Alternative content

13:25 21 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbədiyaşar Aida
Əbədiyaşar Aida
ANA SƏHİFƏ / Mədəniyyət
01:33 10.10.2019


Mehriban Əliyeva: "Anamın yoxluğunu hər zaman hiss edirəm”

- Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam Azərbaycanda ilk qadın professor, şərqşünaslıq üzrə elmlər doktoru idi. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi...

O, hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi. Görünür, o məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb...

Təəssüf ki, Aida xanım həyatdan çox tez, 53 yaşına çatmadan köçdü. Altı ay ərzində gözümün qabağında, qollarım üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz yaşlarımı o vaxt axıtmışam... Onun yoxluğunu hər zaman hiss edirəm... Zərif və şəfqət dolu qəlbi olan bu xanım-alim ətrafındakı insanların problemləri ilə maraqlanır, hamıya qayğı və nəvazişlə yanaşırdı. Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan çox gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, əsl aristokrat qadın idi. Bu gün onun həyatını övladları və nəvələri davam etdirir, xatirəsi isə elmi əsərlərində yaşayır.


Deyirlər, insan hələ dünyaya gəlməmişdən öncə Yaradan onun alın yazısını müəyyənləşdirir. Ömür yolunu necə keçəcəyi, hansı nailiyyətləri əldə edəcəyi, həyatda nə qazanıb nə itirəcəyi, necə bir tale yaşayacağı əvvəldən yazılmış olur.

Alın yazısı həqiqətən varmı, yoxmu - bunu demək çətindir. Amma bilinən bir gerçək var - tale hər kəsə bir ömür payı qismət edir. O ömrü necə yaşayacağını isə insan özü seçir. Ya sadəcə yaşamaq naminə yaşayır, ya da yaşatmaq naminə...

O, ikinci yolu seçdi. Ömrünü sevdiyi elm sahəsinə həsr etməklə yanaşı, yeni cığırlar açdı, özünün yolunu, məktəbini yaratdı. Və adını elm tariximizə əbədi həkk etdirdi. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru, ilk qadın professor kimi...

"Unudulmazlar”da görkəmli şərqşünas alim, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığına nəzər salacağıq.

Həyata gəldiyi ilk gündən tale onun üzünə gülmüşdü. Azərbaycanın tanınmış ziyalısının ocağında dünyaya göz açmışdı. Onu sevən, nazını çəkən, qayğısına qalan sevimli ata-anası vardı. Ona bilik dəryasında sərbəst üzməyi öyrədən cəfakeş müəllimləri vardı. Tale ona öz istilik və hərarəti ilə ata ocağından geri qalmayan ər ocağı, hər valideynə qismət olmayan övlad səadəti qismət etmişdi. Tale ona həm də fitri istedadından bəhrələnərək seçdiyi və sevdiyi peşəsində ən yüksək pilləyə çatmağı nəsibləmişdi... Amma tale ona bircə uzun ömür bəxş etməmişdi...

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində dünyaya göz açmışdı. Atası görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev XX əsrin ortalarında populyar olan "Bakı” və "Baku” axşam qəzetlərinin əsasını qoymuşdu. İnternetin və müxtəlif xəbər telekanallarının olmadığı həmin illərdə bakılılar işdən sonra axşam saatlarında satışa çıxarılan "Bakı” qəzetini almaq üçün köşklərin qarşısında növbəyə dururdular. Nəsir İmanquliyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində dərs də deyirdi. Orta nəsildən olan azərbaycanlı jurnalistlərin bir çoxu Nəsir müəllimin tələbələri olub. Anası Gövhər İmanquliyeva (Sultanzadə) Şamaxıda əsilzadə ailəsində dünyaya gəlmişdi. Belə bir ocaqda doğulub, böyümək hər kəsə nəsib olan xoşbəxtlik deyildi.


İlk şöbə müdiri, ilk qadın professor, ilk qadın direktor...


