13 Oktyabr 2019 00:53
2033
SİYASƏT
A- A+

Ali Baş Komandana Lələtəpədən əsgər raportu: “Şuşada, Xankəndidə zəfər NİDAsını qoymağa tam hazırıq”


Ən çətin döyüş tapşırığının öhdəsindən gəlməyə qadir olan Azərbaycan hərbçisinin qələbə əzmi çox yüksəkdir


Ön xətdəyik...

Yüksəklikdə dalğalanan Azərbaycan bayrağına doğru irəliləyirik. El arasında "Laləli təpə” deyirlər bu yüksəkliyə... Amma bu gün o, adi bir təpə deyil. Şəhid qanı ilə yoğrulan Vətən torpağı, qurtuluş dastanı, bəlkə də qalibiyyət mərhələsinin başlanğıcıdır...

3 il öncə, Aprel döyüşlərində hərb tariximizin qəhrəmanlıq salnaməsinə öz şərəfli imzalarını ataraq ölümsüzlüyə qovuşan igid oğullarımızın miras qoyub getdikləri bu yüksəklik artıq bizim üçün müqəddəsləşən zirvədir...


Qürur ünvanı


Yolumuz səngərə dayanıb. Barıt qoxulu, neçə-neçə qəhrəmana sipər olan bu səngərdə Azərbaycan əsgəri hərbin ən çətin missiyasını yerinə yetirir. Amma bu missiya onlar üçün fəxarətdir, qürurdur. Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin nəzarət etdiyi Lələtəpə yüksəkliyində Azərbaycan əsgəri mətin dayanıb.

Zabit Elgiz İbrahimov deyir ki, səngərimizlə düşmən postu arasında məsafə çox azdır. Ancaq buna baxmayaraq, səngərimiz effektiv müdafiə sistemi, yüksəksəviyyəli müdafiə qurğuları ilə təmin edilib.

Düşmən tapdağından azad edilən bu strateji yüksəklikdə belə bir müdafiə sisteminin yaradılması istənilən təxribatlara adekvat cavab verməyə imkan yaradır.

Ayıq növbədə olan əsgər Nurlu Əlqismət növbətçiliyi zamanı heç bir hadisə baş vermədiyini məruzə edir. Lələtəpə yüksəkliyində xidmət etməsini özünə şərəf bilən əsgər deyir ki, vətən torpaqlarını qorumaqdan qürurlu heç nə ola bilməz. Lənkəran şəhərindən həqiqi hərbi xidmətə çağırılan Əlqismət özünü mübariz əsgər kimi hiss edir: "Fəxr edirəm ki, Lələtəpədə xidmət edirəm. Bura hər bir əsgər üçün müqəddəs məkandır. 3 il öncə hərbi hissəmiz buranı düşmən tapdağından azad edib. Hər gün Lələtəpədən qarşıda görünən Cəbrayıl rayonunun işğal altındakı kəndlərinə baxanda fikirləşirəm ki, görəsən, xidmətim dövründə o torpaqlara ayaq basa biləcəyəmmi?

Məndən öncə hərbi hissəmizdə xidmət edən əsgərlər döyüşərək bu yüksəkliyimizi azad ediblər. Mən də evə qəhrəman kimi dönmək istəyirəm. Lələtəpədən Şuşaya qədər döyüşməyə gücümüz də var, cəsarətimiz də...”

Döyüş növbəsində olan əsgər Nəsib Xanışlı çox ayıq-sayıqdır. Diqqətini yayındırmadan suallarımızı cavablandırır: "Bura elə bir yerdir ki, bir anlıq diqqətsizliyinlə həm özünün, həm də digər əsgər yoldaşlarının həyatı üçün təhlükə yarada bilərsən. Ona görə də burada xidmət etmək bizdən daha da məsuliyyətli olmağı tələb edir. Çünki Lələtəpə strateji yerdir. Buradan düşmənin istənilən hərəkətini izləmək, hücumunun qarşısını asanlıqla almaq mümkündür. Burada daim düşməni nəzarətdə saxlayırıq”.

Əsgərin cavabı bizi qürurlandırır. Səngərdə, düşmənlə üzbəüz mövqedə əsgərin dilindən deyilən bu sözlər onların vətənə ürəkdən bağlı olduqlarını göstərir.


Yüksəksəviyyəli təchizat


Şəxsi heyətin sosial-yaşayış şəraiti ilə maraqlanmaq üçün kazarmaya üz tuturuq. Müasir tələblərə cavab verən kazarmada əsgərlər üçün hər cür şərait yaradılıb. Təşviqat guşəsində Azərbaycan Konstitusiyası, dövlət rəmzlərimiz barədə məlumatlar, Ali Baş Komandan İlham Əliyevin ordu ilə bağlı fikirləri yer alıb. Həmçinin divardan Aprel döyüşlərində şəhid olan hərbi qulluqçuların şəkilləri asılıb. Burada anbar, mətbəx, sanitariya qovşağı da mövcuddur.

Döyüş növbəsindən qayıdan əsgərlər kazarmada rahat dincəlir, televizora baxır və ya həvəskarlar şahmat, domino oynayır, qəzet oxuyur, bir sözlə, istirahətlərini səmərəli keçirirlər.

