Alternative content

12:04 11 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbədiyaşar insan
Əbədiyaşar insan
ANA SƏHİFƏ / Mədəniyyət
00:35 08.10.2019


"Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında inanılmaz zirvələri fəth etdi”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müsahibələrinin birində anası, professor Aida İmanquliyevanı lakonik şəkildə belə xarakterizə etmişdir. Həqiqətən, Aida xanımın elmi yaradıcılığına nəzər saldıqda bu ifadələrin öz təsdiqini tapdığına şahid oluruq.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə qəbul olunmuşdur.

1962-ci ildə universiteti bitirəndən sonra bu ali təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuş, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil almışdır. Professor Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edən ilk qadın, Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü, eyni zamanda SSRİ-də Şərq ədəbiyyatının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü, Azərbaycanda və keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatı üzrə əsas kursun yaradıcısı idi. 1966-cı ildə namizədlik dissertasiyasını uğurla müdafiə edən Aida İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi kimi çalışmağa başlamış və 1973-cü ildə baş elmi işçi vəzifəsinə yüksəlmişdir. 1976-cı ildə Şərqşünaslıq İnstitunun Ərəb filologiyası şöbəsinin müdiri, 1988-ci ildə elmi işlər üzrə direktor müavini, 1991-ci ildən ömrünün sonuna qədər isə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Professor Aida İmanquliyeva üç fundamental monoqrafiyanın ("Mixail Nüaymə və "Qələmlər cəmiyyəti”, "Cübran Xəlil Cübran”, "Yeni ərəb ədəbiyyatının korifeyləri”) və 70-dən çox elmi məqalənin, eləcə də bir çox tərcümələrin müəllifidir. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdir. Professor Aida İmanquliyeva öz istedadı və zəhməti sayəsində yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrilərək yaxın və uzaq xaricin bir çox ölkələrində Azərbaycanın şərqşünaslığını layiqincə təmsil etmişdir. Aida xanım zəngin elmi irsi ilə təkcə Azərbaycan şərqşünaslığına deyil, həm də bütün dünya şərqşünaslığına böyük töhfə vermişdir. Rusiya, Ukrayna, Almaniya, İngiltərə, Fransa, Özbəkistan, Gürcüstan və bir çox ərəb ölkələrində tanınan professor Aida İmanquliyeva bu gün də şərqşünaslıq tarixinin ən nüfuzlu simalarından biri hesab olunur.


Klassik irs tədqiqatları


Professor Aida İmanquliyeva Azərbaycanda yeni ərəb ədəbiyyatının araşdırılması üçün tamamilə yeni məktəb yaratmışdır. O, eyni zamanda çoxşaxəli tədqiqat istiqamətləri üzrə fəaliyyət göstərmişdir. Bura ərəb dilindən tərcümələr, klassik ərəb ədəbiyatına dair sanballı məqalələr, rəylər və mühazirələr daxildir. Bütün bu intellektual məhsullar, həmçinin Azərbaycan elm tarixinin mühüm mərhələsini təşkil edir. Aida İmanquliyeva bütün tədqiqatlarında Şərq-Qərb dialoqunun vacibliyinə və qədim dövrlərdən bəri mövcud olmuş reallığa diqqət çəkirdi: "Ərəblərin mənimsədikləri antik, qədim Şərq və ərəb-müsəlman ənənələri Əndəlus vasitəsilə Avropaya yayılırdı”.

