10 Oktyabr 2019 01:36
643
SİYASƏT
A- A+

İlham Əliyevin 106-cı qəsəbə töhfəsi


Prezident 2003-cü ildən etibarən qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi ilə bağlı 70-dən çox fərman, sərəncam imzalayıb


Məcburi köçkünlər üçün salınmış qəsəbələrin açılışlarında iştirak edən İlham Əliyevin və Mehriban Əliyevanın yeni mənzillərlə təmin olunan vətəndaşlarla görüşləri, çay süfrəsi ətrafında səmimi söhbətləri xoş ənənəyə çevrilib.

Bu görüşlər, söhbətlər mahiyyət etibarilə respublikamızdakı xalq-iqtidar birliyinin təsdiqi olmaqla yanaşı, həm də məcburi köçkünlərin yaddaşında unudulmaz günlər və xoş xatirə kimi qalır. İki gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın "Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirakı və məcburi köçkün Fəridə Cabbarovanın ailə üzvləri ilə söhbətləri də xoş təəssüratlar yaratdı.


Mənzillə təminat sistemli və davamlıdır


Ümumiyyətlə, sosial rifahın davamlı şəkildə yüksəlməsi, insanların layiqli həyat tərzinin təmin olunması baxımından Azərbaycan regionun ən nümunəvi dövlətləri sırasında yer almaqdadır. Son illərin iqtisadi islahatlarına paralel olaraq sosial islahatlar da davamlı xarakter alıb və bunun nəticəsində əhalinin maddi gəlirləri mütəmadi artır, yaşayış şəraiti yüksələn xətt üzrə inkişaf edir. Bu, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və sürətli tərəqqiyə xidmət edən siyasətin əsas məqsədlərindən birini təşkil edir.

Məqsədyönlü sosial siyasət Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşayan insanların yaşayış durumuna da təsirsiz ötüşmür. MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə duran dövlətlərdən biri olmasına baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunur. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edir və göstərilən istiqamətdə uğurlu nəticələrin əldə olunduğu beynəlxalq miqyasda da açıq etiraf olunur.

Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. İndiyədək ölkənin müxtəlif yerlərində qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 105 qəsəbə və şəhərcik salınıb. 106-cı isə "Qobu Park-2” yaşayış kompleksidir. Bakının Qaradağ rayonunda salınan kompleksin iki gün əvvəl məcburi köçkünlərin ixtiyarına verilməsi göstərdi ki, dövlətin bu kateqoriyadan olan insanların yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı siyasəti sistemli və davamlıdır. Bu kompleksin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Öncə onu xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi kursu davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən bəri qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.

2007-ci ildə Azərbaycanda sonuncu çadır şəhərciyi ləğv edilib. Məlum olduğu kimi, cənab İlham Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Beləliklə, Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsinin 2001-ci ildən başlayan ləğvi prosesi 2007-ci ilin sonunda başa çatdırıldı və cənab İlham Əliyevin vədi vaxtından da tez yerinə yetirildi.

"Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı məcburi köçkün Fəridə Cabbarovanın ailəsi ilə görüşdə Prezident İlham Əliyev bu barədə deyib: "Mən 2003-cü ildə bəyan etmişdim ki, prezident seçilərəmsə, ilk növbədə, qaçqın şəhərciklərini ləğv edəcəyəm. Çünki tamamilə bizə yaraşmayan bir mənzərə idi. Düzdür, o vaxta qədər bizim maddi imkanlarımız yox idi ki, bunu edək. Ona görə bunları biz 2007-ci ildə ləğv etdik, bir dənə də qalmadı. Ondan sonra keçdik yataqxanalara, məktəblərə, uyğunsuz binalarda yaşayan soydaşlarımızın problemlərinin həllinə. İndi hər il bu məqsədlə ancaq tikinti üçün yüz milyonlarla manat ayrılır. Bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Biz hamımız əminik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bizim gücümüz də artır, əhalimiz də artır. Bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. İllər keçəcək, əhalimiz daha da artacaq, gücümüz daha da artacaq və istədiyimizə nail olacağıq”.


Təşəbbüskar Mehriban Əliyevadır


Qeyd etdiyimiz kimi, bu kompleksin inşasının təşəbbüskarı Birinci vitse-prezident Mehriban Əliyevadır. 2017-ci ildə Birinci vitse-prezident təyin olunan Mehriban Əliyevanın ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi ondan xəbər verirdi ki, doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza diqqət və qayğı onun fəaliyyətində prioritet təşkil edəcək. Mehriban Əliyevanın ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi həm də onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətinin və həssas münasibətinin təcəssümü idi.

Əlbəttə, Birinci vitse-prezident təyin olunana qədər də Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti və Milli Məclisin deputatı kimi məcburi köçkünlərə qayğı göstərilməsini daim diqqətdə saxlamışdı. Buna misal olaraq Heydər Əliyev Fondunun bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilməsini göstərmək olar.

Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı. Bütövlükdə "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində yüzlərlə ailənin mənzil-məişət şəraiti tamamilə yaxşılaşdı. Onlar qəzalı mənzillərdən yeni, təmirli, rahat evlərə köçürüldülər.

"Qobu Park-2” yaşayış kompleksində 1300 ailə məskunlaşacaq. Keçən il dekabrın 24-də açılışı olan "Qobu Park-1” yaşayış kompleksində 1000-dən çox ailə yaşayır. Bu qəbildən olan 3-cü yaşayış kompleksi isə 1300 ailə üçün nəzərdə tutulur. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan çox vəsait xərclənib. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Bu il isə 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının problemlərinin həllinə həssas münasibət göstərir, onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm addımlar atır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video