12 Oktyabr 2019 02:20
1398
Təhsil
A- A+

Müasir tipli məktəblərin sayı artır


Ölkəmizin iqtisadi gücü artdıqca təhsilin inkişafına diqqət də artır. Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən, eləcə də dövlət proqramlarının icrası ilə əlaqədar Bakıda və bölgələrdə dünya standartlarına uyğun müasir tipli məktəblərin sayı ildən-ilə çoxalır.

Bu sahə dövlət həyatında, cəmiyyətin inkişafında strateji əhəmiyyətə malik olduğundan təhsilin taleyi ölkə Prezidentinin və Heydər Əliyev Fondunun daim nəzarətindədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə diqqət müstəqilliyimizin ilk illərində işlənib hazırlanmış neft strategiyasında da xüsusi yer almışdır. Bu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan neft kapitalının insan kapitalına çevrilməsi prosesi idi. İllər keçdikcə özünü doğruldan həmin strategiya bu gün respublikamızın inkişafında həlledici rol oynayır. Hazırda ölkəmizdə olan 3500-dən çox məktəbin 3200-ü müasirliyi, tədris avadanlığının mükəmməlliyi ilə diqqət çəkir. Kəndlərdə 100-dən çox məktəb qazlaşdırılıb, yüzlərlə məktəbdə əsaslı və cari təmir işləri aparılıb. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilib. Bu il daha 80 məktəbin tikilməsi və ya əsaslı təmiri nəzərdə tutulub. Yaxın bir neçə ildə ölkə üzrə ən ucqar kəndlərdən tutmuş iri şəhərlərin tədris ocaqlarına qədər bir dənə də olsun yararsız məktəb binası qalmayacaq. Ölkəmizdə əhalinin sayı artdıqca buna uyğun olaraq məktəb tikintisi də aparılır.

Ekspertlərin fikrincə, bu sahədə Azərbaycan dünyada lider ölkələrdəndir. Xarici mətbuatda da dəfələrlə qeyd edildiyi kimi, heç bir ölkədə bu cür qısa müddət ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlarda Heydər Əliyev Fondunun töhfələri əvəzsizdir. Fondun təşəbbüsü və dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında təhsil sahəsində mövcud olan problemlər aradan qaldırılır, müasir standartlara cavab verən təhsil kompleksləri inşa edilir. Fondun bu sahədə həyata keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil genişlənir. Elə rayonlar, elə qəsəbə və kəndlər var ki, orada ömrünü çoxdan başa vurmuş tikililərin yerində iki, bəzən də üç-dördmərtəbəli dünya standartlarına uyğun binalar inşa edilərək müəllim və şagirdlərin istifadəsinə verilir. Bakının Binəqədi rayonunda qısa müddətdə inşa olunmuş Biləcəri qəsəbə 300 nömrəli tam orta məktəb binası buna bariz nümunədir. 70 il əvvəl tikilmiş həmin məktəb binasının yerində indi möhtəşəmliyi ilə diqqət çəkən dördmərtəbəli bina ucaldılıb. Tədrisin keyfiyyətini yüksəltmək üçün burada bütün lazımi şərait yaradılıb, laboratoriya və xüsusi tədris otaqları müasir avadanlıqlarla təchiz edilib. Ən başlıcası, ikinövbəlilik tamamilə aradan qaldırılıb. 960 şagirdlik bu tədris kompleksinin yeni dərs ili qarşısında açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak etmişlər. Bu tədbirdə dövlət başçısı çıxışında demişdir: "Mən çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar...”

Dövlət başçısının bu fikir və tövsiyələrini bölgələrdə fəaliyyətdə olan məktəblərə də şamil etmək olar. Xatırladaq ki, son iki ildə bölgələrdə 243 modul tipli məktəb quraşdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagirdtutumlu qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal materiallarından istifadə edilir. Bundan başqa, modul tipli məktəblərin digər üstünlüyü həm də ondadır ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır və bu məqsədlə müvəqqəti olaraq 50 yerlik səyyar məktəb quraşdırılır. Bu təcrübədən genişliklə istifadə edilməklə 2017-ci ildə rayonlarda 6 min şagirdlik 106, 2018-ci ildə isə 8120 şagirdlik 137 modul tipli məktəb quraşdırılıb. İnformasiya və kommunikasiya texnologiyaları əhəmiyyətli dərəcədə tətbiq edilib. Bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb problemini aradan qaldırmaq üçün cari ildə daha 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulub.

Görülən tədbirlər, göstərilən qayğı öz bəhrəsini verir. Təsadüfi deyil ki, bir neçə il əvvəl yaranmış müəllim çatışmazlığı tədricən aradan qalxır. Gənclər həvəslə müəllimlik fəaliyyətini seçirlər. Xüsusilə rayonlarda, qəsəbə və kənd məktəblərində işləməyə, gənc nəslə elm, bilik verməyə maraq göstərənlər çoxalıb. Hətta Bakıda yaşayan neçə-neçə ali məktəb məzunu bir neçə kilometrlərlə məsafədə yerləşən iş yerlərinə, məktəbə hər gün gedib-gəlməkdən yorulmur. Çünki şəxsi arzu ilə bərabər, dövlətin qayğısı onların üzərindədir, verilən maaş, sosial güzəştlər və sairə belə çətinlikləri dəf etməyə ruhlandırır. Həm də görünən odur ki, elm və maarif yolunda xalqın mənafeyini öz şəxsi mənafeyindən üstün tutanların əməyini ölkə Prezidenti, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə diqqətdə saxlayır, onların millətin gələcəyinə sərf etdikləri əməyini yüksək dəyərləndirirlər. Hər il neçə-neçə müəllim Əməkdar müəllim fəxri adına, orden, medal və digər mükafatlara layiq görülür. Sonuncu dəfə Prezident İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli sərəncamları ilə təhsilin inkişafında xidmətlərinə görə 64 müəllim "Tərəqqi” medalına, 62 müəllim isə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd edildiyi kimi, ölkədə təhsilin inkişafı istiqamətində daim mühüm addımlar atılır, təhsilin normativ-hüquqi bazası təkmilləşdirilir, maddi-texniki təminatı istiqamətində respublika Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilir. Nəticə etibarilə müəllimlərin iş şəraiti yaxşılaşır, təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksəlir.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video