22 Oktyabr 2019 00:46
482
SİYASƏT
A- A+

Səmimiliyini itirən jurnalistika


Azərbaycan milli mətbuatını fikir nəhəngləri, söz korifeyləri yaradıblar!

Çox böyük çətinliklə: maliyyənin, mətbəə və şriftin, mürəttib və qəzet yayıcılarının, hətta qəzetə yazanların və yetərli oxucunun olmadığı bir zamanda!

Amma bütün çətinlik və maneələrə mətanətlə sinə gərərək millətə xidmət etmək, onu maarifləndirmək, gözünü açmaq, mövhumata üstün gəlmək üçün fədakarcasına meydana giriblər!

Hədə-qorxulara məhəl qoymadan, təqiblərdən çəkinmədən, ünvanlarına mütəmadi səslənən söyüş və təhqirlərə baxmadan, ölüm təhlükəsindən belə qorxmadan!

Yorulmadan, usanmadan, yollarında büdrəmədən qələmləri və sözləri ilə savaşıblar!

Çünki özləri əsl vətənpərvər ziyalı, prinsipial fikir və əqidə adamları, qorxmaz millət fədailəri idilər!

"...Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstünə yazılmış o doğru sözlər qapı-pəncərələrdən o iman mənzilinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi sona qədər öz amalına sadiq qaldı.

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” söyləyən Cəlil Məmmədquluzadə də ömrünü milləti yolunda şam kimi yandırdı!

Biri maarifləndirərək, digəri tənqid edərək, gülə-gülə islah etməyə, gözlərini açmağa, elmə, mədəniyyətə və mərifətə yönəltməyə çalışdılar!

Amma bu qələm əhillərinin hamısı öz əməllərində həm də səmimi idilər!

Çünki milləti sevdikləri, onun gələcəyini düşündükləri üçün hər çətinliyə dözürdülər!

***

Milli mətbuatımız yarandığı gündən obyektiv, təmiz, qərəzsiz və təmənnasız olub!

İnsan şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmağa çalışıb və buna nail olub!

Heç zaman tənqiddən təhqirə keçməyib!

"Molla Nəsrəddin” satira hədəfi kimi sadə, avam və savadsız kəndlini yox, mövhumatı, rüşvətxor məmuru, qudurğan bəy-xanı seçib!

"Fəhlə, sən də özünü bir insanmı sanırsan?!”

Yaxud,

"Öyrəşməmisən ət-yağa dünyada əkinçi!

Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!” yazan M.Ə.Sabirin hədəfi fəhlə və ya əkinçi deyil, ona həqarətlə baxan ağa, bəy idi!

Çünki özləri də əsl ziyalı, mükəmməl qələm sahibi, başqalarına hörmətlə yanaşmağı bacaran jurnalistlər idilər!

***

Jurnalist peşəkarlığının vacib elementlərindən biri jurnalist səmimiyyətidir!

Müsahibinin qələm əhlinə inanması, ürək qızdırması üçün bu, çox mühüm şərtdir!

Məhz bu halda jurnalist ilə müsahibi arasında qarşılıqlı inam və etibar yaranır, sualları çəkinmədən, ehtiyat etmədən dolğunluğu ilə cavablandırır.

Müsahib bilir ki, onun "yozula bilən”, ikimənalı cavabları da pis yerə yozulmayacaq, geriyə, özünə qarşı yönləndirilməyəcəkdir!

Müasir jurnalistikada təəssüf ki, digər janrların "unudulduğu”, yalnız informasiya və müsahibənin aparıcı mövqeyə çıxdığı bir vaxtda bu, xüsusilə vacibdir.

Jurnalist səmimiyyətinin itirilməsinin başlıca səbəbi "sensasiya xəstəliyi”dir!

Bir çox saytlar və qəzetlər oxucu diqqəti çəkmək, yazılarını "maraqlı etmək” üçün ona sensasiyalı sərlövhələr qoymağa, materialın içinə əslində mətləbə və mövzuya dəxli olmayan "qeyri-adi”, "indiyədək bəlli olmayan” "faktlar” salmağa can atırlar.

Odur ki, müsahibə zamanı müxbirlər ciddi-cəhdlə müsahibinin dilindən nəsə qoparmağa, hansısa "ifadəni” almağa çalışırlar.

Hətta bunu məqsədə çevirirlər, necə deyərlər, qoparmayınca əl çəkmirlər!

Nəticədə yazı jurnalist səmimiyyətinə inanan müsahibin "dilindən qaçırdığı”, həyatı üçün xarakterik olmayan, bəzən təsadüfi, ötəri bir məqamı barədə söylədiyinin əndirəbadi formada təqdimi ilə yekunlaşır.

Üstəlik, hadisələr içində bəlkə də ən axırıncı yerdə dayanan həmin fikir sərlövhəyə daşınır.

