15 Oktyabr 2019 01:33
1538
SİYASƏT
A- A+

Gələcəyə dəstək


Gənclik daim axtarışda olan, yeniliklərə açıq aparıcı qüvvədir. Bir çox mütərəqqi meyillər cəmiyyət həyatına məhz gənclər vasitəsilə daxil olur, onların əzmkarlığı sayəsində uğur qazanır. Ona görə də gəncliyin hərtərəfli inkişafına dəstək verən hər bir dövlət bununla uğurlu gələcəyinə sərmayə qoyur.

Azərbaycanda gənclərə qayğı, onların fiziki və mənəvi sağlamlığının diqqətdə saxlanması, fərdi inkişafının, məşğulluğunun, ölkənin ictimai həyatında fəal iştirakının təmin olunması həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə ardıcıl işlər görülür, Azərbaycanın hər bir gəncinin dövlətin yaratdığı imkanlardan faydalana bilməsi üçün müvafiq addımlar atılır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 1 oktyabr 2019-cu il tarixli sərəncamı da buna daha bir nümunədir.

Sərəncama əsasən, yeniyetmə və gənc vətəndaşların hərtərəfli inkişafının təmin olunması və Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq. Nümayəndəliklərin təşkili və fəaliyyətinin təmin edilməsi üçün Gənclər Fonduna 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 4 milyon manat vəsait də ayrılıb.

2013-cü il fevralın 7-də yaradılmış Gənclər Fondunun əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirməkdən, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkilindən, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.

Fond indiyə qədər öz fəaliyyət istiqamətləri üzrə bir çox əhəmiyyətli işlər görüb. Gənclərlə bağlı aparılan dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında, elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyaların dəstəklənməsində yaxından iştirak edib.

Azərbaycan Prezidentinin 1 oktyabr 2019-cu il tarixli sərəncamına əsasən Gənclər Fondu xətti ilə şəhər və rayonlarımızda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması da onların fərdi inkişafı və məşğulluğunun təmin olunması baxımından son dərəcə əhəmiyyətli yenilikdir. Bu yenilik dövlət gənclər siyasətinin ümumi məzmununu əks etdirməklə yanaşı, həm də Azərbaycan gəncliyinə olan böyük inamın göstəricisidir.

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi yolunda görülən işlərdə gənclərə yüksək etimad göstərir və Azərbaycan gəncliyindən böyük dəstək alır.


Gənclər siyasətinin uğurları


Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan gəncliyi ilə bağlı müəyyən etdiyi dövlətçilik kursu ötən illər ərzində zəngin bir tarix formalaşdırıb. Bu, Azərbaycan gəncliyinin ayrı-ayrı firqələrin təhlükəli oyunlarından qurtuluşu, dövlət maraqları ətrafında bir araya gəlməsi, dünyanın mütərəqqi inkişaf meyillərinin bir hissəsinə çevrilməsi, elm, təhsil, innovativ gələcəyin qapılarının Azərbaycan gəncliyinin üzünə açılması tarixidir.

Təsadüfi deyil ki, bütün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda gənclərlə bağlı ayrıca bir gün - Gənclər Günü təsis edilmişdir. Hər il fevralın 2-də ölkəmizdə Gənclər Günü qeyd olunur. Bu faktın özü Ulu Öndər Heydər Əliyevin gəncliyə nə qədər böyük dəyər verdiyini, Azərbaycan gəncliyinin timsalında cəmiyyətimizin gələcəyinə aydın baxışlarını parlaq əks etdirir.

Prezident İlham Əliyevin formalaşdırdığı milli dövlətçilik irsi də bu cür əlamətdar məqamlarla zəngindir. 2007-ci il ölkəmizdə "Gənclər ili” elan edildi. Bundan əvvəl və sonrakı illərdə Azərbaycan gəncliyi ilə bağlı xüsusi dövlət proqramları təsdiqlənərək uğurla icra olundu. Bu proqramlar çərçivəsində həyata keçirilən çoxşaxəli tədbirlər sayəsində dövlət gənclər siyasətinin prioritet sahələri üzrə çox böyük kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verdi, nəzərəçarpacaq nailiyyətlər əldə olundu.

Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində aparılan davamlı iş və bununla cəmiyyətimizdə getdikcə yüksələn ruh, istedadlı, yaradıcı gənclərə dövlət qayğısının artırılması, gənclərin təhsil, karyera imkanlarının genişləndirilməsi, ümumiyyətlə bu yöndə görülmüş ardıcıl işlər bəhrəsini verməkdədir.


Strateji baxış


Bu gün Azərbaycanda gənclərin məşğulluğu sahəsində beynəlxalq təcrübəyə əsaslanan fəaliyyətlər inkişaf etdirilir. Gənclərin öz faydalı ideyalarını reallaşdıra bilmələrindən ötrü zəruri ekosistem formalaşdırılır. Xüsusilə regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər intensiv xarakter daşıyır. Ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılır. Gənclər mühüm dövlət vəzifələrinə irəli çəkilir. Dövlətin qayğısı sayəsində ölkəmizdəki gənclər təşkilatlarının hüquqları genişləndirilir, onların layihə və proqramlarına mütəmadi dəstək verilir.

Azərbaycan Prezidentinin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da bu sahədə mühüm tarixi əhəmiyyət daşıyan dövlət sənədidir.

Burada gəncliyin inkişafı dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri kimi təsbit edilib. Strategiyaya uyğun olaraq gənclərin dinamik inkişafı üçün kompleks halda həyata keçirilən tədbirlərin əhatəsi böyüyür. Dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar fonunda Azərbaycan gəncliyinə yeni imkanlar yaradılır.