"Ot kökü üstə bitər” misalı boşuna deyilməyb. Yüksək bilik, savad almaq, yazıb-yaratmaq, cəmiyyət üçün faydalı insan kimi yetişmək istəyi elə kökdən, gendən gəlirdi. Məhz ailəsində gördüyü yüksək mənəvi-əxlaqi dəyərlər Aidanın xarakterinə, ruhuna hopmuşdu. Hələ məktəb illərindən mədəniyyəti, çalışqanlığı, zəhməti, savadı ilə bütün müəllimlərin sevimlisinə çevrilmişdi. O, gecəsini gündüzünə qataraq dərslərinə ciddi yanaşır, səylə çalışır, bütün fənləri əla oxuyurdu. Bu zəhməti, əziyyəti isə hədər getmir. 1957-ci ildə təhsil aldığı 132 saylı orta məktəbi qızıl medalla başa vurur. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində yenicə yaranmış ərəb filologiyası bölməsinə daxil olur.

Aida İmanquliyeva tələbəlik illərində də eyni əzmlə, həvəslə çalışaraq təhsili, intellekti, nizam-intizamı ilə müəllimlərinin dərin rəğbətini qazanır. Fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, iti məntiqi təfəkkürü ilə seçilən Aida xanım müasir Azərbaycan ərəbşünaslığının banisi professor Ələsgər Məmmədovdan dərs alaraq ərəb dilini mükəmməl öyrənir. Gənc Aidanın elmi tədqiqata həvəsi də tələbəlik illərindən ətrafdakıların diqqətini çəkir.

Aida İmanquliyeva 1962-ci ildə ADU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirib, filoloq-ərəbşünas ixtisasına yiyələnir və ömrünü elmə bağlamaq niyyətini özü üçün tam yəqinləşdirir. Elə həmin il imtahanları müvəffəqiyyətlə verərək universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olur.

O zaman ərəb filologiyası sahəsində boşluq, mütəxəssis qıtlığı vardı. Ərəb şöbəsinin ilk buraxılışlarının tələbələri elm və təhsilimizdəki bu boşluğu dolduran ilklər olur. İlk buraxılışların məzunlarından olan Malik Mahmudov ərəbdilli Azərbaycan ədəbiyyatını, Zakir Məmmədov ərəbdilli Azərbaycan fəlsəfəsi tarixini öyrənməyə başladı, Vasim Məmmədəliyev ərəb dilçiliyi səmtini tutdu, Aida İmanquliyeva isə müasir ərəb ədəbiyyatının araşdırıcısına çevrildi. Və bu gənc alimlərin hər biri öz məktəbini formalaşdırdı...

Aida xanım az sonra Moskvaya ezam olunaraq təhsilini SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında davam etdirir. O, aspiranturada tədqiqat obyekti kimi ərəb məhcər (mühacirət) ədəbiyyatını seçir. 1964-cü ildə "Azərbaycan” jurnalında "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk məqaləsi dərc olunur. Sonradan məqalələri tək Bakıda yox, digər şəhərlərdə də çap edilir.

Gərgin zəhməti sayəsində elmi tədqiqatlarını qısa müddətdə yekunlaşdıran Aida İmanquliyeva 1966-cı ilin martında hər iki elmi rəhbərinin - Rüstəm Əliyevin və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alır.

Elmi titulla Bakıya qayıdan alim Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda fəaliyyətə başlayır. Aida İmanquliyevanın gələcək həyatı məhz bu elm məbədi ilə bağlı olur. Enişli-yoxuşlu elm yolunda pillə-pillə irəliləyən alim əvvəlcə kiçik elmi işçi kimi fəaliyyətə başlayır, sonra baş elmi işçi vəzifəsində çalışır. 1976-cı ildə isə Yaxın və Orta Şərq Xalqları İnstitutunda Ərəb filologiyası şöbəsinə müdir təyin olunur. Bu şöbə institutdakı şöbələrin ən gənci idi. 1976-cı ildə yaradılmışdı və ilk müdiri də Aida İmanquliyeva seçilmişdi. Özü də cəmi 27 yaşında... Məhz həmin şöbənin iş ritmi, yaş həddi, elmi yanaşma üsullarının müasirliyi sonralar həm bu institutda, həm də bütövlükdə Azərbaycanda şərqşünaslığın inkişafına yeni bir impuls verdi. Bunun da səbəbkarı Aida İmanquliyeva oldu.

Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunur. Bir il sonra, 1989-cu ildə Tbilisidə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülür. Beləliklə də Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru, ilk qadın professor kimi adını tarixə yazdırır. O, 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlayır, həmin ilin dekabrında isə direktor vəzifəsinə təyin olunur. Və Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olur.


Öz tədris kursunu yaradan pedaqoq...


Aida İmanquliyeva fəal ərəbşünas-alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. İctimai işlərdə aktiv iştirak edən Aida xanım Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının, 1981-ci ildən həm də Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatı” ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sonradan sədri idi. O, üç monoqrafiyanın ("Mixail Nüayme və Qələm Assosiasiyası”, "Cübran Xəlil Cübran”, "Yeni ərəb ədəbiyyatının korifeyləri”), 70-dən çox elmi məqalənin müəllifi və Şərq ədəbiyyatı haqqında yazılmış bir çox məqalənin redaktoru olub. Azərbaycan şərqşünaslığını Moskva, Düşənbə, Tbilisi, Hamburq, Küveyt, Poltava, Sankt-Peterburq və digər şəhərlərdə keçirilmiş elmi konfranslarda, konqreslərdə və simpoziumlarda ən yüksək səviyyədə təmsil edib, məruzələr söyləyib.

Tanınmış alim elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəbşünas kadrların hazırlanması işinə böyük töhfə verib. 20 ildən artıq müddətdə ərəb ədəbiyyatından dərs deyib, mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib. Onun bilavasitə rəhbərliyi altında Ərəb filologiyası şöbəsində güclü kadrlar hazırlanırdı. 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar yazılıb nəşr olunub. A.İmanquliyeva Azərbaycanda və bütün Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə əsas tədris kursunu yaradanlardan biri sayılır. Uzun illər pedaqoji fəaliyyəti ilə seçilən alimə 1991-ci ilin mart ayında Ali Attestasiya Komissiyasının qərarı ilə "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə professor elmi dərəcəsi verilib.


Ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açan alim


"Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır” deyən Aida xanımın elmi yaradıcılığı çox zəngindir. O, 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini araşdırıb, yaradıcılığı ilə Azərbaycan şərqşünaslıq elminin inkişafı tarixində parlaq səhifə açıb. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Xalqın maariflənməsi, tərəqqiyə doğru irəliləməsi, milli yaddaşın qorunması kimi nəcib niyyətlər bu əsərlərdə özünü qabarıq göstərib. Elmi tədqiqatlarını əsl alim təəssübkeşliyi ilə aparan, ərəb filologiyası sahəsində özünəməxsus məktəb yaradan Aida İmanquliyeva ərəb ədəbiyyatının bir sıra korifeylərinin yaradıcılığını tamamilə yeni rakursdan araşdıraraq onları Azərbaycan ədəbi ictimaiyyətinə tanıdır. Bununla da Aida xanım ərəb və Azərbaycan ədəbiyyatları arasında sağlam körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə çalışıb.

Aida İmanquliyeva Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. O, öz əsərlərində daim Şərqlə Qərb dialoqunun əldə olunması üçün ortaq məqamların tapılmasına çalışır, Şərq mənəvi dəyərlərinin, müsəlman əxlaqının böyük təəssübkeşi olmaqla Qərb dəyərlərinə sivil münasibət, sivilizasiyalararası dialoq problemini də özünəməxsus tərzdə gündəmə gətirir, bu məsələnin elmi şərhinə zəhmət sərf edirdi. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürür, mədəni tərəqqini şərtləndirən amillərə istinad edirdi. Böyük intuisiyası, uzaqgörənliyi sayəsində hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan sivilizasiyalararası dialoq multikulturalizm problemlərinə özünəməxsus tərzdə yanaşaraq, bu problemin fəlsəfi mahiyyətini açıqlamağa çalışıb. Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması kimi məsələləri tədqiq edən fədakar alim elmi araşdırmaları ilə təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük şöhrət qazanıb.

