13 Oktyabr 2019 00:35
1148
Mədəniyyət
A- A+

Yenidən dünyaya gəlsəydim...


O günlər şən söz-söhbətləri, şaqraq gülüşləri, nadinclikdən doğan səs-küyləri həyət-bacanı bürüyən evdəki səssizlik az qalırdı qulaqları batırsın. Elə bil birdən-birə qurbağa gölünə daş atmışdılar. Bir dəqiqə belə dil qəfəsə qoymayan uşaqların cınqırığı çıxmırdı indi. Böyüklü-kiçikli kimsə dinib-danışmırdı. Çarəsizlik qəhər olub boğazlarında düyünlənmişdi. Nə deyəydilər axı?!

Ailənin ocağını yandıran ana şam kimi əriyirdi. Həkimlər nə illah eləsələr də, dərdinə çarə tapa bilmirdilər. Neçə həkim dəyişmişdilər, neçə müayinədən keçirmişdilər, neçə müalicə edilmişdi. Amma heç biri xəstənin vəziyyətini yüngülləşdirmirdi. Ana balalarının gözünün önündə yarpaq kimi saralıb-solurdu...

Axırda ailənin başbilənləri "bəlkə elə bunun köməyi olar” ümidiylə bir həkimi də xəstəni yoxlamaq üçün gətirdilər... Evdəki hər kəsin ümid qığılcımları parlayan, məlul baxışları altında xəstəni müayinə edən həkim əvvəlkilərdən fərqli müalicə yazdı. Və çox keçmədən xəstə sağalıb yenidən ailəsini, balalarını bir ocağın başına toplaya bildi...

O gündən evdə hamı o həkimə dua edirdi... O gündən evdə hamı o həkimin adını minnətdarlıqla çəkirdi... Bütün el-oba o həkimin başına and içirdi...

Elə o gündən sonra da evin məktəbli oğlu həkim olmaq qərarına gəldi. O da oxuyub, belə güclü həkim olacaq, xəstələri sağaldacaq, ölmüş ümidlərə can verəcəkdi... Amma daha bilmirdi ki, həm də "ölü dirildən həkim” kimi tanınacaqdı...

Respublikanın baş endokrinoloqu, tibb elmləri doktoru, Əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin təlim-tərbiyə işləri üzrə prorektoru, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənovun həyat kitabını "Ömür səhifələri”ndə vərəqləyəcəyik.


Elmlər namizədini uduzduran şagird


1945-ci il sentyabrın 26-da dağlar qoynunda yerləşən, əsrarəngiz təbiəti ilə məşhur olan Gədəbəy rayonunun eyniadlı qəsəbəsində dünyaya gəlib Rafiq Məmmədhəsənov.

Atası Musa kişi ali təhsil almasa da, savadlı, mütaliəli, dünyagörüşü zəngin biri idi. Kimyanı gözəl bilirdi. İkinci Dünya müharibəsi illərində Gədəbəydə mis mədəni zavodunda laboratoriya müdiri işləmişdi. Anası isə evdar qadın idi, ailədə böyüyən 7 uşağın təlim-tərbiyəsi ilə məşğul olurdu. Valideynlər orta təhsillə kifayətlənməli olsalar da, yeddi uşağın hər birinə ali təhsil vermişdilər.

Rafiq də Gədəbəy rayon orta məktəbində oxuyurdu. Özü də əlaçı idi. Amma 4-cü sinifdən sonra dərslərini "əla” qiymətlərlə oxumağa başlamışdı. Bu günə kimi yadındadır, həmin il müəllim lövhədə bir məsələ yazıbmış. Sinfin əlaçılarından heç biri onu həll eləyə bilməmişdi. Amma Rafiq məsələni öz dəftərində həll edir. Bunu görən parta yoldaşı qışqırır ki, müəllim, Rafiq məsələnin həllini tapdı. Müəllim dəftərini yoxlayıb məsələni düz həll etdiyini görəndə onu xeyli tərifləyir. Bundan sonra balaca Rafiq həvəslənir və bütün fənləri yaxşı oxumağa başlayır. Lakin riyazi elmlərə xüsusi marağı vardı. Görünür, gen istər-istəməz özünü göstərirdi. Fizikanı çox gözəl bilirdi.

