05 Oktyabr 2019 01:45
3725
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV: Qarabağ Azərbaycandır, nida


Azərbaycan Prezidentindən Ermənistana növbəti siyasi-diplomatik zərbə


Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasının ən yaddaqalan məqamı sözsüz ki, İlham Əliyevin çıxışı oldu. Ona görə ki, bu çıxış Azərbaycan Prezidentinin Ermənistana vurduğu növbəti siyasi-diplomatik zərbə kimi tarixə düşdü. Bununla həm də Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım atıldı.


Məğlub olan əslində Ermənistandır


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı: "BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Lakin Minsk qrupu vasitəsilə aparılan sülh danışıqları 1994-cü ildəki atəşkəs razılaşmasından bəri nəticəsiz qalır. Bu təşkilatların müvafiq sənədlərində işğalçı qoşunların Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan bütün dünyanın gözü qarşısında buna məhəl qoymur.

Sülh danışıqları isə ilk vaxtlardan beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. 1994-cü ildən başlayaraq problemin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilib. Amma bütün həll variantları məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından alınmayıb. Azərbaycan problemin həllinə dair vasitəçilərin təqdim etdiyi variantlara müsbət yanaşsa da, Ermənistan bunu etməyib və həm birbaşa, həm də dolayısı regiondakı status-kvonun dəyişməz qalmasına çalışıb.

Bu müharibədə Azərbaycanın torpaqları işğal olunsa da, uduzan məhz Ermənistandır. Öz təcavüzkar siyasətinin qurbanı olan Ermənistan bütün regional və beynəlxalq layihələrdən kənarda qalıb. Qonşuları ilə normal münasibətlər yarada bilməməsi səbəbindən iqtisadi blokadada qalıb və ötən əsrin 90-cı illərində necə idisə indi də səfalət içində yaşayır. Əhalisi sürətlə azaldığından hətta orduya əsgər çağırışında belə hər il ciddi problemlərlə üzləşir. Bu mənada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsi Azərbaycan üçün vacibdirsə, Ermənistan üçün daha önəmlidir. Status-kvonun dəyişməsi ilə bağlı həmsədrlər mövqelərini dəfələrlə açıq bildirsələr də ortada bir nəticə yoxdur. Çünki Ermənistan müxtəlif bəhanələr gətirməklə münaqişənin sülh yolu ilə həllini uzadır.


Paşinyan özünü inkar edir


Ermənistanda ötən ilin may ayında baş verən hakimiyyət dəyişikliyindən sonra ölkənin yeni rəhbərliyi münaqişənin həlli ilə bağlı mövcud danışıqlar prosesinin ziddinə olan bəyanatlar verməyə başlamışdı. Bir çox hallarda isə baş nazir N.Paşinyanın atdığı addımlarla həmin bəyanatlar arasında ciddi ziddiyyətlər yaranmışdı. Əsas ziddiyyətli məqam isə Ermənistan tərəfinin danışıqlar prosesinin formatının dəyişdirilməsi, Dağlıq Qarabağdakı separatçı rejimin müzakirələrə cəlb edilməsi ilə əlaqədar cəhdləri idi. Təbii ki, bu yanaşma məqsədyönlü şəkildə bütün danışıqların əngəllənməsinə və iflic halına salınmasına gətirib çıxarmaqdan başqa bir şey deyildi. Ona görə prosesin formatının dəyişdirilməsi ilə bağlı Ermənistan rəhbərliyinin tələbləri ilk gündən beynəlxalq səviyyədə dəstəklənmədi. Mart ayında ATƏT-in Minsk qrupu həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər.

Bu ilin martında Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş Azərbaycanın növbəti diplomatik uğuru kimi tarixə düşdü. Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və format dəyişməz qalır.

Format məsələsinə nöqtə qoyulduqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyan sülh danışıqlarını tormozlayan növbəti bəyanatla çıxış etdi. Belə ki, erməni baş nazirin avqust ayının əvvəllərində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən nə dərəcədə xəbərsiz və aciz birisi olduğunu nümayiş etdirdi.

Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə hörmətsizlikdən və məsuliyyətsizlikdən başqa bir şey deyildi. Bu mənada Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atdı, təhqir etdi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini dalana dirədi. Bu addımı ilə Ermənistanın baş naziri özünü də inkar etdi. Yəni bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını göstərdi. Bununla da Ermənistan rəhbərliyi açıq-aşkar göstərdi ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır.


