18 Oktyabr 2019 01:26
515
SİYASƏT
A- A+

Azərbaycan və Polşa məxfi məlumatları bölüşəcək


Bir çox ölkələrlə məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında sazişlər imzalayan Azərbaycan hökuməti bu sıraya daha bir sənəd əlavə edir. Bundan sonra Azərbaycan Polşa hökuməti ilə də məxfi məlumatları bölüşəcək.

Bu barədə parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dünən keçirilən iclasında Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov məlumat verib.

Komitə sədri bildirib ki, bu ilin may ayının 31-də Azərbaycanla Polşa arasında mühüm sənədlər imzalanıb. Onlardan biri də məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında sazişdir.

"Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi ratifikasiya olunması üçün Milli Məclisə göndərilib. Ölkəmizin bir çox dövlətlərlə bu tipli sənədlər imzaladığını deyən Ziyafət Əsgərov sazişi hər iki tərəf üçün mühüm əhəmiyyətli sənəd adlandırıb.

Müzakirələr zamanı çıxış edən komitə üzvü Aqil Abbas vurğulayıb ki, hazırda Polşa arxivlərində Azərbaycana aid çoxlu sayda mühüm sənədlər mövcuddur. Onların arasında Böyük Vətən müharibəsi illərində döyüşən, əsir düşən azərbaycanlıların taleyi ilə bağlı məlumatlar var. Bu sazişin imzalanması ilə həmin sənədlərin əldə edilməsi mümkün olacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda "Azərbaycan Respublikası Hərbi-Dəniz bayraqları haqqında” və "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuş üçün müzakirəyə çıxarılıb. Komitə sədri Ziyafət Əsgərov qeyd edib ki, dövlət başçısının bu ilin aprel ayında imzaladığı fərmanla "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri” təsdiq edilib. Həmin fərmanla Ali Baş Komandanın bayrağının vahid forması müəyyənləşdirilib. Bu səbəbdən də dəyişikliklər edilməsi təklif edilən bu qanunlarda həmin münasibətlərin tənzimlənməsinə ehtiyac qalmır. Yəni təklif edilən dəyişikliklər qeyd edilən səbəblərdən irəli gəlir.

Komitə üzvləri qanun layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət rəy bildirdilər.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video