Hətta 11-ci sinfi bitirəndə buraxılış imtahanı zamanı maraqlı bir hadisə də olmuşdu: "Buraxılış imtahanı birinci ədəbiyyatdan oldu. Ondan "5” aldım. Sonra fizika imtahanı idi. İki gecə yatmayıb bütün keçdiklərimizi təkrarladım. İmtahanda iştirak etmək üçün Maarif Nazirliyindən rayona komissiya gəlmişdi. Gələn nümayəndə fizika üzrə elmlər namizədi idi. İmtahan başlayanda dedi, sinfin yarısı qalsın sinifdə, yarısı çıxsın çöldə gözləsin, onları günortadan sonra imtahan edərik. Çıxdıq həyətə. Yuxusuz olduğum üçün çəmənlikdə uzanıb yuxuya getdim. Bilmirəm nə qədər vaxt keçdi, bir də gördüm sinif yoldaşım məni dümsükləyir ki, dur ayağa, Musa müəllim səni çağırır imtahana. Demə, komissiya heç kimdən razı qalmayıb, hirslənib ki, bu nədir, heç kim yaxşı cavab vermir. Fizika müəllimi də deyib, gedin Rafiqi çağırın. Girdim otağa, bileti çəkdim, dərhal dedim, cavab verirəm. Sualların hamısını düzgün cavablandırdım. Bir təcrübə vardı, nazirliyin nümayəndəsi soruşdu ki, onun müəllifi kimdi? Dedim, müəllifin adı kitabda yazılmayıb. Dedi, ola bilməz, mən orta məktəbdə dərs deyirəm, necə yəni yoxdu müəllifin adı, var. O dedi var, mən dedim yoxdu. "Raykom”, üçüncü katib, maarif şöbəsinin müdiri də imtahan otağındaydılar, bizə tamaşa edirdilər. Axırda hirsləndi ki, kitabı gətirin bura. O vaxt Pyorışkinin müəllifi olduğu fizika kitabı vardı. Kitabı gətirəndə dedim, açın 28-ci paraqrafı. Açıb baxdı, gördü həqiqətən də kitabda təcrübə müəllifinin adı qeyd olunmayıb. "Mən uduzdum” deyib durdu ayağa, yanıma gəlib əlini vurdu çiynimə. Dedi, bu il Azərbaycandan ali məktəbə iki nəfər girsə, onun biri bu oğlan olacaq”.


"Heyif, Azərbaycanın bir fiziki "öldü”


Elə dediyi kimi də oldu... Rafiq jurnalistikaya həvəsinin olmasına, şeirlər yazmasına, qarmonda ifa etməsinə və fizikanı yaxşı bilməsinə baxmayaraq, bu sahələrin heç birini yox, Tibb İnstitutunu seçir. Buna səbəb isə həyatında baş vermiş iki hadisəydi.

Birinci hadisəni yazının yuxarısında artıq qeyd etmişik. Bax, ilk dəfə onda Rafiq həkim olmaq qərarına gəlir.

İkinci hadisə isə məktəbi bitirən il baş verir: "Bir sinif yoldaşımızın mədəsində xora vardı, deşilibmiş. Təcili aparırlar rayonda məşhur cərrahın yanına. Mənim də bacımın biri həmin xəstəxanada laborant işləyirdi. Axşam bacımı işə çağırdılar ki, təcili gəl, xəstənin leykositlərini yoxla. Mən də onunla bərabər xəstəxanaya getdim. Həkimin köməkçisi olan tibb bacısı isə müəllimimizin həyat yoldaşı idi. İcazə verdi, biz də girdik əməliyyata. Əvvəldən axıra kimi əməliyyat otağında qaldım, prosesi izlədim. Bu, mənim ilk təcrübəm oldu. Ondan sonra qərarımı qətiləşdirdim ki, mütləq həkim olacam”.