Aida xanım ərəb-müsəlman sivilizasiyasının İspaniya üzərindən Qərbə təsiri haqqında çox ciddi elmi mülahizələrini belə təqdim edir: "Əndəlus ədəbiyyatı Orta əsr ərəb ədəbiyyatı tarixində görkəmli yerlərdən birini tutur. Əndəluslu alim və ədiblərin nəcib fəaliyyəti sayəsində Qərb dünyası Şərqin mədəniyyəti, ədəbiyyatı, adət və ənənələri ilə tanış oldu. Qərblə Şərq arasında mədəni-ədəbi əlaqə yarandı. Məhz bu alimlərin tərcüməçilik səyi nəticəsində Avropa qədim yunan dünyasının tibbə, riyaziyyata, həndəsəyə aid ən məşhur əsərləri ilə tanış oldu”. Məhz VIII əsrin əvvəllərində ərəblərin İspaniyada məskən salıb tarixdə ilk dəfə Qərb ölkəsində öz ədəbiyyat və mədəniyyətini yaratması ərəb ədəbiyyatında mühüm hadisə oldu. VIII əsrdən başlayaraq İspaniya uzun müddət ərəb ədəbiyyatı və mədəniyyətinin Qərbdəki mərkəzinə çevrildi. Aida xanım çox dəqiqliklə və ciddi mənbələrə əsaslanaraq, ümumiyyətlə, İspaniyada mövcud olmuş islam sivilizasiyasının incəsənət üzərindən Qərbə təsirini belə qiymətləndirir: "XI əsr Fransa incəsənətinin tədqiqi ilə məşğul olan alimlər etiraf edirlər ki, bu incəsənətdə müəyyən dərəcədə islam İspaniyasının təsiri duyulur”.


Məhcər ədəbiyyatı


Professor Aida İmanquliyeva ərəb məhcər (mühacirət) ədəbiyyatının araşdırılması məsələsinə çox diqqətlə yanaşaraq dünya şərqşünaslığına özünün elmi möhürünü vurmuşdur. Aida xanımın 1970-ci illərdə apardığı tədqiqatlar həm Şərq, həm də Qərb ədəbiyyatında dərin iz buraxmış ərəb məhcər ədəbiyyatının nümayəndələri barəsində idi. Şimali Amerikada yaranmış mühacirət ədəbiyyatı, xüsusən XIX əsrin axırları-XX əsrin əvvəllərində ərəb ədəbiyyatı tarixində xüsusi çəkiyə və mövqeyə malik ədəbi məktəb olmuşdur. Aida xanım "Yeni ərəb ədəbiyyatının korifeyləri” monoqrafiyasında "Suriya-Amerika məktəbi”nin nümayəndələri Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin yaradıcılığını Qərb romantizmi və rus tənqidi realizminin təsiri altında tədqiq edirdi. Bu, eyni zamanda yeni ərəb ədəbiyyatı ilə dünya ədəbiyyatının müxtəlif cərəyanlarının və bədii metodlarının qarşılıqlı əlaqəsi tarixinin tədqiqidir. Bu yazıçıların yaradıcı fəaliyyətinin əhəmiyyəti ondadır ki, onlar Avropa və Amerika ədəbiyyatının etik və bədii dəyərlərini yenilik ruhunda əxz etmiş, yeni formada ifadə etmiş, onların nailiyyətlərini ən yaxşı milli ənənələrlə sintezdə təcəssüm etdirmişlər.

Ərəb məhcər ədəbiyyatının nümayəndələri öz fəaliyyətlərini genişləndirmək məqsədilə 1920-ci ildə Nyu Yorkda "Qələmlər cəmiyyəti” ("ər-Rabitə əl-Qələmiyyə”) adlı ədəbi təşkilat yaratdılar. Təşkilata istedadlı və ictimai baxımdan fəal mühacir yazıçılar daxil oldular. Cəmiyyətin sədri Cübran Xəlil Cübran, katibi isə Mixail Nüaymə seçildi. "Qələmlər cəmiyyəti” yeni ərəb ədəbiyyatının ideya və prinsiplərinin formalaşdığı ictimai-mədəni mərkəz oldu.

