14 Oktyabr 2019 23:55
427
SİYASƏT
A- A+

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib


Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kursantları salamlayıb, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması və məktəb üçün müasir tədris kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək deyib: Hər bir müstəqil ölkənin mövcudluğunun mühüm şərtlərindən biri də ictimai-siyasi sabitlik və bunun təminatçısı olan polis orqanlarıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Dahi şəxsiyyət bu zərurəti əsas götürərək ölkəmizə birinci rəhbərliyi dövründə Daxili İşlər Nazirliyi sistemində çalışanların vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi diqqət yetirmiş, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradılmış, onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirilmişdir.

Ali Məclisin Sədri deyib: Ulu Öndərin müəllifi olduğu dövlət quruculuğu strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sabitlik və əmin-amanlıqdır. Dövlət başçısının qayğısı ilə digər sahələrlə yanaşı, polis orqanları üçün də müasir iş şəraiti yaradılmış, maddi-texniki baza təkmilləşdirilmişdir. Bütün bunlar da polis orqanlarının peşəkar kadrlarla təminatını zəruri edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması da bu sahədə görülən işlərin tərkib hissəsidir.

Qeyd olunub ki, Orta İxtisas Polis Məktəbinin yaradılması mühüm əhəmiyyətə malikdir. Orta İxtisas Polis Məktəbi hüquq-mühafizə orqanlarının orta rəis heyətinə olan tələbatını ödəyəcəkdir. Məktəb fəaliyyətə başladığı tarixdən böyük marağa səbəb olub, ötən dövrdə qəbul üçün 150-dən çox müraciət edilib. Qanunvericilikdə nəzərdə tutulmuş normativlərə uyğunluq yoxlandıqdan və imtahanlardan sonra 25 kursant məktəbə qəbul olub.

Ali Məclisin Sədri kursantlara müraciətlə deyib: Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədаqətli olmaqdan, vəzifə və vətəndаşlıq bоrcunu vicdanla yerinə yetirməkdən ibarətdir. Bu gün Orta İxtisas Polis Məktəbinə qəbul olunanlar da yaxşı oxumaqla yanaşı, həm də vətənpərvər yetişməlidirlər. Özünüzü ciddi intizama və zabit məsuliyyətinə indidən hazırlamalı, çox mütaliə etməli, müasir texnologiyaları yaxşı mənimsəməli və onlardan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnməlisiniz. Məktəb lazım olan ən müasir tədris şəraitinə malikdir. Bu da zabit və müəllim heyəti üçün geniş imkanlar açır. Ona görə də tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələr seçilməlidir. Kursantlara vətənpərvərlik hissləri aşılanmalı, onlar dövlətə, xalqa sədaqət ruhunda tərbiyə edilməlidirlər. Xidməti vəzifələrə məsuliyyətlə yanaşmaq, mətinlik, fiziki dözümlülük və peşəkarlıq ön plana çəkilməli, hər bir kursant nəzəri və praktik biliklərlə yanaşı, həm də ümumi intellektual təfəkkürə malik kadrlar kimi hazırlanmalı, qanunvericilik bazası dərindən öyrənilməlidir.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məktəbin fəaliyyətinin təmin olunması sahəsində bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməli, tədrisin keyfiyyəti yüksəldilməlidir. Muхtаr rеspublikаda polis оrqаnlаrının mаddi-tехniki bаzаsı ən müаsir səviyyəyə çаtdırılıb. İstər nazirlik, istərsə də bütün ərаzi pоlis оrqаnlаrı üçün müasir iş şəraiti olan inzibаti binаlаr istifadəyə verilib. Kursantların gələcəkdə səmərəli fəaliyyət göstərməsi üçün lazımi imkanlar vardır. Daxili İşlər Nazirliyi muxtar respublikanın digər hüquq-mühafizə orqanlarında da orta rəis heyətinə olan tələbatı öyrənməli, kursantlar maraqlarına və potensiallarına uyğun sahələrə yönəldilməlidirlər.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb, Orta İxtisas Polis Məktəbinin müəllim, kursant və zabitlərini bir daha yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edərək deyib ki, bu gün muxtar respublikada sabitlik, təhlükəsizlik və hərtərəfli inkişaf davamlı xarakter alıb. İctimai-siyasi və sosial-iqtisadi həyatın elə bir sahəsi yoxdur ki, diqqətdən kənarda qalsın. Son iki ildə Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi üçün alınan xüsusi-texniki avadanlıqlar, avtomobil texnikaları, şəxsi heyətin iş şəraitinin yüksəldilməsi üçün nazirliyin inzibati binasında həyata keçirilən əsaslı təmir-tikinti işləri böyük qayğının əyani ifadəsidir. Orta İxtisas Polis Məktəbinin yaradılması da muxtar respublikanın təhlükəsizliyinə və gənclərdə dövlətçiliyə xidmət fəlsəfəsinin formalaşmasına hesablanmış vacib qərar kimi mühüm tarixi əhəmiyyətə malikdir. Bu gün məktəb üçün müasir tədris kompleksinin istifadəyə verilməsi kursantların, eləcə də sıravi və kiçik rəis heyətindən olan dinləyicilərin yüksək səviyyədə təhsil alması ilə yanaşı, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsinə, innovativ düşüncənin və rəqabətədavamlı biliklərin əldə olunmasına, müasir texnologiya və informasiya mühitində sərbəst davranışın təşviqinə, həmçinin günün nizam qaydalarına uyğun vaxtlarının səmərəli təşkilinə töhfə verəcəkdir.