Məktəbi əla qiymətlərlə bitirən Rafiq Məmmədhəsənov Tibb İnstitutuna daxil olmaq üçün qəbul imtahanlarına girir. Burada da fizika imtahanı maraqlı məqamla yadda qalır. Rafiq biletdə yazılan bütün suallara dolğun cavablar verir. Əlavə sualları da səhv etmədən cavablandırır. İmtahan otağında olan hər kəs bu gənc oğlanın bilgilərinə heyran qalır. Birdən fizika müəllimi deyir: "Ay oğlum, sən bura nə üçün gəlmisən? Ondansa gedərdin universitetin, APİ-nin fizikasına. Çox böyük uğurlar qazanardın. Heyif, Azərbaycanın bir fiziki "öldü”.


Tamerlan Əliyevin ilk aspirantı


Beləcə, Rafiq Məmmədhəsənov qarşısına qoyduğu məqsədə çatır - Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olur. Və unudulmaz tələbəlik həyatına qədəm qoyur: "Rayonda böyüyüb boya-başa çatsam da, şəhərdə maddi çətinliyim, məişət problemim olmadı. Bəxtim onda gətirdi ki, məndən 10 yaş böyük qardaşım Bakıda işləyirdi. Politexniki fərqlənmə diplomu ilə bitirmişdi. Təyinatla zavodda 2 il işlədikdən sonra instituta işləməyə dəvət etmişdilər. Texnika elmləri doktoru, professor idi. O, Bakıda kirayə ev tutmuşdu. Bir bacım da bizimlə qalırdı, bizə baxırdı. Ona görə Bakıda çətinlik hiss eləmədim. Bütün tələbəlik illərim yalnız oxumaqla keçdi. Özüm də əlaçılıq təqaüdü alırdım, o pul mənə bəs edirdi. O vaxt Səhiyyə Nazirliyi 4-cü kurs tələbələrinə tibb bacısı, tibb qardaşı və feldşer işləməyə icazə verirdi. Tələbə yoldaşlarımın çoxu institutdan arayış alıb gedib işləyirdi. Mən də istədim işləyim, amma qardaşım qoymadı. Dedi, işləsən, əlaçı ola bilməyəcəksən. Ona görə də institutu qurtarana kimi işləmədim, yalnız və yalnız oxudum”.

İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1969-cu ildə Rafiq Məmmədhəsənov təyinatla Naftalan sanatoriyasına həkim-terapevt göndərilir. Tələbə yoldaşı və nişanlısı da ginekoloq kimi eyni yerə təyinat alır. 1 il sonra isə ailə qururlar.

