10 Oktyabr 2019 01:17
530
SİYASƏT
A- A+

Xalqın iradəsinin ifadəsi


Müxalifət partiyalarının rəhbərləri Prezident İlham Əliyevin Rusiyadakı çıxışını işğalçıya və beynəlxalq təşkilatlara növbəti kəskin xəbərdarlıq kimi qiymətləndirirlər


Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə dünyada çox böyük nüfuza malik beyin mərkəzlərindən biri olan "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, orada səsləndirdiyi fikirlər və tezislər ölkəmizlə yanaşı, işğalçı Ermənistan və Rusiyanın kütləvi informasiya vasitələrinin də müzakirə mövzusuna çevrilib.

Ölkəmizdəki müxalifət partiyalarının rəhbərləri də qeyd edirlər ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi həqiqətlər həm işğalçı ölkəyə, həm onun havadarlarına, həm də beynəlxalq təşkilatlara növbəti xəbərdarlıq mesajı idi.


Prezident tək Ermənistana deyil, onun havadarlarına da mesaj ünvanladı


Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa qəzetimizə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında səsləndirdiyi fikirlər ölkə ictimaiyyətinin dövlət başçısından gözləntisi idi: "Prezidentin çıxışı çox mükəmməl münasibət oldu. O baxımdan ki, dövlət başçısı prinsipial mövqeyini standart diplomatik terminlərlə deyil, obrazlı şəkildə dünyanın diqqətinə çatdırdı. Bununla da həm oradakı auditoriyaya, həm də münaqişənin həlli ilə bağlı məşğul olan beynəlxalq təşkilatlara, Ermənistanın himayədarlarına birmənalı şəkildə aydın oldu ki, Azərbaycanın Dağlıq Qarabağ siyasətində güzəştə getmək niyyəti yoxdur. Prezidentin dilindən də bu sözlərin səslənməsi Azərbaycan cəmiyyətində nikbinlik yaratdı. Çünki bu gün Qarabağ müvəqqəti işğal altındadır və bu, o demək deyil ki, Azərbaycan xalqı bu işğalla barışıb. Prezident İlham Əliyev də xalqın arzuladığı sözü elan etdi”.

Fazil Mustafanın sözlərinə görə, Prezidentin Azərbaycan həqiqətlərini Rusiya auditoriyasında səsləndirməsi də diqqət çəkən məqamdı. Çünki işğalçı Ermənistanın ən çox güvəndiyi auditoriya həmin məkandır: "Prezidentin bu ölkənin baş nazirinin sərsəm açıqlamasına tutarlı cavabı, eləcə də erməni hücumunun məhz Rusiya auditoriyasında dəf edilməsi fərqli bir başlanğıcın əsasını qoydu”.

Deputat hesab edir ki, bu çağırışa ilk növbədə həssaslıqla yanaşan Azərbaycan Ordusu olmalıdır. Çünki ordumuz hər zaman işğalçını torpaqlarımızdan qovmağa hazır olmalıdır ki, Ali Baş Komandanın hücum əmrinə böyük şövqlə, peşəkarlıqla yanaşsın.


Cənab İlham Əliyev həm də Paşinyana yerini göstərdi


"Ermənistanın baş naziri N.Paşinyanın Xankəndidəki məsuliyyətsiz "bəyanatından” sonra arada müəyyən bir qısa fasilə yarandı və ermənilərə elə gəldi ki, Azərbaycan heç dövlət səviyyəsində bu məsələyə reaksiya vermədi və çox güman ki, artıq xalq da işğalla barışır. Lakin Azərbaycan Prezidenti elə bir məqamda, elə bir məkanda xalqının mövqeyini sərgiləyən "Qarabağ Azərbaycanındır və nida işarəsi” ifadəsini işlətdi ki, bununla məsələyə kökündən son qoydu”.

