13 Oktyabr 2019 22:46
540
CƏMİYYƏT
A- A+

Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib


Oktyabrın 13-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) prezidenti Ayxan Taha iştirak ediblər.

Baş Assambleyanın Türk Şurasının Zirvə görüşü ərəfəsində keçirildiyini deyən Şuranın Baş katibi Bağdad Amreyev bildirib: "Zirvə görüşü öncəsi ilk dəfə olaraq gənclər bir araya gəlib fikir mübadiləsi aparır və əməkdaşlıq üçün yeni yolları müzakirə edirlər. Bir sözlə, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur. Bu tarixi hadisə həm də ölkələr arasındakı mövcud əməkdaşlıqda yeni səhifə açır”.

Azərbaycanın Baş Assambleyanın Bakıda keçirilməsini təklif etdiyini vurğulayan B.Amreyev deyib: "Baş Assambleyada Türk Şurası Gənclər Platformasının İdarə Heyətinin, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün Fəaliyyət Planının və Zirvə görüşünə təqdim etmək üçün gənclərin tövsiyələrinin hazırlanması da nəzərdə tutulur”.

Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyasının Bakıda keçirilməsi tarixi hadisədir. Bu hadisə ölkələrimiz arasında mövcud əməkdaşlıqda yeni bir səhifə açır. Əminəm ki, platforma çərçivəsində əməkdaşlığımız birgə səylərimiz nəticəsində faydalı olacaq və gənclərin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir. Bildiyiniz kimi, Baş Assambleya Türk Şurasının Zirvə görüşü ərəfəsində keçirilir. Əminəm ki, belə görüşlər ənənə halını alacaq və davamlı olacaq. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meyilləri gücləndirməliyik.

A.Rəhimov, həmçinin bildirib ki, bizi birləşdirən bir sıra dəyərlər var. Bunlar bizim soykökümüz, ortaq mədəniyyətimiz və tariximizdir. Hazırda baş verən hadisələr dünyanın yeni bir mərhələyə keçdiyini deməyə əsas verir. Hadisələrin gedişi bizdən daha sürətli inteqrasiya tələb edir. Türk Şurası hamımız üçün yaxşı bir fürsət və alternativsiz bir platformadır. Əminəm ki, Gənclər və İdman nazirlərinin toplantılarında verdiyimiz qərarlar xalqlarımız arasında əsrlərboyu mövcud olmuş sıx əlaqələrin daha da möhkəmlənməsinə sürətli təkan verəcək.

"Bu günədək İstanbul (2016), Bakı (2017) və Astanada (2018) Gənclər və İdman nazirlərinin üç toplantısı keçirilib. Türk Şurasında bu istiqamətdə daimi işçi qrupu fəaliyyət göstərir. 2015-ci ilin fevralından Türk Şurası çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığa başlanılıb. Bu müddət ərzində biz birlikdə böyük yol keçmişik. Görülən işlərə baxdıqda əməkdaşlığın düzgün istiqamətdə getdiyini əminliklə söyləyə bilərik”, - deyə nazir vurğulayıb.

Tədbir türkdilli dövlətlərin gənclər təşkilatlarının nümayəndələrinin çıxışları ilə davam edib.

Sonda Türk Şurası Gənclər Platformasının sədri vəzifəsinə seçkilər keçirilib. "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov seçkilərdə qalib gələrək Türk Şurası Gənclər Platformasının sədri vəzifəsinə seçilib.

Xatırladaq ki, Türk Şurasının ötən ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Zirvə görüşü gənclər və idman məsələlərinə həsr olunub. Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə dövlət başçıları bu sahədə görülmüş işləri yüksək qiymətləndirib və Türk Şurası Gənclər Platformasının fəaliyyətə başlaması üçün zəruri addımların atılmasının vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video