13 Oktyabr 2019 00:47
495
SİYASƏT
A- A+

Türk dünyası yenidən Azərbaycanda bir araya gəlir


Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü başlayır


Respublikamız növbəti mötəbər beynəlxalq tədbirə evsahibliyi edəcək. Oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçiriləcək. TDƏŞ-in yaradılması ilə bağlı Naxçıvan sazişinin 10-cu ildönümünə təsadüf edən bu görüş türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsi istiqamətində yeni mərhələnin əsasını qoyacaq.


10 illik yol


Xatırladaq ki, 10 il əvvəl, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısı zamanı "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi imzalanıb. Həmin sazişin məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası, katiblik təsis edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə həmin təşkilatların təsisçi üzvləridir.

Türk Şurası da adlandırılan bu qurum dövlət başçılarının siyasi iradəsi, türk birliyinin formalaşması üzrə verdikləri mühüm qərarlar sayəsində 10 ildə mühüm təşəkkül dövrü keçib, sürətlə təşkilatlanıb. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib. Dost və qardaş türk dövlətlərinin dil, tarix və mədəniyyətindən güc alan Türk Şurası Avrasiyada sülh, sabitlik və rifaha önəmli töhfələr verərək regionun nüfuzlu təşkilatlarından birinə çevrilib. 10 ildə TDƏŞ dünyanın bir çox nüfuzlu təşkilatları ilə əməkdaşlıq qurub və bu əlaqələr hazırda uğurla davam edir. Şuranın fəaliyyəti digər beynəlxalq təşkilatların fəaliyyəti ilə uzlaşır.

Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri məhz Naxçıvan Sazişi ilə müəyyən edilir. Bunlar türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlıqdır.

Eyni zamanda elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, tərəflərin xalqlarının həyat səviyyəsinin daim yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bərabərhüquqlu tərəfdaşlıq əsasında regionda hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normalarına uyğun olaraq qanunun aliliyi, səmərəli idarəçilik və əsas insan hüquq və azadlıqlarının təminatı üzrə məsələlərin müzakirəsi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və ölkələr arasında təmasların təşviqi və sairə də bu vəzifələr sırasındadır.


Bakı görüşü Türk Şurasının fəaliyyətində xüsusi canlanma yaradacaq


TDƏŞ-in indiyədək 6 zirvə görüşü keçirilib. I Zirvə görüşü 2011-ci il oktyabrın 20-21-də Almatıda, II Zirvə görüşü 2012-ci il avqustun 22-23-də Bişkekdə, III Zirvə görüşü 2013-cü il avqustun 15-16-da Qəbələdə, IV Zirvə görüşü 2014-cü il iyunun 4-5-də Türkiyənin Bodrum şəhərində, V Zirvə görüşü 2015-ci il sentyabrın 10-11-də Astanada, VI Zirvə görüşü keçən il sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilib.

I Zirvə görüşü "İqtisadi əməkdaşlıq”,

II Zirvə görüşü "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq”, III Zirvə görüşü "Nəqliyyat və bağlantı”, IV Zirvə görüşü "Turizm sahəsində əməkdaşlıq”, V Zirvə görüşü "Media və informasiya sahəsində əməkdaşlıq” məsələlərinə həsr olunub. Qırğız Respublikasında keçirilən VI Zirvə görüşünün əsas mövzusu milli idman növlərinin və gənclər arasında əməkdaşlığın inkişafı ilə bağlı idi. Göründüyü kimi, indiyədək keçirilən görüşlərin mövzusu fərqli sahələri əhatə edib. Bu baxımdan Türk Şurası müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verməkdədir.

Ötən bir ildə TDƏŞ-in tərkibində və fəaliyyətində yeni keyfiyyət dəyişiklikləri baş verib. Şuranın ən mühüm nailiyyəti, şübhəsiz ki, Özbəkistanın qurumun üzvlüyünə qəbul olunmasıdır. Bu həm Şuranın nüfuzu, həm də türk dünyasının birliyi baxımından olduqca mühüm siyasi hadisədir.

Başqa bir mühüm hadisə Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Şurasının ofisinin açılmasıdır. Ofisin açılması təklifi Macarıstanın Baş Naziri Viktor Orban tərəfindən irəli sürülmüşdü. Bu, türkdilli dövlətlərlə Macarıstan, habelə Avropa İttifaqı və qurumun təsisatları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli rol oynayacaq, Türk Şurasının fəaliyyətinə töhfə verəcək, gələcək inkişafına müsbət təsir göstərəcək.

Beləliklə, sabah Bakıda öz işinə başlayacaq VII Zirvə görüşü 10 illiklə yanaşı, təşkilatın yüksəlişini göstərən yeni uğurlar fonunda baş tutur. Oktyabrın 7-də TDƏŞ-in Baş katibi Bağdad Amreyevi qəbul edən Prezident İlham Əliyev deyib: "Əminəm ki, sammit yüksək səviyyədə keçəcək, bizim dövlətlərin əməkdaşlığı işində yeni mərhələlərə nail olacağıq. Son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur. İndiki sammit yubiley sammiti olacaq. Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm qərara gətirib çıxaran bütün məqamları təfərrüatı ilə xatırlayıram. Siz bilirsiniz ki, Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir. Buna görə də əminəm ki, həm təşkilati tərəfi, həm də məzmun cəhəti yüksək səviyyədə olacaq”.

TDƏŞ türk dövlətləri arasında münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətli platformadır. Şura üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına təkan verir. Eyni zamanda türk xalqlarının ortaq mədəniyyətinin və irsinin qorunmasında mühüm rol oynayır. Bu baxımdan Bakı görüşü Türk Şurasının fəaliyyətində xüsusi canlanma yaradacaq, türk xalqlarının birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisə olacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video