15 Oktyabr 2019 16:16
1147
PARLAMENT
A- A+

Milli Məclisdə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib


Oktyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində "Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbirin keçirilməsində göstərilən dəstəyə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi. O vurğuladı ki, Prezident İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının Soçidə keçirilən plenar sessiyasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə Görüşündəki çıxışı ilə Dağlıq Qarabağ məsələsinə öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Qeyd olundu ki, bu mövqe hər bir azərbaycanlının mövqeyidir. Dövlətimizin başçısının mötəbər tribunalardan düşmənin işğalçılıq, terrorizmlə bağlı siyasətini kəskin tənqid etdiyi cəsarətli çıxışları ilə hər bir azərbaycanlı qürur duyur.

İclasda çıxış edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Prezident İlham Əliyevin hər iki qətiyyətli bəyanatının Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdiyini diqqətə çatdırdı. O dedi ki, dövlətimizin başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi günün uzaqda olmadığına bir mesaj idi. Bayrağımızın tezliklə Şuşada, Xankəndidə, işğal altında olan digər torpaqlarımızda dalğalanacağına ürəkdən inandığını deyən icma sədri vurğuladı ki, hamımız ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bir nəfər kimi səfərbər olmalı, sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyətimizi davam etdirməliyik.

Dinləmələrdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri - Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov çıxış edərək bildirdilər ki, Prezident İlham Əliyevin erməniləri ifşa edən fikirləri hər bir vətəndaşımız üçün əsl örnək və nümunədir. Ermənilərin saxta iddialarla təxribat xarakterli bəyanatlarına həmişə belə kəskin cavablar verilməli, onlar susdurulmalıdır.

Toplantıda deputatlar Asim Mollazadə, Qənirə Paşayeva, Sevinc Fətəliyeva, Flora Qasımova, Elman Məmmədov, Sahib Alıyev, Elman Nəsirov, Bəxtiyar Əliyev, Aqil Abbas, Rasim Musabəyov, Nəsib Məhəməliyev, Tahir Mirkişili, Araz Əlizadə çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildirdilər.

Qeyd olundu ki, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Dağlıq Qarabağın erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdir.

Sonda komitə sədri Səməd Seyidov dinləmələrə yekun vurdu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video