Görkəmli alim Şərq filologiyasının müxtəlif aspektləri üzrə apardığı tədqiqatlarla, yaratdığı fundamental əsərlərlə müasir elm tariximizə yeniliklər gətirib, ərəb ədəbiyyatının tədqiqində tamamilə yeni səhifə açıb. Aida xanım təkcə Azərbaycan və keçmiş sovet şərqşünaslığının deyil, bütövlükdə dünya şərqşünaslığının inkişafına misilsiz töhfələr verib. Geniş coğrafi arealda - Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də bir sıra ərəb ölkələrində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən görkəmli alim müasir ərəb ədəbiyyatının sanballı tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixində əbədi iz qoyub.

Aida İmanquliyevanın kitabları bu gün təkcə azərbaycanlı deyil, əcnəbi tədqiqatçılar üçün də əhəmiyyətli mənbə rolunu oynayır, müxtəlif ölkələrdə bu əsərlərə istinad olunur. Alimin bir çox xarici dillərə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatı korifeyləri” kitabı onun çoxillik gərgin araşdırmalarının yekunu olmaqla ərəb məhcər ədəbiyyatı haqqında yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında geniş maraq doğurub, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Aida xanım ərəb-məhcər ədəbiyyatı ilə yanaşı, Azərbaycan-ərəb, rus-ərəb və Qərb-ərəb ədəbi əlaqələri problemləri istiqamətində də sanballı elmi əsərlər yazıb. Onun əsərləri həm ölkə daxilində, həm keçmiş SSRİ məkanında, həm də xaricdə çap olunan sanballı beynəlxalq jurnallarda nəşr edilib.

Hər bir alimi tanıdan, məşhurlaşdıran əsas keyfiyyətlərdən biri də onun publisistik qələmi, kəsərli sözüdür. Aida xanım İmanquliyeva istedadlı qələm sahibi kimi özünü tərcümə sahəsində də sınayıb, ərəb ədəbiyyatının bir sıra şedevrlərini ana dilimizə məharətlə tərcümə edib. Mixail Nüaymənin "Buz əriyəcək”, "İnsan və quş”, "Qu-qu” saatı”, Mahmud əz-Zahirin "Üsyan”, Məhəmməd Dibin "Xasın dərmək”, Sahib Camalın "Yusif”, Süheyl İdrisin "Azadlıq” və Qənəma Məcid Zeyyibin "Növbəyə dayanmaq” hekayələrini tərcümə etməsi deməyə əsas verir ki, görkəmli alim Azərbaycan ədəbi dilinin incəliklərinə son dərəcə bələd olmuş, tərcümələrində yüksək poetik ruhu, orijinal dəstxəti, məna və məzmunu qoruyub saxlaya bilmişdir.

Aida xanımın əsas araşdırmaları ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Əmin ər-Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığına həsr edilmişdi. O, adıçəkilən mütəfəkkirlərin yaradıcılığı barədə keçmiş ittifaq məkanında tədqiqat aparan ilk alimlərdən idi.


Gözəl xanım, kövrək insan, qayğıkeş ana


Görkəmli alimin fəaliyyət istiqamətlərindən ön plana çıxan mühüm mövzulardan biri də qadın məsələlərinə həssaslıqla yanaşılması, bu mövzuya geniş yer verilməsidir. Araşdırdığı ərəb mütəfəkkirlərinin əsərlərində Şərq qadınının cəmiyyətdəki rolu, islam dinində qadın məsələləri kimi mühüm mövzular öz əksini tapıb. Aida xanım qadın hüququ, qadın azadlığı, cəmiyyətdə kişi-qadın münasibətləri - ümumilikdə gender faktoruna Şərq-Qərb mətnində paralellər aparmaqla, qadını mənəvi-ideoloji buxovlardan azad edə biləcək məqamları C.X.Cübran və Əmin-ər-Reyhani motivasiyasında təsvir edirdi. O, araşdırıb təhlil etdiyi əsərlərdə qadın düşüncəsini, qadın hüquqlarını ön plana çəkirdi.

