23 Oktyabr 2019 00:41
526
İQTİSADİYYAT
A- A+

Pambıqçılar yeni uğurlara imza atırlar


Ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılıq da sürətlə inkişaf etməyə başladı. Hətta qarşıya qoyulmuş hədəfə -1 milyon ton pambıq istehsalına nail olundu.

Bu sahədə qazanılan uğurlar respublikamızın sürətli inkişafını təmin etdi, kənd əhalisinin rifah halını yüksəltdi. Lakin sovetlər birliyinin dağılması və müttəfiq respublikalar arasında iqtisadi əlaqələrin qırılması nəticəsində digər sahələr kimi, pambıqçılıq da tənəzzülə uğradı. Uzun illər bu sahədə zəngin təcrübə toplayan ağ qızıl ustaları tədricən bu işdən uzaqlaşdılar.

Prezident İlham Əliyevin təşəbbüsü ilə bir neçə il əvvəl bu sahənin yenidən dirçəldilməsi üçün konkret işlərə başlanıldı. Nəticədə pambıqçılıq rayonlarında yeni canlanma yarandı. Kənd adamları, fermer və sahibkarlar əməli işə keçdilər. Respublikamızda pambıqçılığın inkişafında yeni dövr başladı.

Pambıqçılığın inkişaf etdirilməsi Goranboy rayonunda da uğurla aparılır. İnsanlar bu gəlirli sahənin sürətli inkişafına nail olmaq üçün var qüvvələri ilə çalışırlar. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə söhbət zamanı dedi ki, strateji məhsul olan pambığın istehsalını genişləndirmək, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün imkanlardan istifadə edilir. Nəticədə bu il keçən ilə nisbətən daha çox pambıq tədarük olunacaq. Artımın əsas səbəblərindən biri bu sahəyə daha çox diqqət yetirilməsidir. Başqa sözlə, becərmədə olduğu kimi, yığıma da ciddi nəzarət edilir. Yığımdan əvvəl rayon üzrə müşavirə keçirilmiş, bu sahəyə cavabdeh olan təşkilatlar qarşısında vəzifələr qoyulmuşdur.

Rayon icra hakimiyyətində yığıma nəzarət edən qərargah da yaradılmış, "qaynar xətt” fəaliyyətə başlamışdır. Həyata keçirilən bütün bu işlər özünü göstərir. Ağ örpəyə bürünmüş sahələrdə qızğın iş gedir.

Öyrəndik ki, bu il rayonda 3 min 102,2 hektar sahədə pambıq əkilib. Oktyabrın 10-dək 4 min 500 hektardan məhsul yığılaraq təhvil verilib. Rayonda 3 pambıq qəbulu məntəqəsi - "MKT İK” MMC, "Azərpambıq” MMC və "Goran COTTON” MMC fəaliyyət göstərir. "MTK İK” MMC 602,2 hektardan çox sahənin pambığını toplayıb. Orta hesabla hər hektardan 22 sentner pambıq götürülüb.

"Azərpambıq” MMC də yığımı mütəşəkkil davam etdirir. Oktyabrın 10-dək məntəqəyə 1647,60 ton pambıq təhvil verilib. "Azərpambıq” MMC-nin direktor müavini Anar Məmmədov dedi ki, bu il hər hektardan orta hesabla 22 sentner məhsul yığılır. Elə kəndlər var ki, orada məhsuldarlıq bundan da çox olub. Məsələn, Qırıxlı kəndində hər hektardan 25, Xanqərvənd kəndində 30 sentnerə çatıb.

Builki uğurlarımızın əsas səbəbi pambıqçılıqda intensiv texnologiyalara üstünlük verməyimizdir. Belə ki, əsas diqqət daha az sahədə daha çox məhsul götürməyə yönəlib.

"Goran COTTON” MMC pambıq yığımına 348 nəfər cəlb edib. Şirkətin pambıq qəbulu məntəqəsi rayonun Dəliməmmədli şəhərində yerləşir. Burada pambıq qəbulu, qurutma, emal, presləmə, hazır məhsul anbarı inşa edilərək istifadəyə verilib. Məntəqənin sex və sahələrini gəzdikcə bir neçə il ərzində burada nə qədər böyük işlərin görüldüyünün şahidi oluruq. 60 nəfərə yaxın işçinin demək olar ki, hamısı peşəkardır. Qəbul olunmuş pambığın yüksək keyfiyyətlə emal olunmasına diqqətlə yanaşılır. Kipə vurulmuş pambıq əsasən xarici ölkələrə göndərilir.

Rayonun demək olar bütün kəndlərində pambıq əkilib. Qızılhacılı, Xanqərvənd, Borsunlu, Qırıxlı, Yeni yol kəndlərində, Goranboy şəhəri ətrafında bol məhsul yetişdirilib. Pambığın 510 tonu əl ilə, 4 min tonu kombaynla yığılıb. Hazırda 3 şirkət üzrə tarlalarda 11 kombayn işləyir.

"MKT İK” MMC rayonun 23 kəndində 250 hektardan çox pambıq əkib. Cəmiyyətdən dedilər ki, yığımda heç bir problem yoxdur. Texnika sarıdan da çətinlik yaşanmır. Şirkətin özünün 7 kombaynı, 2 becərmə traktoru, 4 şum traktoru, 5 dərmansəpən aqreqatı var. Əsasən kiçik sahələrin məhsulu əllə yığılır. Yığılmış pambığın haqqı günün axırında ödənilir. Pambıq əkən fermerlər onlara yaradılan şəraitdən məmnundurlar. Dövlətin hər kiloqram pambıq üçün ödədiyi subsidiyalar təsərrüfat sahiblərini daha da ruhlandırır.

Dövlət başçısının pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, rayon sakinləri arasında bu sahəyə olan maraq ildən-ilə artır. Məsələn, Aşağı Ballıqaya kəndinin sakini Əli Piriyev bu il 30 hektarda, Qaradağlı kəndində Umud Hüseynov 16 hektarda, Qarasüleymanlı kəndinin sakini Arifə Tapdıqova 30 hektarda, Qızılhacılı kənd sakini Sahib Xəlilov 15 hektarda pambıq əkib. Xanqərvənd kəndinin sakini Mahir Seyidov isə bu il rekord göstəriciyə nail olub. O, 2 hektar pambıq sahəsinin hər hektarından 30 sentner məhsul toplayıb.

Ümumiyyətlə, rayonda təcrübəli pambıqçılar çoxdur. Onlardan biri də Yaşa Məmmədovdur. Vaxtilə pambıqçılıq briqadiri işləyən 80 yaşlı bu el ağsaqqalı indi də gənclərə məsləhətlər verir.

Bir sözlə, Goranboy pambıqçıları hər gün səhər tezdən tarlalara çıxır, yetişdirdikləri pambığı itkisiz yığmaq üçün əllərindən gələni əsirgəmirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video