona inkişaf gətirir. Həmin qüvvələr Azərbaycan Prezidentinin islahatlarına zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, hamımız bu hadisələri seyr edərək bir daha başa düşdük ki, ölkə rəhbərinin həyata keçirdiyi siyasət xalqın siyasətidir və heç kim bunun qarşısını ala bilməz”.


Azərbaycanda Prezident-xalq birliyi, vətəndaş həmrəyliyi var


"Oktyabrın 19-da icazəsiz aksiya keçirənlərin arasında hansı qüvvələrin dayandığı, məqsədləri məlumdur. Bu qüvvələr qanundan kənar, qanunazidd fəaliyyət həyata keçirmək istədilər. Arxasında erməni maliyyəsi dayanan, Ermənistanın maraqlarına xidmət edənlərin sifarişini yerinə yetirən insanların iştirakı ilə aksiya keçirmək istədilər. Bunların özü çox şey deyir”.

Bu fikirləri isə Milli Məclis Sədrinin müavini Bahar Muradova söylədi. Bildirdi ki, həmin qüvvələrin məqsədi Azərbaycandakı islahatları dayandırmaq, dövləti sarsıtmaq, qanuni hökuməti devirmək idi: "Haqqında danışdığımız qruplara baxaq və onların hərəkətlərinin nəticələri barədə fikirlərimizi korrektə edək. Onların bu cür məqsədlərə çatmaq üçün heç bir imkanı yoxdur. Onlardan bunu hansısa kütlə, təbəqə də gözləmir. Söhbət ondan gedir ki, gənclərimizin bir çoxu 1990-cı illəri görməmişlər. Onların təsəvvüründəki Azərbaycan bugünkü Azərbaycandır. Onların hansısa xaosun, anarxiyanın bu millətə, bu dövlətə nə verə biləcəyi barədə tam təsəvvürləri yoxdur”.

Bahar Muradova qeyd etdi ki, həmin adamlar bu qanunsuz aksiyanı keçirməyə cəhd etməklə 1990-cı illər haqqında təsəvvürü olmayan gənclərə, geniş əhali kütləsinə bir daha xatırlatdılar ki, qanundankənar hərəkətlər nəyə gətirib çıxara bilər: "Öz maraqlarını, ambisiyalarını xalqın, dövlətin maraqlarından üstün tutmağın nəyə başa gələ biləcəyini göstərdilər. Yalan məlumatlar yaymağa, polisi hədəfə çevirməyə yönələn səylər nəyə gətirib çıxara bilər, bunu göstərdilər. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək. Eyni zamanda Ermənistanı gücdən salan siyasətini davam etdirəcək və Azərbaycanı dünyada nüfuz sahibi edən siyasətini xalqla birlikdə aparacaq. Bu gün Azərbaycanda Prezident-xalq birliyi, vətəndaşların mütləq əksəriyyətinin həmrəyliyi var. Bu həmrəylik oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada özünü göstərdi. Azərbaycana məhz belə aksiyalar yaraşır”.


Ə.Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə o cür xəyanət edir


Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov da bu məsələyə münasibətini bildirdi. Qeyd etdi ki, ümumiyyətlə, özünü müxalifət adlandıran şəxslərin 1990-cı illərdən indiyə qədər xəyanət xronikasına baxanda adamı dəhşət bürüyür: "Ötən illər ərzində doğrudanmı bu insanlarda bir qram olsun belə inkişaf yoxdur. Onlarda nə dövlətçilik, nə mütaliə, nə də dünyagörüşü var. Sual olunur? Bu illər ərzində siz nə işlə məşğul olmusunuz?”

Ziyafət Əsgərov dedi ki, Azərbaycan artıq kosmik dövlətdir: "Ölkəmiz 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilib, Olimpiya səviyyəsində Avropa, İslam Həmrəylik Oyunlarını keçirib, çox böyük beynəlxalq humanitar, siyasi tədbirlərə evsahibliyi edib. Oktyabrın 25-26-da Azərbaycanda böyük beynəlxalq tədbir keçiriləcək. Vacib idimi ki, belə bir ərəfədə "28 May” metrosunun yanında qarışıqlıq yaradasınız? Bu dövlətə, dövlətçiliyə nifrət haradan gəlir? Axı siz də Azərbaycan vətəndaşısınız. Mən başa düşürəm ki, sizin sifarişçiləriniz var. Amma siz Azərbaycan vətəndaşısınız. Demək Azərbaycana nə qədər pisdirsə, sizə o qədər də yaxşıdır”.

Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq: "Onlar qəsdlə belə hərəkətlər edirlər ki, iğtişaşlar olsun, qarışıqlıq yaransın. Əli Kərimli vaxtilə Elçibəyə necə xəyanət edibsə, bu gün də dövlətə o cür xəyanət edir. Onlar bilirlər ki, metronun 200 metr ərazisində mitinq keçirmək olmaz. Çünki həmin ərazi qorunan ərazi hesab olunur. Amma buna baxmayaraq çağırış edir ki, gəlin orada qarşıdurma yaradıb, hakimiyyətin üzərinə gedək. Sən kimsən axı hakimiyyətin üstünə gedəsən? Avropadan bununla bağlı səslər gəlir. Əvvəla bizimlə diktə ilə danışmasınlar. Siz gedib İspaniya, Belçika və digər ölkələrdə baş verən biabırçılıqları araşdırın, sonra gəlib bizdən nəyisə soruşarsınız. Biz ölkə rəhbərini, müstəqilliyimizi göz bəbəyimiz kimi qoruyacağıq”.

