22 Oktyabr 2019 00:34
516
DÜNYA
A- A+

Suriyanın gələcəyi həll olunur


Rusiya-Türkiyə sammiti ərəb ölkəsində vəziyyətin hansı məcrada inkişaf edəcəyini müəyyənləşdirəcək


Səkkiz ildən çoxdur Suriyada cərəyan edən qanlı münaqişədə bu gün, bəlkə də, dönüş mərhələsi başlayacaq. Söhbət ərəb ölkəsində hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyindən gedir. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın əldə edəcəkləri razılaşmalar Suriya dövlətinin və xalqının taleyinə böyük ölçüdə aydınlıq gətirəcək.

Əslində Suriyada vəziyyət cari ayın 9-da Türkiyə Silahlı Qüvvələrinin Suriya silahlı müxalifəti ilə birlikdə Suriyanın şimal-şərqində başladığı "Sülh bulağı” antiterror əməliyyatı nəticəsində yeni keyfiyyət dəyişikliyi kəsb etmişdir. Əməliyyat çərçivəsində bir neçə vəzifəni həyata keçirmək nəzərdə tutulurdu: YPG və İŞİD başda olmaqla Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçu təşkilatları və terrorçuları zərərsizləşdirib Türkiyə-Suriya sərhədi boyunca terror dəhlizinin yaranmasının qarşısını almaq, terrorçulardan təmizlənən ərazidə təhlükəsizlik zonası yaradıb Türkiyədə məskunlaşmış suriyalı qaçqınların bir hissəsini orada yerləşdirmək, nəticə etibarilə regionda sülh və əmin-amanlığı bərqərar etmək. Təhlükəsizlik zonasının özünü Türkiyə-Suriya sərhədinin 480 kilometri boyunca 30 kilometr dərinlikdə yaratmaq planlaşdırılırdı.

Nə qədər qəribə olsa da, dünyanın aparıcı dövlətləri Türkiyənin keçirdiyi antiterror əməliyyatını pislədi. Vaşinqton Ankaranın hərəkətinə yaşıl işıq yandırmadığını əsas tutaraq əməliyyata qarşı çıxdı, eyni zamanda Şimali Suriyadakı hərbçilərini geri çəkdi, yaratdığı hərbi bazaları dağıtdı. Vaşinqton, həmçinin Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına, başqa sözlə, qaçqınların vətənə qayıtmasına dəstək verməyəcəyini bəyan etdi.

Avropa İttifaqı (Aİ) ölkələri də "Sülh bulağı”na münasibətdə oxşar mövqe sərgilədi. Aİ-nin liderləri iddia edirdilər ki, guya Türkiyənin keçirdiyi antiterror əməliyyatı beynəlxalq hüququn normalarına ziddir, Suriyanın ərazi bütövlüyünü pozur, ərəb ölkəsində humanitar vəziyyəti gərginləşdirəcək, mülki kürd əhalisi zərər çəkəcək və s. Aİ, həmçinin Türkiyəni Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının inşasına maddi yardım göstərməməklə hədələyirdi. Bu azmış kimi, Suriya xalqının yaşadığı faciəni müşahidə etməklə kifayətlənən bir sıra imkanlı ərəb dövlətləri də Qərbə züy tutaraq antitürk kampaniyasına qoşuldu.

Amma bütün bu iddialar üçün hansısa əsas tapmaq mümkün deyil. Əvvəla, Türkiyə əməliyyata BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizə haqqında qərarlarına, BMT Nizamnaməsinin 51-ci maddəsində yer alan "qanuni müdafiə hüququ”na, Türkiyə ilə Suriya arasında terrorizmlə mübarizə haqqında 1998-ci il tarixli Adana müqaviləsinə istinad edərək və Suriyanın ərazi bütövlüyünü pozmayacağını bəyan etməklə başlamışdır. Digər tərəfdən, Türkiyənin suriyalı kürdlərlə heç vaxt heç bir problemi olmamışdır və "Sülh bulağı”nın yalnız terrorçuları hədəfə aldığını nəzərə çarpdırmışdır. Sadə bir misal: Türkiyədə sığınacaq tapmış suriyalı qaçqınların 350 mini Suriyanın şimalından - YPG terrorçu təşkilatının Eyn əl-Ərəb (Kobani) bölgəsindən didərgin saldığı kürdlərdir.

Bütün bunlara baxmayaraq, ABŞ başda olmaqla Qərb dövlətləri antiterror əməliyyatını dayandırmaq üçün ardıcıl səylər göstərdi və nəhayət, buna nail oldu. Əməliyyat başlayandan doqquz gün sonra ABŞ-ın vitse-prezidenti Mayk Pensin başçılıq etdiyi nümayəndə heyəti Ankaraya gəlib Türkiyə rəhbərliyi ilə görüşdü. Görüşün yekunlarına görə, tərəflər Suriyanın şimal-şərqində atəşi 120 saat müddətinə dayandırmaq barədə sazişə gəldilər. Sazişə uyğun olaraq, terrorçular yaradılması nəzərdə tutulan təhlükəsizlik zonasından çıxarılacaq, onların ağır silahları yığılacaq, istehkamları və atəş mövqeləri yararsız hala gətiriləcək. Eyni zamanda ABŞ Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması ideyasını qəbul etmiş, Suriyanın ərazi bütövlüyünün təmin olunmasını vacib saymışdır.

Suriyanın şimal-şərqində antiterror əməliyyatının dayandırıldığı elan edildikdən dərhal sonra ölkədə ildırım sürətli hadisələr baş verdi. Suriya hökuməti bir neçə gün əvvəl YPG-ni ölkəni parçalamağa çalışan terrorçu təşkilat elan etməsinə baxmayaraq, çox keçməmiş qucağını terrorçulara açdı. Şübhəsiz, bu mövqe dəyişikliyində Rusiya həlledici rol oynamışdır, çünki Moskva YPG-ni terrorçu təşkilat saymır, bu qruplaşmanı "kürd strukturu” kimi təqdim edir. Suriyanın şimal-şərqindən çıxmış terrorçuların yerini Rusiya hərbçiləri və Suriya hökumət qoşunları tutdular. Üstəlik, ABŞ İŞİD-in keçmiş "paytaxt”ı Rəqqə şəhərini və Mənbic rayonunu Rusiya qoşunları və Bəşşar Əsəd rejiminə təhvil verdi. Əldə olan məlumata görə, ABŞ YPG-ni hələ də silah-sursatla təchiz edir. Vaşinqton, həmçinin Suriyanın neft yataqlarının Rusiya və Bəşşar Əsəd rejiminin əlinə keçməməsi üçün ölkənin şərqində 200 nəfərlik hərbi kontingent saxlamaq niyyətindədir.

Beləliklə, Suriyada qüvvələr nisbəti tamamilə dəyişmişdir. Moskvanın Ankaraya münasibətində də dəyişiklik var. Rusiya Suriyada proseslərin gedişində Türkiyə ilə indiyədək birlikdə hərəkət edir, səylərini əlaqələndirirdi. İndisə Moskva Türkiyə qoşunlarının Suriyadan çıxmasının vacibliyini gündəmə gətirir. Elə bil ki, Suriyada bütün problemlər həll olunmuşdur, yalnız məhmətciyin bu ölkədə qalıb-qalmaması məsələsinə əlac tapılmamışdır.

Odur ki, bu gün Soçidə keçiriləcək Rusiya-Türkiyə sammiti fövqəladə əhəmiyyət kəsb edir. Zirvə görüşündə bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Hər şeydən əvvəl, Moskvanın "Sülh bulağı” əməliyyatının əhatə etdiyi əraziyə, o cümlədən Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılmasına münasibəti necədir? Moskva təhlükəsizlik zonasında suriyalı qaçqınların yerləşdirilməsinə necə baxır? Əlbəttə, qaçqınların Suriyaya qaytarılması məsələsini qısa müddətdə həll etmək mümkün deyil. Onların vətənə dönməsi üçün, ilk növbədə, infrastruktur yaradılmalı, yaşayış evləri tikilməlidir. Amma Türkiyədəki kürd qaçqınlarını, həmçinin ərəb qaçqınlarının bir hissəsini qaytarmaq çətin deyil: onların yaşadıqları evlər dağılmamışdır, yalnız vətəndə təhlükəsizlik tədbirləri görmək kifayətdir. Ən mühüm məsələ isə Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, Suriya ərazisində, o cümlədən Afrin və İdlibdə, eləcə də "Fərat qalxanı” əməliyyatı ərazisindəki Türkiyə qoşunlarının bundan sonra necə fəaliyyət göstərməsidir. Ona görə də Soçidə Putin-Ərdoğan görüşünün gərgin keçəcəyi gözlənilir.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video