Bu da təsadüfi deyildi. Çünki gözünü açdığı, böyüdüyü mühitdə də, gəlin köçdüyü ailədə də qadına sevgi, hörmət, dəyər vermək ən vacib məsələlərdən idi. Aida xanım da hər şeydən öncə həm də bir qadın idi. Sevilən, sevən, xoşbəxt bir qadın... Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri özündə təcəssüm etdirən qadın...

"Ailə ənənələrimizdə, yəqin ki, ən ümdə məsələ qadına olan münasibətdir. Təkcə qadını sevmək və ona dəyər vermək deyil, həm də onu qorumaq bacarığıdır. Həyat yoldaşım çox gözəl qadın idi. Çox erkən, gənc yaşında həyatdan köçdü. Onu qorumaq üçün əlimdən gələni etdim, ancaq bədbəxtlik heç gözləmədiyimiz bir anda bizi haqladı. İllər keçdikcə, əlbəttə, ağrı azaldı. Amma acısı, göynərtisi hələ də ürəyimdədir. Onun xatirəsi hər vaxt bizimlədir - mənimlə və qızlarımla...” - Akademik Arif Paşayev ömür-gün yoldaşını belə xatırlayır...

Aida İmanquliyeva onu tanıyanların yaddaşında yalnız yüksək intellekt sahibi olan insan, dərin bilikli, istedadlı alim kimi yox, həm də gözəl simalı xanım kimi qalıb. O, Şərq xanımlarına məxsus təbii bir gözəlliyə malik idi. Və bu gözəllik onun ürəyindən, xasiyyətindən gəlirdi. Aida xanım çox zərif, kövrək insan, həddindən artıq nəvazişkar və diqqətli bir xanım kimi hər kəs tərəfindən sevilirdi. O, yaxınlarından tez-tez xəbər tutan, onların işi ilə maraqlanan, çətinliklərini həll etməyə çalışan dost idi. Köməyə ehtiyacı olan hər kəsə yardım əlini uzadırdı.

Gündəlik gərgin iş rejimi Aida xanımı analıqdan və xanımlıqdan məhrum edə bilməmişdi. O, ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Ömür-gün yoldaşı Arif Paşayev fizika sahəsində görkəmli alim və Milli Aviasiya Akademiyasının rektorudur. Ailədə iki qız övladı böyüyüb. Aida xanım həyat yoldaşı Arif Paşayevlə birgə sevimli qızları Nərgiz və Mehribanın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını çəkərdi. Ailənin böyük qızı - Nərgiz Paşayeva da həyatını elmə həsr edib. O, akademik, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

Ailənin ikinci qızı - Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiridir.


Mehriban Əliyeva: "Anamın yoxluğunu hər zaman hiss edirəm”


Mehriban xanım bir çox müsahibələrində anasını xatırlayaraq onun portretinin müəyyən çalarlarını çəkib:

- Mən ənənəvi dəyərlərin əsas götürüldüyü Azərbaycanın ziyalı ailəsində dünyaya göz açıb, boya-başa çatmışam. Bizi, gənc nəsli böyüklərin nüfuzunun və davranışının ən yaxşı nümunə olduğu, ailənin hər bir kiçik üzvünə üzərinə düşən məsuliyyəti daşımağın öyrədildiyi böyük və möhkəm ailədəki ab-hava formalaşdırıb. Yaşa dolduqca böyükləri, valideynləri anlamağa başladım, onlara sonsuz minnətdarlıq hissi duydum. Çünki onlar həqiqətə və mənəviyyata can atmağı öyrətdilər. Onlar öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar. Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər, inam və məhəbbət - həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur. Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru oldu. Anam Azərbaycanda ilk qadın professor, şərqşünaslıq üzrə elmlər doktoru idi. Anam dünya şöhrətli alim idi, onun əsərləri bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi, incə və səxavətli qəlbi var idi...

O, hədsiz dərəcədə mehriban və kifayət qədər qapalı qadın idi. Görünür, o məndə yüksək məsuliyyət hissini formalaşdırmağı bacarıb... Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi.

Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri, islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın məktəbinin yetirmələrini, onun davamçılarını görürük. Ona görə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir.

