18 Oktyabr 2019 01:48
4410
SİYASƏT
A- A+

MÜSTƏQİL DÖVLƏTDƏ YAŞAMAQ SƏADƏTİ


"Bugün müstəqilliyimiz bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir”.

İlham ƏLİYEV


MÜSTƏQİLLİYİN VACİB ŞƏRTLƏRİ

Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir!

Amma hər xalqa nəsib olmayan səadətdir!

Bunu statistika da təsdiq edir: dünyada beş minədək tayfa, qəbilə, xalq, millət olsa da, yalnız 200-ü özünə dövlət qura bilib!

Müstəqil yaşamaq üçün ən əvvəl Vətən adlı ərazin, torpağın olmalıdır!

Müstəqil yaşamaq üçün yeraltı və yerüstü sərvətlərin, xalqı dolandırmaq üçün lazımi imkan və şəraitin olmalıdır!

Bütün bunlarla bahəm vətənpərvər, ağıllı, savadlı, bacarıqlı, dövləti idarə etməyə qadir övladların olmalıdır!

Ən nəhayət, müstəqil dövləti qurmağı, idarə etməyi, yüksəltməyi, təlatüm və bəlalardan qorumağı bacaran liderin, rəhbərin olmalı, onun ətrafında yumruq kimi birləşməyin zəruriliyini dərk etməlisən!

ƏSL RƏHBƏRSİZ VƏ LİDERSİZ MÜSTƏQİL YAŞAMAQ ÇƏTİNDİR

Tanrı XX əsrin sonlarında bizə ikinci dəfə müstəqil dövlət yaratmaq imkanı qismət edəndə ölkə daxilində nə həqiqi rəhbərimiz var idi, nə hamının qəbul etdiyi liderimiz!

Ona görə də başımıza oyunlar açdılar, müsibətlər gətirdilər!

Gah 20 Yanvar faciəsini törətdilər, gah da erməniyə arxa duraraq torpaqlarımızın işğalına kömək göstərdilər.

Sonra da ölkədə xaos və anarxiya bataqlığı, iqtisadi və siyasi böhran yaradaraq Azərbaycanı yenidən paralamaq, xanlıqlar dövrünə qaytarmaq planını cızdılar.

Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə dönən Ulu Öndər Heydər Əliyev düşmənlərimizin bütün planlarını alt-üst etdi, Azərbaycanı xaos və fəlakət burulğanından qurtardı!

Üstəlik, müstəqilliyimizi əbədiliyə və dönməzliyə çevirərək müasir Azərbaycan dövlətinin memarı və qurucusu oldu!

***

Prezident İlham Əliyev Ulu Öndərimizin gördüyü möhtəşəm işləri eyni qətiyyət və prinsipiallıqla davam etdirərək Azərbaycanı sabitlik və əmin-amanlıq adası kimi qoruyub saxlayır, Cənubi Qafqazın lider dövlətinə çevirərək iqtisadi qüdrətini və siyasi nüfuzunu daim artırır, xalqın güzəranını və rifahını dönmədən yüksəldir!

Xain niyyətlərin, alçaq qəsdlərin hələ də davam etdiyi indiki mürəkkəb beynəlxalq şəraitdə bütün bəlalardan və alçaq qəsdlərdən məharətlə qoruyaraq irəli aparır!

İlham Əliyevə ümumxalq sevgisinin əsl səbəbi budur!

İlham Əliyevi qüdrətli liderə və müdrik dövlət başçısına çevirən amillər məhz xalqın arzu və əməllərini daim həyata keçirməsi, müstəqil dövlətimizi qoruyub inkişaf etdirməsi, Heydər Əliyev siyasi kursu ilə məharətlə zirvədən-zirvəyə çatdırmasıdır!

Əgər Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdaraq dövlətimizi və dövlətçiliyimizi dağılmadan və məhvolmadan xilas etməsəydi, İlham Əliyev iqtisadi yüksəlişi, dünyaya inteqrasiyanı, müxtəlif təhlükə və təhdidləri dəf etməyi, qonşu və digər dövlətlərlə bərabərhüquqlu və milli maraqlara əsaslanan siyasət qurmasaydı, ən nəhayət, xalqın istək və arzularını vədəsində gerçəkləşdirməsəydi, yəqin ki, cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yenidən yaşayacaqdıq!