2 il Naftalanda işlədikdən sonra Rafiq Məmmədhəsənov Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt kimi işə başlayır. Amma bu dəfə qarşısına qoyduğu məqsəd təhsilini davam etdirmək idi. Elə ona görə də bir neçə ölkənin institutları ilə yazışır, aspiranturada oxumaq istədiyini qeyd edir. Onlar da açıq şəkildə cavab yazırlar ki, öz ölkənizdə təhsil alın. Mərdəkanda işlədiyi zaman Tibb İnstitutunda aspiranturaya qəbulla bağlı elan verilir. R.Məmmədhəsənov da neçə ildir gerçəkləşdirmək istədiyi bu arzusunu həyata keçirmək üçün fürsəti əldən vermir: "1973-cü il idi. Gəldim Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər kafedrasına. O vaxt kafedra müdiri görkəmli alim, professor Tamerlan Əliyev idi. Getdim yanına. Tanış olduq. Sənədlərimi verdim. İmtahandan keçib həmin kafedranın əyani aspiranturasına qəbul olundum. Tamerlan müəllim mənə mövzu verdi, başladım onun üzərində işləməyə. Mən onun ilk aspirantı olmuşam. Çox sadə, təvazökar, ədalətli, zəhmətə qiymət verən insan idi. 2-3 aydan bir də gedirdim yanına. Çağırırdı ki, gəl görüm nə yazmısan, neynirsən. Mövzum üzərində işləyə-işləyə aspiranturanın ikinci kursundan kafedrada saathesabı dərs də deyirdim. Bitirəndən sonra isə Tamerlan müəllim məni kafedrada müəllim kimi saxladı. Artıq elmi işim də hazır idi. Lakin bir problem yaranmışdı - müdafiə etməyə yer yox idi. O vaxt elmi şuralar ümumi idi. Sonra qərar qəbul etdilər ki, hamısı ixtisaslaşdırılsın. Ona görə Tibb İnstitutunun da elmi şurası ləğv olundu. Sonra SSRİ Ali Attestasiya Komissiyası bir-bir institutlara icazə verməyə başladı. Təxminən il yarım keçdi, bizim instituta elmi şura vermədilər. Götürdüm SSRİ Ali Attestasiya Komissiyasına məktub yazdım ki, mən dissertasiyamı harada müdafiə edim? Oradan cavab gəldi ki, elmi işiniz klinik iş olduğuna görə Tbilisi Dövlət Tibb İnstitutuna gedin. Başladım o institutla yazışmağa. Bir tələbə yoldaşım orada Kardiologiya İnstitutunda ordinator idi. Məni qarşıladı. Elə onun yanında qaldım. Getdim institutu tapdım, sənədlərimi verdim. İl yarım ora ayaq döydüm. Balaca bir referat yazmaq üçün də Bakıdan Tbilisiyə gedirdim. Halbuki onu elə telefonla da həll etmək olardı. Amma qoymurdular, qalmışdım yollarda. Nəhayət, 1979-cu ildə namizədlik dissertasiyamı müdafiə etdim”.


Elmlər doktoru, kafedra müdiri, baş endokrinoloq...