Mühacir yazıçıların yaradıcılığı sayəsində ərəb ədəbiyyatında yeni janr - mənsur şeir janrı meydana çıxdı, ərəb ədəbiyyatının özü isə digər dünya ədəbiyyatları cərgəsində öz layiqli yerini tutdu. Bu yazıçılar üçün, bir tərəfdən, dərin vətənpərvərlik, vətəni azad və güclü görmək istəyi, digər tərəfdən isə, bütün insanlara, dünyada olan bütün canlılara münasibətdə sevgi hissi səciyyəvi idi. Və bu cərəyanın tanınmış nümayəndələri Cübran Xəlil Cüban, Əmin ər-Reyhani və Mixail Nüaymə nəzəri dərinliyi və konseptualizmi ilə tanınan, Avropa və Amerika ədəbiyyatının nailiyyətlərini mənimsəmiş istedadlı ərəb ədibləri olaraq əsərlərində multikultural və milli bədii ənənələri sintez edərək Şərq ruhunu Qərb analitikası ilə uğurla birləşdirdilər. Bu kontekstdə professor Aida İmanquliyevanın kateqorik olaraq milli və ümumbəşəri ədəbiyyatların qarşılıqlı əlaqəsinə dair fikirləri son dərəcə əhəmiyyətlidir: "Dünyanın müxtəlif bölgələri arasında qarşılıqlı əlaqələr sayəsində hər bir milli ədəbiyyatın nailiyyəti başqa, hətta məkan etibarı ilə uzaq ədəbiyyatların da nailiyyətinə çevrilir... İstənilən xalqın mədəniyyəti xaraktercə milli olub, ümumbəşəri nailiyyətlərlə qırılmaz surətdə bağlıdır”.

Ərəb məhcər ədəbiyyatı nümayəndələrinin yaradıcılığında eyni vaxtda üç ənənə - ingilis "Göl məktəbi”, Amerika transsendentalizmi və rus ədəbiyyatının tənqidi realizmi meydana çıxır. Burada bir sıra qarşılıqlı əlaqəli problemlər - "Suriya-Amerika məktəbi”nin təcrübəsində Qərb və Şərq ənənələrinin sintezi problemi, bu məktəbin nümayəndələri tərəfindən Qərbi Avropa və Amerika romantizminin, rus tənqidi realizminin mənimsənilməsinin özünəməxsus xüsusiyyətləri problemi və onların əsərlərində yaradıcı metodun təkamülü problemi büruzə verir. Məhz bu kontekstdə professor Aida İmanquliyeva Cübran, Nüaymə və ər-Reyhaninin yaradıcılığını umumiləşdirilmiş aspektdən son dərəcə dəqiq şəkildə belə səciyyələndirir: "Onlara əzəldən Şərq xalqlarının mədəniyyətinə xas olan ümumbəşəri və humanist ideallar əsasında öz doğma mədəniyyətlərində bu dəyərlərin təsdiqi üçün müvafiq üsullar tapmaq asan idi. Eyni zamanda heç vaxt unutmaq lazım deyil ki, bu yazıçıları öz vətəninin adət-ənənələrini və öz dilini qoruyub saxlayan mühacirlər mühiti əhatə edirdi. Buna görə də onlar iki mədəni ənənənin - həm Şərqin, həm də Qərbin mədəni əlaqələrinin daşıyıcıları oldular”.

Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı idi. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları etiraf edirlər.


Şərqlə Qərbin inteqrasiyası


Aida xanım tədqiqatlarında ərəb mühacir yazıçılarının fəlsəfi baxışlarını araşdırır. O, belə bir elmi nəticəyə gəlir ki, Cübran və ər-Reyhaninin "kamil insan” haqqında təsəvvürləri Orta əsr mütəfəkkir və sufiləri İbn Ərəbi, Cili və Caminin təlimlərinə söykənir. Xüsusilə təsəvvüf Orta əsrlərdə ərəb-müsəlman fəlsəfi düşüncəsinə, eyni zamanda bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərmişdir. Belə faktların mühacir ədiblərin əsərlərində təzühürü irəliyə doğru addım olmuşdur. Professor Aida İmanquliyeva bu istiqamətlərdə əvvəllər tədqiqatçıların diqqət yetirmədiyi cəhətlərə də toxunur.

