08 Oktyabr 2019 00:36
1212
SİYASƏT
A- A+

İki ildə 6 görüş, 5,8 milyard dollarlıq qarşılıqlı sərmayə


Prezident İlham Əliyevin Soçi səfəri və Vladimir Putinlə görüşü iqtisadi-ticari əməkdaşlığın gələcək inkişafı üçün möhkəm əsas yaratdı


Ötən həftə ölkəmizin ictimai-siyasi həyatında daha bir tarixi hadisə yaşandı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə oktyabrın 2-3-də bu ölkədə səfərdə olan Prezident İlham Əliyev beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi üçün önəmli platforma olan "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində qətiyyətli, prinsipial mövqeyini bir daha dünyaya bəyan etdi.

Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan bu səfər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində də mühüm önəm kəsb edirdi. Soçidə də Prezident Vladimir Putinlə cənab İlham Əliyev arasında baş tutan yüksək səviyyəli ikitərəfli görüş bunun əyani təzahürü oldu.


Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir


Bu gün Azərbaycanla Rusiya arasında ticarət əlaqələri yüksək templə inkişaf edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu ölkənin Cənubi Qafqazda ticarət əlaqələrinin təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir.

Belə ki, bu ilin 8 ayı ərzində ölkəmizdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon dollar dəyərində ixrac həyata keçirilib. Qeyri-neft sektoruna aid mal ixrac etdiyimiz ölkələr sırasında Rusiya (427,1 milyon dollar) birinci, Türkiyə (278,6 milyon dollar) ikincidir. Ötən ilin eyni dövrü ilə müqayisədə, yəni 8 ayda Rusiyaya qeyri-neft ixracı 15 faiz artıb. Bu ilin avqust ayında qeyri neft-qaz məhsulları üzrə də ən çox mal Rusiyaya (31,2 milyon dollar) ixrac edilib.

İqtisadi əməkdaşlıqda kənd təsərrüfatı önəmli yer tutur. Rusiya kənd təsərrüfatı və emal məhsullarımızın əsas alıcısıdır. Ötən il qonşu ölkəyə 560 min tondan çox məhsul ixrac olunub. Bununla yanaşı, Rusiya şirkətləri Azərbaycana kənd təsərrüfatı texnikası ixrac edir. Son illərdə Rusiyadan 900-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, 650 min tondan çox mineral gübrələr alınıb.

Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafında ilk növbədə dövlət başçıları arasındakı möhkəm dostluq münasibətlərinin, qarşılıqlı təmasların müstəsna rolu var.

Soçidə liderlər arasında aparılan müzakirələr də strateji əməkdaşlığı daha da möhkəmləndirməklə yanaşı, əlaqələrin bütün sahələrdə dərinləşməsinə, mövcud potensialın daha dolğun reallaşdırılmasına, iqtisadi-ticari əməkdaşlığın inkişafına böyük təkan verəcək.


Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir


Elə oktyabrın 3-də Soçi şəhərinə səfəri zamanı "Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın "Rossiya” və "Birinci” televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bu məsələlərə toxunaraq bildirib ki, iki ölkə arasındakı münasibətlər həyatın bütün sahələrini əhatə edir: "Bizim ikitərəfli münasibətlərimizə gəlincə, bunlar çox müsbətdir, çox yaxşı dinamikaya malikdir, həyatın bütün sahələrini əhatə edir və çox etibarlıdır. Mənim Prezident Vladimir Vladimiroviç Putinlə keçən il 4, bu il 2 şəxsi görüşüm olub. Bu görüşlər ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafına çox ciddi impuls verir və həmçinin bizim regiondakı vəziyyətə müsbət təsir göstərir”.

Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafı qeyd olunmaqla yanaşı, bir sıra praktik sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən yol xəritəsi sənədləri diqqətə çatdırılıb.

"Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında da cənab İlham Əliyev ölkələrimiz arasında əlaqələri dəyərləndirərkən ticari-iqtisadi münasibətlərin inkişafında müsbət dinamikanın müşahidə olunduğunu diqqətə çatıdırb: "Hər il əmtəə dövriyyəsi artır. Beş yol xəritəsi çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Ölkəmiz Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırıblar”.