Deputatlardan Fərəc Quliyev, İlham Məmmədov, Kamilə Əliyeva və Tahir Kərimli də bu məsələ ilə bağlı fikirlərini bildirdilər.

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarıldı. Milli Məclis Rövzət Afət oğlu Qasımovun Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilməsinə müsbət münasibət bildirdi. Deputatlar, həmçinin H.M.İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında məsələnin lehinə səs verdilər.

Daha sonra iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” sazişin təsdiq edilməsi barədə” və "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihələri təsdiq olundu.


Bir sıra qanunlara dəyişikliklər təsdiq olundu


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etdi. Qeyd olundu ki, mövcud büdcə qaydası ilə müəyyən edilmiş icmal büdcə xərclərinin yuxarı həddi növbəti ildə qarşıya qoyulmuş yeni vəzifələrin, xüsusilə də sosialyönlü təşəbbüslərin həyata keçirilməsi üçün kifayət etmir. Bu səbəbdən icmal büdcə xərclərinin yuxarı həddinin artırılması zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası ilə bağlı "Büdcə sistemi haqqında” qanunda müvafiq dəyişiklik edilməklə icmal büdcənin yuxarı həddinin hesablanması zamanı növbəti il üçün proqnozlaşdırılan inflyasiyanın nəzərə alınması təklif edilir. Qanunda müvafiq dəyişiklik edilməklə icmal büdcənin yuxarı həddi növbəti il üçün proqnozlaşdırılan inflyasiya nəzərə alınaraq hesablanacaq.

Qısa müzakirədən sonra qanun layihəsi qəbul edildi.

"Yerin təki haqqında”, "İstehsalat və məişət tullantıları haqqında”, "Qaz təchizatı haqqında”, "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” və "Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi.

Qanun layihəsi qəbul edildi.

İclasda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə də üçüncü oxunuşda müzakirə edildi. Layihə ilə bağlı məlumatı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli verdi. Qeyd edək ki, qanun layihəsi Azərbaycan ərazisində narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, müvafiq hüquqi normaların dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması məqsədi ilə hazırlanmışdır.

Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Layihə "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrası məqsədilə hazırlanıb. Bəzi qurumlar var ki, onlar silahlı birləşmələrə aid edilmir, lakin onlarda hərbi xidmət nəzərdə tutulub. Layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari sığortası və pensiya təminatının əvvəlki qaydada da saxlanılmasına xidmət edir.

Bu qanun layihəsi də təsdiq olundu.

Deputatlar "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” layihəyə də (üçüncü oxunuş) müsbət münasibət bildirdilər. Qanun layihəsi lisenziya və icazə verən orqanlara yeni səlahiyyətin verilməsi məqsədilə hazırlanıb.

İclasda "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri də üçüncü oxunuşda təsdiq edildi.

Müzakirə olunan növbəti məsələ "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi (üçüncü oxunuş) oldu. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi üzərində ikinci oxunuşdan sonra görülən işlər barədə məlumat verdi.

Qanun layihəsi qəbul edildi.

Komitə sədri Aqiyə Naxçıvanlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Uşaq hüquqları haqqında”, "Təhsil haqqında”, "Reklam haqqında” və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və "Kinematoqrafiya haqqında”, "Kütləvi informasiya vasitələri haqqında”, "Nəşriyyat işi haqqında”, "Televiziya və radio yayımı haqqında”, "İctimai televiziya və radio yayımı haqqında”, "Telekommunikasiya haqqında” və "Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini müzakirəyə təqdim etdi. Qanun layihələri "Uşaqların zərərli informasiyadan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli qanuna uyğunlaşdırma məqsədilə hazırlanıb.

Qısa müzakirələrdən sonra hər iki qanun layihəsi təsdiq olundu.

"Uşaqların zərərli informasiyadan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli qanunun icrası məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında layihə də (ikinci oxunuş) təsdiq olundu.


Övladlığa götürmə prosesi təkmilləşdirilir


İclasda Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarıldı.

Qanun layihələri övladlığa götürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi, övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, övladlığa götürmə sahəsində xidmətlərin elektron qaydada aparılması və mülki hüquq pozuntusunun tənzimlənməsi məsələlərini nəzərdə tutur.

Müzakirələrdən sonra qanun layihələri qəbul edildi.

Gündəlikdə olan Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi” (birinci oxunuş), "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” və "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihələri (birinci oxunuş) də qəbul edildi.

İclasda son olaraq "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri birinci oxunuşda müzakirə edildi. Hər iki qanun layihəsinə müsbət münasibət bildirildi.

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video