HƏQİQİ MÜSTƏQİLLİK NƏDİR?

Həqiqi müstəqillik ilk növbədə müstəqil daxili və xarici siyasət hazırlayıb həyata keçirməkdir.

Bu siyasətin mühüm konturlarını Ulu Öndər Heydər Əliyev cızmışdır.

Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk günlərdən çox uğurlu xarici və daxili siyasət yeridir.

Bu siyasətin mərkəzində müstəqil Azərbaycanın mənafeyi, Azərbaycan xalqının milli maraqları durur!

Bu siyasət beynəlxalq qurum və təşkilatlar, eləcə də dövlətlərlə milli maraqlarımıza əsaslanan əlaqə və münasibətlər yaradılmasına, sülh və əməkdaşlığa xidmət edir!

Bu siyasət kimsənin Azərbaycanın daxili işlərinə qarışmasına yol vermir!

Çünki Azərbaycan da heç bir dövlətin d

axili işlərinə müdaxilə etmir!

Prezident İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasət qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirmişdir.

İnkişafın Azərbaycan modeli, multikulturalizm modelimiz dünyanın diqqətini özünə çəkmiş, bir çox ölkədə öyrənilməyə başlanmış, örnəyə çevrilmişdir.

***

Daxili siyasət də məhz müstəqillik prinsipinə söykənir!

Əvvəla, daxili siyasət ölkə daxilində ölkə rəhbəri tərəfindən hazırlanır və reallaşdırılır.

İkincisi, bir daha vurğulayırıq, dövlətin və xalqın maraqlarına xidmət edir.

Bu siyasəti cənab İlham Əliyev yığcam şəkildə belə ifadə etmişdir: "Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

AYDINLIQ ÜÇÜN MÜQAYİSƏ EDİRİK:

Yaxın keçmişimizdə, SSRİ-nin tərkibində olduğumuz zaman xarici və daxili siyasətlə bağlı yuxarıda söylədiklərimizin heç biri mümkün deyildi!

Çünki dövlət siyasəti ölkəmizdən kənarda, başqa dövlətin paytaxtında müəyyənləşdirilirdi.

Həm də SSRİ-nin - "qırmızı imperiya”nın və "sovet xalqı” adlandırılan abstrakt bir toplumun "maraqları”na uyğun şəkildə!

***

AZƏRBAYCAN HEÇ ÖZÜNÜN NEFT VƏ TƏBİİ QAZ SƏRVƏTLƏRİNİN SAHİBİ DƏ DEYİLDİ:

* Həmin məhsullar və onlardan gələn gəlirlər "ümumittifaq fondu”na toplanırdı, sonrası necə olurdu, bunu bizdən nə soruşan, nə də deyən olurdu!

* Respublika ərazisində hər hansı bir fabrik-zavod, obyekt, kənd təsərrüfatı qurğusu tikmək, yeni qəsəbə, yaşayış massivi salmaqdan ötrü hökmən bu, dövlət planına salınmalı, Moskvada təsdiq edilməli, bundan sonra vəsait ayrılmalı idi.

* Bəzən ayrılan vəsait başqa məqsədlərə yönəldildiyindən illərlə gəlib çıxmır, tikinti ya başlanmır, ya da yarımçıq qalırdı...

* Şəmkirçay və Tovuzçay su anbarları bu qəbildən idi!

Azərbaycan Prezidenti İlham Əliyev nəinki qısa müddətdə onların tikintisini başa çatdırdı, üstəlik, Taxtakörpü və Göytəpə su anbarlarını da istifadəyə verdi.

***

Müstəqillik illərində, xüsusən son on altı ildə Azərbaycanda görülən işlərin, tikilib-qurulanların sayı-hesabı yoxdur!