1980-ci ildə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycan Nazirlər Soveti doktorantura haqqında qərar qəbul edir. Qərara görə, yüksəkixtisaslı tibb kadrları, elmlər doktoru hazırlamaq üçün ittifaq respublikalarının böyük elmi-tədqiqat mərkəzlərindən, Azərbaycan Dövlət Tibb İnstitutundan və digər elmi-tədqiqat institutlarından Moskva, Leninqrad (indi Sankt-Peterburq - X.M.), Kiyevə kadrların göndərilməsi nəzərdə tutulurdu. Bu qərara əsasən Rafiq Məmmədhəsənov 1986-cı ildə Moskvaya, Ümumittifaq Endokrinologiya və Hormonlar Kimyasi İnstitutuna doktorant kimi ezam olunur. Amma əvvəl qarşısına xeyli maneə çıxır: "Yanvarın 10-da Moskvaya yola düşdüm. May ayına qədər mənə heç bir şərait yaratmadılar. Axırda getdim institutun direktorunun yanına. Dedim, mənə kağız yazıb verin ki, ittifaq respublikaları üçün elmlər doktoru hazırlamağa qüdrətimiz yoxdu. Mən də o kağızı aparım respublikamıza. Əlavə də elədim ki, bu haqda Mərkəzi Komitəyə yazacam. Direktor dedi, çıx çöldə yarım saat gözlə. Yarım saat sonra Aleksandr Qriqoryeviç Mazavetski direktorun yanından çölə çıxdı. Girdi qoluma, dedi, gedək, artıq mənimlə işləyəcəksən. Mövzum diabet xəstələri ilə bağlı idi və çox ağır idi. Onu yerinə yetirmək üçün çox çalışırdım. Səhər gedirdim institutda xəstələrdən qan götürürdüm, ayaqlarını reoqrafiya edirdim, analizləri başqa institutun laboratoriyasına aparırdım. Sonra gedirdim kitabxanaya. Axşam saat 10-a qədər kitabxanada çalışırdım. Sutkanın 14-16 saatını işləyirdim. Ev telefonunu iş masamın üstünə qoymuşdum. Elmi məsləhətçim axşam 6-da gedirdi evə. Yeməyini yeyib, 9-a kimi yatırdı, sonra durub gecəyə kimi işləyirdi. Bir gecə saat 1-də mənə zəng vurdu. Soruşdu işləyirsən? Dedim, hə. Bir neçə gün sonra yenə zəng vurdu, bu dəfə gecə saat 2-də. Yenə soruşdu, işləyirsən hələ? Dedim, bəli, hələ yatmamışam. Dedi, bəs saat neçədə yatırsan? Dedim, 4-5-də. Tapşırdı ki, sabah gələrsən yanıma. Səhər getdim yanına. Dedi: "Sən indi bədəninin bütün şirəsini sıxıb çıxarırsan. Amma məlum deyil, bu diplomu alandan sonra neçə il yaşayacaqsan. Niyə özünə əzab verirsən?” Dedim, başqa cür alınmır, mən işləməliyəm... Moskvaya gedəndə 41 yaşım vardı. Yoldaşım mənimlə gəlmişdi. Qızım 9-cu sinifdə oxuyurdu deyə Bakıda baba-nənəsinin yanında qoymuşduq. Oğlum isə 1987-ci ildə Moskvada dünyaya gəldi. Yəni işimi tez bitirib ölkəmə qayıtmaq üçün can atırdım. Ona görə də var gücümlə, gecə-gündüz bilmədən çalışırdım. Düz dörd il Moskvada qaldım. Moskvada olanda Tamerlan müəllimlə də zəngləşirdik. Deyirdi, işini tez bitir, qayıt gəl bura. Nəhayət, doktorluq işimi yekunlaşdırdım. Amma müdafiəm çox ekstremal şəraitə düşdü. Müdafiə günüm əvvəldən 1990-cı il fevralın 2-nə təyin olunmuşdu. Dekabrın ortası Bakıya gəldim ki, yeni ili ailəmlə keçirim. Yanvarın 24-nə də geridönüş bileti almışdım. Yanvarın 20-də qanlı faciə baş verdi, Sovet qoşunları əliyalın insanları qırdı. Ölkədə vəziyyət ağır idi, hamı yas saxlayırdı. Əksər reyslər təxirə salınmışdı. Zülmlə yanvarın 24-ü başqa reyslə gedib çıxdım Moskvaya. Müdafiəmi müvəffəqiyyətlə etdim. Elmi işim Mazavetskinin çox xoşuna gəldi. Müdafiədən sonra dedi, gəl bunu monoqrafiya şəklində çap edək. Dedim, razıyam, amma o şərtlə ki, birinci mənim adım yazılsın. Əvvəl sözümdən incidi, ancaq bir neçə gün sonra məni yanına çağırıb haqlı olduğumu etiraf etdi. Və elmi işimin monoqrafiyasını çap etdik”.

Beləliklə, Rafiq Məmmədhəsənov qarşısına qoyduğu hədəfə çatır. 1990-cı ildə tibb elmləri doktoru kimi respublikaya dönür və həkim, müəllim kimi fəaliyyət göstərməyə davam edir. Qeyd etmək lazımdır ki, o vaxt respublikadan göndərilən və doktorluq adı alıb geri dönən kadrların əksəriyyəti Tibb Universitetində kafedra müdiri vəzifəsinə seçilib öz elmi məktəblərini yaratdılar. Elə R.Məmmədhəsənov da Moskvadan qayıtdıqdan sonra çalışdığı kafedraya müdir seçilir: "1990-cı ilin payızında Tamerlan müəllim məni yanına çağırdı. Dedi, gəl, yerimizi dəyişək, sən ol kafedra müdiri, mən olum ikinci professor. Razı olmadım, çünki müəllimimin yerində gözüm olmamışdı heç vaxt. Qərarıma etiraz etdi ki, onsuz da yaş həddim çatır, sən razı olmasan, başqa birini gətirib qoyacaqlar müdir, ikimizin də gününü qara edəcək. Gəl mən deyənə qulaq as. Dedim, yaxşı, onda 3 gün vaxt verin, fikirləşim. Heç 2 gün keçmədi. Səhərisi gün Tamerlan müəllim məni yenə çağırdı, dedi, otur, ərizəni yaz. Beləcə, Tamerlan müəllimin xeyir-duası ilə Daxili xəstəliklər kafedrasının müdiri oldum. Həmin ildən respublikanın baş endokrinoloquyam. Onun xeyir-duası ilə 1993-cü ildə Tibb Universitetinin elmi işlər üzrə prorektoru seçildim. Nə müvəffəqiyyətim varsa, əksəriyyəti Tamerlan müəllimin sayəsində olub. Bu gün kabinetimdə iki elmi rəhbərimin şəkli divardan, gözümün qarşısından asılıb - Tamerlan Əliyevin və Aleksandr Mazavetskinin...”


"91-lərdən” biri...


Rafiq Məmmədhəsənovun iş otağının divarını bir foto da bəzəyir - bu, 1998-ci ildə Tibb Universitetinin yeni binasının açılışı zamanı Ümummilli Lider Heydər Əliyevlə görüş zamanı çəkilən kadrdır. Bəlkə də çoxları bilmir ki, Rafiq həkim həm də "91-lər”dən biridir: "1993-cü ildə respublikada vəziyyət çox qarışıq idi. Hərə bir tərəfdən ölkəni parçalayırdı. Hərc-mərclik baş alıb gedirdi. Biz də fikirləşirdik ki, ölkəni belə bir qarışıq vəziyyətdən kim çıxara bilər. Bu şəxsin Heydər Əliyev olacağına qərar verəndən sonra ölkənin ziyalıları müraciət hazırladı. Müraciəti imzalayan 91 nəfərdən biri mən idim. Məndən başqa 3 professor da kabinetimdə o müraciətə imza çəkdi... Və Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik etdi. Əgər o, rəhbərliyə gəlməsəydi, ölkə sözün əsl mənasında dağılırdı, parçalanırdı.

Mən Heydər Əliyevlə ilk dəfə 1986-cı ildə Moskvada görüşmüşəm. Sonra 1997-ci ildə Tamerlan müəllimin vida mərasimində mən kafedra müdiri kimi çıxış elədim. Heydər Əliyev də orada idi və məni oradan yadında saxlamışdı. Üçüncü dəfə 1998-ci ildə Tibb Universitetinin binasının açılışında görüşdük. Çox səmimi qarşıladı məni, dedi: "Gör mən kimi görürəm?! Gəl görüm haralardasan, səsin gəlmir”. Onda da bir az söhbət etdik. Çox müdrik siyasətçi idi Ulu Öndər. Ziyalılara, elm adamlarına dəyər verirdi. İndi də onun yürütdüyü siyasəti Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir”.

Rafiq Məmmədhəsənov 2006-cı ildən həm də Milli Məclisin deputatıdır. Öz rayonunun vətəndaşlarını parlamentdə təmsil edir. YAP Siyasi Şurasının üzvüdür. 26 ildir Səhiyyə Nazirliyinin baş endokrinoloqudur. 1990-cı ildən ATU-nun II müalicə-profilaktika fakültəsinin Daxili xəstəliklər kafedrasının müdiridir. Hazırda universitetin təlim-tərbiyə işləri üzrə prorektorudur. Təxminən 280 elmi məqalənin müəllifidir. Bu vaxta qədər 30 elmlər namizədi, 4 elmlər doktoru yetişdirib. Onların arasında özünə müəllim bildiyi Tamerlan Əliyevin qızı Tamfira Əliyeva da var. Yazdığı kitablar isə ATU-da tədris vəsaiti, dərslik kimi istifadə olunur.

Ən maraqlısı isə odur ki, Rafiq müəllimin ailəsində onun yolunu, həkimlik sənətini davam etdirən var: "Mən tibbin elmi yolunu seçsəm də, həyat yoldaşım ali təhsillə kifayətləndi. O, ginekologiya sahəsini seçmişdi, qadın məsləhətxanasında çalışırdı. Xoşbəxt ailəmiz olub. Heyif ki, o, məni çox tez tək qoyub getdi. 2009-cu ildə tələbə yoldaşımı, həmkarımı, həyat yoldaşımı itirdim. O, rəhmətə gedəndən sonra birgə yaşadığımız evdən ayrıldım. Qala bilmədim orada... Çətin idi onsuz... İşdən gələndə məni qapıda qarşılayırdı. İndi qarşılayan yox idi. Hara baxırdım, onu görürdüm. Onsuz o evə girə bilmirdim. Ona görə başqa mənzilə köçdüm. Amma ailəmizdə yoldaşımla mənim yolumu davam etdirən var. Qızım Səadət göz həkimidir. Milli Oftalmologiya Mərkəzində işləyir. Tibb elmləri namizədidir. Oğlum isə iqtisadçıdır. İqtisad Universitetinin doktorantıdır. 3 nəvəm var. Qızımın iki balası iqtisadiyyat üzrə təhsil alır. Onlar dayılarının yolu ilə getdilər. Ümid edirəm ki, oğul nəvəm bizim yolumuzu tutar, həkim olar. Çünki həkimlik həqiqətən də çox gözəl, müqəddəs sənətdir”.


Xəstəni həyata qaytarmaq naminə o riski etdi


Yaşının bu çağında belə tutduğu vəzifələrin hər birinin öhdəsindən lazımi qədər gəlməyə çalışır Rafiq Məmmədhəsənov. Amma bunların arasında onun üçün ən doğma, ən əziz həkimlik sənətidir. Çünki məhz bu sənət vasitəsilə o, sayını belə bilmədiyi insanların sağlamlığını geri verib, onları həyata qaytarıb, yaşamağa ümidləndirib. Bu gün xoş xatirə kimi yada salır o xəstələrin bəzilərini. Məsələn, hələ gənc həkim ikən rəssam pasiyenti vardı. Xəstənin bütün əlamətləri onikibarmaq bağırsağın xorasına oxşayırdı. Ancaq nə ondan öncə müayinə edən həkimlər, nə də rentgen xora olduğunu təsdiq edirdi. Rafiq həkim yenə də fikrindən dönmür. Xəstəni daha bir dəqiq rentgen müayinəsinə göndərir. Bu zaman onikibarmaq bağırsaqda xora aşkarlanır. Və həkim lazımi müalicələrlə rəssamın sağlamlığını qaytarır. Yeni-yeni rəsmlərə, əsərlərə can vermək üçün...

Bir neçə xəstəsini isə o, sözün həqiqi mənasında ölümün pəncəsindən alıb: "Qonşumuz vardı. Müəllimə işləyirdi. Anası diabet xəstəsiydi. Müəyyən vaxtdan bir 4 nömrəli xəstəxanaya gəlirdi, lazımi müalicələri edirdik. O vaxt kafedramız həmin xəstəxanada idi. Bir dəfə bu qadın möhkəm xəstələndi. Plevra boşluğuna maye toplanmışdı. Gətirdik qoyduq xəstəxanaya. Dərs apardığım vaxt gördüm xəstənin qızı hövlnak girdi içəri ki, qurban olum, ay həkim, anam ölür, qoyma. Qaçdıq palataya. Gördüm artıq maye yuxarı qalxıb deyə qadın boğulur. Şöbə müdirini, dosent və professorları çağırdım palataya. Baxıb dedilər, nəsə etmək gecdi, xəstə ölür. Dönüb yoldaşından soruşdum: Ağababa dayı, neyniyəcəksən indi? Dedi, öləndən sonra neyniyim, ay doktor. Aparıb dəfn edəcəm. Dedim, onda icazə ver, mən bildiyimi edim. Ölər, yenə də apararsan, sağalarsa da, lap yaxşı. Razılıq verdi ki, nə bilirsən, elə. O vaxt bir dərman vardı - lazeks. Onu xəstəyə maksimum 4 qram vurmaq olardı. Mən 3 dəfə artıq - 12 qramı birdən qadının venasına vurdum. Və o risk xanımı vəziyyətdən çıxartdı. Yarım saatın içində suya batıb çıxdı. İki saat sonra isə qalxdı ayağa.

