20 Oktyabr 2019 02:01
658
İQTİSADİYYAT
A- A+

Bu çətin peşənin adı “Xəzər neftçisi”dir


Dəniz şəhərində "Neft Daşları” NQÇİ-nin estakadayanı meydançalarının birində ayaq saxladıq. Buranın 2 nömrəli neft və qazçıxarma sahəsinin ərazisi olduğunu biləndə usta Firatı soraqladıq. Tanınmış peşəkar neftçi Firat Əliyevlə beş il əvvəl elə burada, Neft Daşlarında həmsöhbət olmuşduq. O vaxt Almaniya televiziyası Azərbaycan neftçisinin işi və həyatı barədə maraqlı bir film də çəkmişdi.

Usta ilə hal-əhval tutmaq istədik. Amma dedilər ki, əmək növbəsi sona çatdığı üçün hazırda dənizdə deyil... Xəzər neftçisinin işi-gücü, həyatı belədir. Bir ayın 15 gününü dənizdə, iş başında, digər yarısını isə quruda, evində-eşiyində olur.

2-ci sahənin 60 işçisi də bu qayda ilə çalışır. 30 nəfər dənizdə əmək növbəsində olanda qalanları vertolyot və gəmilərlə sahilə dönüb evlərində istirahət edirlər.

Bu dəfə neft və qazçıxarma ustası Namiq Səmədovla həmsöhbət olduq. Cavan olmasına baxmayaraq 10 ildir bu vəzifədə çalışır. Ürəyi dolu imiş. Maraqlı söhbət edirdi.

Amma özü haqqında deyil, çalışdığı sahə, iş yoldaşları haqqında məlumat verirdi. Neft Daşlarının bugünkü həyatı barədə bildiklərinin hamısını paylaşmaq istəyirdi.

"Neft Daşları” 70 yaşına çatıb. Neft və qaz verən bir yataq üçün bu, az müddət deyil. Odur ki, "Neft Daşları” da köhnə yataq sayılır. Lakin bu zəngin karbohidrogen mənbəyinin keçmişi nə qədər şərəflidirsə, sabahı da bir o qədər xoş olacaq. Çünki hələ ehtiyatları çoxdur. Təkcə 2 nömrəli sahə sutka ərzində 368 ton neft verir. Daha doğrusu, bu, sahənin planıdır. Neftçilər hasilatı nəinki sabit saxlamağa, hətta artırmağa nail olurlar. Bu da həyata keçirilən çoxşaxəli tədbirlərdən irəli gəlir.

Son illərdə "Neft Daşları”nda yeni estakada və meydançaların tikintisi və əsaslı təmir olunması geniş vüsət alıb. O cümlədən 2-ci sahədə də 418 və 331 nömrəli meydançalar inşa edilib. 331 nömrəli meydançada 3 quyu qazılıb və mənimsənilib. Bütün işlər son texnika və texnologiyanın nailiyyətlərinin tətbiqi ilə həyata keçirilir. Nəticədə işçinin əl əməyi yüngülləşib, fiziki yükü azalıb. Quyulara elektron sistemlə nəzarət olunur. Alınan neft və qazın təhlili ən müasir laboratoriyalarda aparılır. Odur ki, 2-ci sahə idarənin ən gənc istehsalat obyektlərindən sayılır. Əslində isə bu sahə Neft Daşlarının yaşıdıdır. Ona görə elə "veteran” sahələrdən də söz düşəndə, 2 nömrəlinin adı çəkilir.

Deyilənlər özünü burada çalışanların yaşında və iş stajında da göstərir. Belə ki, sahədə yaşlı usta və operatorlarla çiyin-çiyinə cavan və bacarıqlı həmkarları da işləyir. Xəzərin fırtınalarında bərkimiş, dostluqları, yoldaşlıqları Neft Daşlarının dayaqlandığı polad kimi möhkəmlənmiş bu insanlar bir-birinə yüksək dəyər verir, əməyini qiymətləndirir. Odur ki, qabaqcılları soruşanda bir-bir hamısının adını çəkdilər. Hətta növbədə olmayanları da unutmadılar. Usta və operatorlar Qahir Ədilov, Ramiz Ələsgərov, Nazir Məmmədov, Fərrux Musayev, Asəf Cəbrayılov, Dərgah Əliyev, Bəhrəm Atakişiyev, Sərvan Baxşıyev, Mayıl Hacıyev və başqaları müxtəlif yaşlı insanlar olsalar da, onları peşə borcu və seçdikləri işə sevgi birləşdirir. Bu çətin peşənin adı "Xəzər neftçisi”dir.

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video