Bu fikirləri isə bizimlə söhbətində Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli söylədi. Deputatın fikrincə, Azərbaycan Prezidentinin erməni baş nazirə cavabını dünyanın elm adamları və siyasilərinin, hərbçilərinin qatıldığı bir platformadan bəyan etməsi daha effektiv oldu. Bu fikirlərin Rusiyada səslənməsi Ermənistanı növbəti dəfə təşvişə saldı: "İlk növbədə onu vurğulamalıyıq ki, cənab İlham Əliyevin həmin beynəlxalq konfransa dəvət edilməsi Rusiya Prezidentinin Azərbaycan və Ermənistana olan münasibətinin təzahürü idi. Cənab İlham Əliyev faktlara əsaslanan çıxışı ilə bir daha Ermənistanın baş nazirinə yerini göstərdi. Digər tərəfdən orada iştirak edən siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri, hərbi ekspertlər öz "hesablarını götürdülər”. Bir daha onlara bəlli oldu ki, Azərbaycan mövqeyindən geri çəkilən deyil. Prezidentin beynəlxalq təşkilatların qətnamələrinin kağız üzərində qalması ilə bağlı söylədiyi fikirlər də olduqca vacib məsələ idi”.

Deputat deyir ki, Azərbaycan Prezidentinin çıxışı Ermənistanın daxilində də narahatçılıq yaradıb. Bu ölkədə nəşr olunan "Ayna” qəzeti "Əliyevdən Paşinyana tutarlı cavab” başlıqlı yazısı ilə həqiqətləri etiraf etdi. Bu da onu göstərir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət, münaqişənin həlli ilə bağlı irəli sürdüyü təşəbbüslər Ermənistan əhalisi tərəfindən də qəbul edilir: "Bütün bunlar Prezident İlham Əliyevin hücum diplomatiyasının uğurlarıdır. Əgər indiyədək hücum diplomatiyası kursunu yerinə yetirirdiksə, artıq diplomatik fəaliyyətimizi "Qarabağ Azərbaycanındır və nida işarəsi” üzərində qurmalı, səylərimizi daha da gücləndirməliyik”.


Lazımi vaxtda və yerdə olan çıxış


Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də qəzetimizə açıqlamasında dedi ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı Azərbaycan xalqının iradəsinin ifadəsi idi: "Cənab İlham Əliyevin bu çıxışı Azərbaycanın dünyaya mesajı idi. Dövlət başçısı bəyan etdi ki, biz torpaqlarımızın işğalı ilə barışmayacağıq. Eyni zamanda Prezident beynəlxalq təşkilatların da nəzərinə çatdırdı ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozmaq, ona laqeyd yanaşmaq olmaz. Çünki bu cür yanaşma gələcəkdə bir sıra münaqişələrə rəvac vermiş olacaq. Ona görə də qəbul edilmiş qətnamələr kağız üzərində qalmamalıdır. Ölkələr də hüququn aliliyi prinsipinə uyğun hərəkət etməlidirlər ki, digər dövlətlər ibrət götürsünlər”.

Deputatın sözlərinə görə, cənab İlham Əliyevin dünyanın bir sıra ölkələrinin liderlərinin, aparıcı mütəxəssislərinin qarşısındakı nitqi lazımi vaxtda və yerində olan çıxış idi. Bunu hətta Ermənistanda da etiraf edirlər.

Azərbaycanla Rusiya arasında olan münasibətlərə gəlincə isə, Asim Mollazadə qeyd etdi ki, ölkəmiz, Ermənistan istisna olmaqla qonşu dövlətlərlə hər zaman səmimi, dostluq münasibətləri qurub, həm siyasi, həm iqtisadi əməkdaşlığın inkişafında maraqlı olub. Bu gün də Azərbaycan-Rusiya arasındakı münasibətlər inkişaf mərhələsindədir. Hər iki ölkə çoxşaxəli əmakdaşlıqda maraqlıdır. Prezident İlham Əliyevin də "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasına dəvət edilməsi isə Rusiya Prezidenti ilə Azərbaycanın dövlət başçısı arasında olan möhkəm dostluq və dövlətlərarası strateji tərəfdaşlıq münasibətinin real təzahürüdür.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video