ƏN YADDAQALANLARINI XATIRLADIRIQ:

* Ölkəyə 250 milyard dollar sərmayə qoyulub;

* Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verilib;

* "Cənub qaz dəhlizi” inşa olunub;

* Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib;

* Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin Azərbaycandan keçən hissəsində mühüm layihələr icra olunub;

* Azərbaycanın sərmayəsi ilə Türkiyədə "Star” zavodu inşa olunub;

* 15 min kilometr avtomobil yolu tikilib;

* 31 yeni elektrik stansiyası inşa olunub, 2500 meqavatlıq yeni güc yaradılıb;

* dörd böyük su anbarı tikilib;

* ölkə üzrə təbii qazla təminat 96 faizə çatdırılıb;

* sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb;

* 100 mindən çox müəssisə yaradılıb;

* 17 aqropark fəaliyyətə başlayıb;

* 15 "Asan xidmət” mərkəzi yaradılıb (bu ilin sonuna qədər onların sayı 20-yə çatacaq);

* orbitə 3 peykimiz çıxarılıb.

***

Təbii ki, iqtisadi inkişaf sosial sahəyə birbaşa təsirini göstərir.

BELƏ Kİ, SON 16 İLDƏ:

* 2 milyon yeni iş yeri açılıb;

* maaşlar 7, pensiyalar 9 dəfə artıb;

* işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib;

* 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib;

* 640 tibb müəssisəsi tikilib və ya yenidən qurulub;

* 44 olimpiya idman kompleksi yaradılıb.

Bütün bunlar son 16 ildə görülən işlərin bir qismidir!

Həm də ən çox maliyyə tutumlu, icrasına xeyli zaman tələb olunan işlərdir!

Ən başlıcası, dövlətimiz, xalqımız üçün vacib və gərəkli işlərdir.

***

Cənab İlham Əliyev bütün bu işlərin təşəbbüsçüsü olmaqla layihələndirib, maliyyələşdirib, icrasına nəzarət edib, açılışında isə qırmızı lenti kəsib!

Heç kimdən, heç haradan icazə alınmayıb!

Bax budur müstəqillik!

Budur müstəqil dövlət quruculuğu!

Budur xalqın arzu və istəklərinin gerçəkləşdirilməsi!

***

Azərbaycan "müttəfiq respublika” kimi SSRİ-nin tərkibində olarkən heç bir beynəlxalq layihəni reallaşdıra bilməzdi!

Haradan keçəcəyini özü müəyyənləşdirə bilməzdi!

Maliyyə məsələlərini həll edə bilməz

di!

Əslində, heç belə xəyala düşə də bilməzdi!

Müstəqil dövlət olanda isə baxın: özünə, Avropaya və dünyaya gərək olan neçə transmilli layihəyə həyat vəsiqəsi verib:

* "Əsrin müqaviləsi” neft kontraktı imzalandı: Azərbaycanın milli maraqları əsasında!

Daha sonra müddəti 30 il - 2050-ci ilədək uzadıldı.

* Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin marşrutunu özümüz seçdik, çətinliklər olsa da, seçimimizi uğurla reallaşdırdıq!

* Bakı-Tbilisi-Ərzurum təbii qaz ixracı boru kəməri də öz istəyimizə tam uyğun çəkildi.

* Bakı-Tbilisi-Qars dəmir yoluna mane olmaq istəyənlər də vardı, hətta beynəlxalq banklar onu maliyyələşdirmək istəmədilər!

Amma cənab İlham Əliyev öz istəyini istədiyi kimi də həyata keçirdi, üstəlik, Bakını beynəlxalq logistika mərkəzinə çevirdi!

* "Cənub qaz dəhlizi”nə mane olmaq cəhdləri də puça çıxarıldı!

Artıq dövlət başçısı İlham Əliyev hər hansı nəhəng layihəni reallaşdırmaq istəyəndə yalnız özünə, öz dövlətinə və xalqına qüvənməklə bunu uğurla gerçəkləşdirir!

Müstəqil dövlətin müstəqil Prezidenti İlham Əliyev!

Bu yolla Azərbaycan kosmik dövlətlər ailəsinə daxil olub, müasir, modern dövlətə çevrilib, iqtisadi cəhətdən qüdrətlənərək güclü siyasi nüfuz da qazanıb!

ƏSRLƏR BOYU XALQA XİDMƏT EDƏCƏK QURĞU VƏ OBYEKTLƏR

Azərbaycan indiyədək görünməmiş sürətlə inkişaf edərək tarixinin ən qüdrətli dövləti məqamına yüksəlib!

Bunun əsas səbəbi müstəqilliyin verdiyi imkanlardan yetərincə istifadə edilməsidir!

