17 Oktyabr 2019 02:24
572
SİYASƏT
A- A+

Proqnozlar üstələnir


9 ayın yekunları sosial-iqtisadi inkişafın dinamikliyindən xəbər verir


"Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz”.

İlham ƏLİYEV


Sanki gəlişini bu yaxınlarda qeyd etdiyimiz 2019-cu il artıq sona çatır. Deməli, bütün səviyyələrdə ilin arxada qalan 9 ayı ərzində görülmüş işlərə, əldə olunan yekunlara, eləcə də buraxılan səhvlərə, proqnozların doğrulmasına mane olan nöqsanlara nəzər salmaq, hesabat vermək və nəticə çıxarmaq mümkündür. 3 rübün yekunlarının bir üstün cəhəti də ondan ibarətdir ki, bu dövr ərzindəki mövcud reallığa söykənib ilin necə başa vurulacağı haqqında əsasən real proqnoz söyləmək mümkündür.

Bu baxımdan həm oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə səslənən fakt və göstəricilərə, həm də Dövlət Statistika Komitəsinin ilin 9 ayı üzrə açıqladığı rəqəmlərə əsaslanıb demək olar ki, Azərbaycanın yeni tarixində mühüm dövr kimi yadda qalacaq 2019-cu il də ölkəmiz və xalqımız üçün uğurlu olacaq.


9 ayda 58,4 milyard manatlıqdan çox ÜDM istehsal edilib


Cari ilin yanvar-sentyabr aylarında ölkədə 58 milyard 464,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,5, neft-qaz sektorunda isə 1,1 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövrdə tikinti sektoru istisna olmaqla iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitədə əlavə dəyər 16,4, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 7,1, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 4,9, ticarət; nəqliyyat vasitələrinin təmirində 3, sənayedə 2,5, nəqliyyat və anbar təsərrüfatında 1,3, digər xidmət sahələrində 2,2 faiz artmış, tikintidə isə 5,6 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 5910,1 manata bərabər olmuşdur.


İqtisadi sektorda orta aylıq əməkhaqqı 8,9 faiz artıb


Cari il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 1 milyon 611,1 min nəfər olmuşdur. Onlardan 899 min nəfəri iqtisadiyyatın dövlət, 712,1 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 20,4 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 12,6 faizi digər sahələrdə məşğul olmuşlar.

Məlumatda daha sonra bildirilir ki, yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 589,3 manata çatmışdır. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.


Sənayenin qeyri neft-qaz sektorunda 15,6 faiz artım var


Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə 34,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulları istehsal edilmişdir. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artmışdır.

Sənaye məhsullarının 69,9 faizi mədənçıxarma, 25,2 faizi emal, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Mədənçıxarma sektorunda neft hasilatı 2,8 faiz azalmış, əmtəəlik qaz hasilatı 29,3 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99, tütün məmulatlarının istehsalı 78,5, hazır metal məmulatlarının istehsalı 78,1, kompüter, elektron və optik məhsulların istehsalı 77,2, içki istehsalı 40,4, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2, mebel istehsalı 29,5, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1, kağız və karton istehsalı 25, kimya sənayesi məhsullarının istehsalı 20,6, qida məhsullarının istehsalı 15,1, əczaçılıq məhsullarının istehsalı 12,6, poliqrafiya məhsullarının istehsalı 11,8, geyim istehsalı 10,6, tikinti materiallarının istehsalı 4,2, maşın və avadanlıqların istehsalı 1,8 faiz artmışdır. Artım, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda qeydə alınmışdır - müvafiq olaraq 2,5 və 7,4 faiz.


İnflyasiyanın səviyyəsi 2,6 faiz olub


9 ay ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,5, qeyri-ərzaq mallarının qiymətləri 1,3, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşmışdır.

Dövlət Statistika Komitəsi xəbər verir ki, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalmışdır.

Ay ərzində düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, qatılaşdırılmış şəkərli südün, brınza və tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, portağalın, bananın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, kartofun, şəkərin, qəhvənin, kakao tozunun, dondurmanın, kola içkisinin, limonadın, pivənin qiymətlərində bahalaşma, suda bişmiş kolbasanın, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, naringinin, almanın, armudun, narın, üzümün, kivinin, kələmin, balqabağın, çuğundurun, soğanın, quru noxudun, mərcinin, şəkər tozunun, arağın və energetik içkilərin qiymətlərində ucuzlaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Cari ilin sentyabr ayında avqust ayına nisbətən qeyri-ərzaq mallarından mebel və ev əşyalarının, velosipedlərin, televizorların, kondisionerlərin, boyaların, kərpicin, parketin, kəsilmiş taxtanın qiymətlərində bahalaşma, divar kağızlarının, sementin, soyuducuların, toz şəklində sintetik yuyucu vasitələrin, mobil telefonların, planşet tipli kompüterlərin qiymətlərində isə ucuzlaşma qeydə alınmış, digər qeyri-ərzaq mallarının qiymətlərində isə ciddi dəyişikliklər olmamışdır.


Əhalinin gəlirlərinin artımı ticarət dövriyyəsinə təsirsiz ötüşmür


Yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3 faiz üstələyərək 27,6 milyard manata bərabər olmuşdur.

Ticarət dövriyyəsinin 13 milyard 947,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 630,3 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmişdir. Satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 və 3,3 faiz artmışdır.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

Yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9 faizi ticarət müəssisələri, 49,7 faizi fərdi sahibkarlar tərəfindən, 29,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9, fərdi sahibkarlar üzrə 0,6 faiz artmış, bazar və yarmarkalarda isə 6,3 faiz azalmışdır.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat (2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox) olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları almışdır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video