Bəzi jurnalistlər bunu özləri üçün "uğur” saysalar da, əslində peşənin prinsiplərinin ciddi şəkildə pozulmasıdır!

İnsan həyatından "sensasiya” düzəltmək yaramaz!

Sənə inanaraq açıq söhbət edənin sözgəlişi söylədiyinin başına ip salaraq hallandırmaq yolverilməzdir!

Təəssüf ki, bunlar artıq müasir jurnalistikanın adiliyə çevrilmiş gerçəkliyidir!

Və fəaliyyət tərzidir!

***

Səmimiyyətini itirən jurnalistika artıq digər vacib keyfiyyətlərindən də aralı düşür! Məsələn, mərhəmət və xeyirxahlığı arxa plana keçməkdədir.

Biz yalnız hansısa ciddi xəstəliyə düçar olmuş insanın, xüsusən də tanınmış sənət adamının müalicəsi üçün pul toplamaq kampaniyası keçirilərkən (əsasən də telekanallarda) bunun şahidi oluruq. Halbuki sovet dövründə mətbuat və televiziya daima ölkə vətəndaşının yanında olurdu, onun qayğı və problemlərinin (hətta məişət və digər sahələrlə bağlı) həllində köməkçisinə çevrilirdi.

Bu gün isə mərhəmət və xeyirxahlığın yerini aqressiyanın tutmasının şahidləriyik...

Nəyi nəzərdə tuturuq.

Müasir jurnalistika kriminal xəbərlərə, baş vermiş ağır, qəddarlıqla törədilmiş cinayətlərin işıqlandırılmasında daha həvəsli görünür.

Yəqin ki, bunun bir səbəbi DİN-in ölkədə baş verən hər bir cinayət hadisəsini dərhal öz saytında yerləşdirməsi və bu səbəbdən həmin informasiyaların hamı üçün əlçatan olmasıdır.

Lakin kriminal mövzuda yazarkən faktlara yanaşma qaneedici deyil!

Əvvəla, kriminal xəbərləri bütün sayt və telekanalların hamısı birnəfəsə verdiyindən "cinayət bolluğu” təsəvvürü yaranır.

Digər tərəfdən, faktlara yanaşmada sensasiya, şişirtmə elementləri üstünlük təşkil edir.

Halbuki təəssüf, mərhəmət, qınaq və çəkindirmə məqamlarına üstünlük verilməsi daha vacibdir!

Mətbuatın "obyektiv münsif” əvəzinə "qızışdırıcı mövqe” tutması da diqqətçəkən və ciddi narahatlıq yaradan məqamlardandır.

Söhbət söylənən fikirlərə münasibət bildirilməsindən gedir.

Tutaq ki, tanınmış simalardan biri hansısa məsələ ilə bağlı mətbuata açıqlama verir. Dərhal başqa bir qəzet və ya sayt bu açıqlamadakı bəzi məqamlarla bağlı başqa birinə "mövqe” bildirməyi xahiş, bəzən isə tələb edir.

Və başlayır ordan-burdan "qazımağa”, qurdalamağa, müsahibinin dilindən "ilişkənli” nəsə qoparmağa!

Elə ki əllərinə bir şey keçir, sevinir, yenidən ilk açıqlama verənlə əlaqə saxlayaraq "filankəs sənin fikirlərinlə bağlı bunları dedi, cavabın nədir?” söyləməklə iki nəfər arasında ziddiyyət yaratmağa çalışırlar.

Vay o gündən ki, müsahib təcrübəsiz ola və daha sərt mövqe sərgiləyə...

Müxbirin çiçəyi çırtlayır, deməli, istədiyi "sensasiya” alınıb...

Ancaq bu nə jurnalistikadır, nə də jurnalist - vətəndaş münasibəti!

Bu, jurnalistikanın nə təməl prinsiplərinə, nə mətbuatın ənənələrinə, nə də ki medianın müasir beynəlxalq standartlarına uyğundur!

İnsanları ziddiyyətə, qarşıdurmaya sövq etmək heç zaman KİV-ə hörmət və başucalığı gətirməz!

Jurnalist öz fəaliyyəti ilə barış yaratmağa çalışmalıdır!

Süni "sensasiya”nın isə ömrü uzun olmur!

Belə "sensasiyada” qazananlar çox keçmədən oxucu sayında itirirlər.

***

Yaxud başqa bir məqam.

Adətən müxbir öz suallarını rahat şəraitdə müəyyənləşdirir və hazırlayır. Sonra mobil telefonla əlaqə yaradaraq kimdənsə cavab almağa çalışır.

Telefonla danışdığı insan haradadır, hansı şəraitdədir, əhvali-ruhiyyəsi necədir, fikrini dərhal həmin sual ətrafında toplaya biləcəkmi - bütün bunlar müxbirin vecinə deyil, heç bu barədə düşünmür də!