Bu gün iqtisadi inkişafın davamlılığı üçün nə gərəkdirsə, vədəsində həyata keçirilir!

Xalqın ehtiyacının daha tez və dolğun ödənilməsi üçün nə vacibdirsə, dərhal yerinə yetirilir!

MƏSƏLƏN:

* Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına qısa zamanda və təhlükəsiz çıxarılması üçün ixrac boru kəmərləri çəkilir;

* Neftdən gələn gəlirlər iqtisadiyyatın digər sahələrinin də inkişafına yönəldilir;

* Sənayenin çörəyi sayılan elektrik enerjisinin kifayət qədər istehsalı üçün su, istilik, alternativ elektrik stansiyaları tikilir;

* Kənd təsərrüfatını dirçəltmək və yüksəltmək üçün su anbarları inşa olunaraq kanallar şəbəkəsi qurulur!

* İqtisadiyyatın şah damarı sayılan yol infrastrukturu yaradılır, kəndarası yollar yenilənir;

* Regionları sürətli inkişaf yoluna çıxarmaq, ölkə vətəndaşlarının sosial rifahını və güzəranını yaxşılaşdırmaq üçün dövlət proqramları tutulub təsdiq edilərək vaxtında həyata keçirilir!

* Çəkilən kəmərlər, inşa olunan su anbarları, salınan yollar, körpülər, tikilən elektrik stansiyaları, əkin vəziyyətinə gətirilən tarlalar əsrlər boyu insanlara xidmət göstərəcək qurğu və obyektlər sayılır!

Onlara sərmayə qoyub işə saldıqdan sonra özləri gəlir verməyə başlayır, büdcəyə vəsait toplanılmasında iştirak edirlər!

Müstəqil dövlətin isə müxtəlif mənbələrdən formalaşan varlı büdcəsinin olması mühüm şərtdir!

HARADAN BAŞLANIR VƏTƏN

Sovet dövründə bizə təlqin edirdilər ki, Vətən doğulduğun komadan və obadan yox, sərhəddən başlanır!

Amma həmin sərhədləri yad əsgərlər qoruyurdu!

Üstəlik, həmin sərhədlərdən keçmək üçün özgələrdən icazə almalı idik!

Məsələn, qardaş Türkiyəyə getmək üçün SSRİ Xarici İşlər Nazirliyindən icazə alınmalı (əgər rüsxət versəydilər), sonra Moskvaya gedərək oradan təyyarə ilə uçmalı idik!

Həm də Aeroflotun təyyarəsi ilə!

İndi isə nəinki Türkiyəyə, dünyanın istənilən nöqtəsinə belə öz ölkəmizin icazəsi, öz təyyarələrimizlə uçuruq, bir sıra dövlətlərə isə artıq vizasız da gedə bilirik!

Regionlarımızda dörd beynəlxalq təyyarə limanı tikilib və istifadəyə verilib!

Sərhədləri özümüz, öz əsgərlərimiz qoruyur!

Doğulduğumuz yerdən başlanan Vətənimiz isə müstəqil, qüdrətli Azərbaycana çevrilib!

MƏİŞƏTDƏ MÜSTƏQİLLİYİN BƏHRƏLƏRİ

Müstəqillik elə bir nemətdir ki, hətta özünü məişətdə də hiss etdirir!

Ömrümüzün xeyli hissəsini keçirdiyimiz məişətdə!

İnsan rahat evdə yaşamadan, ailə qayğılarını vədəsində həll etmədən, məişətini düzgün qurmadan nə yaxşı dincələ, sağlam və gümrah ola, nə də gərgin, səmərəli çalışa bilər!

Sosializmdə varlı və kasıb "yox” idi!

İnsanlar süni surətdə, zorla bərabərləşdirilirdi: eyni dəbdə geyinir, eyni mənzillərdə yaşayır, ailənin hər üzvünə eyni kvadratmetr mənzil sahəsi ayrılır, eyni minik avtomobili alırdılar və s.