Gənclərin sosial problemlərinin həlli istiqamətində də mühüm işlər görülür. Burada hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fədakar əməyini də xüsusi qeyd etmək lazım gəlir.

Mehriban xanımın təşəbbüskarı olduğu layihələr sayəsində Azərbaycan gəncliyi oxumaq, öyrənmək, özünü inkişaf etdirmək, uğurlu karyera qurmaq üçün əlverişli mühit qazanır. Bu irimiqyaslı layihələrin, mühüm dövlət tədbirlərinin reallaşdırılmasına gənclərimiz fəal şəkildə cəlb olunur.

Mehriban xanım Əliyevanın hər zaman diqqətdə saxladığı kimsəsiz uşaqların və gənclərin cəmiyyətə inteqrasiyası, sosial problemlərinin həlli, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi yetişməsi istiqamətində gördüyü işlər də mühüm ictimai dəyər daşıyır.


Dəyərlərimizə sevgi


Bu gün ölkə rəhbərinin, ümumən cəmiyyətimizin gənclərimizdən əsas gözləntisi yüksək vətənpərvərlik ruhu, milli-mənəvi dəyərlərimizə sadiqlik, elmin, təhsilin gücü ilə insan kapitalının inkişafına töhfə vermələridir. Gənclərlə görüşlər zamanı Prezident İlham Əliyevin onlara başlıca tövsiyələrindən biri məhz təhsillə bağlı olur: "Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar”.

Azərbaycan Prezidenti gənclərimizin milli, vətənpərvərlik ruhunda tərbiyə almalarını vacib sayır. Çünki əsrlər boyu başqa dövlətlərin, imperiyaların tərkibində bizim milli ruhumuzu, kimliyimizi qoruyan məhz dəyərlərimiz olub. Bu dəyərlərimizi - ana dilimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, adət-ənənələrimizi qlobal təsirlərdən qorumaq müstəqil Azərbaycan gəncliyinin də ümdə vəzifələrindəndir. Gələcəkdə dövlətimizin, xalqımızın milli maraqlarını yalnız milli ruhda yetişmiş gəncliyimiz qoruya bilər.

"Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir” deyir Prezident İlham Əliyev. Həm də əlavə edir: "Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.

Bu siyasət Azərbaycanda yüksək vətənpərvərlik ruhuna malik gənc nəsil yetişdirib. Onlar milli istiqlalımız, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunun daşıyıcılarıdır.


Başlıca vəzifə milli maraqları qorumaqdır


Ölkə Prezidentinin həyata keçirdiyi siyasət Azərbaycan gəncliyinə milli-dini dözümlülük, sülhsevərlik, humanizm kimi ali dəyərlər aşılayır. Gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi qayğısına qalır, gözəl həyat tərzini təbliğ edir. Gənc alim və tədqiqatçıların fəaliyyətini dəstəkləyir, gəncləri elmə həvəsləndirir. Ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin mütərəqqi ideya və təşəbbüslərini dəstəkləyir. Onların bilik və bacarıqlarının inkişafına kömək göstərir. Müxtəlif startap ideyalarına malik gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına meydan verir. Ölkədə gənclərin könüllülük hərəkatını genişləndirir, beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakını dəstəkləyir, xüsusi qayğıya ehtiyacı olanların cəmiyyətə inteqrasiyasını təmin edir.

Bütün bunları özündə birləşdirən gənclər siyasəti Azərbaycanı milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə çatdırmış Prezident İlham Əliyevin yerinə yetirdiyi tarixi missiyadır. Formalaşan milli düşüncə bizləri əməllərə çağırır, iş görməyə, Azərbaycanın qüdrətini artırmağa səsləyir.

İstənilən beynəlxalq toplantıların ali tribunalarından Azərbaycanın haqq səsini dünyaya bəyan edən, əsl həqiqətləri faktlarla, sübutlarla ortaya qoyan Prezident İlham Əliyev bu günlərdə Soçiyə səfəri zamanı da prinsipial siyasətinə sadiq qalaraq bir daha Ermənistana çox ciddi xəbərdarlıq etdi. Bu ölkənin baş nazirinin səsləndirdiyi məsuliyyətsiz bəyanatının üstündən xətt çəkdi. Müzakirələrin kulminasiyası isə Prezident İlham Əliyevin müdrik, düşünülmüş NİDA cavabı oldu. Bu, nəinki ermənilərə, eyni zamanda onların himayədarlarına da sərt və tutarlı cavab kimi tarixə düşdü. Bununla da Azərbaycanın Prezidenti prinsipial mövqeyini bir daha dünyaya bəyan etdi.


"Gənclər, mən sizə inanıram, güvənirəm”


Həyat, təbii ki, daim inkişafdadır. Davamlı inkişaf prosesləri Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin də yeni səviyyəyə yüksəldilməsini aktuallaşdırır. Dövlət rəhbərinin Azərbaycan gəncliyi ilə bağlı yeni qərarları, müəyyən etdiyi vəzifələr də məhz bu mərama xidmət göstərir, ölkəmizin, cəmiyyətimizin inkişafı üçün gəncliyin enerjisindən, yenilikçi potensialından məqsədyönlü şəkildə istifadə zərurətini önə çəkir.

Azərbaycan Prezidentinin gəncliyimizə xitabən söylədiyi bu kəlmələr də qloballaşan dünyamızda hər bir Azərbaycan gəncinin şərəflə daşımalı olduğu mənəvi missiyadır: "...Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.

Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə müraciəti onun gələcəyə ünvanlanmış çağırışıdır.

Vətənin sabahı bu inamdan, bu güvəndən başlanır!

Azərbaycan gəncliyi hər zaman ona olan bu etibarı, bu sadiqliyi doğruldur və bundan sonra da doğruldacaqdır!

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video