08 Oktyabr 2019 00:30
1788
İQTİSADİYYAT
A- A+

Azərbaycan dəniz nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir


Beynəlxalq Dəniz Təşkilatının London şəhərində yerləşən baş qərargahında "Beynəlxalq Dəniz Təşkilatının xoşməramlı dəniz səfirləri” üçün görüş keçirlib. Baş qərargahda, həmçinin "Dünya Dənizçilik Günü” də qeyd olunub.

Dənizçi peşəsinin təbliği və dənizçilik sahəsi haqqında məlumatın artırılması istiqamətində xoşməramlı dəniz səfirlərinin işini yüksək qiymətləndirən Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Lim, dəniz səfirlərinin ölkələrində həyata keçirdikləri tədbirləri müsbət qiymətləndirib.

Beynəlxalq Dəniz Təşkilatının xoşməramlı dəniz səfirlərinin və müxtəlif ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə xoşməramlı dəniz səfirlərinin dənizçilik sahəsinə verdiyi töhfələrdən bəhs edilməklə yanaşı, son dövrdə aktual məsələlərdən biri hesab olunan qadınların dənizçilik sahəsindəki rolu və tutduqları mövqe barədə ətraflı müzakirələr aparıldı. Görüşdə xoşməramlı dəniz səfirlərinin effektiv kommunikasiya planlarından, sosial təşəbbüslərindən, dəniz nəqliyyatı sahəsində təlimlərin keçirilməsindən söz açıldı. Beynəlxalq Dəniz Təşkilatının əsas fəaliyyətinin ətraflı əks etdirilməsi məqsədilə yol xəritəsinin formalaşdırılması üçün təlimat və mexanizmlərin işlənib hazırlanmasının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Görüşdə bildirildi ki, Asiya, Sakit okean, Avropa və Afrika, Karib dənizi üzrə 4 region çərçivəsində və hər biri 10 nəfərdən ibarət olmaqla qruplara bölünmüş xoşməramlı dəniz səfirləri Beynəlxalq Dəniz Təşkilatının texniki əməkdaşlıq komitəsinin işi ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.

Beynəlxalq Dəniz Təşkilatının xoşməramlı dəniz səfiri, Dövlət Dəniz Agentliyinin hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov Azərbaycan Respublikasında dənizçilik sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verərək bildirdi ki, gündəmdə olan əhəmiyyətli məsələlər, xüsusilə qüvvəyə minmiş yeni dəyişikliklər, eləcə də bu sahədə maraq doğuran sualların cavablandırılması və tövsiyələrin verilməsi məqsədilə tələbələr ilə görüşlər keçirilib. O, gənc kadrların dənizçilik sahəsində iş təcrübəsinin artırılması və onlar arasında bu sahəyə marağın təşviq edilməsi məqsədilə tələbələr üçün Dövlət Dəniz Agentliyində təcrübəkeçmə imkanlarının yaradıldığını qeyd etdi. Fərhad Məmmədovun sözlərinə görə, Beynəlxalq Qadınlar Günü münasibətilə dənizçilik sektorunda gender bərabərliyinin necə idarə olunması mövzusunda təlim keçirilib. Təlimdə dənizçilik sahəsində çalışan işçi və tələbələr iştirak edib. Təlim dənizçilik sektorunda bərabərlik və inklüzivlik, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyi, bu sahədə maneələrin aradan qaldırılması və işçi qüvvəsi balansının qorunması üçün qadınlar arasında dənizçilik peşəsinin təbliğ edilməsi istiqamətində aparılan güclü müzakirələr çərçivəsində keçirilib.

Beynəlxalq Dəniz Təşkilatının baş qərargahında "Dənizçilik cəmiyyətində qadınların səlahiyyətləndirilməsi” mövzusuna həsr olunmuş "Dünya Dənizçilik Günü 2019” adlı tədbir də keçirilib. Xatırladaq ki, "Dünya Dənizçilik Günü” Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmən elan olunmaqla, dənizçilik sahəsində həyata keçirilən tədbirlərin və xüsusilə Beynəlxalq Dəniz Təşkilatının işinin əhəmiyyətini vurğulamaq məqsədilə hər il bir mövzuya həsr olunmaqla qeyd edilir.

Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Lim qeyd edib ki, üzv dövlətlərə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında kömək göstərilməsi Beynəlxalq Dəniz Təşkilatının əsas strateji istiqamətlərindən biridir. Qadınların dənizçilik sektorunda rolunu xüsusilə vurğulayan Kitak Lim hesab edir ki, göstərilən səylər dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün uzunmüddətli və davamlı olacaq.

Baş katib dənizçilik sahəsində qadınların güclənməsi və davamlı olaraq köhnəlmiş anlayışlarla mübarizə aparılmasından, müxtəlifliyin birgə əmək, liderlik və kommersiya fəaliyyətində əhəmiyyətli olmasından söz açıb. O bildirib ki, dənizçilik sahəsində gender bərabərliyini rəhbər tutmaqla Beynəlxalq Dənzi Təşkilatının dəstəyi ilə inkişafa nail olmaq üçün qadınların əməyindən bərabər şəkildə istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə inkişaf etməkdə olan ölkələrdə dənizçilik sahəsində çalışan qadınlar üçün ixtisaslaşmış texniki təlimlərdən istifadənin asanlaşdırılması, qadınlar üçün dənizçilik sahəsində fəaliyyət göstərən qurumlarda və təlim mərkəzlərində iş imkanlarının təmin edilməsi məqsədilə münasib mühitin formalaşdırılması, eləcə də inkişaf etməkdə olan ölkələrdə dənizçilik sahəsində çalışan peşəkar qadınların dənizçilik assosiasiyalarının yaradılmasına kömək göstərilməsi diqqətə çatdırılıb.

Qeyd edək ki, əlverişli coğrafi mövqeyə malik olan müstəqil Azərbaycan son 16 ildə etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür. Dəniz nəqliyyatına böyük investisiyalar yatırmaqla infrastrukturunu möhkəmləndirən ölkəmiz regionda əlverişli logistik bağlantı yaradır. Xüsusən də dəniz nəqliyyatı sisteminin müasirləşdirilməsi Azərbaycanı Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevirib.

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu 2017-ci ildə Azərbaycanda səfərdə olub və yoxlama aparıb. Yoxlamanın nəticələrinə əsasən, respublikamız 174 dünya dəniz dövləti sırasında ən qabaqcıl Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub.

Azərbaycan bu gün Xəzər hövzəsində ən böyük ticarət donanmalarından birinə sahibdir. Hazırda 200-dən çox gəmi Xəzər sularında yük daşıyır. Ümumiyyətlə, dünya ticarət məhsullarının 80 faizdən çox hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulub. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü islahatlar nəticəsində dəniz nəqliyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər də xüsusi qeyd edilməlidir. Azərbaycanın dəniz nəqliyyatı sahəsində qazandığı nailiyyətlər ölkəmizə səfər edən müstəqil beynəlxalq qurumların ekspertləri tərəfindən də yüksək qiymətləndirilir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video