Aida xanım Şərq-Qərbin əlaqələrinə, qarşılıqlı inteqrasiya məsələlərinə çox ciddi elmi mülahizələrlə belə qiymət verir: "Qərb və Şərq bir-birini yalnız bərabərhüquqlu qarşılıqlı əlaqə və qarşılıqlı hörmət şəraitində zənginləşdirə bilərlər, mənəviyyatın həqiqi hərəkətverici qüvvəsi olan, mürəkkəb fəlsəfi ideyaları anlaşıqlı dildə geniş oxucu kütləsinə çatdıra bilən ədəbiyyat isə sivilizasiyalararası dialoqda ən yaxşı vasitəçilərdən biridir... O dövrün ingilis dilli ərəb mühacirət nəşrləri Qərb oxucusunu ərəb Şərqi ilə tanış edirdi. Bu, Qərblə Şərq arasında mədəni əlaqələrin inkişafı üçün olduqca zəruri idi. Ər-Reyhani, C.X. Cübran, M. Nüaymənin adları həm Amerikada, həm də ərəb Şərqində məşhur idi”.

Şərq və Qərb ədəbiyyatlarının çoxaspektli və böyük zəhmət tələb edən qarşılıqlı əlaqələri mövzusu Aida İmanquliyevanın mühüm nəticələr əldə etdiyi elmi axtarışlarının özəyidir. Alim ərəb-müsəlman dünyasının Qərblə ədəbi əlaqələrinin Orta əsrlərdən başladığını söyləyir. Pireney (İberiya) yarımadasında Qərbi Avropa ilə Şərq arasında (VIII-XV əsrlər) ərəb ədəbiyyatının xüsusi rolunu göstərir. XVIII əsrdən başlayaraq Qərb ədəbiyyatında Şərq heyranlığı Şərq motivlərinin inkişafı ilə əlaqədar olaraq qarşılıqlı əlaqə prosesində daha da intensivləşir. Beləliklə, o, Avropa yazıçılarının (P.Kornel, Molyer, J.Rasin, F.Ryukkert, B.Cons, O.Qoldsmit), Qərb şair-romantiklərinin, "Göl məktəbi” şairlərinin və bir çox başqalarının yaradıcılığında Şərq süjetləri, mövzuları və motivlərini yada salır.

"Şərq və Qərb ən gözəl mədəniyyətləri ilə görüşməli və birləşməlidir” deyən Əmin ər-Reyhani ingilis dilində qələmə aldığı məşhur "My East and West” ("Mənim Şərqim və Qərbim”) əsərində yazırdı: "Şərqdə və Qərbdə mütəfəkkirlər qohumdurlar, şairlər iki qardaşın oğullarıdırlar, təxəyyülün novatorları dünyada sülh və xoş məramın müjdəçiləridirlər. Onların əsərləri millətlər arasında geniş yollar açır və onlar həmişəyaşar bələdçi və qoruyucudurlar”.

Professor Aida İmanquliyeva bu səpkili elmi araşdırmaları nəticəsində bir neçə onilliklər boyunca öz dövrünü qabaqlayaraq Şərqlə Qərbin ümumbəşəri dəyərlər müstəvisində əməkdaşlığın mümkün olduğunu göstərmişdir. Müasir dövrdə həm nəzəri, həm də praktiki baxımdan ədəbiyyat vasitəsilə multikultural mühit və inteqrasiyanın formalaşması Aida xanımın tədqiqatlarının aktuallığını bir daha ortaya qoyur. Onun elmi yaradıcılığını tədqiq edərkən bu tendensiyanı yaxından görmək mümkündür.

Müasir dünyada elm tarixinə öz möhürlərini vurmuş alim-mütəfəkkirlərin xatirələrini daim uca tutmaq üçün elmi qiraət-seminarlar həyata keçirilir. Yaxşı olardı ki, Azərbaycanda da humanitar sahənin bütün istiqamətlərini əhatə edəcək belə bir qiraət-seminar Şərqlə Qərbi ciddi tədqiqatları ilə araşdırmış professor Aida İmanquliyeva adına başladılsın.

Aytən QƏHRƏMAN,

filologiya elmləri doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM