12 Oktyabr 2019 02:27
1310
Təhsil
A- A+

Təhsildə qazanılan uğurlar sürətli inkişafa təminat yaradır


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsilin inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məhz bunun nəticəsidir ki, dövlət başçısının, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilimizin inkişafına göstərdikləri diqqət və qayğı yeni məktəblərin inşasında, ümumtəhsil məktəblərinin əsaslı təmirində, onların maddi-texniki bazasının möhkəmləndirilməsində, təhsil infrastrukturunun yeniləndirilməsində, eləcə də təlim-tərbiyənin və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında özünü göstərir.

Son illər Azərbaycan təhsilində qazanılan uğurlar Gəncədə daha çox hiss olunur. Xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Gəncə təhsili ilə daim maraqlanması, onun inkişaf etdirilməsi ilə bağlı göstərdiyi kömək bu sahədə bir çox uğurların qazanılmasına yol açmışdır. Təkcə bu ilin fevral ayında Birinci vitse-prezidentin qədim Nizami yurduna səfərindən sonra 18 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir edilmiş, əlavə olaraq 280 şagird yerlik yeni korpusun inşasına, həmçinin 34 nömrəli tam orta məktəbin əsaslı təmirinə, 28 və 46 nömrəli tam orta məktəblər üçün 1200 şagird yerlik yeni binaların tikintisinə başlanılmışdır.

Gəncə təhsilinə göstərilən diqqət və qayğının nəticəsidir ki, hər il məzunların ali məktəblərə qəbulunda yüksək göstəricilərə nail olunur. Dövlət İmtahan Mərkəzinin statistik məlumatına əsasən, 2018-2019-cu tədris ilinin məzunlarından 2033 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 1192 nəfəri, yəni 58,63 faizi respublikamızın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. 46 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq hüququ əldə etmişdir. Bunlardan başqa, 202 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas müəssisələrinə, 36 nəfərdən çox məzun isə müxtəlif xarici ölkələrin, o cümlədən Almaniya, Çexiya, Polşa, Türkiyə, Rusiya və digər ölkələrin ali təhsil müəssisələrinə daxil olmuşdur.

Ali məktəblərə daxil olanların topladıqları ballar da yüksək olmuşdur. 248 nəfər 500-dən yuxarı, 79 nəfər isə 600-dən yuxarı bal toplamışdır.

Təhsil idarəsi tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Ötən tədris ilində Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərə ixtisasartırma kursları təşkil edilmiş, məşğələlərdə təhsil islahatının başlıca istiqamətləri, milli kurikulumun xüsusiyyətləri, fənn kurikulumlarının spesifik cəhətləri, məzmun standartları, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi barədə zəruri biliklər öyrədilmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq tapşırığının icrasını təmin etmək məqsədilə məktəbə hazırlıq qruplarında çalışacaq ibtidai sinif müəllimləri üçün də kurslar təşkil edilmişdir. Təlimlərə şəhərin ümumtəhsil məktəblərindən 146 nəfər ibtidai sinif müəllimi cəlb edilmişdir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu təlim kurslarını bitirmiş müdavimlərin qiymətləndirilməsini və sertifikatların verilməsini təmin etmişdir.

Şagirdlər arasında mütaliənin genişləndirilməsi məqsədilə bir sıra tədbirlər də görülmüşdür. Belə ki, ümumtəhsil məktəbləri şagirdləri arasında "Oxu” günləri, kitab sərgiləri, eləcə də şair və yazıçılara həsr olunmuş tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə şagirdlərin ifasında şeirlər səsləndirilmiş, müxtəlif kompozisiyalar nümayiş etdirilmişdir. Söz yox ki, işin belə təşkili şagirdlərdə mütaliəyə marağı artırmış, onlarda ədəbi biliklərin genişləndirilməsinə və mənəvi zənginliyin formalaşmasına böyük təsir göstərmişdir.

Gəncə məktəbliləri fənn olimpiadalarında da nümunəvi iştirak edirlər. 2018-2019-cu tədris ilində respublika üzrə keçirilən müsabiqə və olimpiadalarda 10 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmışlar.

Sevindirici haldır ki, Gəncə məktəbliləri beynəlxalq yarışmalarda da yüksək nəticələr göstərmişlər. Cari ilin iyun ayında Amerika Birləşmiş Ştatlarında SUNY Osweqo Universitetinin təşkil etdiyi 9-cu "Genius olimpiad”asında (dahilərin yarışması) 79 ölkədən və 43 ştatdan yarışmaya qoşulan şagirdlər arasında Azərbaycanı təmsil edən Gəncə şəhər 27 nömrəli məktəb-liseyin 9-cu sinif şagirdi Rəsul Əliyev və Hüseyn Əliyev fərqlənmə diplomuna layiq görülmüşlər.

Yola salınmış tədris ilində məktəblərdə müxtəlif fənlər üzrə nümunəvi dərslər də təşkil edilmişdir. Şəhər məktəblərində işləyən müəllimlərin iştirakı ilə keçirilən nümunəvi dərslərdə pedaqoji mühazirələr təşkil edilmiş, ən yaxşı mühazirələr Gəncə Şəhər Təhsil İdarəsində yaradılmış təşkilat komitəsinə təqdim olunmuşdur. Komitənin işçi qrupu video çəkiliş aparmaqla hər mühazirəni dinləmiş və qalib pedaqoji mühazirəni elan etmişdir. Qalib gəlmiş 5 mühazirə respublika mərhələsinə təqdim olunmuşdur. Sevindirici haldır ki, M.Mehdizadə adına şəhər 4 nömrəli orta məktəbin ibtidai sinif müəllimi Rəna Abdinova ilkin yerlərdən birini tutmuşdur.

Şəhər təhsil idarəsi birinci sinfə qəbul zamanı şəffaflığı diqqət mərkəzində saxlayır. Ümumiyyətlə, bu iş elektron qaydada aparılır. Hər il ümumtəhsil məktəblərinin birinci sinfinə şagirdlərin qəbulu ilə əlaqədar şagird kontingentinin tam optimallaşdırılması üçün Gəncə şəhər Nizami və Kəpəz rayonlarının icra hakimiyyətləri başçılarının sərəncamları ilə hər bir məktəbin dislokasiyası hazırlanır və həmin dislokasiyalara uyğun şagird qəbulu aparılır. İşin belə təşkili heç bir şagirdin təhsildən kənarda qalmasına imkan vermir. Təkcə onu demək kifayətdir ki, ötən tədris ilində şəhər təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə 4380 nəfər uşaq birinci sinfə qəbul edilmişdir.

Şəhər təhsil idarəsi məktəblilər arasında idmana marağı artırmaq üçün müxtəlif tədbirlər də həyata keçirir. Məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, istedadlı şagirdlərin üzə çıxarılması və onların inkişaf etdirilməsini təmin etmək məqsədilə məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini gücləndirməyə daha çox üstünlük verir. Məhz bunun nəticəsidir ki, şəhər məktəbliləri müxtəlif mötəbər yarışlarda uğurla çıxış edirlər. Gəncə məktəbliləri Mirxəyal Məmmədov və Nəbi İsgəndərov karate-do idman növü üzrə Gürcüstanın Qori şəhərində keçirilən beynəlxalq turnirdə yüksək mükafatlar qazanmışlar. Sərbəst güləşçilər Orxan Əliyev və İlkin Məmmədov beynəlxalq xatirə turnirində bürünc medallara layiq yer tutmuşlar. Kikboksçular, ağır atletlər, cüdoçular da uğurlu nəticələrə nail olmuşlar.

Şagirdlərə müxtəlif peşə vərdişlərinin aşılanması da diqqət mərkəzindədir. Belə ki, Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən "Bacarıqlı əllər” dərnəyində şagirdlər toxuculuq, rəqs, rəsm, modelyer-dizayner, dərzilik peşələrinə yiyələnirlər. Dərnəyin üzvləri tez-tez müxtəlif sərgilərdə iştirak edərək layiqli yerlər tuturlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video