Zabit Elgiz İbrahimov deyir ki, hərbi hissə komandanlığı şəxsi heyətin döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirir. Çünki ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır. Aprel zəfəri isə yüksək döyüş hazırlığına malik olan əsgərlərimizi elə ruhlandırıb ki, yalnız hücum, qələbə barədə düşünürlər: "Biz ən qabaqdayıq və burada xidmət etmək hər bir hərbçi üçün qürurvericidir. Əvvəllər əsgərlər ön xəttə gələndə həyəcan keçirirdilər. Ancaq indi Azərbaycan gənclərinin sanki döyüş ruhu, vətənpərvərlik hissi daha da yüksəlib. Bütün bunların səbəbi Aprel döyüşlərində əldə edilən böyük zəfərdir. Bu yüksəkliyin düşməndən geri alınmasında hərbi hissəmizin qəhrəman oğulları canlarından keçiblər. Biz də hər an onlar kimi qəhrəmanlıq göstərməyə qadirik. Biz ermənilərdən çox güclüyük. Bunu 3 il öncə də sübut etmişik. Bu gün də güclü ordunun əsgərləriyik və hər an döyüşə hazırıq”.


"Prezidentin "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı erməniləri yaman qorxuya salıb”


İstirahətdə olan əsgərlərlə çay süfrəsi ətrafında əyləşib səmimi söhbət etmək üçün kazarmaya üz tuturuq. İçəridəki əsgərlər öz aralarında maraqlı söhbətlər edirlər. Kazarmaya daxil olmağımızdan xəbərsizdirlər. Hiss olunur ki, çox pozitiv əhval-ruhiyyədədirlər. Sakit dayanıb söhbətə qulaq şahidliyi edirik.

Əsgərin biri deyir: "Ay qardaşlar, birinci dəfə deyil ki, Prezidentimiz Ermənistana, onun rəhbərinə belə xəbərdarlıq edir. Yadınızdadırsa, Aprel döyüşlərindən sonra da belə hal baş vermişdi. O zaman Ermənistanın prezidenti Sarkisyan beynəlxalq toplantıda Azərbaycanı atəşkəsi pozmaqda, dinc əhalini qətlə yeriməkdə ittiham etmişdi. Amma Prezidentimiz yenidən söz alaraq onun yalanlarını ifşa elədi. Sarkisyanı hətta öz ölkəsində "topa tutdular”, lağa qoydular. İndi də Paşinyan həmin aqibəti yaşayır”.

Digər əsgər: "Bircə onu bilirəm ki, Prezidentimizin "Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsindən sonra ermənilərin kürkünə birə düşüb. Aprel döyüşlərindən sonra necə qorxuya düşmüşdülərsə, indi də o vəziyyətdədirlər. Qoy həmişə bu gündə olsunlar. Eşq olsun Ali Baş Komandanımıza!”

Azərbaycan əsgərinin bu fikirləri bizi də qürurlandırır. Söhbətlərindən bəlli olur ki, Prezident İlham Əliyevin oktyabrın 3-də Rusiyada keçirilən "Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi fikirlər, beynəlxalq konfransın tribunasından işğalçı Ermənistanın baş naziri N.Paşinyanın avqustun əvvəlində Xankəndidə söylədiyi "Qarabağ Ermənistandır və nöqtə” sərsəm, məsuliyyətsiz bəyanatına tutarlı cavabı əsgərlərimizi daha çox ruhlandırıb.

Çay süfrəsi ətrafında əyləşib mətin əsgərlərlə söhbəti davam etdiririk. Əsgərlərdən Emin Səmədov, Niyaməddin Cabbarov, Murtuz Namazov, Sərxan Abdullayevin fikirləri diqqətimizi çəkir.

Əsgər Murtuz Namazov deyir ki, hərbi xidmətə gəlmədən öncə də Azərbaycan Prezidentinin xarici səfərlərini, konfranslarda çıxışlarını maraqla izləyib: "Elə bir konfrans yoxdur ki, Ali Baş Komandan orada Qarabağ münaqişəsindən danışmasın, Ermənistanın işğalçı ölkə olduğunu bəyan etməsin”.

Əsgər Niyaməddin Cabbarov: "Ali Baş Komandan Ermənistanın baş nazirinə sanki tərs şillə vurdu. Dedi ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, bunu dünya da bilir, vəssalam”.

Əsgər Emin Səmədov: "Həqiqətən də Ali Baş Komandanın çıxışları, işğalçı ölkəyə etdiyi xəbərdarlıqları bizi çox qürurlandırır. Qələbə nidasını Şuşada, Xankəndidə qoymağa tam hazırıq. Kaş ki döyüşlər başlayaydı, qovaydıq erməni əsgərini torpaqlarımızdan. Bizdən öncə bu yüksəkliyi düşməndən azad edənləri "Lələtəpə fatehləri” adlandırdılar. İstəyirik ki, bizlər də "Şuşa fatehləri” olaq. Kaş ki böyük qələbə bizim hərbi xidmət keçdiyimiz dövrə düşə...”

