18 Oktyabr 2019 01:36
505
SİYASƏT
A- A+

Prezident yeni prioritetləri elan etdi


İlham ƏLİYEV: "Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir”


İlham Əliyevin idarəçiliyində diqqətçəkən əsas məqamlardan biri görülən işlər, qazanılan nailiyyətlər, perspektivdə atılacaq addımlar, habelə nöqsanlarla bağlı ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasıdır.

Çünki belə hesabatlar geridə qalan müəyyən dövrlər üzrə əldə edilmiş iqtisadi və sosial nəticələrin qiymətləndirilməsi, bu barədə əhaliyə obyektiv məlumatların çatdırılması, o cümlədən problemlər ətrafında müzakirələrin aparılması və onların həlli yollarının müəyyən edilməsi baxımından ən səmərəli vasitədir.


Dünya miqyasında rekord göstərici


Dövlət başçısının yanında keçirilən iqtisadi müşavirələr bu baxımdan xüsusi əhəmiyyətə malikdir və təsadüfi deyil ki, daim ictimaiyyətin dərin marağına səbəb olur. Oktyabrın 15-də keçirilən növbəti iqtisadi müşavirə də yeni müzakirələrə yol açan aktual məsələlərlə yadda qaldı. "Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir” deyən Prezident İlham Əliyev ölkənin bundan sonra da inkişaf yolu ilə gedəcəyini bəyan etdi.

Ümumiyyətlə, cari ilin ötən dövrünün yekunları Azərbaycanda iqtisadi inkişafla bağlı elan olunan prioritetlərin reallaşaraq həyata vəsiqə aldığını göstərir. Bunu şərtləndirən əsas amil ölkə iqtisadiyyatının bütün sahələrində, əsasən də qeyri-neft sektorunda artımın baş verməsidir. Elə bu məqam da Azərbaycanda iqtisadi inkişafın hər hansı bir sahə üzrə köklənməyərək kompleks xarakter daşıdığını yenidən bariz şəkildə təsdiq edir. Daha bir mühüm cəhət isə ondan ibarətdir ki, 9 aylıq yekun ölkə rəhbərliyinin qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirdiyi siyasətin özünü doğrultduğunu konkret faktlar əsasında təsdiqləyir. Belə ki, hesabat dövrü ərzində iqtisadiyyatın qeyri-neft sahəsinin inkişafında yeni artım var. O cümlədən qeyri-neft sənayesi də artım nümayiş etdirir.

İqtisadi məsələlərə həsr olunmuş iclasda İlham Əliyev 9 ayın göstəricilərini müsbət qiymətləndirib, bununla belə daha yüksək artıma nail olmaq üçün kifayət qədər imkanların olduğunu bəyan edib: "Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik. Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.


Neqativ hallara qarşı mübarizə gücləndirilir


İclasda Prezidentin qaldırdığı aktual məsələlərdən biri də neqativ hallarla bağlı oldu. Vergi hər bir dövlətin və onun sosial-iqtisadi sabitliyinin əsas vasitələrindən biridir. Müasir iqtisadi şərait, biznes mühiti, xüsusən iqtisadiyyatın strukturunda baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri digər vacib məsələlərlə yanaşı, vergi ödənişlərinin də tam həyata keçirilməsini tələb edir. Çünki vergilərin tam ödənilməsi ölkənin inkişafı, insanların sosial rifahının yaxşılaşdırılması, müdafiə qabiliyyətinin artırılması kimi strateji məsələləri özündə ehtiva edir.

Təsadüfi deyil ki, vergi və gömrük orqanları 9 ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu da hər iki sistemdə aparılan islahatlar və şəffaflıqla bağlı addımların öz səmərəsini verdiyini göstərir. Bu vəsait öz növbəsində il ərzində iki dəfə mühüm sosial qərarların verilməsini, minimum əməkhaqqının, pensiyaların, dövlət orqanlarında çalışanların məvaciblərinin artırılmasını şərtləndirdi. Amma təəssüf ki, vergidən yayınma halları qalmaqdadır. "Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var” deyən dövlət başçısı iclasda bununla bağlı bütün aidiyyəti qurumlara bir daha ciddi tapşırıq verdi. Təbii ki, hər bir şirkət, sahibkar Prezidentin bu sözlərindən nəticə çıxarmalı, cinayət məsuliyyətinə cəlb edilməməsi üçün qanuni şəkildə vergiləri ödəməlidir. Prezidentin qeyd etdiyi kimi, bu vergilər hesabına sosial layihələr icra olunur, məcburi köçkünlər mənzillə təmin edilir, ordumuz gücləndirilir.


Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır


Prezident vergi sistemini misal gətirməklə göstərdi ki, istənilən sahədə islahat aparmaq və vəziyyəti kökündən dəyişmək mümkündür. "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz” deyən İlham Əliyev gələn ilin dövlət büdcəsinin hazırlanması ilə də bağlı mühüm tapşırıqlar verdi, qarşıdakı həftələr ərzində büdcə parametrləri ilə əlaqədar çox fəal iş aparılmasının vacibliyini bildirdi.

Dövlət başçısı gələn ilin büdcə layihəsinin hazırlanması prosesində sərt tələblər də qoydu. Dövlət orqanları büdcə xərclərinin müəyyən edilməsi zamanı şişirdilmiş deyil, real rəqəmlər verməli, hər bir istiqamət üzrə xərci əsaslandırmalı, dövlət və ictimai nəzarət gücləndirilməlidir. Prezident şişirdilmiş rəqəm verənlərin cəzalandırılacağını bəyan etdi: "O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin ilkin parametrləri, gəlir və xərclərinin həcmi artıq ictimaiyyətə açıqlanıb. Yaxın vaxtlarda dövlət büdcəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Artıq məlum olduğu kimi, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq. Xüsusən sosial xərclərin həcmi əhəmiyyətli dərəcədə artırılır. Bu da onu göstərir ki, sosial məsələlər yenə də prioritetdir və həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Gələn ilin dövlət büdcəsi isə istər sosial, istərsə də iqtisadi sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə, həyata keçirilən islahatların vaxtında və səmərəli icra edilməsinə maliyyə təminatı yaradacaq.

Bütövlükdə Prezident İlham Əliyevin yanında oktyabrın 15-də keçirilən iqtisadi müşavirə aktual məsələlərin müzakirəsi və cəmiyyətə verilən mühüm mesajlarla yadda qaldı. Eyni zamanda iclasda da qeyd olunduğu kimi, daha sürətli inkişaf və daha yüksək makroiqtisadi göstəricilərə nail olmaq üçün potensial böyükdür. Bu baxımdan "Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir” deyən Prezident yeni prioritetləri müəyyən etdi, hökumət qarşısında konkret və mühüm vəzifələr müəyyənləşdirdi. Sözsüz ki, bu vəzifələr qarşıdan gələn dövrlərdə yeni və daha yüksək inkişaf göstəricilərinin əldə olunmasını müvəffəqiyyətlə təmin edəcək.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video