Hərbi-texniki əməkdaşlıq, 5 milyard dollarlıq müqavilə


İki ölkə arasında hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Soçidə dövlət başçıları arasında aparılan danışıqlar zamanı bu istiqamətdə işi davam etdirmək barədə razılıq əldə edilib. Qeyd edilib ki, Azərbaycanın Rusiyadan texnika alması çərçivəsində imzalanmış müqavilələrin məbləği 5 milyard dollar təşkil edir. Bunun 3 milyard dolları artıq reallaşıb.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir və bu istiqamətdə infrastrukturun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Samur çayı üzərində avtomobil körpüsünün tikintisi davam etdirilir və bu ilin sonunadək başa çatdırılacaq. Eyni zamanda, sərhəd-buraxılış məntəqələrinin inkişafı layihələrinin sinxronlaşdırılması məsələsi müzakirə olunur və bu sahədə xüsusi yol xəritəsi hazırlanır.

Onu da vurğulayaq ki, Azərbaycan həm "Şərq-Qərb”, həm də "Şimal-Cənub” dəhlizlərində iştirak edən yeganə ölkədir. Prezident İlham Əliyev də bu məsələyə xüsusi olaraq toxunub və qeyd edib ki, artıq işə düşən "Şimal-Qərb Beynəlxalq nəqliyyat dəhlizi” vasitəsilə Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə həm cənub, həm də qərb istiqamətində göndərilir. 2018-ci ildə "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” vasitəsilə daşınmış yüklərin həcmi əvvəlki ildəkindən 8 dəfə çox olub. Həcmlər hələlik böyük olmasa da, dinamika güclü təsir bağışlayır.

Prezident İlham Əliyevin Rusiyaya səfərinin iqtisadi aspektləri barədə danışan İqtisadiyyat naziri, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev də qeyd edib ki, iki ölkənin əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir, liderlərin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin strateji xarakteri, dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır: "Azərbaycanın mehriban qonşu, dost, etibarlı və mühüm tərəfdaş olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığımız genişlənir. Əlaqələrimizin inkişaf dinamikası və əldə edilən nəticələr çox müsbətdir. Bütün bunların arxasında strateji əməkdaşlıq, mühüm işlər, önəmli layihələr dayanır və yüksək göstəricilərdə əksini tapır. Azərbaycan Prezidentinin Soçi şəhərinə işgüzar səfəri xüsusi əhəmiyyət kəsb edir. Aparılan müzakirələr Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaradır”.


Bu il ticarət dövriyyəsi 3 milyard dollara çatacaq


Cənab İlham Əliyevin ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 yol xəritəsi iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyən edir.

Nazir Şahin Mustafayev də qeyd edir ki, bu yol xəritələri ticarət, nəqliyyat, Azərbaycan ərazisində birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti və humanitar sahədə əməkdaşlığı nəzərdə tutur. Yol xəritələrində ticarət əməkdaşlığının daha da dərinləşməsi məsələlərinə xüsusi yer ayrılır. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı sərbəst ticarət haqqında saziş ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Məhz bunun nəticəsidir ki, ötən il iki ölkənin ticarət dövriyyəsi 20 faiz, bu ilin yanvar-avqust aylarında isə 24 faiz artıb. Ticarətin həcmi 2,5 milyard dollar təşkil edib və bu sahədə həyata keçirilən ardıcıl, sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır.

Bütün bunlarla yanaşı, ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırılır. "SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın "KamAZ” və "Ural” zavodları ilə əməkdaşlığı, "Azərmaş” və "QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan-Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir. İki ölkə arasında ölkəmizdə kənd təsərrüfatı texnikasının, vaqonlar üçün ehtiyat hissələrinin və digər sənaye məhsullarının istehsalının təşkili barədə də razılıq əldə edilib.

Eyni zamanda Azərbaycanla Rusiya arasında ticarətin müsbət artım templərini daha da gücləndirmək məqsədilə tədbirlər davam etdirilir. Rusiyada Azərbaycanın Ticarət Nümayəndəliyi, Həştərxan şəhərində Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində Azərbaycan "Şərab Evi” fəaliyyət göstərir və iş adamları arasında birbaşa ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. Həmçinin Moskva şəhərində Azərbaycan məhsullarının geniş çeşiddə təqdim olunduğu "Azərbaycan nemətləri” mağazası açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır.

İki ölkənin iş adamları arasında biznes forumları, işgüzar görüşlər keçirilir, Rusiyaya ixrac missiyaları təşkil olunur, Azərbaycan məhsulları bu ölkədə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilir. Artıq Azərbaycan məhsulları Rusiyanın iri mağazalar şəbəkələrində satılır və daha geniş istehlakçı dairəsinə təqdim edilir.

Bir sözlə, Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templərlə artması strateji əməkdaşlığın mühüm göstəricisi olmaqla, cənab İlham Əliyevin xarici iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul etdiyi mühüm qərarların, görülən sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir.

Müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir.

Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısıtək qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video