Göründüyü kimi, Azərbaycan əsgəri döyüş səngərində tək vətənin keşiyini çəkmir, həm də asudə vaxtında qəzet oxuyub, gündəlik xəbərləri izləyib ictimai-siyasi prosesləri də izləyiblər. Hərbçilərimizin yüksək döyüş ruhu insanda bir əminlik hissi yaradır ki, bu əsgər istənilən döyüş tapşırığından zəfərlə çıxar.

Lələtəpə yüksəkliyində belə bir mənzərənin şahidi olmaq həqiqətən qürurvericidir. Elə bu xoş hisslərlə əsgərlərimizlə sağollaşıb səngərlərdən bir qədər aralıda yerləşən hərbi hissəyə yollanırıq.


Zəngin qida rasionu, bol çeşidli xörəklər


Nahar vaxtına az qalıb. Bir qədərdən sonra hərbi hissənin şəxsi heyəti yeməkxanaya daxil olacaq. Biz isə şəxsi heyətdən öncə yeməkxanaya daxil olub naharın hazırlanma prosesini izləyirik. Bütün avadanlıqla təchiz edilmiş yeməkxanada mətbəx, təsərrüfat otaqları, eləcə də ərzaq və əşya anbarları var. Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılmasına xüsusi diqqət yetirilir, milli yeməklərin hazırlanmasına üstünlük verilir.

Yeməkxana rəisi gizir Vüqar Abduraxmanov deyir ki, yeməkxanada ancaq mülki işçilər çalışır. Şəxsi heyət üçün hazırlanan gündəlik yeməyin çeşidi isə çox zəngindir. Səhər yeməyində əsasən əsgərlərə südlü düyü və ya vermişel, soyutma yumurta, cem, yağ, qayğanaq, kolbasa verilir. Naharda isə 2 çeşiddə yemək bişirilir. Həftənin müxtəlif günlərində sulu yeməklərdən mərci, noxud şorbası, borş, küftə, əriştə, quru yeməklərdən isə qovrulmuş ətlə və ya qiymə ilə makaron, qarabaşaq, düyü, bulğur, vermişel hazırlanır. Şam yeməyində balıq konservi ilə bulğur, qarabaşaq, kartof püresi, düyü sıyığı verilir. Həmçinin hərbçilər mövsümi tərəvəz salatları və şirələrlə təmin edilirlər.

Artıq nahar vaxtıdır. Şəxsi heyət növbə ilə yeməkxanaya daxil olur. Günortanın rasionunda vermişel supu, qovrulmuş ətlə bulğur sıyığı, kələm salatı, meyvə şirəsi var. Hər kəs növbə ilə istədiyi xörəyi seçib iştahla yeməyə başlayır. Biz də əsgərlərə bişirilən nemətlərdən dadırıq. Sanki evimizdə nahar edirik.


Əsgərin mənəvi-psixoloji durumu da, qələbə əzmi də yüksəkdir


Nahardan sonra Aprel döyüşlərində böyük şücaət göstərərək adını hərb tariximizə qızıl hərflərlə yazdıran hərbi hissə ilə tanış oluruq. Qalib gələn hərbi hissə öz qəhrəmanları ilə öyünür. 4 Milli Qəhrəmanı olan hərbi hissənin 9 zabiti "Azərbaycan bayrağı” ordeni, 4 hərbçisi "Vətən uğrunda”, 26 hərbçi isə "İgidliyə görə” medalları ilə təltif olunub.

Hərbi hissənin ərazisində qərargah, kazarmalar, yeməkxana, tibb məntəqəsi, hərbi hissəyə təşrif buyuranlar üçün qonaq otaqları və hamam kompleksi mövcuddur. Hərbçilərin idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün şəhərcik də salınıb. Qərargahın binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, hərbçilərlə görüşlərini əks etdirən və alayın Aprel döyüşlərində şəhid olmuş igidlərinin, eyni zamanda Azərbaycanın bütün Milli qəhrəmanlarının fotolarından ibarət guşə yaradılıb. Ön cəbhədəki hərbi hissənin əsgər kazarmalarında səliqə-sahmana, təmizliyə söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var.

Azərbaycan əsgərinin mənəvi-psixoloji durumu, hərbi və maddi-texniki təchizatı, döyüş hazırlığı, bir sözlə, ümumi vəziyyəti ilə əyani surətdə tanış olmaq, qazanılan uğurlara canlı şahidlik etmək ayrı bir hissdir. Bütün bunlardan sonra insanda ordumuzun gücünə bir əminlik yaranır. Ən müasir hərbi texnikaları, yeni silahları və onları asanlıqla istifadə etməyi bacaran şəxsi heyətlə tanışlıqdan sonra bir daha Azərbaycan Ordusuna güvənib inanırsan ki, işğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, ordumuz onu məhv edə bilməsin.

Bir sözlə, ən çətin döyüş tapşırığının öhdəsindən layiqincə gəlməyə hər an hazır olan Azərbaycan əsgərinin qələbə əzmi çox yüksəkdir.


Rəşad BAXŞƏLİYEV,

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video