13 Oktyabr 2019 00:53
1164
SİYASƏT
A- A+

İlham Əliyev Ermənistan hakimiyyətini faşistləri qəhrəmanlaşdırmaqda ittiham etdi


Bu gün dünya miqyasında ən böyük təhdidlərdən biri də neofaşizmin yenidən təşəkkül tapmasıdır. Hazırda neofaşist ideyaları bəşəriyyətə qarşı yönəlmiş qanlı siyasət kimi qiymətləndirilir və onunla qətiyyətli mübarizə mühüm vəzifəyə çevrilir. Çünki beynəlxalq ictimaiyyət belə düşmənçilik yaradan təbliğatın yenidən dünyanı böyük fəlakətlərə sürükləyə biləcəyini yaxşı dərk edir. Lakin bəşəriyyətin daha böyük inkişafa doğru irəlilədiyi bir vaxtda elə ölkələr də tapılır ki, neofaşizmi dövlət siyasəti səviyyəsinə yüksəldir.

Bu xüsusda neofaşizm ideyalarını dirçəltməyə və yaymağa can atan Ermənistan indi daha çox seçilməkdədir. Təəssüf ki, neofaşizm bu gün Ermənistanda yeni intibah mərhələsini yaşamaqda, çoxsaylı tərəfdarlar toplamaqdadır.

Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması ilə bağlı tutarlı fikirləri daha çox diqqət mərkəzində yer alıb. Dövlət başçısı çıxış edərək deyib ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir”.

Xatırladaq ki, bir neçə ay öncə rəsmi Moskvanın hazırladığı "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın müasir formalarının və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” sənəd dünyanın bir sıra ölkələrində müşahidə olunan nasizm, neonasizm, ksenofobiya və onlarla bağlı dözümsüzlük hallarının artmasına beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istiqamətində Rusiya XİN-in səylərinin davamıdır.

Qeyd olunur ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası tərəfindən Üçüncü Reyxlə əməkdaşlıq edən Qaregin Njde kimi qaragüruhçu "siyasətçi”nin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atılıb. Həmçinin sənəddə Ermənistanın millətçi cərəyana məxsus siyasi təşkilatları arasında 2018-ci ilin payızında siyasi partiya kimi qeydiyyata alınmış "Sasna Tsrer” terrorçu qruplaşma kimi fərqləndirilir.

Vurğulanır ki, hakimiyyəti güc yolu ilə devirməyə cəhd etmiş partiyanın ideologiyasının əsasını Ermənistan Respublikasını "cinayətkar Rusiya-Türkiyə sözləşməsinin törəməsi” (1921-ci ilin Moskva müqaviləsi) kimi tanımaqdan imtina etmək və "yeni dövlət yaratmaq” uğrunda mübarizə aparmaq təşkil edir. Məruzədə deyilir: "Partiyanın açıqlanmış məqsədləri Ermənistanın həm indiki ərazisinin, həm də Dağlıq Qarabağın daxil olduğu "yeni Ermənistan yaratmaq”, habelə xarici ölkələrdə yaşayan erməniləri ümummilli referendum vasitəsilə birləşdirməkdir”.

Bundan əlavə, partiyanın proqram göstərişlərində guya "Rusiya müstəmləkəçiliyi tərəfindən tapdalanmış” hüquqların bərpa olunması, "Naxçıvanda və Axuryan çayının qərbində Ermənistan hakimiyyətinin səlahiyyətinin bərqərar edilməsi” vəzifəsi xüsusi vurğulanır.

İkinci Dünya müharibəsində nasistlərin tabeliyində olan hərbi birləşməyə başçılıq edən erməni əsilli Qaregin Ter-Arutyunyana (Njdeyə) Yerevanın mərkəzində abidə ucaldılıb. Kütləvi insan qırğınlarında fəal iştirak edən Njdenin adına Yerevanda bir prospekt, böyük meydan, onun ətrafındakı metro stansiyası, bir kənd verilib. Bu məsələyə toxunan İlham Əliyev qeyd edib: "...Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet

İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Göründüyü kimi, on minlərlə insanın, dinc sakinin öldürülməsində iştirak edən, Ukrayna və Polşada çoxsaylı qətllər, qarətlər törədən, yəhudilərə və nasist ideologiyasına nifrət edən xalqların nümayəndələrinə qarşı amansızlığı ilə fərqlənən Njdeyə Yerevanda abidə ucaldılması Ermənistan hakimiyyətinin nasizmə, zülmə, qəddarlığa məhəbbətindən xəbər verir. Bunu qəhrəmanlıq sayan Nikol Paşinyanın, onun hakimiyyətinin nasistlərə satılan, minlərlə insanın qanını axıdan bir cəllada abidə qoyması faşizmə qarşı mübarizə aparmış bütün xalqlara və millətlərə ən böyük hörmətsizlik, təhqir, xəyanətdir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video