Xəstə həyatla ölüm arasında qalanda həkim ağıllı risk eləməyi bacarmalıdır. Mən xəstəni həyata qaytarmaq naminə bir dəfə də belə bir riskə getmişəm. Özü də xəstə qayınatam idi. Kişinin qan təzyiqi o qədər yüksəlmişdi ki, koma vəziyyətinə düşmüşdü. Neçə həkim baxdı, dedi, vəziyyəti çox ağırdır, sabaha sağ çıxmayacaq. Təzyiqi salmaq üçün nə qədər iynə-dərman etsələr də, xeyri olmadı. Təcili yardıma zəng vurdum, dedim, droperidol iynəsi varınızdısa gəlin, yoxdusa gəlməyin. Dedilər, bir ampula var. O iynəni vurdurdum. Elə bil bir vedrə suyu tökdülər kişinin üstünə, bütün suyun içində idi. Yarım saat sonra xəstə gözünü açdı. Soruşdu, buradakı xəstələr hara getdi? Təəccübləndik ki, axı bura evdi, xəstə nə gəzir burda? Dedi, burada mənimlə bərabər 13-14 xəstə yatırdı. Rafiq məni onların arasından götürüb apardı Moskvaya. Orada siyahıda soyadım çıxmadı. Ona görə qaytarıb gətirdi məni bura. Sən demə, klinik ölüm keçiribmiş... Ondan sonra hər məni görəndə deyirdi: "ölü dirildən həkim”.

Həkimlik fəaliyyəti boyunca bu kimi hadisələrlə dəfələrlə qarşılaşıb Rafiq həkim. Və hər dəfə xəstəni həyata qaytaranda "Nə yaxşı ki, bu sənəti seçmişəm” deyib öz-özünə. Ən çətin, çıxılmaz vəziyyətlərdə bir anlıq belə olsa həkim olduğuna görə peşman olmayıb: "Mənim üçün həkimlik hər şeydən üstündü. Bir ağır xəstəni sağaldanda onun bütün qohum-əqrəbaları, ailəsi sənə minnətdar olur, dua edirsə, bundan gözəl nə var həyatda? Ümidi ölmüş insana yenidən ümidini qaytaranda, övlada atanı, anaya oğulu, əri qadına bəxş edəndə sənə yerdə Allah kimi baxırlar. Xəstəni həyata geri döndərirsənsə, bu, mənim üçün elə dünyalara dəyər... Mən jurnalist də ola bilərdim, fizik də, hətta musiqiçi də. 2 il qarmon sinfinə getmişdim. Bu gün də evimdə qarmon var. Ürəyimə düşəndə çalıram. Yəni musiqiylə də ciddi məşğul olsaydım, uğurlarım olardı. Amma mən məhz həkimliyi seçdim. İllər keçdikcə də əmin oldum ki, yanlış seçim etməmişəm. Geriyə boylananda da səhv eləmədiyimi görürəm. Çünki hələ məktəbli ikən bir insanı həyata qaytarmağın necə gözəl bir hiss olduğunu yaşadım. Özüm də o hissi, o xoşbəxtliyi başqalarına yaşatmağa çalışdım. Ona görə də bu seçimimə görə heç vaxt, bir dəfə də olsun peşmanlıq keçirmədim. Və yenidən dünyaya gəlsəydim, heç nəyi dəyişdirməzdim... Yenə eyni yolu gedərdim... Yenə bu həyatı yaşayardım... Yenə bu sənəti seçərdim...”

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video