Ona materialı tez, həm də "sensasiya” formasında hazırlamaq gərəkdir!

Sualları yağdırır...

Darmacalda suala cavab verənin bəzən fikrini dəqiq ifadə etməməsi başadüşüləndir!

Lakin bu, bir paraları üçün göydəndüşmə olur!

Fikrin, cümlənin, hətta bəzən sözün başına ip salaraq belədən-belə dolandırır, belədən-belə fırladır!

Digər saytlar da dərhal onlarla səs-səsə verirlər.

Vay o gündən ki, həmin şəxs mətbuatın daim qaraladığı insanlardan olsun!

Bir vur-çatlasın düşür ki, gəl görəsən!

Amma bu, nə jurnalistikadır, nə də sənə inanan, səninlə əməkdaşlıq edənə göstərilən insani münasibət!

Sonra da deyirlər ki, filankəslər mətbuatdan yayınırlar, telefonlarını qapadırlar, KİV-lə əməkdaşlıq etmirlər...

Kim qərəzli müxbirlə, xəbər yox, sensasiya ardınca qaçan KİV-lə dostluq edər ki...

Əsl jurnalist insanları dürüstlüyü, xoş niyyəti, səmimiliyi ilə dost-əməkdaşa çevirə biləndir!

Çünki səmimiyyətin özəyində bir inam və etibar dayanır!

***

Sosial şəbəkə "prinsip”lərinin (bəlkə də prinsipsizliyinin) mətbuata daşınması obyektivliyə və səmimiyyətə vurulan zərbədir!

Sosial şəbəkədə müxtəlif yaşlı, xarakterli, səviyyəli, dünyagörüşlü insanlar bir-birlərilə istədikləri formada və ifadələrlə danışa, yazışa bilərlər.

Bu azad söz "meydanında” nə məhdudiyyət var, nə senzura, nə də qayda-qanun!

Necə deyərlər, hərənin öz ədəbinə və qanacağına qalıb!

Mətbuat isə hüquqla, qanunlarla tənzimlənən və jurnalistdən məsuliyyət tələb edən sahədir.

Burada çalışanlar fəaliyyətlərində nə qədər azad və sərbəst olsalar da, həmin qanunların tələblərinə, Azərbaycan Jurnalistinin Peşə Davranışı qaydalarına əməl etməyə borcludurlar!

Sosial şəbəkə bəlkə də mətbuata nüfuz etmək istəyər (Əslində, edir də).

Hələlik onunla rəqabətdədir!

Amma bu sayaq nüfuzetmə mətbuata hörmət və başucalığı gətirərmi, yaxud gətirirmi?

Üstəlik belə "sərbəst” davranış zamanı məhkəmə məsuliyyətini, qanunun tələblərini də unutmaq olmaz!

***

Həyat dəyişir, inkişaf edir, yenilənir...

Yeni texnologiyalar hər yana nüfuz edir, işimizi rahatlaşdırır və asanlaşdırır, operativliyi və sürəti artırır.

İnformasiya bolluğu, informasiyanın yayım sürəti, miqyası görünməmiş həddə çatmışdır.

Bütün bunlar yaxşıdır, hamını qane edəndir!

Şübhəsiz bu texniki proseslərin, eyni zamanda, sosial şəbəkədəki müzakirə və yeniliklərin mətbuata da təsiri inkarolunmazdır.

Bir tərəfdən İKT-nin, digər tərəfdən lazımi biliyi, peşə təcrübəsi olmayan insanların jurnalistikaya axını bu sahədə də müəyyən dəyişikliyə səbəb olur.

Təəssüf ki, dəyişikliklərin hamısı müsbət yöndə getmir!

Xüsusən peşəkarlıq səviyyəsinin aşağı düşməsi, milli mətbuatımızın əsrlər boyu formalaşmış ənənələrindən uzaqlaşması xoşagələn və arzuedilən hal deyil!

Jurnalistikada səmimiyyətin itirilməsi də ən ağrılı itkilərdən sayılmalıdır!

Çünki bu, təkcə müxbir-vətəndaş münasibəti ilə məhdudlaşmır.

Mətbuatla cəmiyyət arasındakı əlaqələrin keyfiyyətinə də ciddi təsir göstərir.

Mətbuat əməkdaşlıq etdiyi insanların sayında və səmimiliyində itirir.

İnsanlar isə ürək qızdırılası, etibar ediləsi qələm sahiblərinin azalmasından pəjmürdə olurlar.

Təəssüf ki, milli mətbuatın yaranmasından bugünümüzədək gəlib çıxan səmimi münasibətləri, jurnalistikamızın səmimiliyini qoruya bilmirik.

Deməli, həm də bir qism mənəvi dəyərlərdən gen düşürük...

Heç nə qazanmadığımız halda itirməyə dəyərmi?!.


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video