13 Oktyabr 2019 00:33
824
Mədəniyyət
A- A+

Klassika ilə müasirlik vəhdətdə


Builki teatr mövsümündə təqdim edilən tamaşalar rəngarəng, böyük ənənələrə sadiq, yaddaqalan nümunələrlə zəngindir


Azərbaycan professional teatrı bugünə keşməkeşli yollarla gəlib. Fədailəri, sənət xiridarları onu daim inkişaf etdirib, sevdirib və seviliblər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı söylədiyi fikirlər çox məzmunludur: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”.

Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaradılması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqünün formalaşmasında, maarifləndirmənin sürətləndirilməsində mühüm rol oynayıb və mütərəqqi ideyaların carçısına çevrilməklə böyük töhfə verib.

Məhz Azərbaycan milli teatrına dövlət və xalq məhəbbətinin təzahürüdür ki, yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri genişlənir. Bu isə Avropa və Şərqdə mədəniyyətimizin təbliğində mühüm vasitələrdən biridir. Respublikada fəaliyyət göstərən 27 dövlət, həmçinin bələdiyyə, uşaq və özəl teatrların səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlar hər cür dövlət qayğısı ilə əhatə olunublar.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə hələ yeni teatr mövsümünədək bir sıra yaddaqalan tədbirlər keçirilib. Moskvada, B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələr Bakı tamaşaçıları qarşısında çıxış ediblər. Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətovla kursun rəhbəri, Rusiya Federasiyasının Xalq artisti Mixail Borisov ötən müddət ərzində tələbələrin təhsil prosesindən, əldə etdikləri biliklərdən və nailiyyətlərdən söhbət açıblar.

Azərbaycan Teatr Xadimləri İttifaqı döyüş bölgələrində fəaliyyət göstərən teatrların şəraiti ilə tanış olmaq üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrında olub. Cəbhə bölgələrində fəaliyyət göstərən teatrlara yardım məqsədilə tamaşalarda və tədbirlərdə istifadə edilməsi üçün bir sıra səhnə geyimləri Ağdam Dövlət Dram Teatrına hədiyyə edilib.

Aktyor Evinin səhnəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tələbələr tərəfindən hazırlanan "Ənəlhəqq” teatr tamaşası göstərilib.

Bu il iyun ayının 1-dən Lənkəran Dövlət Dram Teatrında keçirilən Beynəlxalq Teatr Festivalı günlərində "Sevgi şimşəyi”, "Manqurt”, "Aktyor əbədiyyətə qovuşanda”, "Duplet”, "İstədiyim kimi yaşayıram” və "Bir-iki, bizimki” tamaşaları göstərilib.

"Aktyor əbədiyyətə qovuşanda” tamaşası xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova çevirib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmovdur.

Gürcüstanın Kutaisi şəhərindən gəlmiş kollektiv festivalda V.Qavelin əsəri əsasında hazırlanmış "Duplet” tamaşasını təqdim edib.

Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Amerika yazıçısı V.Lyusun "Zelda” əsəri əsasında hazırlanan "İstədiyim kimi yaşayıram” monotamaşasının rejissoru Xalq artisti, professor Ağakişi Kazımovdur. "Bir-iki, bizimki” tamaşası isə yazıçı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanıb. Akademik Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Əlif Cahangirlidir.

Bakı Uşaq Teatrının yaradıcı heyəti Cəlil Məmmədquluzadənin "Çay dəstgahı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşının premyerasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Könül Şahbazova-Qasımova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir. Maraqlı quruluş və aktyor oyunu, rəngarəng dekorasiya, şən musiqi tərtibatlı tamaşa uşaq və yeniyetmələr tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan teatrları artıq növbəti mövsümü də yaddaqalan tamaşalarla açıblar. Bununla Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlanıb. Artıq neçə ildir ki, ölkədə teatr mövsümünün başlanğıcı sentyabrın ortalarında və hər dəfə fərqli məkanda xüsusi mərasimlə qeyd edilir. Budəfəki mərasimin ünvanı Şuşa teatrı oldu. Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycanda peşəkar milli teatrın 147-ci mövsümü açıldı.

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni binasının qapılarını milli teatr mövsümünə açarkən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, yeni teatr mövsümünün açılışının bu məkanda keçirilməsinin böyük mənası var. Bu gün Şuşa işğal altında olsa da, biz gələcəyə nikbin baxırıq. Bakıda qaçqınlıq həyatı yaşayan teatr kollektivi normal yaradıcılıq şəraitində çalışmağa, tamaşalar oynamağa başlayır. İnanırıq ki, Şuşa teatrı da gələn mövsümlərdə öz şəhərində mövsümü açacaq, biz də həmin mərasimdə iştirak edəcəyik.

Nazir 2019-2020-ci il sənət mövsümündə teatr ictimaiyyətini gözləyən mühüm hadisələri də diqqətə çatdırdı: "Bu il Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət teatrı kimi fəaliyyətinin 100, "Yuğ” teatrının 30 illik yubileylərini qeyd edəcəyik”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümü "Qarabağnamə” tamaşası ilə açıb. Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni mövsümdə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı” pyesi əsasında hazırlanan tamaşanın premyerası da keçirilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mövsümü dahi Üzeyir bəy Hacıbəylinin ölməz əsəri - "O olmasın, bu olsun” ikihissəli musiqili komediyası ilə açıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Mədəniyyət Nazirliyinin "Zirvə” mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlərdən Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlardan Ağaxan Şərifov, Səməd Xasıyev, Murad Əliyev və başqaları çıxış edirlər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Koroğlu” operası ilə tamaşaçılarının görüşünə gəlib. Teatr məhz bu opera ilə mövsümə start verib. Festival sentyabrın 30-dək davam edəcək.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı isə yeni mövsümdə Aleksandr Şarovskinin quruluşunda olan "Milyonçu” tamaşasını nümayiş etdirib. Tamaşada Xalq artisti Natalya Şarovskaya, Əməkdar artistlərdən Salman Bayramov və Fuad Osmanov, həmçinin aktyorlardan Oleq Əmirbəyov, Marina Litvinenko, Zaur Terequlov və başqaları rol alıblar.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da yeni mövsümə əliboş gəlməyib. "Cırtdan” sevimli tamaşaçıları ilə yenidən görüşür. Teatr öz pərdələrini sentyabrın 15-i açmaqla, yeni mövsümdə Dədə Qorqud boylarından ibarət "Adını doğruldan oğlan” tamaşasını təqdim edib. Teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda rus nağılları əsasında "Qızıl xoruzun nağılı” tamaşasının da hazırlanması nəzərdə tutulur.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video