Fazil Ələkbərov Daxili İşlər Nazirliyinin şəxsi heyətinin bundan sonra da ulu öndər Hеydər Əliyеvin ideyalarınа sаdiq qаlаraq muxtar respublikada sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasını təmin edəcəklərini bildirib, göstərilən qayğıya görə minnətdarlıq edib.

Kursant Həsən Həsənli çıxış edərək deyib: "Muxtar respublikada gənclərin sağlam və vətənpərvər ruhda böyümələri və yüksək səviyyədə təhsil almaları üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Qeyd olunanların bariz nümunələrindən biri də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılmasıdır. Ali Məclisin Sədri çıxışlarının birində demişdir: "Gənclərin bir yolu var, bu yol ölkəmizdə uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”. Bu fikirlər kursantların əsas fəaliyyət istiqamətidir. Mən polis ailəsində böyümüşəm. Uşaq yaşlarımdan polis olmaq arzusunda olmuşam. Mənim və kursant yoldaşlarımın, eləcə də gələcək illərdə Orta İxtisas Polis Məktəbinə qəbul olacaq yüzlərlə gəncin arzuları reallığa çevrilib. Yaradılan yüksək şəraitə görə minnətdarlığımızı bildirir və söz veririk ki, peşəkar polis zabiti kimi yetişəcək, gələcək xidmətimizdə dövlətçiliyə daim sadiq qalacağıq”.

Sonra Ali Məclisin Sədri Orta İxtisas Polis Məktəbinin şəxsi heyəti ilə xatirə şəkli çəkdirib, yeni tədris kompleksinin açılışını edib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, məktəb kompleksi tədris korpusundan, yeməkxana və yataqxana binalarından ibarətdir. Tədris korpusunda auditoriyalar, 3 elektron lövhəli sinif, xüsusi hazırlıq fənləri üçün kabinələr, kompüter sinfi, kriminalistik laboratoriya, tibb otağı, 90 yerlik iclas zalı və 3 min kitab fondu olan kitabxana yerləşir. Kitabxanada ulu öndər Heydər Əliyevin və ölkə Prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən siyasi ədəbiyyatlar, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşə yaradılıb. Binanın inzibati hissəsində əməkdaşlar üçün xidməti otaqlar, növbətçi hissə, müşavirə və server otaqları mövcuddur. Məktəbdə sıravi və kiçik rəis heyətinin ilkin hazırlıq kursunun səmərəli təşkili üçün də hərtərəfli şərait yaradılıb.

Avtonəqliyyat vasitələrinin istismarı və yol hərəkəti kabinəsində müasir sürücü təlim simulyatoru quraşdırılıb. Bildirilib ki, texniki göstəriciləri və parametrləri avtomobillə eynilik təşkil edən simulyator müxtəlif yol və hava şəraitində təlimin keçirilməsinə imkan verir. Yol hərəkətinin təşkili və nizamlanması istiqamətində inspektorların hazırlanmasında mühüm əhəmiyyətə malik olan simulyator idarəetmə və nəzarət panelindən ibarətdir. Təlim zamanı sürücünün avtomobili idarə etməsini fərqli kameralardan izləmək və onun idarəetmə bacarığını yoxlamaq mümkündür.

Kompleksdə kursantlara praktiki təlim atışlarını və mürəkkəb əməliyyat şəraitində çevik qərar qəbuletmə vərdişlərini öyrətmək məqsədilə texnologiyanın ən müasir növləri ilə təchiz edilmiş interaktiv atəş hazırlığı sinfi, eləcə də çoxfunksiyalı idman alətləri ilə təmin olunmuş qapalı idman zalı qurulub. Qeyd olunub ki, interaktiv atəş sistemi kompüter, proyektor və lazer başlıqları quraşdırılmış silahlardan ibarətdir. Düzgün nişanalma və hədəfin kəşf olunması qaydaları, praktiki atəşin yerinə yetirilməsi və səhra şəraitində atəş tapşırıqlarının icrası müxtəlif mərhələlər vasitəsilə sursat sərf etmədən kursantlara öyrədiləcəkdir. Bu sistemin əsas üstün cəhətlərindən biri də kursantlara interaktiv videolar vasitəsilə müxtəlif şəraitlərdə düzgün və ani qərar qəbuletmə vərdişlərinin aşılanmasıdır. Eyni zamanda, muxtar respublikanın əməliyyat şəraitinə uyğun videoların hazırlanması, sistemə inteqrasiyası və öyrədilməsi də mümkündür. Praktik atəşdən sonra bütün qiymətləndirmələr kompüterin yaddaşında elektron lövhəli sinfə köçürülür ki, bu da yol verilən nöqsanların təhlil olunmasına imkan verir.

130 yerlik yataqxana binası mebel və yataq dəstləri ilə təmin edilib, kursantlar üçün məişət və istirahət guşəsi yaradılıb. Həmçinin binada bərbər və dərzi otaqları, anbarlar, hamam və çamaşırxana istifadəyə verilib. 160 nəfərlik yeməkxanada kursant və zabitlər üçün ayrı zallar, mətbəx, ət və tərəvəz məhsullarının emalı otaqları, ərzaq və əşya anbarları vardır.

Ali Məclisin Sədri tədris prosesində elektron dərsliklərdən istifadə olunması, kursantların atəş hazırlığına və qidalanmasına diqqətin artırılması, eləcə də yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlar verib.

Məktəbin həyətində sıra təlimi meydançası yaradılıb, fiziki hazırlıq məşğələlərinin təşkili üçün açıq idman qurğuları qoyulub, yaşıllıqlar salınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video