MÜSTƏQİLLİK DÖVRÜNDƏ DOĞULARAQ BÖYÜMÜŞ CAVANLARA QƏRİBƏ GƏLƏCƏK KEÇMİŞ MƏQAMLAR:

* geyinib bəzənmək üçün yaraşıqlı paltar tapılmırdı;

* xarici mallar mağazalara gələndə onu gizlincə, əlavə pul ödəməklə alırdılar;

* "Jiquli” markalı (sovet dövrünün matahı) avtomobil almaqdan ötrü növbəyə duraraq illərlə gözləməli idin;

* "Volqa” maşınını ancaq yaradıcı insanlar, əmək qəhrəmanları ala bilərdi, başqaları alanda "pul haradandır” çək-çeviri başlayardı;

* bir ailə yalnız bir minik avtomobili ala bilərdi, yoxsa...

* ikimərtəbəli fərdi ev tikmək üçün xüsusi icazə alınmalı, tikinti materiallarının sənədləri göstərilməli idi;

* dövlətdən mənzil almaq üçün bəzən 10-20 il növbə gözləyirdilər;

* sahibkarlıq fəaliyyəti qadağan idi, gizlicə nəsə satanları tutub "alverçi” adı ilə məhkum edirdilər;

* insanların fərdi ev tikmələri üçün (hətta "halal yol”la qazandıqlarını sübut edəndə belə) torpaq sahəsi əldə etmələri müşkül məsələydi;

* bütün mağazalarda alış-veriş etmək üçün daim böyük növbələr olardı!

Çoxsaylı qadağalar, həmin qadağaları pozmağa görə cinayət məsuliyyətinə cəlbetmələr hamını çərçivə daxilində yaşamağa məcbur edirdi.

İNDİ İSƏ...

Azadlığımızın həddi-hüdudu yoxdur:

* "Addımbaşı "market”lər, "ticarət mərkəzləri”, üstəlik, nə vaxt gəlirsən, hamısı ağzınacan malla dolu və müştəri gözləyir;

* geyim-kecimin növü, çeşidi, həcmi o qədərdir ki, hətta seçməkdə çətinlik törədir. Həm də hamısı "xarici mal” (artıq bu gün "xarici mal” ifadəsi gülməli səslənir);

* nəinki bir ailə, hətta bir adam özünə istədiyi markada və istədiyi qədər minik avtomobili alır. Nə kimsədən qorxur, nə də kiməsə hesab verir;

* bir adam özünə bəs qədər, hətta ölkənin müxtəlif guşələrində və xaricdə belə mənzil ala bilir. Öz işidir;

* indi ikimərtəbəli fərdi evi tək-tük adam tikdirir.

Üç-beşmərtəbəli yaraşıqlı "villalar”ın sayı-hesabı yoxdur!

* kim harada, nə qədər istəsə, torpaq alır. Təki pulu və arzusu olsun;

* sahibkarlığa dövlət dəstək verir, əlverişli kredit ayırır, müxtəlif formada yardım göstərir.

Təkcə ictimai-siyasi həyatda yox, məişətdə də müstəqilliyin yaratdığı imkan və şəraitdən bol-bol bəhrələnirik!

Odur ki, həyatımız daha gözəl, daha rahat, daha mənalı olub!

ORDUN VARSA, YURDUN VAR!

Napoleonun məşhur bir sözü var: "Öz ordusunu yedirtməyən dövlət özgə əsgərlərini saxlar!”

Müstəqilliyi qorumaq, olanları mühafizə etmək üçün möhkəm və etibarlı orduya daim ehtiyac var!

Xüsusən də ərazisinin bir hissəsi işğalda qalan dövlətlər üçün!

Milli Ordu həm də müstəqilliyin mühüm atributlarından biri sayılır!

Ərazisində özgə dövlətlərin hərbi bazası yerləşən, sərhədlərini başqa dövlətlərin əsgərləri qoruyan dövlətin özünü müstəqil sayması gülünc görünür!

Əgər evindən bayıra çıxmaqdan ötrü qonşudan icazə almalısansa, onda necə müstəqilsən?!

Vassal Ermənistan kimi!

İlham Əliyevin Ali Baş Komandanlığı altında ən müasir silahlarla silahlanmış, təcrübəli və bilikli zabit korpusuna malik, təlim görmüş əsgərləri olan, dünyanın əlli ən güclü ordusu ilə bir sırada dayanan Milli Ordumuz var!

Yeni yaradılan Müdafiə Sənayesi Kompleksi də Azərbaycan Ordusuna xidmət edir!

Gözəl bir atalar sözü var: Ordun varsa, yurdun var!

Azərbaycan Ordusu nəinki müstəqilliyimizi, qazanılanları qorumaq, hətta Ali Baş Komandanın əmri ilə qısa müddətdə torpaqları işğaldan azad etmək qüdrətindədir!

Bunu Aprel müharibəsi də göstərdi!

Bunu Naxçıvanın Günnüt əməliyyatı da sübut etdi!

Bunu zaman da bir daha təsdiq edəcək - sülh danışıqlarının fayda verməyəcəyi təqdirdə!

İDMAN DÖVLƏT SİYASƏTİNƏ KÖMƏK EDİR

İdmançılar ölkə xaricində dövlət bayrağını qaldırmaq, himnini səsləndirmək imkanına malikdirlər!

Bu şərtlə ki, yarışlara milli komanda ilə, öz dövlətlərinin bayrağı altında çıxsınlar!

SSRİ-nin mövcudluğu dövründə Azərbaycan idmançıları müxtəlif yarışlarda ən yüksək nəticəyə nail olsalar da, heç zaman nə öz dövlətlərinin bayrağını ucaltdılar, nə də himnini səsləndirə bildilər!

Çünki yarışlara başqa komandanın tərkibində, özgə bayrağı ilə çıxırdılar!

Həqiqi müstəqillik Azərbaycan idmançılarına öz bayraqlarını ucaltmaq xoşbəxtliyini də nəsib etdi!

Bu gün ölkəmizdə idman həyatımızın ayrılmaz hissəsini təşkil edir.

Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində idman gənclər siyasətinin tərkib hissəsinə, müstəqil Azərbaycanın dünyaya yeni imicdə təqdiminin maraqlı formasına çevrilib!

Tarixən qısa zamanda ölkəmiz I Avropa Oyunlarını və IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirmiş, dünya, Avropa, bir sıra beynəlxalq yarışlara evsahibliyi etmiş, idman yarışlarının mahir təşkilatçısı olduğunu sübuta yetirmişdir!

Bir vaxtlar xaricə idmançı göndərməyə vəsait tapmayan Azərbaycan indi ən yeni və möhtəşəm idman qurğularına sahibdir, yüz milyonlarla insanın izlədiyi "Formula-1” yarışlarının bacarıqlı təşkilatçısı kimi ad çıxarıb!

Bütün bunlar da dövlət müstəqilliyi sayəsində mümkün olub!

QÜRUR ÜNVANIMIZ

Müstəqil dövlətlə qürur duymaq, fəxr etmək azdır!

Onu qorumağı, gücləndirməyi, xain və məkrli niyyətlilərdən müdafiə etməyi də bacarmalıyıq!

Həm də vətənpərvər insan kimi buna borcluyuq!

Hələ də Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr var!

Hələ də Azərbaycanın müstəqil siyasət yeritməsini həzm edə bilməyən dövlətlər mövcuddur!

Hələ də Azərbaycanın güclənməsini, dünyanın sayılıb-seçilən, sözü eşidilən dövlətə çevrilməsini gözü götürməyənlər məkrli planlar qurmaqdadırlar!

Bizim ən böyük uğurumuz iqtidarla xalqın birliyi, vəhdətidir!

Bizim ən böyük nailiyyətimiz ölkədə formalaşan möhkəm və dönməz sabitlikdir!

Bizim uğurumuz ildən-ilə iqtisadi gücümüzün, siyasi nüfuzumuzun artmasıdır!

Bütün bunların təşkilatçısı Prezident İlham Əliyev, icraçısı Azərbaycan xalqının vətənsevər, millətsevər insanları, gəncləridir!

Bir an da dayanmaq, arxayınlaşmaq olmaz!

Ulu Öndər Heydər Əliyevin sözüdür: "Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir!”

Düşmənə və xəbis niyyətlilərə yalnız birliyimiz, səmimi və səmərəli fəaliyyətimiz, Vətənə və dövlət müstəqilliyinə məhəbbətimiz və fədakar əməyimizlə qalib gələ bilərik!

Bu yolda hamı və hər kəs bacarığını əsirgəməməlidir!

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video