Sergey Lavrovdan Paşinyana sərt cavab


Paşinyanın bu açıqlaması Ermənistanın ənənəvi tərəfdaşları tərəfindən də ciddi qəbul edilmir. Özü də nəinki qəbul edilmir, hətta belə bəyanatların siyasi prosesin tənzimlənməsinə kömək etmədiyi bildirilir. Məsələn, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən deyib: "ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”.

Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işlədiyini vurğulayan S.Lavrov deyib: "Bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var. Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur”.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri, Atlantik Şuranın analitiki Metyu Brayzə Ermənistanın baş nazirinin bəyanatları ilə irəliləyiş əldə etməyin mümkün olmadığını bildirib: "Nikol Paşinyan öncə Ermənistan və Dağlıq Qarabağın vahid, daha sonra isə Dağlıq Qarabağın müstəqil olduğunu bəyan edib. Ermənistan hökumətinin yeni mövqeyi ilə məzmunlu danışıqlar aparmaq qeyri-mümkündür. Bu mövqe Azərbaycan üçün də tamamilə qəbuledilməzdir. Mediator olsaydım və Ermənistan yeni mövqeyində qalsaydı, buna aydın etiraz edib istefa verərdim. Belə ki, bu mövqe ilə irəliləyiş əldə etmək mümkün deyil. Bu, həmçinin ədalətli deyil”.


Nöqtəni məhv edən NİDA


Danışıqlar prosesinin nəticəsiz qalmasına rəğmən Azərbaycan dövləti torpaqların azad edilməsi üçün istər siyasi-diplomatik, istər iqtisadi və digər sahələrdə genişmiqyaslı iş aparır. Bu məsələdə əsas fəaliyyət istiqamətlərindən biri Ermənistanın işğalçı siyasətinin beynəlxalq miqyasda ifşasına nail olmaqdır. Respublikamız bunun üçün bütün imkanlardan səmərəli istifadə edir. Buraya beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıqdan tutmuş qlobal informasiya müharibəsində aktiv fəaliyyət, hücum diplomatiyasının həyata keçirilməsi və s. daxildir.

Ümumiyyətlə, Ermənistanın ifşası ilə bağlı fəaliyyət daimi olmalıdır. Prezident İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı bunu yüksək siyasi-diplomatik peşəkarlıqla etdi. Bu, bütün Azərbaycan xalqının ürəyindən xəbər verən bir çıxış oldu. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin məlum bəyanatının yalan olduğunu vurğulayaraq dedi: "Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Onu da qeyd edək ki, Azərbaycan Prezidentinin dünyanın məşhur "beyin mərkəzləri”ndən biri olan "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması, habelə keçirilməsi nəzərdə tutulan çoxsaylı yüksəksəviyyəli görüşlər də dövlət başçımıza dünyada olan böyük hörmətin göstəricisidir. Kifayət qədər populyarlıq qazanmış bu beynəlxalq platformada bir çox ölkə rəhbərləri, dünyanın ən nüfuzlu akademik dairələri, siyasətçilər, jurnalistlər bəşəriyyətin qarşısında duran ən aktual problemləri müzakirəyə çıxarırlar.

Builki müzakirələrin kulminasiyası isə Prezident İlham Əliyevin çox ağıllı, düşünülmüş NİDA cavabı oldu. Bu, nəinki ermənilərə, eyni zamanda onların himayədarlarına da sərt və tutarlı cavab kimi tarixə düşdü. Məsələnin diqqəti çəkən başqa bir tərəfi odur ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev cavabı Bakıda deyil, ölkədən xaricdə - Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin və Filippin Prezidenti Rodriqo Roa Dutertenin iştirak etdikləri mötəbər tədbirdə verdi.

Azərbaycan Prezidentinin Soçidə səsləndirdiyi bütün fikirlər dünya ictimaiyyətinə bir daha ciddi mesaj oldu. Prezident İlham Əliyev ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu. Azərbaycanın üzləşdiyi problemin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı və haqqın bizim tərəfimizdə olduğunu əsaslandırdı. Təbii ki, bu çıxış Azərbaycan diplomatiyası qarşısında yeni hədəflər müəyyənləşdirdi. Bu hədəflərin uğurla qət edilməsi və Ermənistanın diplomatik sıxışdırılması torpaqlarımızın azad edilməsi istiqamətində ən mühüm vəzifələrdən biridir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video