Təəssüf ki, Aida xanım həyatdan çox tez, 53 yaşına çatmadan köçdü. Altı ay ərzində gözümün qabağında, qollarım üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz yaşlarımı o vaxt axıtmışam... Onun yoxluğunu hər zaman hiss edirəm... Zərif və şəfqət dolu qəlbi olan bu xanım-alim ətrafındakı insanların problemləri ilə maraqlanır, hamıya qayğı və nəvazişlə yanaşırdı. Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan çox gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, əsl aristokrat qadın idi. Bu gün onun həyatını övladları və nəvələri davam etdirir, xatirəsi isə elmi əsərlərində yaşayır.


Nərgiz Paşayeva: "O, bizim ailəmizin və başımızın tacı olub”


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Nərgiz Paşayeva da anasını nadir, parlaq və gözəl insan kimi yad edir:

- Elə insanlar olur ki, onların ömrü qısa olsa da, qurtarsa da, həyatı davam edir. Biz onları görmürük, səsini eşitmirik, amma qəlbimiz onlarla danışır. Gözlərimiz onları görmür, amma onların siması, cizgiləri, surəti daim canımızda, qanımızda, ürəyimizdədir və o surət bizi heç vaxt tərk etmir...

Adətən, insan həyatdan köçdükdə yerdə qalanlar onun gözlərini bağlayırlar. Ancaq sirr ondadır ki, qalanların, dirilərin gözünü çox vaxt həyata həyatdan köçənlər açır. Çünki çaları, səmti, yolu, istiqaməti, rəngi dəyişə bilən ömrün yolları insanı həm ucalda bilər, həm də kiçildə bilər. Əlbəttə, ucalan insanlar ətraflarına, qohumlarına, valideynlərinə, müəllimlərinə həmişə şərəf hissi gətirirlər. Amma gəlin onu da etiraf edək ki, ucalan yolla gedən hər kəs bu ucalığa yazılmış və yazılmamış qanunları pozmadan nail olmaq hünərinə malik olmur. Aida xanım məhz belə hünərə malik insanlardan biri idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadir və parlaq insan idi. Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O, goründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti azaltmayıb. Çünki Anaya olan həsrəti heç bir zaman azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman da azalda bilməz.


Yarıda qırılan ömür...


Aida İmanquliyeva ömrünün ən xoşbəxt çağında, elmi fəaliyyətinin ən məhsuldar dövründə, nəvələrinin böyüməsinə şahid olmadan həyatla vidalaşmalı olur. Xəstəlik onu qəfil yaxalayır. 1992-ci il sentyabrın 19-da doğum gününə az qalmış, 53 yaşı tamam olmadan bu dünyadan köçür...

Ömür vəfa etsəydi, qarşıda görəcəyi xeyli işlər, araşdıracağı mövzular, yetişdirəcəyi tələbələr, hələ neçə-neçə "ilk”lər vardı. Tale aman versəydi, bu gün 80 yaşını qeyd edəcəkdi. Görünür ömür payı elə bu qədərmiş. Tale hər şeydə üzünə gülsə də, illərdə xəsislik edib, yaşını az yazıbmış...

Lakin əsas uzun və mənasız deyil, qısa və mənalı, məzmunlu, faydalı həyat yaşamaqdı. Bax, bu isə hər kəsə qismət olmur...

Deyirlər, insan yalnız bu həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlərlə əbədiyaşar olur. Yaddaşlara qazınır, hafizələrdə iz buraxır, adını tarixə qızıl hərflərlə yazdırır. Aida İmanquliyeva məhz belə insanlardandır. O, qısa ömür yaşasa da, təvazökar həyat tərzinə, zəngin elmi yaradıcılığına, insanlığına görə sözün əsl mənasında fərqlənməyi, sevilməyi, həyatda, tarixdə iz qoymağı bacardı.

Həyat yolu yarıda qırılsa da, elmdə özündən sonra da davam edən bir yol yaratmağa nail oldu. Övladlarının qürur duyulası fəaliyyəti, yetirdiyi alimlərin uğurları, tarixdə qalacaq əsərləri isə Aida xanımın yarımçıq qırılmış ömrünün davamı, yaşaya bilmədiyi illərin təsəllisidir.

Xəyalə MURADLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM