19 Oktyabr 2019 03:08
847
SİYASƏT
A- A+

İslahatçı ölkənin islahatçı Prezidenti


Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə səslənən fikirlər və dövlət başçısının vurğuladığı bir sıra məsələlər ölkədə bütün sahələr üzrə aparılan islahatların uğurlu nəticələr verdiyini təsdiqlədi. Uğurları dəyərləndirən və qarşıdakı hədəfləri müəyyənləşdirən Prezident inkişafın daha geniş vüsət alması üçün ortaya çox güclü siyasi iradənin qoyulduğunu diqqətə çatdırdı və bəyan etdi ki, Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyir və buna da nail olunacaq. Heç bir qüvvə bu işdə Azərbaycana mane ola bilməz.

Dövlət başçısının müşavirədə səsləndirdiyi fikirlərlə bağlı açıqlamalar verən Milli Məclisin deputatları da hesab edirlər ki, Prezidentin ciddi tapşırıqları qarşıdakı müddətdə sosial-iqtisadi uğurların daha da geniş vüsət alacağını şərtləndirdi.


Prezident yeni sosial layihələrin müjdəsini verdi


Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,

YAP İdarə Heyətinin üzvü:

- Bugünkü reallıqlar və faktlar sübut edir ki, aparılan düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, dünyanın davamlı inkişaf edən ölkəsidir.

Son 16 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməklə yanaşı, ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, hüquq və azadlığın ən yüksək səviyyədə təmin edilməsinə nail olundu. Hətta Azərbaycan bir sıra qabaqcıl ölkələrin əldə edə bilmədikləri uğurları qazana bildi.

Bu gün ölkəmizin iqtisadi uğurları göz önündədir. Məhz bu uğurların sayəsində sosial islahatlar reallığa çevrilməkdədir. Bu il dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən bir çox sahələri əhatə edən sosial islahatlar həyata keçirilib və bu tədbirlər dövlət büdcəsi hesabına maliyyələşdirilib. Nəticədə büdcədə müəyyən struktur dəyişiklikləri baş verib və büdcənin cari xərcləri, yəni, sosialyönümlü xərcləri 3,7 milyard manat artıb, investisiya dövlət əsaslı vəsait qoyuluşu xərcləri isə azalıb.

Son illərdə aqrar sektorun inkişafına da böyük diqqət göstərilir. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də dövlət başçısı kənd təsərrüfatının inkişafı istiqamətində aparılan işləri, həyata keçirilən layihələri dəyərləndirərkən qeyd etdi ki, son illər kənd təsərrüfatına da böyük investisiyalar qoyulub və bu sahənin inkişafı prioritet olaraq müəyyən edilib. Hətta cənab Prezident əvvəllər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımların o qədər də uğurlu nəticələr vermədiyinə təəccübünü də gizlətmədi: "Əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır”.

Prezident, həmçinin gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verərək diqqətə çatdırdı ki, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Cənab İlham Əliyevin fikirlərindən bəlli oldu ki, dövlət gələn il də ciddi sosial proqramlar icra edəcək, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq. Yəni Prezident növbəti islahatların anonsunu verdi.

Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini öz həyatında, yaşadığı cəmiyyətdə görməkdədir. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan düzgün və işıqlı yoldadır. Məhz bu baxımdan Azərbaycan xalqı cənab Prezidentin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir, ona inanır və etibar edir. Bu belədir və təbii ki, bundan sonra da belə davam edəcək.


Sosial müdafiə sahəsində nümunəvi ölkə


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri:

- İstənilən dövlətin gücü, qüdrəti ilk növbədə onun iqtisadi potensialından asılıdır. Dayanıqlı inkişafın təmini üçün müəyyən edilən iqtisadi strategiyanın prioritetlərinin düzgün icrası sürətli yüksəliş üçün real zəmin formalaşdırır.

Son 16 ildə Azərbaycan iqtisadiyyatının üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə yatırılması, valyuta ehtiyatlarının 49 milyard dollara yüksəlməsi Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasının uğurlarının real təcəssümüdür. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial və iqtisadi siyasətə malik olan ölkəyə çevrilib. Həyata keçirilən sosial-iqtisadi, eləcə də struktur islahatlarının nəticələri isə göz önündədir.

Prezident İlham Əliyev müşavirədə bu nailiyyətləri dəyərləndirərək vurğuladı ki, əsas vəzifə iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu uğurları hər zaman hesabatlarında göstərirlər. Dövlət başçısının Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlər də deməyə əsas verir ki, ölkəmizdə aparılan islahatları yüksək dəyərləndirirlər.

Müşavirədə cənab Prezident 9 ayın göstəricilərini müsbət qiymətləndirdi, lakin bununla belə daha yüksək artıma nail olmaq üçün kifayət qədər imkanların olduğunu bəyan etdi. Həqiqətən də bu ilin ötən müddəti ərzində əldə edilən uğurlara nəzər yetirdikdə aydın şəkildə görərik ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən, qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Sahibkarlara 130 milyon manat kredit verilib.

Əlbəttə ki, qeyri-neft sektorunda iqtisadi artımın 3 faizdən çox olması şaxələndirmə ilə bağlı tədbirlərin müsbət nəticəsini verdiyini göstərir. Ancaq dövlət başçısı hesab edir ki, bu artım daha yüksək olmalıdır. Buna nail olmaq üçün isə kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq bu potensialdan maksimum səmərə ilə istifadə edilməlidir.

Qeyri-neft sənayesinin 15 faizdən çox artması isə onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verməkdədir. Dövlət başçısı bu yüksək nəticənin dünya miqyasında rekord göstərici hesab olunduğunu vurğuladı.

Göründüyü kimi, 9 aylıq yekun ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü doğrultduğunu konkret faktlar əsasında təsdiqləyir.

Sosial sahədə də inqilabi yeniliklər baş verib. İlk dəfə olaraq ölkədə 9 ayda minimum əməkhaqqı və minimum pensiyalar 2 dəfə artıb. Minimum əməkhaqqı 250, minimum pensiyalar isə 200 manata yüksəlib. Prezidentin 2 böyük sosial paketi ilə 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb.

Bütün bunlar cənab İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın dayandığını təsdiqləyən reallıqlardır. Müşavirədə bu məsələyə də toxunan Prezident demişdir: "Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir. Həm minimum əməkhaqqı, pensiyalar artırılır, həm də özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il on mindən çox insan bu proqramla əhatə olunacaq”.

Prezidentin çıxışından o da bəlli oldu ki, islahatların artan sürəti maaş və pensiyaların növbəti artımına da şərait yaradacaq.

Cari ilin 9 ayının yekunlarının müzakirəsi zamanı cənab Prezidentin gələcəyə aydın baxışını bir daha gördük. Hər kəsə bəlli oldu ki, dövlət başçısı yalnız təbii ehtiyatlara, enerji resurslarına deyil, qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verir. Ona görə də cənab Prezident bütün aidiyyəti qurumlara ciddi tapşırıq verdi. Qeyd etdi ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və bu ehtiyatlar aşkar edilməlidir. Elə edilməlidir ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin.

Bu gün dünya miqyasında həm iqtisadi baxımdan inkişaf edən, həm də davamlı islahatlar aparan ölkələr sırasında Azərbaycanın da adının çəkilməsi əlbəttə ki, mühüm nailiyyətdir. Əldə edilən bu uğurlar və reallaşmaqda olan yeni-yeni sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, 2019-cu ilin qalan dövründə də qarşıya qoyulan vəzifələr uğurla icra ediləcək, Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını qoruyub saxlayacaq.


Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır


Sahibə QAFAROVA,

Milli Məclisin deputatı:

- Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı ölkəmizin inkişafı ilə bağlı çox mühüm məsələləri diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu da onu göstərir ki, şaxələndirmə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Bunu ölkəmizin qeyri-neft sənayesi ilə bağlı da deyə bilərik. Azərbaycanda neftdən kənar iqtisadiyyat üzrə innovativ əsaslı sənaye quruculuğu mühüm yer tutur. 2019-cu ilin 9 ayında ən yaxşı göstərici də məhz qeyri-neft sənayesində qeydə alınıb və qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən genişmiqyaslı tədbirlər öz bəhrəsini verir.

Prezidentin nitqində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı idi. Ölkədə aparılan islahatların yüksək qiymətləndirildiyini bildirən cənab İlham Əliyev qeyd etdi ki, uğurlu islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır. Prezident vurğuladı ki, islahatlar bundan sonra da ardıcıllıqla davam etdiriləcək. "Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir” deyə dövlət başçısı qeyd etdi.

Tam əminliklə deyə bilərəm ki, insanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir, öz dəstəyini ifadə edirlər. Şübhə yoxdur ki, qarşıdakı dövrlərdə də Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun olaraq müvafiq tədbirlər davam etdiriləcək. Müşavirədə bildirildi ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq və ciddi sosial proqramlar icra olunacaq. Bu isə ona dəlalət edir ki, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər gələn il də davam etdiriləcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video