16 Oktyabr 2019 16:34
1040
Elm və texnika
A- A+

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında müzakirə edilən məsələlərdən biri qurumun nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması olub.

AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli son illər dünyada mövqeyi daha da möhkəmlənməkdə, xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişlənməkdə olan Azərbaycanın dövlət müstəqilliyini əldə etdikdən sonra beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən birinin tarixi İpək Yolunun bərpası layihəsi olduğunu diqqətə çatdırıb. O bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə 1998-ci ilin sentyabrında Bakıda keçirilmiş "TRASEKA – Tarixi İpək Yolunun bərpası” beynəlxalq konfransının qərarları bu tarixi prosesə ciddi təkan verib. Ölkəmizdə həyata keçirilən önəmli infrastruktur layihələri, o cümlədən 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması, dövlət başçısının bu ilin aprelində Pekində "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirakı Azərbaycanın İpək Yolunun bərpası layihəsinə xüsusi önəm verməsinin göstəricisidir.

Akademik İsa Həbibbəyli ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, bu sahədə beynəlxalq təşkilatlar, xüsusilə UNESKO ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O bildirib ki, hazırda İpək Yolunun bərpası layihəsi ilə bağlı beynəlxalq səviyyədə yaranan yeni reallıqlar və çağırışlar, eyni zamanda, dövlət səviyyəsində layihə ilə bağlı fəaliyyətin prioritetliyi bu istiqamətdə araşdırmaların məqsədyönlü koordinasiyası və yeni kompleks tədqiqatların reallaşdırılması zərurətini meydana çıxarıb. Qeyd olunanlar nəzərə alınaraq AMEA Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb. İpək Yolunun tarixi və mədəni irsinin öyrənilməsi, Azərbaycanın bu yol üzərində beynəlxalq ticarət əlaqələrinin və onların respublikamızın siyasi, iqtisadi və mədəni inkişafına təsirinin araşdırılması, ölkəmizin müvafiq istiqamətdə maddi və qeyri-maddi mədəni abidələrinin tədqiqi, bu irsin qorunması və təbliği üçün lazımi ekspert fəaliyyətinin göstərilməsi yaradılacaq qurumun fəaliyyətində prioritetlər olacaq. Həmçinin İpək Yolunun keçdiyi ərazilərdə mühüm tarixi və mədəni yazılı abidələrin tədqiqi, tərcüməsi və nəşrinin təşkili, Azərbaycanın dünya iqtisadi və ticarət sisteminə inteqrasiyası istiqamətində yeni İpək Yolunun yaratdığı imkan və çağırışların araşdırılması və proqnozlaşdırılması, tədqiq və təbliğ sahəsində AMEA-nın müxtəlif institutları və kənar təşkilatlarla fənlərarası elmi-araşdırma və tətbiqi xarakterli layihələrin həyata keçirilməsi kimi məsələlər mərkəzin əsas elmi prioritetləri olaraq müəyyən edilib. Bundan əlavə, mərkəzin Məsləhət Şurasının yaradılması, Əsasnaməsinin hazırlanaraq AMEA Rəyasət Heyətinin müzakirəsinə təqdim edilməsi və digər məsələlər qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video