09 Oktyabr 2019 00:18
601
İQTİSADİYYAT
A- A+

Təbiətə və gözəlliyə qarşı nankorluq


Tanınmış rus yazıçısı Anton Pavloviç Çexovun bir çox dillərə tərcümə olunmuş "Vanka” hekayəsi var. Əsərin qəhrəmanı - 9 yaşlı kəndli oğlan Vankanı şəhərdə yaşayan çəkməçiyə şagirdliyə verirlər. Bu, Vankanın ürəyincə olmur, qısası, o, şəhərdə dözüm gətirmir və vəziyyəti babasına məktubla bildirmək qərarına gəlir. Məktubunu qatlayıb zərfə qoyur və ünvanı qeyd edəcəyi yerdə "Kəndə, babama” sözlərini yazır. Artıq bir çox dillərdə, o cümlədən bizim də dilimizdə zərbi-məsələ çevrilmiş "Kəndə, babama” ifadəsinin mənbəyi bax budur.

Doğrusu, nə "Vanka” hekayəsi yada düşürdü, nə də bu əsərin eyniadlı qəhrəmanı. Əgər paytaxtın yeni yaşayış massivlərinin birində çəkilmiş iri su borularının yanında dayanıb öz-özünə danışan ixtiyar yaşlı kişi diqqətimizi cəlb etməsəydi... Onunsa diqqətini boruların üstündə qırmızı rəngli divar boyası ilə yazılmış "Seva, mən səni sevirəm” sözləri cəlb etmişdi.

Kişi başını bulayır, hey deyinirdi:

- Ay nadan, kimsən sən? Bu nə biabırçılıqdır? Oğulsan, sözünü aşkar de. El adəti ilə qızın dədəsinin qapısına elçi göndər. Seva kimdir? Sevinc, Sevda?.. Bu qəsəbədə eyniadlı yüz qız var. Hansıdır sevdiyin? Belə sevgimi olur? Camaatın uşağını niyə biabır edirsən? Ay nadan,...

Kişi sakitləşmək bilmirdi. Binəva qoca haradan bilsin ki, bu cür ünvansız "məktub”lar şəhərin hər yerində, lap mərkəzində də saysız-hesabsızdır. Divarlarda, səkilərdə... Məhəbbət oxu daşa dəyənlər isə qəzəblənib zibil qutularının üstündə adlar yazır, ürək şəkli çəkib onu çalın-çarpaz xətlərlə "dağlayır”lar. "Müasir” cavanların bəziləri hətta informasiya-kommunikasiya texnologiyalarının yeniliklərini də ağacların, daşların üstünə gətiriblər. Sevdiklərinə ağlayan, gülən, yalvaran, acıqlanan smail şəkilləri göndərirlər.

Əvvəlki illərdə bu cür "məktub” müəllifləri öz ürək sözlərini, həmçinin avtobusların oturacaqlarının söykənəcəyində yazmağı xoşlayırdılar. İndi şəhər nəqliyyatının bir çoxunda kameralar quraşdırılıb. Həm də Bakı artıq meqapolisə çevrilib, bir neçə milyon insanın yaşadığı və qonaq gəldiyi şəhərdir. Avtobuslarda daim sıxlıq olur. Odur ki, ünvansız məktub yazan Vankaların əl-qolu bağlanıb. İndi onlar ayaqlarını işə salaraq bir az da irəliyə addımlayıblar. Dənizkənarı Milli Parkda Xəzərin sahili boyu səpələnmiş irili-xırdalı daşların üstünü "bəzəyirlər”.

Amma yox... Bunları Vankaya bənzətmək o qədər də düzgün deyil. Vanka XIX əsrin sonunda yaşayırdı, savadsız bir kəndli balası idi və yazdığı məktub da ən kövrək və səmimi duyğulardan qaynaqlanırdı. İndi XXI əsrdir. Yaşadığımız ölkə isə başdan-başa savadlılar diyarıdır. Gənclərin əksəriyyəti ali olmasa da, orta təhsil alıb, ən azından natamam orta təhsil haqqında, yəni 9 il məktəbdə oxuduqları barədə şəhadətnamələri var. Bəs bu dayazlıq, mədəniyyətsizlik, cahillik nədən yaranır?

İş o yerə çatıb ki, sözügedən üzdəniraq cavanlar adlarını hətta kaktusların yarpaqlarında, digər ağacların iri budaqlarında və gövdələrində yazırlar. Adını kaktusun yarpağına həkk edən Anar məgər düşünmür ki, Bakıda onun neçə-neçə adaşı var? Onsuz da onun hansı Anar olduğunu heç kəs bilməyəcək!

Bütün bunlar ətrafı çirkləndirmək, təbiətə əl qaldırmaq və dövlətin malına ziyan vurmaqdır. Bu cür yazılardan yarpaqları cadar-cadar, gövdələrinin qabıqları ovum-ovum olan ağacları böyütmək, yetişdirmək üçün nə qədər insan əməyi sərf edilir. Hələ onu demirik ki, bu ağacların, bitkilərin bir çoxu xaricdən alınıb gətirilir. Gətirilir ki, şəhərimiz daha da gözəlləşsin, parklarımızın bitki örtüyü bir az da zənginləşsin, uşaqlarımızın, gənclərimizin təkcə Azərbaycanın deyil, bütün dünyanın florası haqqında əyani təsəvvürü olsun.

Bəzi cavanlar isə təbiətə və gözəlliyə qarşı bax, bu cür nankorluq edirlər! Onlar paytaxtımıza bölgələrdən gələn qonaqlara və dünyanın müxtəlif guşələrindən təşrif buyuran turistlərə də pis nümunə göstərirlər. Məsələn, Masallıdan gələn və öz adını qeyd etməyi unudan gənc Türkmənistandakı dostu ilə münasibətlərinin daş kimi möhkəm olduğunu bildirmək istəyib. Omskdan gələn Vitya isə günəşli Azərbaycanın paytaxtında sevdiyi qız üçün darıxdığını daş üzərində ifadə edib.

Bu cür "yaradıcılığa” meyilli olan Bakı sakinləri də öz növbələrində, yəni başqa yerlərə gedəndə orada "avtoqraf” qoyurlar. Məsələn, Qobustanda tarixi daş abidələri korlayan nə qədər istəsəniz imza var.

Bəzi cavanlar daşda-ağacda yalnız adını, yaxud özü üçün uydurduğu ləqəbi yazır. Yəqin düşünür ki, bununla əbədiləşəcək, tarixə düşəcək...

Əvvəla, tələsmək lazım deyil, onsuz da heç bir insan dünyanı tutub qalası deyil. 100-ü də başa vursan, axır bir gün adın daş üzərinə həkk olunasıdır. Tanınmaq, sayılmaq, nəhayət, yaddaşlarda qalmaq istəyirsinizsə, bunun üçün daş-divarı cızmaq, gül-çiçəyi "yaralamaq” lazım deyil. Yaxşı işlər görmək, oxumaq, çalışmaq, qurmaq-yaratmaq lazımdır!

Flora SADIQLI,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video