20 Oktyabr 2019 02:04
2852
SİYASƏT
A- A+

Sahibkarların qarşısında qoyulan tək tələb: verginizi ödəyin, dövlətimizi gücləndirin


Dövlət başçısı oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bütün nailiyyətləri inkişafın təməldaşı kimi qiymətləndirdi və islahatların daha dərin mənəvi tutumunu önə çəkdi, bu sırada ilk növbədə bütün sahibkarları dövləti aldatmamağa, vergini vaxtında və şəffaf ödəməyə dəvət etdi.

Prezident İlham Əliyev müşavirədəki nitqində doqquz ayın sosial-iqtisadi göstəricilərini nəzərdən keçirdi, qeyri-neft sektorunda iqtisadi artımın 3 faizi keçdiyini, şaxələndirmə ilə bağlı tədbirlərın müsbət nəticələr verdiyini və yeni potensial imkanların mövcudluğunu bildirdi. Qeyri-neft sənayesində artım 15 faizi keçib. Son illər kənd təsərrüfatına yatırılan böyük investisiyalar ciddi irəliləyişlərə səbəb olub, bu sektorda 9 ayda 7 faizdən çox artım əldə edilib. Dövlət başçısı çıxışında nailiyyətləri sadalasa da, perspektivlərə, yeni uğurlara köklənməyin vacibliyini tənqidi iradları ilə məxsusi vurğuladı.

Azərbaycanın xarici dövlət borcunun aşağı səviyyədə olması - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil etməsi, inflyasiyanın 2 faizdən bir qədər artıq qeydə alınması, 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin dövlətin sosial paketləri sayəsində yaxşılaşması, əhalinin gəlirlərinin inflyasiyanı əhəmiyyətli dərəcədə üstələməsi vacib faktorlar kimi dəyərləndirildi.

Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycanın bu gün MDB məkanında birinci yerdə, orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdə olması böyük nəticə olsa da, bu, Prezidenti qane etmir: "Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir”.

Prezident İlham Əliyev keçən il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışını xatırlatdı, onun proqram xarakterli olduğunu bildirdi və söz verdiyi kimi, islahatların dərinləşməsi istiqamətində vacib əməli addımların atıldığını, vergi və gömrük sahələrində şəffaflıqla bağlı tədbirlərin səmərə verdiyini, 9 ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil edildiyini diqqətə çatdırdı. Müşavirədəki nitqində analitik notlara köklənən dövlət başçısı yenə böyük ehtiyatların olduğunu, hələ bir çox şirkətlərin vergini tam ödəmədiyini, qara mühasibatlığın mövcud olduğunu dedi və xüsusi tapşırığını verdi: "Vergi orqanları, digər hüquq mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Əslində, dövlət başçısı bu çıxışı ilə həm sahibkarlara, həm də hüquq mühafizə orqanlarına ciddi ismarıc göndərdi. Hər kəsin borcudur ki, öncə Vətəni düşünsün, insanların sosial rifahının yaxşılaşmasına, ordunun güclənməsinə və dövlətimizin qüdrətli olmasına çalışsın. Və bu gücü təmin edən vergilərin yığılmasında, vaxtında ödənilməsində qanunun aliliyinə söykənsin, öz mənafeyi qədər də Azərbaycanın maraqlarını, vətəndaşların sosial rifahını düşünsün. Əgər biz beynəlxalq standartlardan, Avropa meyarlarından danışırıqsa, vergini də avropalı kimi ödəməyi, avropalı məmur kimi ölkənin mənafeyini daha üstün tutmağı bacarmalıyıq.

Məsələ burasındadır ki, vergidən yayınmalar bütün ölkələrdə eyni dərəcədə ağır fəsadlara gətirir, gəlirlərin gizlədilməsi vergi sisteminə dağıdıcı zərbə vurur və dövləti islahatları irəli aparmaqdan, vacib dövlət qurumlarını, hakimiyyət strukturlarını və sosial layihələri maliyyələşdirməkdən məhrum edir.

Bu baxımdan ötəri də olsa, digər ölkələrdəki vəziyyətə nəzər salmaq yerinə düşərdi. Məsələn, Argentinada hər il vergidən yayınmalar nəticəsində dövlət büdcəsindən 23 milyard dollar vəsait gizlədilir. Amma onu da qeyd edək ki, inkişaf etmiş, vergi sistemi mükəmməl fəaliyyət göstərən ölkələrdə vergi cinayətləri o qədər çox deyil. İngiltərədə hər il vergi cinayətləri ilə bağlı 50-80 nəfərə qarşı cinayət işi açılır, Kanadada 200 cinayət işi araşdırılır.

Vergidən yayınmalara qanunvericiliyin tələbləri heç də bütün ölkələrdə eyni deyil. Lüksemburq qanunvericiliyində vergidən yayınmaya görə cinayət məsuliyyəti ümumiyyətlə yoxdur, İsveçrədə isə vergi möhtəkirliyi inzibati hüquqla tənzimlənir.

Əksər dövlətlərdə qəsdən və bilərəkdən vergidən yayınma birmənalı şəkildə cəzaya layiq ictimai təhlükəli əməl kimi qiymətləndirilsə də, bir sıra ölkələrdə vergidən yayınma halları Cinayət Məcəlləsi ilə yox, müəyyən hüquqi-normativ aktlarla tənzimlənir. Vergi cinayələrinə yanaşma bəlkə buna görə də müxtəlifdir. Vergi cinayətkarlarına cərimələr, saxlanılma tətbiq edilə bilər, onlar ictimai iş və ya həbslə cəzalandırıla bilərlər. Məsələn, vergi cinayətlərinə görə müqəssir bilinənlər Latviyada 5, ABŞ, İsveçdə 6, Belarusda 7, Ectoniya və Bolqarıstanda 10 ilədək həbs edilə bilərlər. AFR, Kanada, Fransa və Çində isə bu tipli cinayət əməllərinə görə ömürlük həbs və hətta sonuncuda edam da tətbiq edilə bilər.

Bu baxımdan dövlət başçısının çıxışında beynəlxaq təcrübəyə də müraciət etməsi təsadüfi deyildi: "Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm”.

Bəzilərinə elə gələ bilər ki, Prezident bu addımla sahibkarlara qarşı əvvəlki münasibətini dəyişib, nisbətən sərtləşib. Təbii ki, bu, belə deyil. İş adamlarına tətbiq edilən güzəştlər, verilən imtiyazlar, aqrar sektorda isə vergi ödəmələrindən azad olunmalar və biznesin idarə edilməsini asanlaşdıran bütün qərarlar bu gün də qüvvədədir. Bütün bunların əvəzində sahibkarların qarşısında qoyulan tələbin mahiyyətini bir cümlə ilə belə ifadə etmək olar: sizə verilən imtiyazların və dəstəyin müqabilində siz də düz olun, dövlətinizi sevin və onu aldatmayın.

Dövlət başçısı müşavirədə verdiyi qərarın sərtliyini özü də izah etdi, bunun vacibliyinə aydınlıq gətirdi. Azərbaycan dövlətinin siyasəti birmənalı şəkildə sosialyönümlüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Minimum əməkhaqqı, pensiyalar artırılır, özünüməşğulluq proqramı geniş vüsət alır. Bütün sosial layihələrin inamla yerinə yetirilməsi üçün hər bir sahibkarın, iş adamının ədalətli olması, vergiləri vaxtında ödəməsi zəruridir. Düz işləyən, vergiləri yayınmadan ödəyən sahibkar dövlət üçün ən dəyərli vətəndaşdır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video